______________Milli Kitabxana_____________
279
V-VI əsrlərə aid Mingəçevir daş qabartmasında müqəddəs
ağacın sol və sağında üzbəüz dayanmış iki tovuz quşu əks
edilmişdir. Daşın xarici səthinin çopurlaşmasına baxmayaraq,
qabartmanın təsvirlərində plastik ifadə və dürüst rəsm özünü
göstərməkdədir. Quşların boğazlarındakı lentlər (qüdrət və hökm
nişanəsi) kompozisiyanın dinamikliyini və plastikliyini artırır.
Maraqlı burasıdır ki, qabartmada tovuz quşları dirilik
ağacının, həyat ağacının keşiyində durmuş vəziyyətdə təsvir edilir.
Xanlar rayonundan tapılmış tunc dövrünün qara gil qablarında da
buna bənzər cızma rəsmlər vardır. Orada dirilik ağacı svastika
şəkilli iki günəş təsvirinin əhatəsində verilmişdir. Belə müqayisə
göstərir ki, günəş, od əcdadlarımızın təsəvvürünə görə həmişə
həyatın xidmətində olmuş, onu himayə etmişdir. Daşın yuxarı
hissəsində onun bütün perimetri boyu yazılar vardır. Bu yazıların
qrafik quruluşunu və dövrün tarixi şəraitini nəzərə alaraq onların
alban və ya qədim türk yazıları olduğu ehtimal edilir. Nəticə
etibarı ilə qeyd etmək lazımdır ki, qabartmalı daşın yaradılması
sasani-atəşpərəstlik ideyalarının Azərbaycanın türk qəbilələri
arasında təbliğ edildiyi bir vaxta təsadüf etmişdir.
Kəc üzərində hazırlanmış süvari təsviri isə VIII əsrə aiddir.
Bu qabartmada süvarinin başı və atın qıçları qalmamışdır.
Heykəltəraş ən kiçik əşyaları belə təfərrüatı ilə verməyə
çalışmışdır. Bunun nəticəsində süvarinin geyimi və qoşqu
alətlərinin ornament bəzəkləri yaxşı nəzərə çarpır. Əsər bədii
təsirə malik olmaqla, kəc üzərində ən qədim Azərbaycan
qabartması kimi çox qiymətlidir.
İkinci qrupa daxil olan dairəvi heykəllər plastika sənətinin
bu dövrdə daha çox inkişaf etdiyini sübut edir. Bu qrupa gil, tunc
və daş heykəllər daxildir. Əksər hallarda qadın fiqurlarından ibarət
olan sxematik və kobud gil heykəlciklər Mingəçevir və Xınıslı
kimi qədim mədəniyyət mərkəzlərində, İsmayıllı, Şəmkir,
Qutqaşen və s. rayonlarda tapılmışdır. Onları dörd qrupa bölmək
olar. Birinci qrupa daxil olan heykəlciklər ölü ilə birlikdə qəbirə
basdırılırdı ki, axirət dünyasında mərhumun bütün əziyyətlərini
çəksin ona xidmət etsin (tunc dövründə bu məqsədlə qulları
öldürüb qəbirlərə basdırırdılar, alban dövründə isə onlar gil
|