TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Ticarət.  Ticarət  yolları



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə104/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   100   101   102   103   104   105   106   107   ...   157
Ticarət.  Ticarət  yolları.  Antik  Albaniyada  iri  və  xırda  yaşayış  məntəqələri  az 

deyildi. Ptolemey göstərir ki, Albaniyada 30-dan artıq polis (şəhər) və kome (kənd) var 

idi. 

Arxeoloji qazıntılar nəticəsində antik Albaniyanm bir çox yaşayış məskənləri aşkar 



edilmişdir.  Mingəçevir,  Çuxur-Qəbələ,  Xınıslı,  Təzəkənd  xarabalıqları  bu  qəbildəndir. 

Mollakənd, Qalagah, Nüydü, Hacıhətəmli yaxınlığında və digər rayonlarda qədim alban 

şəhərlərinin və məskənlərinin xarabalıqları kəşf edilmişdir. 

Təbiidir  ki,  alban  şəhər  və  məskənlərinin  əhalisi  qarşılıqlı  əlaqə  saxlayırdı. 

Müxtəlif  rayonlarda  xeyli  miqdarda  oxşar  və  ya  eyni  məmulatın  mövcud  olması 

çoxişlənən  malların  ancaq  fəal  qarşılıqlı  mübadiləsi  şəraitində  mümkündür.  Məişət 

əşyaları  istehsal  mərkəzlərindən  istehlak  rayonlarına  yüz  illərdən  bəri  istifadə  edilən 

ticarət yolları ilə çatdırılırdı. Yerli əhalinin Bazərgan yolu adlandırdığı tranzit yolun izləri 

indi  də  qalmaqdadır.  Bazərgan  yolu  Köndələndağın  cənub  yamacı  ilə  uzanıb  gedirdi. 

Bütün  bu  yol  boyunca  körpü,  qüllə,  qala  və  başqa  tikililərin  xarabalarına  rast  gəlinir. 

Mingəçevir yaxınlığındakı bərə Kürün sağ sahilini sol sahili ilə birləşdirirdi. Qədim Qafqaz 

Albaniyasının  ərazisindən  baş  magistrallardan  əlavə,  Qəbələ,  Mingəçevir,  Şamaxı, 

Torpaqqala,  habelə  digər  məskənləri  və  şəhərləri  birləşdirən  ticarət  yolları  da  keçirdi. 

Ehtimal  ki,  Albaniyanın  baş  quru  magistrallarından  biri  Kür  çayından  şimalda 

yerləşən  ərazidən  keçir  və  Bakıdan  Şamaxı,  Göyçay,  Ağdaş,  Şəki,  Zaqatala,  Balakən 

istiqamətində Laqodexiyə qədər davam edən və oradan Qərbə tərəf gedən yol ilə ayrı-




296 

 

ayrı  yerlərdə  üst-üstə  düşürdü.  Bu  yol  qədim  Şamaxını  Qəbələ  və  Mingəçevir  ilə 



birləşdirirdi.  Eyni  zamanda  baş  magistraldan  ayrılan  qol  yolları  ilə  ilin  isti,  yağıntısız 

vaxtlarında  Albaniyanın  şimal  vilayətlərinə  getmək  olurdu.  Ağdaşın  yaxınlığında  Bakı-

Tbilisi  baş  magistralından  Qəbələyə  tərəf  Savalan  keçidi  ilə  yol  ayrılır.  Savalan 

keçidinin  bir  parçası  şərqə  dönür.  Qədim  karvan  yolu  boyunca  uçuq  körpülərin 

qalıqlarına  rast  gəlinir.  Qəbələyə  gedən  ticarət  yolu  Çayboğazı  qəsəbəsi  yaxınlığında 

şərqə  və  cənub-qərbə  tərəf  istiqamət  alırdı.  Birinci  yol  Bozdağın  cənub  yamacları  ilə 

Şamaxıdan  keçir,  ikinci  yol  isə  Mingəçevirə  tərəf  gedirdi.  Qəbələdən  şərqə  tərəf 

Göyçaya  qədər  uzanan  üçüncü  qədim  yolu  əhali  Əlvan  yol  adlandırır.  Dagil,  Xaçmaz, 

Bum,  Qutqaşen  yaxınlığında  olan  keçidlərlə  Qəbələyə  Dağıstandan  da  getmək 

mümkündür.  Yollar  qışda  qarla  örtülür,  gediş-gəliş  ilin  yalnız  isti  vaxtlarında  mümkün 

olur.  Qeyd  edilir  ki,  Dəvə  yolu  (qədim  Bazərgan  və  ya  Elçi  yolu  belə  də  adlanır) 

Mollaisaqlıya qədər uzanır. Şirvan öndağı ilə Şamaxıya çatır, oradan isə Kaspi sahillərilə 

Duvanlıya  gedirdi.  Həftəran  vadisinin  əhalisi Şimali Qafqazda və  Dağıstanda  yaşayan 

tayfalarla  əlaqəni  həm  də  Dərbənd  keçidi  və  Böyük  Qafqaz  silsiləsinin  Xaçmaz,  Bum, 

Qəbələ və Vəndam yaxınlığından keçən dar aşırımları vasitəsilə saxlayırdı. 

Bu yollardan əlavə, Şamaxı rayonunu İsmayıllı, Qəbələ, Bum, Xaçmaz, Oğuz və 

başqa  yerlərlə  kəndarası  yollar  da  birləşdirir.  Qədim  Qafqaz  Albaniyasının  baş 

magistrallarından  biri  Qazaxdan  başlanan,  Şəmkir,  Gəncə  və  Mingəçevirdən  keçib 

Şamaxıya  gedən  yol  ilə,  həm  də  Bərdədən  başlanan,  Ağdamdan  və  Füzulidən  keçərək 

cənubda  Atropatenaya  və  İrana  gedən  yol  üst-üstə  düşürdü.  Ərəb  coğrafiyaçılarının 

məlumatına  görə,  Tbilisidən  şərqə  gedən  yol  Xunan,  Şəmkir  və  Gəncədən  keçərək 

Bərdəyə qədər uzanırdı, buradan isə Bərzənc, Şamaxı, Şirvan və digər şəhərlər təriqi ilə 

Dərbəndə yaxud Bərdədən çıxıb Yunan, Beyləqan, Barsan, Bəlxəb və Bərzənd təriqi ilə 

Ərdəbilə getmək olardı. 

Strabon  yazırdı  ki,  İberiyaya  "Albaniyadan  keçid  əvvəlcə  qayalardan  çapılmış 

[yoldan  ibarətdir].  Sonra  [yol]  Qafqazdan  axan  [Alazan]  çayının  əmələ  gətirdiyi 

bataqlıqdan  [keçib  gedir]".  Onun  verdiyi  məlumata  görə,  Ermənistan,  İberiya  və 

Albaniyanın  qovşağında-nisbətən  kiçik  olan  bu  dərə-təpəlik  ərazidə  yollar  müxtəlif 

tərəflərə  uzanır,  həmin  yolla  Albaniyanın  qərb  darvazası  sayılan  keçidlə  albanlar 

yaşayan əraziyə getmək mümkündür. 

Strabon  qeyd  edirdi  ki,  adətən  "İberiyadan  Albaniyaya  Alazan  çayının  sahili  ilə" 

keçmək olar. İberiyadan Albaniya hüdudlarına yalnız bu yolla, dərə-təpəli Kambüsenadan 

və Alazan çayının sahili ilə keçmək mümkün idi. 

Qədim  dövrün  bir  çox  yazıçıları  Qafqaz  darvazasını  səhvən  Kaspi  darvazası 

adlandırırdılar.  Ptolemeyin  "Sarmat  darvazası"nı  Plinidəki  "Qafqaz  darvazası"  ilə 

eyniləşdirmək olar. Bütün əlamətlərdən görünür ki, Qafqaz darvazası indi Daryal dərəsi 

dediyimiz dağ keçidinin eynidir. Lakin cənub vilayətlərini Qafqaz ilə birləşdirən ticarət 

yolu burada da qırılmırdı. Yol davam edərək Qafqaz darvazasından şimal-qərbə, Tanaisə 




297 

 

tərəf  uzanırdı.  Strabon  məlumat  verir  ki,  Tanais  "bir  tərəfdən,  Asiya  və  Avropa 



nomadlarının,  digər  tərəfdən  Bospordan  gəmilərlə  [Meotid  gölünə  gələnlərin  ümumi 

ticarət mərkəzi idi: birincilər qullar, gön-dəri və köçərilərdən alına bilən digər əşyalar, 

ikincilər  isə  mübadilə  üçün  paltar,  şərab  və  məişətdə  işlədilən  başqa  ləvazimat 

gətirirdilər". 

Ticarət  magistrallarının  kəsişmə  nöqtəsi  olan  Ekbatana  yolun  cənub  hissəsində 

yerləşirdi. Bu şəhər eyni zamanda malları yalnız qəbul etmək üçün deyil, həm də satmaq 

üçün münasib yer idi. Şərqdən Qərbə gedən baş ticarət magistralı Ekbatanadan keçirdi və 

buradan müxtəlif ölkələrin mallarını almaq olardı. Doğrudan da, Strabon məlumat verir ki, 

Kaspi  dənizinin  şimal  hissəsi  sahibi  olan  aorslar  "ermənilərdən  və  midiyalılardan 

mübadilə  qaydası  ilə  hind  və  Babil  malları  alır,  dəvə  karvanları  ilə  daşıyıb  satırdılar". 

Güman  etmək  olar  ki,  bundan  çox-çox  əsrlər  əvvəl  hərbi  məqsədlərlə  istifadə  olunan 

tranzit  yolu  Kaspinin  şimal  sahilində  yaşayan  tayfalar  ilə  Atropatena  və  Ermənistan 

əhalisi arasında ticarət magistralı olmaqda davam edirdi. Balıq daşınması haqqında Klavdi 

Elianın  məlumatı  da  Ekbatanaya  gedən  ticarət  yolunun  mövcud  olduğunu  təsdiq  edir. 

Daha sonralara aid olan materiala əsasən Beyləqandan çıxıb Varsan və Bərzənddən, yəni 

kaspilər  yaşayan  ərazidən  keçərək  Ərdəbilə,  oradan  da  cənuba  -  Ekbatanaya  getmək 

olardı. 

Ticarətin canlanması Ekbatanadan başlanan, Qazaka vasitəsilə Artaksataya, oradan 

da şimala doğru uzanan ticarət yollarının daha da inkişaf etməsinə səbəb olurdu. Bu yol 

Ekbatanaya  gətirilən  malları  qonşu  ölkələrdə,  habelə  Ermənistanda  və  İberiyada 

yaymaq üçün istifadə edilən əsas magistrallardan biri idi. 

Cənubda qədim Albaniyanın quru, ticarət yolları Parfiya çarlığının geniş ərazisi ilə 

Qərbdən  Şərqə  Dəclə  çayının  sahilindəki  Antioxiyadan  və  Selevkiyadan  Markianaya 

qədər  uzanan  böyük  qədim  Şərq  magistral  yollarına  çıxırdı.  Bu  magistrallar  Qərbə, 

Romanın  tabeliyində  olan  ölkələrə  və  Şərqə,  Hindistan  və  Çinə  aparır,  başlıca  olaraq 

Ekbatana yaxınlığında qovuşurdu. 

Antik  müəlliflər quru ticarət  yollarından  əlavə, dəniz və  çay  ticarət yollarından 

da  bəhs  edirlər.  Strabon  ehtimal  ki,  Qara  dəniz  sahillərindən  Kaspi  dənizinə  gələn  yolun 

ümumi  uzunluğunu  nəzərdə  tutaraq  yazırdı  ki,  bu  ərazi  "Kür  çayının  mənsəbindən 

Kolxidaya qədər, Albaniya və İberiya daxil olmaqla, dənizdən dənizə təqribən 3 min stadi 

uzanır, buna görə də onlar bərzəx şəklindədir". Pliniyə görə, Hindistandan yola düşəndən 

yeddi  gün  sonra  Baktriyaya,  Oks  çayına  tökülən  Baktr  çayının  sahillərinə  çatmaq  olar. 

Hind malları bu çaydan Kaspiyə qədər, oradan da Kür boyunca quru yolla uzaqbaşı beş 

günə Ponta, Fasid yaxınlığına daşına bilər. Aristobulun dediyinə görə, "Hürkan dənizinə 

çoxlu hind malları gətirilir, oradan Albaniyaya ötürülür, Kür sahili ilə və bitişik ərazilərdə 

Evksinə çatdırılır". 

Kaspi  dənizi  ilə  ticarət  yolunun  olması  bəzi  coğrafiyaçılarda  şübhə  oyadır. 

Pomponi  Melanın  məlumatına  görə,  Kaspi  dənizi  "sərt  və  fırtınalı  dənizdir,  limanları 




298 

 

yoxdur, hər tərəfdən fırtınalara açıqdır, başqa dənizlərə nisbətən burada daha çox dəniz 



yırtıcıları qaynaşır, odur ki, dənizçilər buraya başqa dənizlərə nisbətən daha az gəlirlər". 

Fəal 


ticarətdə 

duz,  görünür,  mühüm  yer  tutmaqda  davam  edirdi. 

Bununla əlaqədar olaraq, Strabon yazır ki, Matiana gölündə "duzxanalar düzəldilmişdir". 

Duzxanaların  olması,  görünür,  ona  sübutdur  ki,  həm  Atropatenanın,  həm  də  qonşu 

ölkələrin uzaq və yaxın bölgələrinə duz ixrac edilirmiş. Mada yağı haqqında xəbər, ola 

bilsin, qədim Azərbaycanın ərazisi ilə bağlıdır. 

Kaspiana sakinləri Madanın mərkəzi rayonları ilə iqtisadi əlaqə saxlayırdılar. 

Roma  tacirləri  Aralıq  dənizi  ölkələrini  Hindistan  və  Çin  ilə  bağlayan  Qafqaz 

yolları  ilə  tanış  olmaq  arzusunda  idilər.  Domisianın  hökmranlığı  dövrünə  aid  latın 

kitabəsinin  tapıldığı  yerdə  -  Bakıdan  cənub-qərbə  tərəf  Kaspinin  qərb  sahilində  - 

romalıların peyda olması bəlkə də ipək yolunun qollarından birini nəzarət altına almaq 

və  Parfiya  torpaqlarından  keçmədən  Mərkəzi  Asiya  vilayətləri  ilə  əlaqəyə  girmək 

arzusundan  irəli  gəlirdi.  Azərbaycanda  Böyük  Dəhnə  kəndinin  yaxınlığında  aşkar 

edilmiş  yunan  kitabəsi  də  Roma  aləmi  ilə  qədim  Qafqaz  Albaniyası  arasında  olan 

əlaqələrdən  soraq  verir.  Kitabədən  görünür  ki,  yunan  mənşəli  Eli  İason  bu  kitabəni 

Evnon  adlı  hamisinə  ithaf  etmişdir.  Zəngin  Şərq  ölkələri  ilə  ticarət  əlaqəsinə  girmək 

istəyən romalılardan  əlavə, Şərq sakinləri də ticarət əlaqələrinə cəhd göstərirdilər. Qərb 

ölkələrinə,  habelə  Avropaya  gedən  ipək  yolu  məhz  bunun  nəticəsində  açılmışdı.  Şərq 

ölkələri ilə Qərb ölkələri arasında müntəzəm əmtəə mübadiləsinə artıq eramızdan əvvəl I 

əsrdə imkan yaranmışdı. 

Parfiyanın  iqtisadi  həyatına  qoşulmuş  yerli  tacirlər  ticarətdə  fəal  rol 

oynayırdılar. Onlar bir-birindən uzaq ölkələri birləşdirən böyük bir magistralı əllərində 

saxlayırdılar. Bütün bunlar göstərir ki, bir tərəfdən, Avropadan, digər tərəfdən, Çindən, 

Hindistandan  və  Orta  Asiyadan  uzanan  ticarət  magistralları  Parfiya  ərazisində  kəsişir, 

gətirilən mallar isə ya yerli tacirlər tərəfindən başqa yerlərə ötürülür, ya da iri şəhərlərdə 

qalaraq böyük yolların qolları ilə tədricən hər tərəfə yayılırdı. Atropatena və Albaniya 

bu  ticarətdə  müəyyən  yer  tuturdu:  ixrac  edilən  mallar  Ekbatanaya  daşınır,  buradan  da 

başqa yerlərə aparılırdı. 

Antik  Atropatena  və  Albaniya  üçün  nəzərdə  tutulan idxal  malları da Ekbatanaya 

bu əsas ticarət yolları ilə gətirilirdi. 

Azərbaycan  ərazisindən  şüşə  məmulat,  eləcə  də  məharətlə  düzəldilmiş  küplər, 

vazalar,  qədəhlər,  ətirqabılar,  kolbaşəkilli  qablar  tapılmışdır.  Bunlar  başlıca  olaraq  küp, 

katakomba  və  taxta  qəbirlərdə  aşkar  edilmişdir.  Məişətdə  şüşə  məmulatdan  qab-qacaq, 

ətirqabı, ənlikqabı və s. kimi istifadə edilirdi; dəfn mərasimində lazım olan ətirlər və ətirli 

yağlar da şüşə qablara tökülürdü. 

Bəzi  bəzək  şeyləri  istisna  edilməklə,  şüşə  məmulatı  hazır  şəkildə  xaricdən 

gətirilirdi. Dəyirmi oturacaqlı vazaşəkilli qablar, qulplu və ya qulpsuz mumiya şüşələri, altı 

yastı  qədəhlər  gətirilmə  idi.  Bu  məmulatın  hamısı  antik  dünya  ölkələrində  geniş 




299 

 

yayılmışdı.  Dəyirmi  oturacaqlı  və  ya  yapma  naxışlarla  bəzədilmiş  vazaşəkilli  və 



kolbaşəkilli  qablara,  ətir  şüşələrinə  və  digər  şüşə  əşyalara  öz  formaları,  ölçüləri  və 

başqa xüsusiyyətləri ilə bənzəyən qablar və əşyalar Şərq, xüsusən Suriya şüşə istehsalı 

mərkəzlərinin  məhsulları  arasında  da  vardır.  Tipoloji  təhlil  şüşə  səhəngləri  Suriya 

mənşəli  məmulat  sırasına,  vazaşəkilli  qabları  isə  şüşə  məmulatın  Şərqi  Aralıq  dənizi 

tipoloji  qrupuna  aid  etməyə  imkan  verir.  Kolbaşəkilli  balzam  qabları  antik  dünyanın 

bütün ərazisində yayılmışdı. Bunlar Misirdə, Kiprdə, Dura-Yevroposda, Qarnilə və başqa 

yerlərdə aşkar edilmişdir.  Bu  qabların  yayılması  onların  Yaxın  Şərq  mənşəyini  aydın 

göstərir.  Suriyada  istehsal  edilən  şüşə  məmulatı  Atropatenaya,  oradan  da  Qafqaz 

Albaniyasına gətirilirdi. Aşkar edilən şüşə məmulatı ticarət mübadiləsinə maddi sübutdur 

və Ön Şərq ilə antik Albaniya arasında ticarət əlaqələrinin olduğunu aydın göstərir. 

Ticarət  və  mübadilədə  olan  əşyalar  arasında  əksəriyyəti  Mingəçevirdə, 

Xınıslıda, Torpaqqalada, Gəncədə və Azərbaycanın digər yerlərində arxeoloji qazıntılar 

nəticəsində aşkar edilmiş qliptika məmulatı da vardır. Bunlar qədim zamanlarda geniş 

ərazidə  yayılmış  gemma-intaliyadır.  Azərbaycanın  antik  intaliyaları  oval  şəklindədir, 

çoxunun  diametri    1    santimetrə  yaxındır  (yəni  bunlar  bir  qəpiklik  sikkədən  iri 

deyildir),  qiymətli  daşlardan,  başlıca  olaraq  müxtəlif  rəngli  və  çalarlı  xalsedondan 

hazırlanmışdır; tünd və  açıq-qəhvəyi rəng  üstünlük təşkil edir, tünd-qırmızı, sarımtıl-

qırmızı, qırmızı və digər rənglərə də təsadüf edilir. Tünd-göy, sarı, sarı-qızılı və tünd-

qəhvəyi rəngli şüşə litiklərə də rast gəlinir. Tapılmış intaliyaların böyük bir hissəsi ilkin 

xüsusiyyətlərini  və  cazibədarlığını  saxlamışdır.  Xalsedon  intaliyalarda  və  şüşə 

litiklərdə  adətən  antik  panteonun  allahları  və  ya  ilahələri  (Mars,  Helios,  Afrodita, 

Erot),  münbitlik  rəmzləri  (yetişmiş  xaşxaşın  çiçəyi  və  sünbül),  dəbilqəli,  nizəli-qalxanlı 

döyüşçü, habelə üzbəüz dayanıb əllərini göyə qaldırmış  qəhrəmanlar təsvir edilmişdir.  

İntaliyalarda  heyvan  rəsmləri  də  vardır.  Açıq  qəhvəyi  rəngli  gemmaların  birində 

qurbangahın  və  alov  dillərinin  bir  qədər  sxematik,  lakin  aydın  təsviri  verilmiş,  çiy 

kərpic  qəbirdən  tapılan  litikdə  isə  həmrəylik  rəmzi  sayılan  əlsıxma  məqamı  təsvir 

olunmuşdur. 

Üzərində  insan,  quş,  heyvan  təsvirləri,  nəbati  naxışlar  oyulmuş  gemmalar,  habelə 

qaytan keçirmək üçün deşiyi olan çoxüzlü möhürlər, bullalar diqqəti cəlb edir. Məmulatın 

əksəriyyəti  qəbirlərdən  tapılmışdır  ki,  bu  da  onların  tarixinin  müəyyən  edilməsini 

asanlaşdırır.  Qədim  Albaniyada  antik  intaliyaların  meydana  gəlməsini  haqlı  olaraq 

romalıların Qafqaza yürüşləri ilə əlaqələndirirlər: eramızdan əvvəl I əsrdə antik dünyanın 

məmulatı buraya sel kimi axıb gəlmişdi. 

Eramızdan əvvəl III-I əsrlərə aid tapıntılar arasında qazıntılar zamanı aşkar edilən, 

bullalar  düzəltmək  üçün  hazırlanan,  bərkimiş  gil  parçaları,  habelə  bullalar  diqqəti  cəlb 

edir. Bullalarla lülələnmiş vacib kağızları və yük taylarını möhürləyirdilər. Belə quru gil 

parçalarında  yayvarı  xətlər  də  nəzərə  çarpır.  Maraqlıdır  ki,  bullaların  xeyli  hissəsi 



300 

 

gətirilmə  üzük-möhürlərlə  möhürlənmişdir.  Bullalar  sübut  edir  ki,  antik  Albaniyada 



intaliyalar yalnız bəzək və həmail deyil, həm də möhür, yəni mülkiyyət nişanı idi. 

Gemmaların  əksəriyyəti  Yunanıstan-Roma  ellərindən  gətirilirdi.  Lakin 

gemmaların  bir  qismi  Yunanıstan-Roma  mədəniyyətinin  təsiri  altında  olan  yerli  oymaçı 

ustaların  əlinin  məhsuludur.  Qafqaz  Albaniyasına  Roma  intaliyalarının  gəlib  çıxması  ilk 

növbədə  ticarət  münasibətlərinin  inkişafı  ilə  izah  olunur.  Tacirlər  əmtəə  dövriyyəsinin 

geniş  miqyas  almasına  kömək  edirdilər,  bunun  nəticəsində  digər  zərgərlik  məhsulları 

kimi,  Roma  gemmaları  da  eramızdan  əvvəl  bütün  I  əsr  ərzində  ölkədə  yayılmağa 

başlamışdı. 

Zərgərlik  məhsullarının  əksəriyyəti  qədim  Qafqaz  Albaniyasında  istehsal 

olunurdu.  Lakin  gətirilmə  məmulata  da  təsadüf  edilir.  Məsələn,  Yaloylutəpə  tipli  torpaq 

qəbirlərdən  və  Mingəçevirin  katakomba  qəbirlərindən  saf  qızıldan  hazırlanmış 

ayparaşəkilli sırğalar tapılmışdır. halqanın mərkəzində piramida şəklində düzülən buğda 

dənəsi  boyda  dörd  kürəcik  lehimlənmişdir.  Msxetilə,  Qarnilə  və  Dura-Yevroposda  antik 

dövr üçün səciyyəvi olan gümüş sırğalar tapılmışdır. Bu cür sırğalar Qafqaz Albaniyasının 

ərazisinə Roma ilə ticarət nəticəsində gəlib çıxmışdır. 

Arxeoloji qazıntılar zamanı eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə 

aid olan,  yerli  məhsul  olmayan  gümüş,  tunc  və  dəmir  toqqalar  tapılmışdır.  Bu toqqalar 

qismən  Qalliya-Roma  mənşəli  gətirilmə  toqqalardır. Toqqalar  Albaniyaya  Qara  dənizin 

şimal  sahillərində  yerləşən  şəhərlərdən  gəlib  çıxmışdı.  Çoxlu  gətirilmə  muncuq  aşkar 

edilmişdir.  Məsələn,  Yaloylutəpə  tipli  torpaq  qəbirdən  formaca  liranı  xatırladan  sədəf 

muncuqlar  tapılmışdır.  Çəkilmiş  şaquli  cızıq  muncuqların  səthini  2  hissəyə  ayırır: 

muncuğun  hər  iki  hissəsində  kiçik  oyuqlar  olan  dairəciklər  yerləşdirilmişdir.  Bu 

muncuqlar qədim dövrdə Aralıq dənizi ölkələri üçün səciyyəvi olmuşdur. Mingəçevir 

küp qəbirlərindən xeyli hissəsi idxal edilən ən böyük miqdarda muncuqlar tapılmışdır. 

Maraqlıdır  ki,  Kür  çayından  şimalda  torpaq  qəbirlərdən  çıxan  muncuqların  əsas 

tiplərinə  sağ  sahildə  olan  küp  qəbirlərdə  də  rast  gəlinir.  Lakin  Mingəçevirin  e.ə.  II-I 

əsrlərə  aid  küp  qəbirlərində  aşkar  edilən  muncuqların  əsas  tiplərinə  torpaq  qəbirlərdə 

təsadüf  olunmur.  Əcnəbi  muncuqlar  Mingəçevirə  Qara  dəniz  sahillərindən, 

Yaloylutəpəyə  isə  Suriyadan  gəlib  çıxmışdır.  Mingəçevirə  və  Xınıslıya  Misir 

həmailləri:  girdə  muncuqlar,  amforaşəkilli  asma  bəzəklər,  açılmış  əl  şəklində  bəzək 

şeyləri, balasını bağrına basan ilahə heykəlciyi gəlirdi. Suriyadan ala-bəzək muncuqlar 

və  başqa  bəzəklər  gətirirdilər.  Müxtəlif  formalı  şüşə  muncuqlar,  pastadan  və  qiymətli 

daşlardan  düzəldilən  muncuqlar  Finikiyanın  Tir  və  Sidon  şəhərlərindən  gətirilirdi. 

Misirdən  cürbəcür  bəzək  şeyləri,  o  cümlədən  skarabeylər  daxil  olurdu.  Skarabeylərin 

vətəni  Misirdir.  Skarabeylər  Misir  ayinləri  ilə  birlikdə  yalnız  Romada  deyil, 

imperiyanın  hüdudlarından  kənarda  da  Yaxın  Şərq  ölkələrinə,  o  cümlədən  qədim 

Qafqaza  qədər  yayılırdı.  Bunlar  digər  mədəniyyət  əşyaları  ilə  yanaşı,  qədim  Qafqaz 

Albaniyasına da gəlib çatırdı. 




301 

 

Misir  məmulatı  sübut  edir  ki,  Zaqafqaziyanı  Ön  Qafqaz,  Dəryal  və  Dərbənd 



keçidləri  ilə  əlaqələndirən  qədim  ticarət  arteriyaları  Roma  dövründə  əhəmiyyətini 

itirməmişdi və sarmatlar aləmi bunların vasitəsilə İberiya və Qafqaz Albaniyası ilə əlaqə 

saxlayırdı. Skarabeylərin aşkar olunması bir daha sübut edir ki, bu ərazinin əhalisi Misir 

pastasından məmulat istehsalının uzaq mərkəzləri - Navkratis və Aleksandriya şəhərləri 

ilə  ticarət  və  mədəni  əlaqələr  saxlayırdı.  Kütləvi  səciyyə  daşıyan  materialdan  əlavə, 

ayrı-ayrı  əşyalar  da  əlaqələrdən  xəbər  verir.  Qədim  Qafqaz  Albaniyasının  keramika 

məmulatı  arasında  oxşarı  olmayan  amfora  bu  baxımdan  maraqlıdır.  Qab  Gəncə 

yaxınlığında  çiy  kərpic  qəbirlərin  birindən  tapılmışdır.  Şirlidir,  cəng  layı  altında 

parıltısını itirmiş açıq mavi-yaşıl rəngdədir. 

Azərbaycanın Laçın rayonunun Zerta (Qara kaha) kəndi yaxınlığında tapılmış tunc 

çırağı  da  xaricdən  gətirilən  əşyalar  sırasına  aid  etmək  lazımdır.  Çırağın  üstündə  ağzını 

açmış  sağqallı-bığlı  maska  təsvir  edilmişdir.  Uzunsov  iri  gözlərin  üstündə  qalın  çatma 

qaşlar  yerləşir.  Belə  çıraqlara Romada  təsadüf  edilir  və  bunlar  I  əsrin  ikinci  yarısı  və  II 

əsrin  birinci  yarısı  ilə  əlaqələndirilir.  Çıraqda  təsvir  edilmiş  maskanın  stilinin  təhlili 

diqqəti Roma imperiyasının Şərq əyalətlərinə, daha doğrusu Suriyaya yönəldir. Suriyada 

istehsal  edilmiş  tunc  çıraq  qədim  Qafqaz  Albaniyasına,  ola  bilsin  ki,  XII  Fulminata 

legionu  senturiyasının  romalı  döyüşçüləri  tərəfindən  gətirilmiş  və  ya  buraya  I  əsrin 

axırlarında - II əsrin əvvəllərində xarici tacirlərlə qədim Albaniya əhalisi arasında ticarət 

mübadiləsi nəticəsində gəlib çıxmışdır. Bununla əlaqədar olaraq, antik dövrün Qəbələdən 

tapılmış  qapaqlı  tunc  çırağı  nəzəri  cəlb  edir.  Belə  çıraqların  Misirdə  və  İtaliyada  aşkar 

edilmiş nümunələri Britaniya muzeyində saxlanılır. 

Azərbaycan  ərazisində  aşkara  çıxarılan  gümüş  piyalə  gətirilmə  əşyalar  sırasına 

aiddir. Piyalənin dibi dörd cüt ortaq mərkəzli dairəvi şırımla naxışlanmışdır. I-III əsrlərə 

aid  edilən,  halqa  ayaqcığı  olan  başqa  bir  piyalə  Mingəçevirin  taxta  qutu  qəbrindən 

tapılmışdır.  Bu  iki  piyalədə  Romanın  təsiri  duyulur.  Mingəçevirin  III  sol  sahil 

məskənində  aşkara  çıxarılmış  bərnişəkilli  gümüş  cam  diqqəti  cəlb  edir.  Belə  qablar 

Roma torevtikasında məşhurdur. Mingəçevirin III sol sahil məskənində aşkar edilmiş, 

tənək  yarpaqları  və  üzüm  salxımları  şəklində  naxışları olan  gümüş  cam  yüksək  bədii 

keyfiyyəti  ilə  fərqlənir.  Halqaşəkilli  alçaq  oturacağı  olan  bu  omfallı  cam  Armazisxevilə 

İberiya pitiaxşlarının sərdabələrindən birinin I-II əsrlərə aid gümüş camı ilə müqayisə 

edilə bilər. Bir qədər sonra Rustov kəndi  yaxınlığında eramızın I-II əsrlərinin torpaq 

qəbirlərindən  başqa  bir  gümüş  piyalə  tapılmışdır.  Gümüş  piyalələrin  forma,  ölçü  və 

dekorativ tərtibat xüsusiyyətləri onları Romadan idxal  olunan  əşyalar  sırasına  aid  etməyə 

imkan verir. Qaraməryəm küp qəbrindən tapılmış başqa bir gümüş piyalə də hellinizm 

tipli  qablar  sırasına  aiddir.  Torpaqqala  (Alazan)  katakomba  qəbrində  aşkar  edilən, 

halqa  şəklində  geniş  oturacağı  olan  qapaqlı,  nazik  divarlı  gümüş  vaza  xaricdən 

gətirilən  məmulatlar  sırasına  aiddir.  Vazanın  dibində  zərli  medalyon  üzərində  qaçan 

maral  və  başı  üzərində  uçan  qrifon  təsvir  edilmişdir.  Vaza  Romanın  özündə,  ya  da 




302 

 

əyalətlərində geniş yayılmış qabları xatırladır. İçində Nereidanın - dəniz pərisinin təsviri 



olan  dövrə  ölkənin  geniş  ticarət  əlaqələrinə  dəlalət  edən  mədəniyyət  əşyalarındandır. 

Dövrə kübarlar cəmiyyətində məişətdə işlədilən qab kimi, ya əcnəbi tacirlərin hədiyyəsi 

kimi qiymətləndirilir. 

Beləliklə,  xaricdən  gətirilən  əşyalar  sırasına  şüşə  məmulat  sikkələrin  və 

gemmaların böyük bir qismi, kauri çanaqları, bəzi muncuq növləri və skarabeylər, habelə 

tunc çıraq və gümüş dövrələr aiddir. Azərbaycanda aşkar edilən əcnəbi əşyaların bir çoxu 

açıq-aşkar həm Qərb, həm də Şərq arealı ilə, o cümlədən Parfiya ilə bağlıdır. Uzaq və 

yaxın  ölkələrlə  ticarət  əlaqələri  başlıca  olaraq  Parfiya  dövlətinin  magistralları  vasitəsilə 

həyata  keçirilir  və  bu  magistrallar  Albaniyanı  antik  dövrün  ən  iri  mərkəzlərinin  nüfuz 

dairəsinə daxil edirdi. 

Qonşu  ölkələrlə  ticarət  münasibətlərinin  artması  sikkə  tədavülünə  gətirib 

çıxarırdı.  Azərbaycanın  bütün  ərazisində  -  Mingəçevirdə,  Bərdədə,  Füzulidə, 

Çuxuryurdda, Yaloylutəpədə,  Kür,  Araz,  Gəncəçay  və  başqa  çayların  sahilləri boyunca 

yerləşən  ərazidə  arxeoloji  qazıntılar  zamanı  çoxlu  sikkə  aşkar  edilmişdir.  Sikkələr  həm 

küp  qəbirlərdə,  katakomba  qəbirlərdə,  torpaq  qəbirlərdə  və  digər  qəbirlərdə,  həm  də 

ayrıca dəfinələr şəklində bir neçə ədəddən bir neçə yüz ədədə qədər tapılmışdır. 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin