TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


ġəhərlər  və  baĢqa  məskənlər



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə106/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   102   103   104   105   106   107   108   109   ...   157
ġəhərlər  və  baĢqa  məskənlər.  Antik  dövr  Albaniyasının  ərazisi  çoxsaylı 

məskənlərlə  sıx-sıx  örtülmüşdü.  Qədim  müəlliflərdən  bizə otuzdan  artıq  nisbətən  iri  və 

məşhur şəhərin, habelə başqa məskənlərin adları gəlib çatmışdır. 

Antik  Albaniyada  şəhərlərin  meydana  gəlməsi  ölkənin  çoxəsrlik  sosial-iqtisadi, 

siyasi və mədəni inkişafının nəticəsi idi. Bu mürəkkəb proses alban cəmiyyətinin ümumi 

inkişafı ilə sıx bağlı idi və onun əmlak və sosial cəhətdən parçalanmasından, cəmiyyətdə 

gedən sinfi təbəqələşmədən, dövlət institutlarının təşəkkülündən irəli gəlirdi. Eramızdan 

əvvəl  birinci  minilliyin  ikinci  yarısında  və  eramızın  ilk  əsrlərində  Albaniya  oturaq 

əkinçilik-maldarlıq təsərrüfatının kifayət dərəcədə inkişaf etdiyi bir ölkə idi. Sənətkarlıq 

da  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı;  burada  artıq  geniş  bir  əmək  bölgüsü,  dar 

ixtisaslaşma və standartlaşdırma, yəni əmtəə istehsalının əlamətləri vardı. 

Qəbələdə  tapılan,  üstündə  möhür  izləri  və  qaytan  qırıqları  olan  onlarla  bullalar 

hellinizm  zamanından  başlayaraq  Albaniyanın  iqtisadi  həyatının  yüksək  səviyyəsinə  çox 

mühüm  bir  sübutdur.  Qəbələdə  bullalar  düzəltmək  üçün  hazırlanmış  xammalın  aşkar 

edilməsi böyük əhəmiyyət kəsb edir. 

Albaniyanın iqtisadi inkişafının arxeoloji materiallarla əsaslandırılan kifayət qədər 

yüksək səviyyəsi yazılı mənbələrlə də təsdiq olunur. 

Bizə  məlumdur  ki,  hellinizm  dövrünün  Albaniyasında  azad  əhali,  yoxsullar  və 

əyanlar, Kiçik Asiyanın və Ermənistanın məbəd birliklərinə çox bənzəyən məbəd vilayəti, 

habelə məbəd qulları və kahinləri olmuşdur. Albaniyanın öz çarları, qoşunu, zərbxanası var 

idi.  Bütün  bunlar  Albaniyada  şəhərlərin  və  şəhər  həyatının  meydana  gəlməsinə  və 

inkişafına səbəb olmuşdu. 

Göstərilən  proses  üçün  müqəddəm  şərtlər  əsrlər  boyu,  hələ  ibtidai  icma 

quruluşunun  bətnində  yaranmışdı.  Şəhərlərin  meydana  gəlməsi  isə  ibtidai  icma 

quruluşunun tamamilə parçalanması və dağılması demək idi. Şəhərlər dövlətin yaranması 



308 

 

ilə bir vaxtda meydana gəlir. Şəhərin kənddən ayrılması barbarlıqdan sivilizasiyaya, tayfa 



quruluşundan  dövlətə  keçid  ilə  birlikdə  başlanır.  Şəhərlə  birlikdə  hakimiyyət  orqanları, 

polis, vergilər və i.a. meydana gəlir. Əhalinin iki böyük sinfə bölünməsi - bilavasitə əmək 

bölgüsünə və istehsal alətlərinə əsaslanan bölgü özünü ilk dəfə burada göstərmişdir. 

Ticarət yollarının üstündə yerləşən, sosial-iqtisadi cəhətdən inkişaf etmiş alban 

məskənlərinin  tədricən  şəhərlərə  çevrilməsi  prosesi  eramızdan  əvvəl  I  minilliyin 

ikinci yarısının əvvəlinə aid edilməlidir. 

Qədim  dövrün  başqa  şəhərləri  kimi,  Qafqaz  Albaniyasının  şəhərləri  də  onları 

əhatə edən əkinçi icmaları ilə ən sıx şəkildə bağlı idilər. 

Azərbaycan  və  Dağıstan  ərazisində  arxeoloji  qazıntılar  zamanı  antik  dövrdə, 

mövcud  olmuş  şəhər  tipli  məskənlər  aşkara  çıxarılmışdır.  Bunlar  Qəbələ  (Çuxur-

Qəbələ,  Çaqqallı,  Seyidtala,  Uzuntala),  İsmayıllı  (Mollaisaqlı,  Şıxdərə  Kəlləsi, 

Qalagah),  Ağsu  (Nüydü  düzü),  Qax  (Torpaqqala),  Qazax  (Sarıtəpə),  Şamaxı, 

Beyləqan  (Təzəkənd,  Qaratəpə)  rayonlarında,  Mingəçevir  zonasında,  Dağıstanda 

(Turpaqqala,  Urseki,  Tarki,  Dərbənd)  və  başqa  yerlərdə  qazıntı  nəticəsində  aşkar 

edilmiş məskənlərdir. 

Ptolemey  antik  dövr  Albaniyasının  şəhərlərindən  və  digər  məskənlərindən 

danışarkən bildirir: "Soana çayı mənsəbinin arxasında Telayba şəhəridir; Gerr çayının 

mənsəbi Gelda  şəhəridir: Kaysiya çayının  mənsəbi  Albana  şəhəridir;  Albana çayının 

mənsəbi Qaytara şəhəridir; onun ardınca Kir çayının mənsəbidir. 

Qafqazdan  [axıb  gələn]  və  Kirə  tökülən,  -  o  Kirə  ki,  bütün  İberiyadan  və 

Albaniyadan keçərək Ermənistanı onlardan ayırdı, çay ilə İberiya arasındakı Albaniya 

şəhərləri və kəndləri: Taqoda, Bakxiya, Sanua, Deqlana, Niqa. 

Adı  çəkilən,  Qafqazdan  axıb  gələn  çayla  Albana  çayı  arasında:  Moseqa, 

Samunis, İobula, İuna, Embolayon, Albana, Mamexiya, Osika, Sioda, Baruka... 

Albana çayı ilə Kaysi çayı arasında: Xabala, Xabota, Boziata, Misiya, Xadaka, 

Alam. 


Kaysi çayı ilə Kerr çayı arasında: Tiauna, Tabilaka. 

Gerr çayı ilə Soana çayı arasında isə: Tilbis". 

Söz  yox  ki,  yuxarıda  verilən  siyahıda  toponimlərin  yazılışında  xətalar  və  ya 

hətta  səhvlər  olmamış  deyildir.  Bunların  bəziləri,  şübhəsiz,  Ptolemey  məxəzindən 

gəlir  və  ya  onun  əlində  olan  əsərdə  coğrafiyaşünas  tərəfindən  düz  oxunmamasının 

nəticəsidir. 

Ptolemeyin  siyahısında  dəqiq  müəyyənləşdirilmiş,  şəkk-şübhə  doğurmayan 

yeganə  şəhər  Xabaladır.  Ptolemeydən  bir  neçə  onillik  əvvəl  Böyük  Plini  antik 

ədəbiyyatda ilk dəfə olaraq özünün "Təbii tarix" əsərində onun adını çəkmiş və şəhəri 

Kabalaka adlandırmışdı. Görünür, Plini bu ada eramızdan əvvəl II-I əsrlərdə yaşayan 

Roma müəllifi Varronda rast gəlmişdi. 



309 

 

Qəbələnin  meydana  gəldiyi  və  inkişaf  etdiyi  vilayət  Qəbələ  rayonundan 



Balakən rayonuna qədər uzanan  ərazini, habelə Şərqi Gürcüstanın bir hissəsini əhatə 

edən öndağ və dağ zolağı - tarixi Albaniyanın ən maraqlı zonalarından biridir və artıq 

eramızdan  əvvəl  son  əsrlərdə  bu  zona  ölkənin  siyasi,  iqtisadi  və  mədəni  cəhətdən 

öncül rayonuna çevrilmişdi. 

Qəbirlərdən  anlaşıldığına  görə,  eramızın  hüdudunda  və  ilk  əsrlərində  Qax 

rayonunda  ehtimal  ki,  bir  neçə  məskən  olmuşdur.  Lakin,  təəssüf  ki,  burada  qazıntı 

işləri  yalnız  Torpaqqalada,  antik  dövrün  sonlarında  meydana  gələn  məskəndə 

aparılmışdır. 

Müasir  Şəki  rayonunda  antik  dövr  məskənlərinin  mövcud  olduğunu  güman 

etməyə əsas vardır. Qeyd etmək maraqsız olmaz ki, Şəki yaxınlığındakı Böyük Dəhnə 

kəndinin həndəvərində I-II əsrlərə aid yunan kitabəsi aşkar edilmişdir. Böyük Dəhnə 

kəndinin  bir  neçə  on  kilometrliyində,  Qəbələ  rayonunun  Nic  kəndi  yaxınlığında  da 

üzərində yunan yazıları olan kərpiclər tapılmışdır. 

Böyük  Dəhnə  kitabəsində  bir  neçə  işarə,  deyəsən,  sarmat  işarəsidir.  Üstəlik, 

kitabədə Evnonun adı həkk edilmişdir ki, bu da sarmat tayfası olan, Cənub ölkələri ilə 

ticarəti əllərində saxlayan aorsların çarının adının eynidir. 

Antik dövrdə Qəbələ rayonu zonasında da məskənlər az olmamışdır. Bunlar ilk 

növbədə  Seyidtala  (Kiçik  Pirelli  kəndinin  5  kilometrliyində)  və  Uzuntala 

(Seyidtalanın  1,5  kilometrliyində)  yaxınlığında  olan  məskənlərdir.  Uzuntalada  ağac 

sütun  üçün  daş  bünövrə  aşkar  edilmişdir  ki,  bu  da  Qəbələdə,  Təzəkənddə  və  başqa 

yerlərdə  tapılmış  bünövrələrin  eynidir.  Deməli,  qədim  zamanlarda  bu  yerlərdə 

monumental binalar olmuşdur. Seyidtalada aparılan arxeoloji kəşfiyyatlar nəticəsində 

məskənin  mədəni  təbəqəsində  Yaloylutəpə  keramik  məmulatlarına  çox  yaxın  olan 

xeyli  keramik  məmulat,  monumental  tikintidən  xəbər  verən  xeyli  miqdarda  kirəmit 

aşkar  edilmişdir  ki,  bu  da  kənd  tipli  məskən  üçün  səciyyəvi  sayıla  bilməz.  Zonanın 

məskənlərindən  biri  eramızdan  əvvəlki  son  əsrlərdə  bütün  ölkənin  paytaxtına 

çevrilməyə  başlamışdı.  Eramızdan  əvvəl  I  minilliyin  son  sülsünün,  hər  halda  son 

çərəyinin  başlanğıcından  gec  olmayaraq  ölkə  artıq  vahid  bir  çarın  hakimiyyəti  altında 

birləşmişdi. Həmin  məskən antik  ədəbiyyatda ilk dəfə I əsrdə Böyük Plini tərəfindən 

Kabalaka formasında adı çəkilən Qəbələ  idi. Böyük Plini yazırdı: "Bu şəhərlər birinci 

yerdə  dururlar  (ən  mühüm  şəhərlərdir,  başqalarından  üstündürlər):  Albaniyada  - 

Kabalaka...". Görünür, "birinci  yerdə  dururlar" (praevalent) ifadəsi  burada  heç  olmazsa 

siyasi, hərbi-strateji, ola bilsin ki, həm də iqtisadi hegemonluq kimi başa düşülməlidir. 

Plini  Qəbələdən  danışarkən  "oppidum":  terminini  işlədir  ki,  bu  da  adətən 

"istehkam", "möhkəmləndirilmiş yer" kimi tərcümə edilir. Buna görə şübhə yoxdur ki, 

o  zaman  Qəbələ  möhkəmləndirilmiş  şəhər,  möhtəşəm  xarabalıqları  bizim  günlərə 

qədər gəlib çatan bir qala idi. 



310 

 

Ehtimal ki, Qəbələ hələ eramızın ərəfəsində Romada Qafqaz Albaniyasının baş 



şəhəri - paytaxtı kimi məlum idi. Təsadüfi deyildir ki, Plini yalnız bu şəhərin adını çəkir 

və  onu  ən  mühüm  şəhər,  birinci  yerdə  duran  şəhər  hesab  edir.  Qəbələnin  xarabalıqları 

indiki Qəbələ rayonunda,  Çuxur-Qəbələ  kəndindən  şərqdə,  Qaraçay (Qəbələçay) ilə 

Courlucay  (Qalaçay)  arasındakı  təpədə  və  bitişik  ərazilərdə  yerləşir.  50-ci  illərin 

axırlarından Qəbələ zonasında arxeoloji ekspedisiya fəaliyyət göstərməyə başlamış və 

Qafqaz  Albaniyasının  çox  böyük  əhəmiyyətə  malik  olan  bu  abidəsinin  ciddi  surətdə 

öyrənilməsinin təməlini qoymuşdur. Şəhər xarabalığının öz ərazisi 25 hektardır. Şimal 

hissəsi  Səlbir,  cənub  hissəsi  Qala  adlanır.  Bəzən  iki  hissəsinə  birlikdə  "Qala-Səlbir", 

"Govurqala"  deyirlər,  bəzən  isə  yalnız  cənub  hissəsini  (Qalanı)  "Govurqala" 

adlandırırlar. 

Şəhərin  xarabalıqlarından  3-4  kilometr  cənub-şərqdə,  Gülli  tala  (Gülli  qoruq) 

və  ya  Çaqqallı  adlanan  zonada  qədim  şəhərin  daha  bir  hissəsi  üzə  çıxarılmışdır.  İş 

əsnasında  şəhərin  sonradan  meydana  gəlmiş  hissələrini  də  müəyyən  etmək  mümkün 

olmuşdur.  Bunlar  Kamaltəpə,  Bayır  şəhər  və  Sənətkarlar  məhəlləsidir.  Qəbələ 

xarabalığının  yaxınlığında  öz  qəbiristanları  ilə  birlikdə  Seyidtala,  Uzuntala,  Qafarlı, 

Qaratəpə kimi qədim məskənlər qeydə alınmışdır. Çox ehtimal ki, vaxtilə məhz bunlar 

birlikdə Qəbələ şəhəri kompleksini əmələ gətirirdi. 

Möhkəm  və  əzəmətli  divarlarla  əhatə  olunmuş  Səlbir  və  Qala  əraziləri  şəhərin 

əsas  hissəsini, onun içqalasını  təşkil edirdi.  Qalan  hissələr  şəhər  divarlarından  bayırda 

yerləşir. 

Qəbələnin Güllitala (Çaqqallı) hissəsi şəhərin çox mühüm rayonudur. Antik dövrün 

eramızdan əvvəl son əsrləri və eramızın lap başlanğıcını əhatə edən mədəni layları burada 

tunc dövrünün üstədir (eramızdan əvvəl III minilliyin ikinci yarısı). 

Çaqqallının  hələ  erkən  təbəqəsində  (eramızdan  əvvəl  son  əsrlər)  monumental 

tikintidən soraq verən keramit və kalipterlər aşkar edilmişdir. 

Antik təbəqədə binaların bir çox qalıqları - çaydaşından tikilmiş bünövrələr, çiy 

kərpicdən  inşa  edilmiş  divarların  hissələri  üzə  çıxarılmış,  habelə  böyük,  ola  bilər  ki, 

ictimai  bir  bina  kompleksi  aşkar  edilmişdir.  Elə  burada  sütunlar  üçün  daş  bazalar  da 

tapılmışdır. 

Erkən  təbəqədə  müxtəlif  gil  qablar,  məişətdə  istifadə  olunan  quyular, 

kömürləşmiş  buğda  və  arpa  dənələri,  heyvan  sümüklərinin  qalıqları,  əmək  alətləri, 

gətirilmə şüşə qabların sınıqları, müxtəlif bəzək şeyləri və s. qalmışdır. 

Üstündə  möhür  şəkli  olan  bullalar,  bunlar  üçün  xammal  və  şəhərin  Çaqqallı 

rayonunun həyatından xəbər verən bir çox başqa əşyalar aşkar edilmişdir. 

Çaqqallıda abidələrin nə vaxtdan mövcud olması və məqsədi məsələsi ətrafında 

iki rəy vardır. Bəziləri belə hesab edirlər ki, vaxtilə burada şəhərin məbədlər və ticarət 

hissəsi yerləşirmiş. Bu fərziyyəyə görə, Çaqqallıda həyat eramızdan xeyli əvvəl başlanmış 

və  eramızın  bütün  birinci  minilliyi  ərzində  davam  etmişdir.  İkinci  rəyin  tərəfdarları 




311 

 

Çaqqallı abidəsinə eramızdan əvvəl IV əsrdə -eramızın I əsrində mövcud olmuş şəhərin 



qədim hissəsinin xarabalıqları kimi baxmağa meyil edirlər. 

Yuxarıda deyildiyi kimi, Səlbir və Qala, görünür, Qəbələnin içqalası olmuşdur. 

Səlbirdə  qala,  divarlarının  ümumi  uzunluğu  1400  metrdən  çoxdur.  Burada  10 

Bürcün qalıqları aşkar edilmişdir. 

Qalanı cənubdan əhatə edən beş yarımdairəvi bürcün və qala divarlarının yerüstü 

hissələri nisbətən pis qalmamışdır. Bürclərin salamat qalmış hissələrinin hündürlüyü 5-

12 m, divarlarının qalınlığı 5 m, daxili diametri 5 m, yarımdairənin xarici xətti isə 27 

metrdir.  Qala  divarları  qalıqlarının  hündürlüyü  3-7  metrə,  qalınlığı  isə  5  metrə  çatır. 

Bürclərin və divarların özülləri yonulmuş düzbucaq formalı əhəngdaşından qoyulmuş, 

yuxarı hissəsi isə bişmiş kərpicdən tikilmişdir. Hörgüdə əhəng məhlulu işlədilmişdir. 

Cənub  hissəsi  istisna  edilməklə  qala  divarları  ərazinin  təbii  şəraitinə  uyğun 

surətdə tikilmişdir. 

Səlbirdə  aparılan  qazıntılar  mədəni  təbəqənin  aşağı  horizontlarında  kəsişən 

divarların qalıqlarını və böyük miqdarda iri damüstü kirəmit aşkara çıxarmışdır. Qəbələdə 

ən qədim ev olan bir yaşayış evinin divarının qalıqları tapılmışdır. Evin divarı gil məhlulla 

çaydaşından  hörülmüşdür.  Elə  burada  rast  gələn  kirəmitin  ölçüləri  və  çəkisi  göstərir  ki, 

qədim  şəhərin  binaları  çox  əzəmətli,  görkəmli  və  möhkəm  olmuşdur.  Bu,  qəbələlilərin 

inşaatçılıq məharətinin yüksək olduğunu da göstərir. 

Antik dövrün damüstü  kirəmiti ilk dəfə  Qəbələnin  yaxınlığında  -  Çaqqallıda  və 

Seyidtalada tapılmışdır və e.ə. II əsr - eramızın I əsrinə aid edilir. 

Son vaxtlar Səlbirdə yaşayış binasının bünövrə qalıqlarının içərisində aşkar edilən 

təknə qəbir (e.ə. I əsr - eramızın I əsri) şəhərin erkən tikinti horizontunu eramızdan əvvələ 

aid etməyə imkan verir. 

Səlbirdə  tapılan  və  Qəbələnin  qədim  dövrünə  aid  olan  arxeoloji  materialın  əsas 

qismi  keramik  qabların  parçalarından  ibarətdir.  Bunlar  qara,  çəhrayı  və  qırmızı  rəngli 

bardaqlar,  təkayaq  və  üçayaq  vazalar,  südqabılar,  müxtəlif  başqa  qablar  və  sairədir. 

Bardaqlardan  birinin  boğazı  yunan  əlifbasının  bəzi  hərflərini  xatırladan  işarələrlə 

örtülmüşdür. 

Mədəni təbəqənin erkən alt horizontlarında Yaloylutəpə qablarının tam eyni olan 

böyük miqdarda qablar aşkar edilməsi e.ə. III-I əsrlərdə Qəbələdə həyatın zənginliyinə 

sübutdur.  O  zaman  Qəbələni  dövrələyən  qala  divarlarının  mövcudluğu  onu  şəhər 

hesab etməyə imkan verən əsas dəlillərdən biridir. 

Qalada  antik  dövrün  mədəni  təbəqəsinin  aşkar  edilməsi,  həmin  təbəqədə  şərab 

anbarı, kübar adama məxsus böyük məqbərə, bulla tapılması, Bayır şəhərin yaxınlığında 

küp qəbirlərdən ibarət qəbiristanın, Çaqqallıda  antik mədəni təbəqənin və qəbiristanın, 

Seyidtalada,  Uzuntalada,  Tərkəşdə,  Qaratəpədə  antik  dövr  məskənlərinin    və  

qəbiristanlarının    mövcud    olması    Qəbələdə  və  Qəbələ  mahalında  sosial-iqtisadi  və 

mədəni həyat haqqında biliyimizi xeyli genişləndirmişdir. 




312 

 

Qazıntılar  zamanı  tapılan  dulus  sobalarının  qalıqları,  dəmir  kotanlar,  dən  daşı, 



həvənglər,  meyvə  tumları,  taxılı,  meyvə  və  şərab  saxlamaq  üçün  küplər,  çoxlu 

miqdarda müxtəlif keramik qab-qacaq, davar və qaramal sümükləri, çoxlu bəzək şeyləri, 

dəmir  silah  (ox  və  nizə  ucluqları,  bıçaqlar,  xəncərlər),  qədim  sikkələr,  bullalar,  maddi 

mədəniyyətin digər qalıqları təsdiq edir ki, əkinçilik, heyvandarlıq, bağçılıq, sənətkarlıq 

və  ticarət  antik  dövrdə  Qəbələ  şəhərinin  təsərrüfat  həyatında  mühüm  yer  tuturdu. 

Qəbələdə  yəqin  ki,  həm  çiy,  həm  də  bişmiş  kərpic  və  xüsusilə  kirəmit  kəsən 

emalatxanalar olmuşdur. Dulusçunun və ya dulusçuluq emalatxanası sahibinin şəxsi nişanı 

-  girdə  damğa  vurulmuş  kirəmit  bizə  gəlib  çatmışdır.  Qonşu  vilayətlərdə  olduğu  kimi, 

Albaniyada, xüsusən Qəbələdə də erkən hellinizm dövründə  başlanmış kirəmit istehsalı, 

güman  ki,  şəhər  sənətkarlarının  mühüm  sahəsi  idi.  Müəyyən  edilmişdir  ki,  tikintidə 

daşdan və çiy kərpicdən başqa müxtəlif ölçülü bişmiş kərpic də işlədilirdi. 

Antik  Qəbələdə  tikinti  işlərinin  miqyası  elə  idi  ki,  orada  bazar  üçün  işləyən 

daşyonanların, dülgərlərin və başqa sənətkarların emalatxanaları olmalı idi. Dediklərimiz 

ilk növbədə dulusçuluq məmulatına - qab-qacağa aiddir. 

Sikkə  dəfinələri,  bullalar,  habelə  Qəbələdən  keçən  karvan  yollarının  izləri 

göstərir ki, e.ə. III əsr - eramızın III əsri ərzində Qəbələ Qərb və Şərqin bir çox ölkələri 

ilə,  xüsusən  Roma,  Parfiya  və  Sasani  imperiyalarına  daxil  olan  vilayətlərlə  geniş  ticarət 

əlaqələri saxlayırdı. 

Qəbələnin həndəvərində aşkar edilmiş antik qəbiristanlar, xüsusilə Səlbir ərazisində 

aşağı  mədəni  təbəqənin  altından  tapılmış  qəbirlər  qədim  Qəbələ  əhalisinin  ictimai-

iqtisadi həyatını və mənəvi mədəniyyətini, xüsusən dini baxışlarını, dəfn mərasimlərini 

öyrənməyə imkan vermişdir. 

Beləliklə,  antik  dövr  Qəbələsi  intensiv  surətdə  tikilib  qurulan  müxtəlif  ictimai, 

inzibati  binaları,  emalatxanaları,  bazarları,  zərbxanası  olan,  ticarəti  və  pul  tədavülü 

inkişaf etmiş iri şəhər idi. Qəbələ  əhalisi qarışıq etnik tərkibə  malik idi, onlar müxtəlif 

peşələrlə - ticarət, sənət və əkinçiliklə məşğul olurdu. Qəbələ gənc Albaniya çarlığının 

mühüm  strateji,  siyasi-inzibati,  ticarət-sənət  ayin-mədəniyyət  mərkəzi,  26  alban 

tayfasını birləşdirmiş Albaniya hökmdarının paytaxtı idi. 

Həmin  zona  Azərbaycan  Respublikasının  Balakən,  Zaqatala,  Qax,  Şəki 

rayonlarını, qismən Oğuz və Mingəçevir rayonlarını və Gürcüstanın Laqodexi rayonunu 

əhatə  edir.  Bu,  Ptolemeyin  Albaniya  xəritəsindəki  ikinci  zonaya  müvafiq  gəlir;  qədim 

yunan astronomu və coğrafiyaşünası adı çəkilən xəritədə 12 yaşayış məntəqəsi yerləşdirir. 

Yaşayış  məntəqələri  təxminən  belə  lokallaşdırılır:  Moseqa  (Zaqatala  yaxınlığındakı 

müasir Masexi), İobula (Qax  yaxınlığındakı  müasir Əlibəyli), İuna (Şəki yaxınlığındakı 

Ciuta  uyğun  gəlir),  Albana  (ehtimal  ki,  Əyriçay  sisteminin  ən  şərq  qolunun  "dirsəyi" 

yaxınlığında olan müasir Əliyar//Əbliyardır), Mamexiya (çox güman ki, Mal(l)exiyadır, 

Oğuzdan  cənubda  yerləşən  Malıx  kəndinin  adına  müvafiq  gəlir),  Qaytara  (görünür, 

Qaytavrdır,  Mingəçevir  adının  ondan  əmələ  gəlməsi  demək  olar  ki,  şəksizdir),  Sioda 




313 

 

(müəyyənləşdirilmir),  Adiabla  (ola  bilsin  ki,  Zaqataladan  təqribən  15  kilometr  cənubda 



yerləşən  Əliabadın adı onun adından  götürülmüşdür), Osika (müasir Şəki), Baruka (daha 

doğrusu,  Baruda  -  Vartaşen  -  müasir  Oğuz),  Samunis  (daha  doğrusu,  Samuxis,  müasir 

Samux), Embolayya (görünür, Eblaya, müasir Yevlax). 

Oğuz  rayonunun  şərq  hissəsi  və  Qəbələ  rayonu  Ptolemey  xəritəsinin  üçüncü 

zonasına müvafiq gəlir. Burada aşağıdakılar lokallaşdırılır: Xabala, Xadaxa, Xabota (ola 

bilsin, Oğuz rayonunun indiki Xaçmaz kəndidir), Misiya (görünür, Niziyadır, ola bilsin 

indiki Nic kəndidir), Alam (ola bilsin, Göyçayın qərb qolunun sahilində yerləşən müasir 

Zalam  kəndidir),  Ablana  (ola  bilsin,  Nic  ilə  Zalam  arasında  yerləşən  müasir  Ərəb 

kəndidir), Boziata (ol bilsin, müasir Vardanlı kəndi rayonundadır)

12



Çox  ehtimal  ki,  şəhərlərin  və  şəhər  həyatının  meydana  gəlməsinin  mühüm 

ocaqlarından  biri  Muğan  olmuşdur.  Eramızdan  əvvəl  I  minilliyin  çoxsaylı  qəbirləri  və 

nəhəng suvarma qurğuları bunu sübut edir. 

Mil-Qarabağ zonasında aparılmış arxeoloji tədqiqatlar belə bir nəticəyə  gəlməyə 

imkan verir ki, eramızdan əvvəl I minilliyin ikinci yarısında burada çiy kərpicdən əsaslı 

binalar tikilməsi ilə səciyyələnən daimi oturaq xarakterli məskənlər olmuşdur. Beyləqan 

rayonunda  Təzəkənd  yaxınlığında  olan  kompleks  Mil  düzündə  son  dərəcə  mühüm  bir 

abidədir və ona şəhər tipli məskənin qalıqları kimi baxmaq olar. 

Örənqala  (Beyləkan  -  Paytakaran)  xarabalığının  7-8  kilometrliyində  yerləşən 

Təzəkənd  arxeoloji  kompleksi  bir-birindən  təqribən  700  metr  aralı  olan,  xəndəklərlə 

dövrələnmiş  iki  düzbucaqlı  təpə  ilə  təmsil  edilmişdir.  Onların  arasında  bir  neçə  kiçik 

təpəcik vardır. 

Böyük təpənin şərq küncündə küp qəbirlər zamanından qalma keramika, ətəyində 

isə  küp  qəbirin  qalıqları  aşkar  edilmişdir.  Burada  gümüş  sikkələrdən  ibarət  kiçik  bir 

dəfinə,  xüsusən  imperator  Avqustun  denariləri  və  ağac  sütunlar  üçün  üç  daş  baza  da 

tapılmışdır. Bu bazaların xronoloji hüdudları eramızdan əvvəl I əsr ilə eramızın IV əsri 

arasındadır. Bu cür bazalar Dvində, Ulya-Noraşendə, Boyəhmədlidə (Ağdam yaxınlığında) 

və başqa yerlərdə aşkar edilmişdir. Sütunların daş bazaları qədim dövrdə böyük Təzəkənd 

təpəsində məbəd və ya saray xarakterli iri tikili olduğunu təsdiq etməyə əsas verir. Bütün 

kompleks isə sübut edir ki, eramızın başlanğıcında burada çox böyük bir məskən mövcud 

olmuşdur; həmin məskən VI əsrdə Örənqala xarabalığının indi olduğu yerə - orta əsrlərdə 

Beyləqan adlanan yerə köçürülmüşdü ki, bu da qədim Paytakaran ilə eyniləşdirilir. 

                                                           

12

 



Məntəqələrin  lokallaşdırılması  və  adların  müəyyənləşdirilməsi  S.N.Muravyov  tərəfindən  təklif 

edilmişdir. 

 



314 

 

Paytakaran (Beyləqan) şəhəri ilk orta əsr qaynaqlarının da Paytakaran adlandırdığı 



və  Arazın  aşağı  axarının  hər  iki  sahilində  yerləşdirdiyi  vilayətdə  idi.  Strabona  əsasən,  bu 

rayonun əhalisi kaspilər, adı Kaspiana idi. 

Örənqala  xarabalığından  4  kilometr  şimal-qərbdə  yerləşən  Qaratəpə  eramızdan 

əvvəl I minilliyin ortalarında Mil düzündə  meydana gələn və  çiy kərpicdən tikilmiş iri 

binaları ilə səciyyələnən bir məskəndir. 

Təpənin birinci  mədəni təbəqəsi eramızdan  əvvəl VII-VI əsrlərə aiddir və sübut 

edir ki, skif yürüşləri dövründə yaxud bilavasitə onlardan sonra bu ərazidə, çox güman ki, 

yerli  əkinçi-maldar  əhaliyə  məxsus  daimi  məskənlər  olmuşdur.  Əşya  materialı  - 

keramika, dən daşları, nehrələr və i.a. buna sübutdur. 

Qaratəpədə birinci mədəni təbəqənin birbaşa davamı olan ikinci mədəni təbəqə 

eramızdan əvvəl I minilliyin ikinci yarısına (V-I əsrlərə) aiddir. Birinci təbəqədə olduğu 

kimi,  ikinci  təbəqədə  də  tikinti  qalıqları  aşkar  edilmişdir.  Burada  tikinti  qalıqları  birinci 

mədəni təbəqədəkindən xeyli çoxdur. Çiy kərpicdən hörülmüş çoxlu divarlar təmizləndikdə 

məlum  olmuşdur  ki,  bunlar  bir  sıra  düzbucaqlı  binalar  əmələ  gətirir  və  binaların  xeyli 

hissəsinin döşəməsi gil məhlulu ilə şirələnmişdir. 

Binalarda  ocaqlar  aşkar  edilmişdir.  Məskənin  ikinci  təbəqəsinin  ərazisində 

təsərrüfat  və  zibil  quyuları  tapılmışdır.  Ümumiyyətlə,  bütün  təbəqə  çox  böyük 

miqdarda  arxeoloji  materialla  zəngindir.  Burada  çoxlu  dən  daşı,  nehrə  və  başqa  kənd 

təsərrüfatı  avadanlığı,  xeyli  miqdarda  ev  heyvanları  sür-sümüyü,  əsasən  qoyun-keçi 

sümükləri, eramızdan əvvəl VI-I əsrlərə aid edilən Cəfərxan, Yaloylutəpə, Mingəçevir 

keramikasına  bənzər  çoxlu  müxtəlif  keramika  üzə  çıxarılmışdır.  Keramik  material 

arasında ən mühüm tapıntılar Əhəmənilər zamanının metal piyalələrinə bənzədilən gil 

piyalələrdir;  bunlar  sənətkarların  estetik  zövqləri  haqqında,  həm  də  ikinci  mədəni 

təbəqənin  erkən  horizontunun  nə  vaxt  mövcud  olması  haqqında  mühakimə  yürütməyə 

imkan verir. 

Beyləqan  rayonu  ilə  qonşu  olan  Füzuli  rayonunda,  Füzuli  şəhərinin  şimal 

ucqarında Quruçay ilə Köndələnçay arasında Qaraköpəktəpə abidəsi tədqiq edilmişdir. 

Bura böyük bir məskəndir; tapılmış tikili qalıqları, məişət və digər əşyalar vaxt etibarilə 

eneolitdən  başlanıb  orta  əsrlərlə  qurtaran  dövrlərə  aiddir.  İlk  orta  əsrlər  təbəqəsinin 

altında yerləşən, qalınlığı iki metrdən çox olan təbəqə bünövrəsi çaydaşından qoyulan 

dördkünc tikililərlə, ocaqlar, təsərrüfat küpləri və i.a. ilə səciyyələnir. Məhz bu təbəqə 

antik  dövrə  aiddir.  Mədəni  təbəqədə  çoxlu  keramika,  dən  daşları  və  i.a.  aşkara 

çıxarılmışdır. Bu material, xüsusilə küp qəbirlər dövrü ilə bağlı olan, Mingəçevirdə və 

Mil-Qarabağ  düzündə  nümunələri  tapılan  açıq  rəngli  naxışlı  keramika  qəlpələri 

Qaraköpəktəpə məskəninin antik təbəqəsini eramızdan əvvəl V-II əsrlərə aid etməyə 

imkan  verir.  Maraqlıdır  ki,  məskənin  yaxınlığında  küp  qəbirlər  qəbiristanı  aşkar 

edilmişdir. 



315 

 

Mirzəcamal  kəndi  yaxınlığında üzə çıxarılmış  materiallar  - iri tikililərin qalıqları, 



çoxlu damüstü kirəmit parçaları, sütunlar üçün daş bazalar, o cümlədən üzərində Sasanilər 

dövrü  damğa  -  möhürünün  izləri  olan  baza  Qaraköpəktəpədə  şəhər  həyatının 

olmasından xəbər verir. 

Kiçik Qafqaz  silsiləsinin şərq yamacları zonasında  -  Füzuli rayonundan başlanıb 

Qazax-Ağstafa  rayonu  ilə  qurtaran  olduqca  böyük  bir  zolaqda  antik  dövr  abidələri  çox 

azdır.  Burada,  utilər  və  ya  vitilər  yaşayan  Utiya  vilayətində,  Strabonun  məlumatından 

göründüyü  kimi,  iki  şəhər  olmuşdur:  "...deyirlər...  aynianlar  Utiyada  hasarlı  şəhər 

salmışlar, o şəhərin adı Aynianadır, deyirlər, burada yunan silahı, mis qablar və qəbirlər 

göstərirlər; burada  Anariaka  şəhəri  də  vardır,  o  şəhərdə,  deyirlər,  yatanların  qeybdən 

xəbər verən məbədini göstərirlər". 

Strabonun informatorlarına görə, Ayniana şəhəri hasarlarla möhkəmləndirilmişdi və 

hansısa  qablar  hazırlayan  ustaları  ilə  məşhur  idi.  Bundan  əlavə,  şəhərdə  guya  hansısa 

sərdabələr vardı və bunlar əcnəbilərin diqqətini cəlb edirdi. 

Anariaka  şəhəri  haqqında  Strabonun  məlumatı  şəhərdə  orakul  (qeybdən  xəbər 

verən kahin) olması ilə əlaqədar böyük maraq doğurur. Anariakanı, şübhəsiz, anariaklarla 

əlaqələndirmək  lazımdır.  Antik  müəlliflərdən  Polibi,  Strabon  və  Plini  anariakları  tayfa 

kimi tanıyırlar. Strabon onların adını üç dəfə çəkir: mardlar və hirkanlılar ilə bir sırada, 

utilər ilə bir sırada və amardlar, kadusilər, albanlar, kaspilər və utilər ilə birlikdə. 

Qazax  şəhərinin  yaxınlığında,  Albaniyanın  Qardman  vilayətinin  Sarıtəpədəki 

məskəni  son  dərəcə  maraqlıdır.  Ehtimal  var  ki,  Albaniyanın  Strabon  deyən  məbəd 

vilayəti burada yerləşirmiş. Sarıtəpədə ən erkən təbəqə eramızdan əvvəl I minilliyin ilk 

əsrlərinə aiddir. 

Məskənin  sonra  gələn  horizontu  Əhəmənilər  zamanına  aiddir.  Qazıntılar  iki 

tikilinin divar qalıqlarından və bünövrəsindən ibarət çox maraqlı bir memarlıq kompleksi 

aşkara  çıxarmışdır.  Böyük  binadan  yeddi  otağın  uçuqları  qalmışdır,  otaqlardan  biri  öz 

ölçüsünə və sahmanına görə zalı xatırladır. Bu əzəmətli tikilini təqribən bir metr enində 

keçidlərlə bir-biri ilə birləşən otaqlar üç tərəfdən əhatə edirdi. Binanı əhatə edən bayır 

tikilidən 13 otaq qalmışdır. 

Hamısı  çiy  kərpicdən  tikilmiş,  bünövrələri  gil  məhlulu  ilə  çaydaşından 

hörülmüşdür.  Divarları  samanlı  gil  məhlulu  ilə  suvanmış  və  sonralar  üstdən  gipslə 

ağardılmışdır. 

Beləliklə, eramızdan əvvəl I minilliyin ortalarında və ikinci yarısında Sarıtəpədə 

şəhər  tipli  son  dərəcə  mühüm  bir  məskən  olmuşdu;  bu  məskənin  əhəmiyyəti  xeyli 

dərəcədə bir də ondan irəli gəlirdi ki, qədim magistral yolların ayrıcında əlverişli mövqe 

tutduğuna  və  yaxşı  kommunikasiyalara  malik  olduğuna  görə  ticarətdə  də  mühüm  rol 

oynayırdı. 

Azərbaycanın  müasir Qazax rayonu Tovuz, Şəmkir, Xanlar rayonları ilə, habelə 

Gürcüstanın  Siteli-Skaro,  Siqnaxi,  Qurjaani  və  Telavi  rayonları  ilə  birlikdə  Ptolemey 




316 

 

xəritəsində birinci zona adlanan zonaya, yəni ərazisində aşağıdakı alban məskənləri olan 



zonaya  daxildir:  Bakxiya  (görünür,  Bakriyadır;  Qurcaani-Siqnaxi  yolunun  üstündə 

yerləşən müasir Bakursixe və ya Bakir məntəqələri ilə müqayisə edilir), Sanua (görünür, 

Sanoradır; Siqnaxiləri bir neçə kilometr şərqdə yerləşən Snori stansiyası ilə eyniləşdirir), 

Deqlane (ehtimal ki, Dziqaanedir, onu müasir Çuqaani ilə, Snoridən cənub-şərqdə, demək 

olar,  onunla  yan-yana  olan  məntəqə  ilə  müqayisə  etməmək  çətindir),  Niqa  (görünür, 

Naqadır,  yəqin  ki,  Snoridən  və  Caqaanidən  cənub-şərqdə,  Tibaani  yaxınlığında  olan 

[Dzveli] Anaqaya uyğun gəlir). 

Mingəçevir  şəhəri  zonasında  (ehtimal  edildiyinə  görə,  onun  adı  Qaytara  [lakin 

Qaytavra daha doğrudur] şəhərinin adında qismən əks etdirilmişdir, o, udincə (albanca) 

kes-İr  (-İx)  "daş  divarlar",  "Min  isə  ola  bilsin,  udincə  marurn  (qara)  mənasını  ifadə 

edə bilərdi) eramızdan əvvəl I minilliyin qəbiristanları aşkar olunmuşdur; bunlar burada 

həyatın  çox  intensiv  cərəyan  etdiyini  göstərir,  həmin  ərazidə  iri  məskənlərin  olması 

haqqında  məlumat  verir.  Hellinizm  zamanında  Kaspi  dənizindən  gələn  ticarət-tranzit 

yolu onun içərisindən keçib "Albaniyaya, Kir çayından və sonra gələn ərazilərdən keçib... 

Evksin  Pontuna"  (Strabon)  gedirdi.  Burada  Kür  çayında  məşhur  bərə  vardı.  Ptolemeyin 

adını çəkdiyi Xadaka şəhəri burada yerləşirdi; ola bilsin ki, onu Kandak və ya Kanda ticarət 

məntəqəsi (indiki Kandak kəndi) ilə eyniləşdirmək lazımdır. 

Mingəçevir  zonasında  Kürün  həm  sağ,  həm  də  sol  sahilində  yerləşən  bir  neçə 

məskən  üzə  çıxarılmış  və  öyrənilmişdir.  1  nömrəli  məskənin  son  təbəqəsi  eramızdan 

əvvəl VII-I əsrlərə aid olan müəyyən qədər material vermişdir. Bu məskən çox böyük 

bir  sahəni  tutur.  Burada  binaların,  təsərrüfat  quyularının,  dulus  kürələrinin,  əmək 

alətlərinin qalıqları, keramika parçaları, heyvan və balıq sümükləri aşkar edilmişdir. 

2  və  3  nömrəli  məskənlərdə  eramızın  başlanğıcına  aid  təbəqələr  vardır.  Lakin 

yaxınlıqda  yerləşən  və  daha  erkən  vaxtlara  aid  edilən  qəbiristan  göstərir  ki,  buralarda 

antik  dövr  qəsəbəsi  olmuşdur.  Onun  haqqında  çoxlu  dulus  kürələrindən  əlavə,  qəbir 

materialları əsasında da mühakimə yürütmək olar; qəbir materialları isə əmtəə istehsalının 

əlamətlərindən,  sənət  məmulatlarının  kütləvi  xarakterindən,  sənətkarların  dar 

ixtisaslarından,  yalnız  icma  üçün  deyil,  həm  də  bazar  üçün  işləyən  istehsalın 

standartlaşdırılmasından xəbər verir. 

Maraqlıdır ki, Mingəçevirdə eramızın ilk üç-dörd əsrinə aid katakomba qəbirlərdən 

xeyli miqdarda gətirmə məmulat tapılmışdır. Mina ilə bəzədilmiş gözəl tunc fibulalar II-III 

əsrlərdə bütün Roma dünyasında və onun hüdudlarından kənarda geniş yayılmış Qalliya-

Roma minalı fibulalar qrupuna aiddir. 

Bunlar  Mingəçevirə,  görünür,  Şimali  Qafqazdan,  oraya  isə  Qara  dəniz 

sahillərindəki antik şəhərlərdən gəlib çıxmışdır. 

Mingəçevirdə  çoxlu  Misir  muncuqları,  Suriya  şüşə  məmulatı  və  digər  şüşə 

məmulatı tapılmışdır. 



317 

 

Bu  arxeoloji  materiallar  Mingəçevir  zonası  sakinlərinin  şəhər  həyatının 



səviyyəsindən, onların geniş ticarət-iqtisadiyyat əlaqələrindən xəbər verir. 

Böyük  Qafqaz  silsiləsi  cənub  yamaclarının  şərq  hissəsi  -  İsmayıllı,  Ağsu  və 

Şamaxı rayonları boyunca respublikanın ərazisi antik dövr abidələri ilə çox zəngindir. Bu, 

ehtimal  ki,  Ptolemeyin  Albaniya  xəritəsində  dördüncü  və  beşinci  zonalarıdır.  İsmayıllı 

rayonunun  ərazisində  eramızdan  əvvəl  son  əsrlərə  -  eramızın  ilk  əsrlərinə  aid  olan  bir 

neçə  məskən  və  qəbiristan  üzə  çıxarılmışdır.  Qəbiristanların  ərazisi  çox  böyükdür. 

Mollaisaqlı,  Qalagah,  Şıxdərə  Kəlləsi,  Şəkili  (Vəng),  Hacıhətəmli,  Gənzə  Tircan, 

Pirəbilqasım,  Talıstan  və  başqa  kəndlərin  yaxınlığında  aşkar  edilmiş  abidələr  bu 

baxımdan xüsusi yer tutur. 

Mollaisaqlı  zonasında  antik dövrün zəngin abidələri çoxdur.  Məsələn, kəndin 

qərb  ucqarında  antik  məskənin  qalıqları  vardır,  döşəməsi  bir  lay  gillə  örtülmüş 

dördkünc otaqların çaydaşından hörülmüş bünövrələri, çiy kərpiclər, içərisində hörmə 

çubuqlar olaq suvaq parçaları, ağac şalbanların izləri, Yaloylutəpə məmulatına yaxın 

olan  qab-qacaq,  antropomorf  heykəlciklər,  zoomorf  fiqurlar  üzə  çıxarılmışdır. 

Təsərrüfat  quyusu  aşkar  edilmişdir,  kül  layı,  kömür  xəkələri,  heyvan  sümükləri 

tapılmışdır. Bu məskəni eramızdan əvvəl IV əsrə - eramızın I əsrinə aid etmək olar. 

Məskəndən  cənub-şərqdə,  qəbiristanlıqda  torpaq  və  küp  qəbirlərdən  başqa,  təknə 

qəbirlər  (gil  sarkofaqlar)  üzə  çıxarılmışdır.  Maraqlıdır  ki,  təknə  qəbirlər 

mədəniyyətinin  daşıyıcılarına  aid  olan  bəzək  şeyləri  arasında  gil  qolbaqlar  və 

muncuqlar  tapılmışdır.  Yüksək  keyfiyyətli  keramik  məmulat,  antropomorf 

heykəlciklər xüsusilə cazibədardır. Mollaisaqlı kəndinin 4-5 kilometrliyində, Şıxdərə 

Kəlləsi adlanan yerdə də maraqlı materiallar aşkar edilmişdir. 

Məskənin  ərazisində  ən  müxtəlif  keramik  məmulatdan  ibarət  çoxlu  material 

toplanmışdır. Bunların arasında qırmızı-sarı, boz və qara rəngli ayaqlı vazalar, qapaqlı 

iri  küplər,  qab-qacaq,  qövsvari  çənbəri  olan  səhənglər  üstünlük  təşkil  edir.  Əmək 

alətləri - çoxlu dən daşları, dəstəciklər və s. də vardır. 

Damüstü  kirəmit  parçaları,  içərisində  hörmə  çubuqlar  olan  suvaq  parçalar, 

keramik  məmulat,  təsərrüfat  küpləri,  dən  daşlarının  qırıqları,  heyvan  fiqurları 

tapılmışdır.  Bəzək-düzəyi  yaxşı  nəzərə  çarpan  yəhərlənmiş  at  fiqurunu  xüsusi  qeyd 

etmək lazımdır. Şıxdərə Kəlləsindəki bu məskənin erkən təbəqələrini eramızdan əvvəl 

I əsr - eramızın I əsrinə aid etmək olar. 

Mollaisaqlı  kəndindən  7  kilometr  şimal-şərqdə  olan  Qalagah  kəndinin 

ucqarında aşkar edilmiş məskən üç tərəfdən dərin dərələrlə əhatə olunan, şimaldan isə 

süni  xəndəklə  qorunan  uca  yaylada  yerləşir.  Burada  yaşayış  evlərinin  qalıqları,  gil 

məmulat  parçaları,  dən  daşları,  əl  dəyirmanlarının  daşları,  heyvan  fiqurları, 

antropomorf heykəlciklər, təsərrüfat küpləri, şərab çəkmək prosesi ilə bağlı daş qablar 

qalmışdır.  Yaşayış  evləri  tikintisində  çaydaşlarından,  çiy  kərpicdən,  ağacdan  və 

qamışdan  geniş istifadə  olunmuşdur. Qalagah  kəndindən  3 kilometr cənubda, böyük 




318 

 

təbii  təpələrin  ətəyində,  Qışlaq  adlanan  yerdə  daha  bir  məskən  aşkar  edilmişdir. 



Burada  gil  qabların  parçaları,  əmək  alətləri,  çay  daşından  hörülmüş  divar 

bünövrələrinin  qalıqları,  planda  dördkünc  olan  yaşayış  evlərinin  salamat  qalmış 

hissələri, çoxlu məişət qalıqları tapılmışdır. 

Bu  yaxınlarda  İsmayıllı  rayonunda  daha  bir  neçə  məskən  üzə  çıxarılmışdır. 

Bunlar  Şəkili  məskəni  (Qalagahın  10-12  kilometrliyində,  Vəng  kəndi  yaxınlığında), 

Gəncə 


yaxınlığında  (Girdimançayın  sol  sahilində),  Tircan  yaxınlığında 

(Girdimançayın sağ sahilində) olan və s. məskənlərdir. 

Ağsu rayonunun ərazisində də antik dövrün bir çox abidələri üzə çıxarılmışdır. 

Nüydü  kəndi  rayonu  xüsusi  maraq  doğurur.  Kəndin  qərb  qurtaracağında 

Nüydü  düzündə  çoxlu  qəbirdən  və  zəngin  məişət  avadalığından  əlavə,  antik  dövr 

məskəninin  qalıqları  da  aşkar  edilmişdir.  Məskən  uca  yaylada  qərar  tutmuş,  dərin 

dərələrlə  və  sıx  meşəli  təpələrlə  dövrələnmişdir.  Burada  çoxlu  bulaqlar,  xüsusən 

mineral su qaynaqları vardır. Mədəni təbəqə eramızın lap başlanğıcına aid edilə bilər. 

Çay  daşından  tikilmiş  binaların  bünövrələri  salamat  qalmışdır;  bu  binaların 

arakəsmələri  hörmə  çubuqlardan  düzəldilib  gil  ilə  suvanmışdır.  Təsərrüfat  və  məişət 

qabları, dən daşlarının, daş və gil qabların qırıqları, əmək alətləri, silah, tunc dəbilqə, 

nizələr,  bəzək  şeyləri,  metal  əşyalar  aşkar  olunmuşdur.  Bir  çox  zəngin  qəbirlər 

açılmışdır. 

1972-ci  ildə,  görünür,  zəngin  bir  şəhərli  qadına  məxsus  olan  qəbir  kəşf 

edilmişdir.  Qəbirlərdən  30-dan  artıq  müxtəlif  qab,  çoxlu  bəzək  şeyləri,  yerli  ustalar 

tərəfindən  zərb  edilən,  Makedoniyalı  Aleksandrın  və  Selevkilərin  sikkələrinə 

bənzədilən 36 gümüş draxmadan ibarət sikkə dəfinəsi tapılmışdır. 

Qazıntı materiallarından göründüyü kimi, Nüydü yaxınlığındakı antik məskən 

şəhər tipli, öz zamanına görə iri ticarət-sənət və hərbi-siyasi mərkəz idi. 

İsmayıllı-Ağsu zonasında əldə olunmuş arxeoloji materiallar eramızdan əvvəl I 

minilliyin  son  sülsündə  və  eramızın  ilk  əsrlərində  Qafqaz  Albaniyası  ərazisinin  bu 

hissəsini  oturaq  əkinçi-maldar  təsərrüfatı,  sənətkarlığı  kifayət  qədər  inkişaf  etdirmiş, 

qızğın ticarət edən, kənd və  şəhər tipli məskənləri olan bir vilayət kimi təqdim edir. 

Burada  sənətlərin,  o  cümlədən  dəmirişləmə  sənətinin,  xüsusilə  onun  silahqayırma 

kimi    bir  sahəsinin  yüksək  inkişaf  səviyyəsi  gözə  çarpır.  Qəbiristanlarda  çoxlu 

miqdarda müxtəlif silah növləri - qılınclar, xəncərlər, ox ucluqları, xüsusilə nizə ucluqları 

üzə çıxarılmışdır. 

Bu  zonanın  ustaları  tikinti  keramikası  da  hazırlayırdılar,  böyük  miqdarda  aşkar 

edilmiş  damüstü  kirəmit  göstərir  ki, bu  istehsal  antik  Albaniyada şəhər sənətlərinin  ən 

mühüm sahələrindən biri idi. 

Bədii  keramika  məmulatından  Mollaisaqlı  və  Qalagah  kəndləri  yaxınlığında 

qəbirlərdə  və  məskənlərdə  tapılmış  antropomorf  və  zoomorf  fiqurları  xüsusilə  qeyd 

etmək lazımdır. 



319 

 

Zərgərlik  məmulatının  bir  hissəsi  bu  yerlərin  özündə  hazırlanırdı.  Sənət 



məmulatlarının kütləvi xarakteri və standartlaşdırılması şəhərdə meydana gəlmiş əmtəə 

istehsalının  göstəriciləri  idi.  Başqa  yerlərdən  gətirilən  çoxlu  məmulat  -  qızıl  sırğalar, 

gümüş qədəhlər, Nereidanın Hippokamp belində təsviri olan məşhur gümüş dövrə və 

digər  əşyalar  əmtəə-pul  münasibətlərinin  nisbətən  yüksək  səviyyədə  olduğuna  dəlalət 

edir.  Göyçay-Ağsu  çaylararası  ərazidə  yaşayan  əhalinin  uzaq  vilayətlərlə  intensiv 

əlaqələri  haqqında,  inkişaf  etmiş  pul  təsərrüfatı  haqqında  yerli  sikkələrdən  ibarət  dəfinə 

əsasında da mühakimə yeritmək olar. 

Beləliklə, zonanın qəbirlərindən əldə olunmuş materiallar artıq eramızdan əvvəlki 

son  əsrlərdə  alban  cəmiyyətinin  əmlak  cəhətdən  parçalanmasını  və  çox  dərindən 

təbəqələşməsini  sübut  edir.  Qəbir  avadanlığının  təhlili,  Albaniyanın  özündə  sikkə 

kəsilməsi,  eramızın  başlanğıcında  Albaniyada  bir  çarın  hakimiyyətinin  mövcud  olması 

belə  bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  bu  zonanın  sakinləri  yəqin  ki,  sinfi  cəmiyyət 

şəraitində, kifayət qədər inkişaf etmiş sənətkarlığa, ticarətə, zəngin mədəniyyətə malik 

olan bir dövlətdə yaşamışlar. 

Yuxarıda  adları  çəkilən  məskənlərin  yaxınlığındakı  qəbiristanlar  onların 

sakinlərinin etnik cəhətdən yekcins olmadığını göstərir. Məsələn, Mollaisaqlı və Qalagah 

kəndləri yaxınlığındakı qəbiristanlarda eyni dövrə aid olan bir neçə növ qəbirlərə (torpaq, 

küp və təknə qəbirlərə) rast gəlinir. Bu hal yalnız sənət deyil, həm də ticarət mərkəzi olan 

şəhərlər üçün səciyyəvidir; ticarət müxtəlif ölkələrin tacirlərini çəkib gətirirdi, bəzilərinin 

bəlkə də burada öz məhəllələri vardı. 

Antik dövr Albaniyasının şəhərləri  əsasən münbit torpaqlarda yerləşən,  əlverişli 

strateji  mövqe  tutan  və  ticarət  magistrallarının  üstündə  olan  qədim  əkinçilik 

məskənlərinin  yerlərində  meydana  gəlirdi.  Onların  əksəriyyəti  eramızdan  əvvəl  I 

minilliyin  son  sülsündə  və  ya  hətta  çərəyində  Albaniya  dövlətinin  meydana  gəlib 

təşəkkül  tapdığı  dövrdə  yaranmışdı.  O  zaman  Albaniya  dövlətinin  vilayətlərində  sosial-

iqtisadi, siyasi və mədəni institutların inkişafı ilə bağlı intensiv proseslər gedirdi. 

Albaniya vilayətlərinin urbanizasiyası gedişində təsərrüfat həyatında və mədəni 

həyatda köklü təbəddülatlar əhalinin yerdəyişməsi ilə müşayiət olunurdu. Şamaxı rayonu 

bu baxımdan antik Albaniyanın son dərəcə maraqlı zonasıdır. Hellinizm dövrünün burada 

aşkar  edilmiş  məskənlərinin  və  qəbiristanlarının  materialları  zonada  müxtəlif  tayfalar 

yaşadığını göstərir. Kaspiyə yaxın olan bu zonanın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, 

lap  qədimlərdən  başlayaraq,  cənuba,  Ön  Asiyaya  gələn  müxtəlif  tayfalar  üçün  bu  yer 

körpü rolunu oynayırdı. 

Azərbaycanın  və  Dağıstanın  dənizsahili  zolağında  da  bəzi  məskənlər  vardı. 

Dağıstan  arxeoloqları  tərəfindən  Dərbənddə,  Turpaqqalada  (Dərbənddən  cənubda), 

Targilə  (Tarki-Tau  dənizsahili  yamaclardadır)  və  Ursekidə  (İzerbaş  şəhərinin 

yaxınlığında) aşkar edilmiş materiallar bunu göstərir. 



320 

 

Turpaqqala  xarabalığının  sahəsi  100  hektardan  çoxdur.  Bəzi  tədqiqatçılar  güman 



edirlər  ki,  Turpaqqala  Ptolemeyin  nişan  verdiyi  Albana  şəhəridir,  başqaları  isə  onu 

qədim  Çoranın  (Çolanın,  Çoqanın)  qalıqları  sayırlar.  İkinci  fərziyyə  həqiqətə  daha 

yaxındır.  Alban  salnaməçisi  Moisey  Kalankatlının  sözlərinə  görə,  Çora  şəhəri 

Dərbəndin  yaxınlığında  idi.  Sonralar  bu  şəhər  Albaniyanın  mühüm  şəhərlərindən  biri, 

müəyyən müddət Albaniya katolikosunun iqamətgahı olmuşdur. 

Urseki xarabalığının yerində artıq eramızdan əvvəl I minilliyin başlanğıcında qeydə 

alınmış  məskən  III-II  əsrlərdə  şəhərə  çevrilir;  burada  içqala,  şəhristan,  posad  üzə 

çıxarılmışdır. 

Strabonun sözlərinə  görə, Qafqaz Albaniyasında, İberiya ilə  həmsərhəd  zonada 

"kahin  torpağı",  "qeybdən  xəbər  verənləri"  olan  məbəd  vilayəti  (müqəddəs  vilayət) 

var idi. 

Albaniyada    məbəd  vilayətlərinin    olması    ümumiyyətlə    bu  ölkənin  sosial-

iqtisadi    tarixi    məsələlərini    və  xüsusilə    burada  şəhərlərin  meydana  gəlməsi 

problemlərini anlamaq üçün prinsipial əhəmiyyətə malik idi. 

Məbəd  vilayətləri  adətən  münbit  vadilərdə  yerləşirdi.  Burada  əsasən  əkinçilik 

kultları  ilə  bağlı  hər  hansı  bir  allahın  şərəfinə  ucaldılan,  məskənləri  öz  ətrafında 

birləşdirən məbəd yalnız mədəniyyət mərkəzi deyil, həm də inzibati və hərbi mərkəz 

idi, yəni, yəqin ki, hellinist polislərinə bənzəyən bir növ şəhər-dövlət idi. 

Ay allahına həsr edilən Albaniya məbəd vilayəti Kiçik Asiya məbəd vilayətlərinin 

nümunəsi üzrə təşkil olunmuşdu və Ermənistan və Gürcüstanın məbəd birliklərinə yaxın 

idi. 

Qafqaz  Albaniyasında  şəhərlərin  yaranması  məhsuldar  qüvvələrin  ümumi 



inkişafından,  sosial-iqtisadi  münasibətlərdə  baş  verən  köklü  dəyişikliklərdən  irəli 

gəlmişdi. Bunlar nəticə etibarı ilə sənətin əkinçilikdən ayrılmasına, ticarətin, əmtəə-pul 

münasibətlərinin  coşqun  inkişafına,  siniflərin  və  dövlətin  meydana  gəlməsinə  səbəb 

olmuşdu. 

Bu proseslərin kökləri əsrlərin dərinliklərinə gedib çıxır, o vaxtlara ki, əkinçiliyin, 

maldarlığın və sənətin, həmçinin onlarla bağlı tayfalararası mübadilənin inkişafı sayəsində 

öndağ və düzənlik zolağında, zəngin  əkinçilik rayonlarında və  ticarət yollarının üstündə 

yerləşən  son  tunc  və  erkən  dəmir  dövrü  məskənlərinin  bir  hissəsi  yüksəlməkdə  idi. 

Sonralar  mühüm  ticarət-sənətkarlıq  mərkəzlərinə  çevrilmiş  bu  cür  iri  əkinçilik 

məskənlərinin  ayrılmasını  eramızdan  əvvəl  I  minilliyin  ilk  əsrlərinə  aid  etmək  olar. 

Müəyyən  edilmişdir  ki,  Azərbaycanda  erkən  dəmir  dövrünün  böyük  sahəyə  və  qalın 

mədəni  laylara  malik  olan  bəzi  məskənləri  daş  hasarla  və  torpaq  sədlərlə  əhatə 

olunmuşdu. 

Eramızdan  əvvəl  I  minilliyin  birinci,  xüsusilə  də  ikinci  yarısına  aid  qəbirlərdən 

qazıntı zamanı tapılmış dəfn materialı tamamilə aydın bir şəkildə göstərir ki, təsərrüfat və 

mədəniyyətin  inkişafı  ilə  yanaşı  əmlak  və  sosial  cəhətdən  diferensiasiya  da  gedirdi. 




321 

 

Ticarətin  genişlənməsi,  pul  tədavülünün  güclənməsi,  eyni  zamanda  hakim  sinfin 



tələbatının  getdikcə  artması  strateji,  hərbi-inzibati,  mədəni  və  dini  mərkəzlər  olan 

köhnə  əkinçilik  məskənlərində  sənətin  inkişafı  və  nəticə  etibarilə  əkinçilikdən 

ayrılmasına təkan verirdi. 

Albaniyada  yerli  sikkənin  meydana  gəlməsi  pullu  ticarətin  genişlənməsində 

mühüm rol oynadı. 

Beləliklə,  artıq  vahid  bir  dövlət  olan  antik  Albaniyanın  şəhərlərində  məhsuldar 

qüvvələrin inkişafı prosesi gedirdi ki, bu da  əmək alətləri, silah, keramika, toxuculuq 

məhsulları və incəsənət əşyaları istehsalının genişlənməsinin nəticəsi idi. 

Hellinizm  dövrü  Albaniyasının  şəhərləri  artıq  yalnız  siyasi-inzibati  və  strateji 

mərkəzlər deyil, həm də ticarət-sənət, din-mədəniyyət mərkəzləri idi, bu şəhərlərdə bazarlar 

vardı,  pul  tədavülü  olduqca  yüksək  bir  səviyyəyə  çatmışdı,  sənətkar  emalatxanaları 

işləyirdi, möhtəşəm binalar tikilmişdi, çoxlu tacirlər, sənətkarlar və başqa əhali yaşayırdı, 

bunlar təkcə yerlilər deyil, həm də gəlmələrdi. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin