BALADADAŞIN TOY HAMAMI*
Polad Məcnunbəyovun xatirəsinə
Həmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və
xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə
həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və
adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-
hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin
saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm
ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı,
külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz
buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız
günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə,
sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
Amma axşama yaxın xəzri yavaşımağa başladı və çayçı Qəzənfərin də kefi
yavaş-yavaş durulmağa başladı, çünki külək sakitləşdikcə, müştərilər get-gedə
artırdı və müştərilər bu gəlişlə gəlsəydilər, bir azdan çayçı Qəzənfərin çayxanasında
yenə oturmaq üçün bir boş kətil qalmayacaqdı və o zaman ki, bu balaca çayxanada
oturmaq üçün bir dənə də boş kətil qalmayacaqdı, onda çayçı Qəzənfər çayniki
çaynik üstündən dəmləyəcəkdi, hər əlində bir-birinin üstünə düzülmüş on armudu
stəkanı birdən gəzdirəcəkdi və onda çayçı Qəzənfərin kefinə qəti söz ola
bilməyəcəkdi; onda hamı baxıb görəcəkdi ki, çayçı Qəzənfər necə çayçıdı və nahaq
yerə kişinin hər əlində on armudu stəkan çay aparan yerdə şəklini çəkib qəzetdə çap
eləməyiblər və onda sarı mis samovarın altındakı köhnə yazı mizinin yeşiyində
yığılan manatlıqların da sayı bir-bir artacaqdı, manatlar gedib, üçlüklər gələcəkdi,
üçlüklər gedib, beşliklər gələcəkdi və hər dəfə də çayçı Qəzənfər üçlük alıb, manat
qaytaranda sidq-ürəkdən öz-özünə deyəcəkdi ki, Allah bərəkət versin.
Bu köhnə yazı mizini kənd Sovetinin katibi Suğra idarənin haqq-hesabından
silmişdi və çayçı Qəzənfər də bu haqq-hesabdan silinmiş yazı mizini götürüb özü
təmir eləmişdi və gətirib qoymuşdu çayxanasında samovarın altına. Çayçı Qəzənfər
həftədə bir dəfə bu yazı mizinin üst gözündəki yeşiyin içinə təzə qəzet salırdı və hər
dəfə də çay ləkəsinə, limon şirəsinə bulaşmış köhnə qəzeti çıxaranda həftə boyu
sürüşüb qəzetin altında qalmış üç şahılıq, bir abbasılıq tapmaq kişiyə xüsusi ləzzət
verirdi və qabaqlar kənd Sovetinin katibi Suğraya xidmət etmiş bu yazı mizinin
bərəkətli olduğunu bir daha təsdiq edirdi.
Çayxana yavaş-yavaş adamla dolurdu və külək yavaş-yavaş tamam dayanırdı,
amma hələ də uzaqdan təzə düşmüş qaranlıq içində dənizdə dalğaların köpüyü
ağappaq ağarırdı.
– Dayday, qurban olum sənə, mənimçün bir dənə də çay! – Bunu çayxananın
bir küncündə oturmuş Əmirqulu dedi.
Çayçı Qəzənfər Əmirquluya baxdı və ürəyində fikirləşdi ki, vallah, yazıq
Xeyransa kimi abırlı-həyalı bir arvada ki, bu başı batmışa ərim deyir, sonra da yanıb
yaxıla-yaxıla dedi:
– Alə, bəs sən demürdün ki, Buzovnaya qonaqlığa çağırıblar səni?
Gecə-gündüz çayçı Qəzənfərin mis samovarının üstündəki çayniklər kimi
dəmdə olan Əmirqulu dedi:
155
– Hə, bilə-bilə gecikirəm də, dayday!.. Gecikəndə qonaqlığa, adamı ştraf
eləyirlər, bir stəkan arağı doldurub verirlər içirsən ştrafnoy, kef eləyirsən! Hə, necədi
Əmirqulu, dayday?
«Kül olsun Əmirqulunun başına!» – Çayçı Qəzənfər bu sözləri ürəyində dedi və
Əmirqulunun yenə gopa basdığını, heç bir yerə qonaq çağrılmadığını, uzaqbaşı
gedib çaxır dükanında nisyə bir stəkan şirin çaxır içəcəyini yaxşı bilsə də, çay süzüb
aparıb qoydu Əmirqulunun qabağına; Əmirqulu hər nə idi, hər halda, müştəri idi və
çayçı Qəzənfərin də borcu bu idi ki, müştəriyə xidmət eləsin.
Ələkbərlə Gümüş Malik içəri girdi və Baladadaşın toy hamamı macərası da
əslində elə buradan başlandı.
Gümüş Malik dedi:
– Alə, Qəzənfər, bir dənə filli çay dəmlə.
Filli çay, yəni ki, qutusunun üstündə fil şəkli olan çay, yəni ki, hind çayı.
– Oldu, qədeş! – Çayçı Qəzənfər cəld yazı mizinə tərəf getdi və yazı mizinin
yeşiklərindən birini çəkib xüsusi müştərilər üçün hind çayı saxladığı bankanı
götürdü.
Gümüş Maliklə Ələkbər, görünür, möhkəm kabablayıb gəlmişdilər və yaxşıca
da araq içmişdilər, çünki onlar içəri girən kimi çayxananın kömür iyinə, çay iyinə,
limon iyinə üç gün bundan qabaq tünd qəhvəyi rənglə rənglənmiş qapının rəng iyinə
bir spirt iyi də qatışdı. Düzdü, Əmirquludan da spirt iyi gəlirdi, amma Ələkbərlə
Gümüş Malikdən gələn spirt iyi başqa idi, bu spirt iyində yağlı kabab iyi də var idi
və hərçənd çayçı Qəzənfərin içib çayxanaya gələnlərlə arası yox idi, amma bu dəfə
çayçı Qəzənfər bu hörmətli müştərilərin qarasına dodaqaltı mızıldamadı, hər halda,
sifətindən bu hiss olunmadı və quru çayını çox tökdüyü üçün tez dəm almış bir
çaynik hind çayı ilə bir dənə doğranmış limonu və iki dənə armudu stəkanı gətirib
qoydu Ələkbərlə Gümüş Malikin qabağına və soruşdu:
– Kefüvüz necədi?
Gümüş Malik özü öz qarnına düşmən gözü çıxaran qarın deyirdi, yəni ki,
paxıllar, gözü götürməyənlər yanıb-yaxılsın ki, mənim bu boyda qarnım var və indi
də Gümüş Malik yekə qarnını qabağa verib, qırmızı neylon köynəyinin də yaxasını
açıb buğlana-buğlana dodaqaltı meyxana zümzümə eləyirdi:
Gecə getdik Lökbatana,
Sataşdıq saqqızsatana,
Ay qız, saqqız neçəyə?
Dedi qalsın gecəyə...
Və çayçı Qəzənfərin sualını eşidəndə mizin üstündəki isti çayniki yekə əlinin
içinə aldı və bu çayniki düz çayçı Qəzənfərin burnunun qabağında tutub:
– Bax, Qəzənfər, bu filli çayı ki, sən dəmləmisən e, bizimçün, necədi bu filli
çay?
Çayçı Qəzənfər, istər-istəməz, burnunun qabağındakı bu çaynikə baxdı və dedi:
– Lap əntiqədi!
Gümüş Malik:
– Aton rəhmətlik! – dedi. – Bax, biz də beləyik. Lap əntiqəyik! Belə lap kefün
istəyənik!
Çayçı Qəzənfər!
156
– Allah başacan eləsin, – dedi və öz yazı mizinə tərəf getdi; düzdü, çayçı
Qəzənfər pullu müştərilərin xətrini sövq-təbii istəyirdi, amma içmiş adamla söhbət
eləməyi heç xoşlamazdı və xüsusən də ki, Gümüş Malik kimi içmiş bir adamla,
çünki Gümüş Malik içəndə, kefi kök olanda, zalım balasının elə bil bütün
xasiyyətində nə zay şeylər vardı, çıxırdı ortaya, açılırdı sandıq, tökülürdü pambıq;
içməyəndə yenə dərd yarı idi, böyük-kiçik bilirdi, xətir-hörmət başa düşürdü,
hərçənd burası da bütün kənd camaatına məlum idi ki, Gümüş Malik dovşana qaç
deyib, tazıya tut deyənlərdəndi.
Gümüş Malik bilə-bilə, qəsdən beləcə bərkdən dedi ki, əntiqədi, çünki Abşeron
olanda nə olar, adamın öz kəndi olanda nə olar, onu gözü götürməyən çoxdu, qoy
görsünlər ki, lap əvvəlkindən də yaxşıdı Gümüş Malik, lap əntiqədi.
Gümüş Malikin çayçı Qəzənfərin bu çayxanasından bir az aşağıda, dənizin lap
kənarında «Mixək» adlı bir kababxanası vardı və əslində, yəni hökumətin kağız-
kuğuzundan ora da, guya ki, çayxana idi, amma Gümüş Malik eləmişdi oranı bütün
Abşeronun məşhur kababxanası, amma gözü götürməyənlər oldu, yazdılar Bakıya
ki, «Mixək» hökumətin çayxanası deyil, Gümüş Malikin şəxsi kababxanasıdı, o
qədər yazdılar ki, axırda day mümkün olmadı, günlərin bir gözəl günü xəbər yayıldı
kəndə ki, Gümüş Malikin kababxanasını bağladılar; doğrudan da bağladılar
«Mixək»i, buldozer gəlib yerlə-yeksan elədi «Mixək»i, amma sonra kəndə belə bir
xəbər də gəlib çatdı ki, Gümüş Malik Bakının özündə qəbiristanlığın yanında təzə
bir kababxana açıb və adını da qoyub «Əlvida». Işi belə görəndən sonra, day heç
kim heç nə yazmadı Gümüş Malikdən ki, bu dəfə də yazarıq, «Əlvida»nı
bağlatdırarıq, Gümüş Malik də gedib olar «Inturist»in müdiri və yazıb Gümüş
Malikin işlərini daha da düzəltməkdənsə, yazmamaq yaxşıdı – Gümüş Malik özü
dost-aşna arasında zarafatla belə deyirdi, çünki əslinə baxsan, Gümüş Malik kənddə
bir nəfərdən şübhələnirdi ki, yazır, o da kitabxanaçı Nəcəf idi, vəssalam, bir də ki,
yazsaydı, Buzovnadakı «Meyvə-tərəvəz» dükanının müdiri, Nerses Vartanoviç
yazardı, amma, hər halda, qoy kəndin camaatı gözüylə görsün ki, Gümüş Malik lap
əntiqədi, Ələkbər də əntiqədi, lap əvvəlkindən də əntiqədilər.
Gümüş Malik armudu stəkanda xoruzpipiyi hind çayından içə-içə dodaqaltı
Lökbatan sərgüzəşti haqqında meyxana deyirdi və Ələkbər də gülümsəyib başını
bulayırdı, yəni ki, yaman şeysən sən, Malik, aləmsən, aləm. Sonra Ələkbər nazik,
incə barmaqları ilə armudu stəkanı götürüb səliqə-sahmanla və Gümüş Malikə
nisbətən xeyli ədəb-ərkanla çay içməyə başladı. Gümüş Malik nə qədər ətli-canlı, iri
sümüklü, kələ-kötürüydüsə, Ələkbər bir o qədər naziksümük, qolu, sinəsi, elə başı
da tüksüz bir adam idi, təkcə qarnı pırtdayıb qabağa çıxmışdı ki, bu da yəqin Gümüş
Malikin sayəsində idi, yəni bir yerdə yeməklərinin, içməklərinin nəticəsi idi.
Bir dəfə yeddi bacanaq yola çıxdı, yeddi gün gecə-gündüz bir yerdə yol getdi,
axırda gəlib mənzil başına çatanda yeddisi də heyifsiləndi ki, yolda, heç olmasa, bir
adama da rast gəlmədik ki, bir-iki kəlmə söhbət eləyək. Gümüş Maliklə Ələkbər də
iyirmi ilin bacanağı idi, amma bu yeddi bacanağa oxşamırdılar, həmişə bir yerdə
yeyib-içirdilər və bu iyirmi il ərzində bir yerdə Tiflisə, Kislovodska, Odessaya çox
kefə getmişdilər; arvadlarını da bir yerdə aldadırdılar, hər halda, dəllal Zübeydədən
tutmuş bağban Əsədullayacan kəndin camaatı belə danışırdı və babalı da
danışanların boynuna.
157
Amma bütün bunlarla bərabər, Gümüş Maliklə Ələkbər tamam başqa-başqa
adamlar idi. Gümüş Malik nə qədər tez özündən çıxanıydısa, Ələkbər bir o qədər
tədbirli idi, Gümüş Malik ağına-bozuna baxmayıb fikirləşdiyini üzə deyən idi,
Ələkbər ömründə adamın üzünə bir söz deməzdi və ilaxır. Nə isə, iki bacanaq həmin
payız günü çayçı Qəzənfərin çayxanasında oturub hind çayı içirdi.
Çayxana yavaş-yavaş adamla dolurdu.
Əmirqulu kənardan Gümüş Malikə baxırdı və fikirləşirdi ki, arıq adama heç kim
hörmət eləmir, amma kök adamın hörməti çox olur, necə ki, Gümüş Malikin hörməti
çox idi və necə ki, Əmirqulunun özünün qətiyyən hörməti yox idi, amma əsl məsələ
burasında idi ki, heç bir fərqi yox idi, istəyirsən Gümüş Malik kimi, evdə ancaq
gümüş qab-qacaq, gümüş çəngəl-bıçaq işlət ki, mədə-bağırsağa xeyirdi və camaat də
sənə Gümüş Malik desin, istəyirsən də Əmirqulu kimi, cibində bir qara köpüyün
olmasın, əlinə keçəni də apar ver şirin çaxıra, hamısı birdir, bu dünya elə dünyadı ki,
nə Gümüş Malikə qalacaq, nə də Əmirquluya.
Əmirqulunun günorta içdiyi iki stəkan şirin çaxırın dəmi yavaş-yavaş keçib
gedirdi və ona görə də Əmirqulu həyat haqqında bu cür bədbin fikirlərə dalmışdı.
Bu vaxt Baladadaş çayxanaya girdi.
Əlbəttə, Baladadaşın xəbəri yox idi ki, Əmirqulu bu saat dünyanın işləri barədə
fikirləşir və əli ilə şalvarının dalını çırpa-çırpa, çayxanadakı camaatla da salamlaşa-
salamlaşa gəlib Əmirqulu ilə üzbəüz oturdu və ən qəribəsi də bu idi ki, Baladadaş
özü də dünyanın işləri barədə, dünyanın adamları barədə fikirləşirdi.
Bir az bundan qabaq Baladadaş Bakıdan kəndin yuxarı tərəfində tikilən
sanatoriya üçün daş gətirirdi və maşını Binədə aerodromun yanından sürəndə enən
və qalxan təyyarələri görüb, Abşeron yollarında belədən-beləyə gedən maşınları
görüb fikirləşdi ki, bu dünyada gör nə qədər adam istədiyi yerdə deyil, yəni bu
adamlar orda ki olmalıdı, orda deyil, bu adamlar tələsir, ora gedir, bura gedir. Aydın
məsələdi ki, Baladadaş enən və qalxan təyyarələri çox görmüşdü, bütün ömrü
maşınların arasında keçmişdi (atası Ağababa da sürücü idi), amma bu dəfə elə bil
təzə gözlərlə baxdı bu təyyarələrə, bu maşınlara və özü də bilmədi ki, niyə belə
baxdı.
Baladadaş baş barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırdı və
başını qaşıdı.
Bir il bundan əvvəl Baladadaş da beləcə tələsirdi, bura tələsirdi, bax, bu
Abşeronun sahilinə tələsirdi, bax, bu kəndlərinə tələsirdi, gözünü yumub özünü
Abşeron yollarında maşın sürən görürdü, Xəzər suyunun şor təmini ağzında hiss
eləyirdi. Onda Baladadaş Amur vilayətində əsgərlikdə idi və bu iki il əsgərliyin, üç
ay da sürücülük kursunda oxumağın elə bir günü olmadı ki, Baladadaş yuxuda burda
dənizdə çimməsin, fikrində qumluğun üstündə ayaqyalın gəzməsin və Amur
vilayətinin qışın oğlan çağındakı soyuğunda Abşeron günəşindən od kimi qızmış
qum yalın ayaqlarını yandırmasın; Amur vilayətinin o soyuğunda, hər tərəfi
bürümüş ağappaq qarında Baladadaş fikrən Abşeron gününün cırhacırında üzüm
yeyirdi, əncir dərirdi, barmaqları ilə əzib boşalda-boşalda narın suyunu sümürürdü;
bir gün olmadı ki, Baladadaş altı bacısının altısını da – Nailəni də, Firuzəni də,
Kəmaləni də, Amaləni də, Dilşadı da, Böyükxanımı da bir-bir gözlərinin qabağından
keçirməsin, indi özləri əsgərlikdə olan kiçik qardaşları Ağagülü və Nuhbalanı, atası
Ağababanı və Ağabacını, əslinə qalsa, bütün kəndi, lap elə bu Əmirqulunun özünü
fikirləşməsin.
158
Əmirqulu indi Baladadaşla üzbəüz oturub çay içirdi, amma heç ağlına gətirmirdi
ki, bax, bu Baladadaş Amur vilayətində əsgərlikdə olanda onu gətirib gözlərinin
qabağına və onunla beləcə üzbəüz oturub çay içməyin həsrətində olub.
Indi bir il idi ki, Baladadaş əsgərliyi çəkib qayıtmışdı kəndə və bir il idi ki,
Baladadaş Abşeron yollarında 3 nömrəli tikinti idarəsinin təptəzə bir yük maşınını
sürürdü, amma dünyanın işləri, doğrudan da, sirri-xuda idi; indi də hərdən Baladadaş
özünü Amur vilayətində görürdü, o tərəflərin göz işlədikcə uzanan genişliyi,
böyüklüyü bəzən elə bil ki, Baladadaşı Abşeronun üçbucaq sahilinə sığışdırmırdı.
Baladadaş çaydan bir qurtum alıb, armudu stəkanı nəlbəkiyə qoydu və baş
barmağı ilə «aerodrom» papağını arxadan yuxarı qaldırıb başını qaşıdı.
– Alə, ay uşaq, yaxın gəl görüm! – Bunu Baladadaşa baxa-baxa Gümüş Malik
dedi.
Baladadaş əvvəlcə, elə bil, qulağına inanmadı, sonra Baladadaşın sifəti qaraldı
və bunu çayçı Qəzənfər də o saat hiss elədi və fikirləşdi ki, lənət şeytana, axşam
vaxtı, müştərinin bu gəlhagəlində burda dava-mərəkə qopmasa yaxşıdı, milisioner
Səfər də axşamlar gəlib həmişə burda çay içərdi, indi tərs kimi o da yoxdu.
Baladadaş kəndin sayılan cavanlarından idi və çayçı Qəzənfər də yaxşı bilirdi ki,
Baladadaşı camaatın içində bu cür çağırmaq olmaz. Baladadaşa bu cür yuxarıdan-
aşağı baxmaq olmaz.
– Noldu, alə? Sənnən döyüləm? – Gümüş Malik dedi.
– Nədi? – Baladadaş güclə soruşdu.
– Maşunun cağdı? – Gümüş Malik soruşdu.
– Sözüvü de.
– Yeri get maşunuvu çıxart, sür bizə, bir az balıq-zad var orda, qoy maşına, apar
ver Bakıda bizim uşaqlara. – Gümüş Malikin qızı inişil konservatoriyanı bitirmişdi,
fortepiano çalırdı və indi Bakıda ərdə idi, əri bəstəkar idi və Gümüş Malikin gözü
həmişə onların üstündə idi və ələlxüsus da bir az içki içəndən sonra o saat uşaqlar
Gümüş Malikin yadına düşürdü: gah gedib kürəkəninin, qızının professorlarını,
müsabiqələr təşkil eləyən cürbəcür adamları, münsiflər heyətinin üzvlərini tapıb
bütün dost-tanışları ilə birlikdə kababxanaya aparırdı, gah bir-bir bu adamların
evlərinə baş çəkirdi, əlindən gələn hörməti onlardan əsirgəmirdi, gah, nə bilim, nə
eləyirdi. Sonra Gümüş Malik ağır-ağır bir yanını qaldırıb əlini şalvarının cibinə saldı
və bir iyirmibeşlik çıxarıb: – Bax, bu iyirmibeşliyi də yapışdıracayam sənün alnuva!
– dedi.
Çayçı Qəzənfər başa düşdü ki, işlər tamam xarab oldu.
Çayxananın camaatı heç cınqırını da çıxarmırdı.
Əmirqulu işləri belə görüb fikirləşdi ki, bir qara köpüyə dəyən dünya deyil bu
dünya, niyə səhərdən burda oturub? Buzovnada Nersesin dükanına bir çaxır gəlib ki,
lap seyidi çağır, gəlsin içsin; durub çayxanadan əkildi.
Baladadaş ayağa qalxdı, əli ilə şalvarının dalını çırpdı və gəlib Gümüş Maliklə
Ələkbərin qabağında dayandı və:
– O iyirmibeşliyi apar yapışdır oğraş kürəkənüvün alnına, qızıvun da başını vur
onun başına! – dedi.
Baladadaşın dediyi bu sözlər çox ağır sözlər idi.
159
Gümüş Malikin axırıncı qurtumu boğazında qaldı, sonra Gümüş Malik, elə bil,
ayıldı və elə bil, kimlə danışdığını, necə danışdığını və harda danışdığını indi başa
düşdü, başa düşdü ki, indi elə bir məqamdı ki, Baladadaşın sözünün üstündən söz
demək olmaz, «aerodrom» papağın altından baxan bu gözlərdən bu saat cin yağırdı,
bu şümal oğlanın bütün bədəni bu saat elə bil yay idi, dartılmışdı və himə bəndiydi;
Gümüş Malik ətli gözlərini Baladadaşdan çəkib bir-bir çayxanada oturmuş camaata
baxdı və təkcə bunu dedi:
– Nolar, qədeş, sənin də mənə işün düşər!..
Baladadaş:
– Mənim sənün kimisinə işim düşməz! – dedi.
Səhərdən bəri səssiz-səmirsiz oturmuş Ələkbər həyəcandan titrəyən nazik
barmaqları ilə tutduğu stəkanı nəlbəkiyə qoydu, Baladadaşı təpədən-dırnağacan
süzdü və:
– Düşməz deyirsən? – soruşdu. – Yəni heç düşməz?
– Heç düşməz.
– Nolar... – Birdən-birə Ələkbərin nazik sifətinə bir rişxənd gəlib qondu. –
Nolar... Ona işün düşməz, amma mənə işün düşər!..
– Sənə də düşməz.
– Baxarıq!
– Baxarıq!
Baladadaş bu «baxarığ»ı elə dedi ki, Ələkbər kimi tədbirli və təmkinli bir adam
da ürkdü, qorxdu ki, Baladadaş bu saat onun üstünə yeriyəcək, amma Ələkbərin
kiçik qardaşı Ağakərim keçən il Bakıda hüquq fakültəsini bitirmişdi və indi
Mərdəkanda milisdə işləyirdi, buna görə də Ələkbər yenə toxdadı.
Baladadaş Ələkbərə baxdı, daha tamam-kamal ayılmış Gümüş Malikə baxdı və
şeytana lənət deyib, güc-bəla ilə çayxanadan çıxdı və çayxananın təzə rənglənmiş,
cır-cır da cırıldayan qapısını ardınca çırpdı.
Çayçı Qəzənfər rahat nəfəs aldı.
Çayxanada oturanlar çox yaxşı başa düşdülər ki, Baladadaş niyə özünü saxladı,
niyə çayxanadan çıxıb getdi, dava-dalaş salmadı.
Məsələ burasında idi ki, düz altı gündən sonra Baladadaşın toyu idi.
Çayxanada oturanların hamısı burasını da çox yaxşı başa düşdü ki, Ələkbər niyə
ikibaşlı danışdı, ürəklə danışdı; təkcə ona görə yox ki, Ələkbərin kiçik qardaşı
Ağakərim rayon mərkəzində milis işində işləyirdi – bu öz yerində, hərçənd hamı
bilirdi ki, Baladadaş da atası Ağababa kimi belə şeyləri vecinə alan oğul deyil; ona
görə ki, – bax, məsələnin də böyüyü elə bunda idi! – Ələkbər kənd hamamının
müdiri idi və bu kəndin bütün evlənən cavanları toy hamamına Ələkbərin müdir
olduğu bu bircə hamama gedirdi, Ələkbər də kefi istədiyi vaxt ya təmir adıyla, ya
başqa bir adla hamamın qapısına yekə bir qıfıl vururdu və bu yekə qıfılı açdırmaq
minnət istəyirdi, yaxşıca bir xələt istəyirdi.
160
Bu kənddə arvadlar arasında birinci sözgəzdirən dəllal Zübeydə idi, kişilər
arasında da birinci sözgəzdirən çayçı Qəzənfərin özü idi və təbii ki, elə həmin gecə
Baladadaşla Ələkbərin çayxanadakı bu «baxarıq»ları bütün kəndə yayıldı;
Baladadaşın nişanlısı, tibb məntəqəsində tibb bacısı işləyən Bikənin ürəyində bir
nigarançılıq yayıldı ki, nə gecələr onu yatmağa qoydu, nə gündüzlər əməlli-başlı
toya hazırlaşmağa: birdən toyqabağı Baladadaşın əlindən bir xata çıxar; Baladadaşın
anası Ağabacı hərdənbir toya hazırlıqdan macal tapıb oğluna yalvar-yaxar elədi ki,
işin olmasın onlarla, xata-bəladılar başdan-ayağa, əlləri pulla oynayır; Baladadaşın
bacıları Nailə, Firuzə, Kəmalə, Amalə, Dilşad və Böyükxanım nigarançılıqdan
bilmirdilər ki, nə eləsinlər, böyük qardaşları Baladadaşın köynəklərini daha səliqə ilə
yuyurdular, şalvarlarını, pencəyini daha cidd-cəhdlə ütüləyirdilər, çayını, xörəyini
daha səliqə-sahmanla gətirirdilər; Baladadaşın atası Ağababa ilə Baladadaş arasında
pərdə var idi və Ağababa təkcə bunu elədi ki, bir neçə dəfə mənalı-mənalı öskürdü
Baladadaşın yanında; Ələkbərin arvadı Anaxanım gecə soyunub ərinin yanına
girməzdən əvvəl başını daraya-daraya bir xeyli müddət Baladadaşın qarasına
deyindi, xuliqandı, dedi, sən Ətağanın cəddi, Ələkbər, dedi, işin olmasın onnan,
sonra yorğan-döşəyə girib ətli-canlı əndamı ilə ərinin naziksümük bədəninə bir sığal
verdi və Ələkbəri qollarının arasına alıb dedi ki, toy günü açarı ver Səmədağaya, heç
özün getmə hamama, istəyirsən bir yerdə kinoya gedək Bakıya; Gümüş Malikin
bütün günü Bakıda – «Əlvida»da başı qarışıq olurdu, Baladadaş da, Ələkbər də
yadından çıxırdı, amma elə ki, axşam qırmızı «Jiquli»sinə minib kəndə qayıdırdı,
birdən Baladadaş gəlib düşürdü yadına və Gümüş Malik tamam dilxor olurdu; kənd
Sovetinin katibi Suğra Baladadaşın kənddə birinci dostu şofer Əzizağanı çağırıb
tapşırdı ki, Baladadaş şuluqluq salsa, milisioner Səfər iş başında olacaq və dedi ki,
guya, Ələkbərə də belə bir sifariş göndərib, amma Əzizağa Suğranın Ələkbərə
sifariş göndərməyinə inanmadı, çünki Suğra öz oğlunu Mərdəkanda milisdə işə
düzəltdirmək istəyirdi.
Bütün kənd Baladadaşın toy hamamını gözləyirdi.
Belə bir söz gəzirdi ki, guya kəndin ağsaqqalı qəssab Ağakişi durub gedib
Ələkbərgilə ki, çoxdandı kəndin toyları dava-şavasız keçir, Ələkbər təzədən
dilxorçuluq salmasın ortaya və guya, Ələkbər heç nə deməyib, amma gülümsəyib.
Kəndin bir qismi adamı Ələkbərin susmağını belə yozurdu ki, toy günü Baladadaşla
işi olmayacaq, elə də ürəkli adam deyil Ələkbər ki, Baladadaşa sataşsın; bir qisim
adam da deyirdi ki, Ələkbər elə Ələkbərdi ki, gərək Baladadaşı ayağına gətirsin ki,
kim kimdi, yoxsa ki, hörmətdən düşərlər Ələkbərgil, yəni Ələkbərin özü də
hörmətdən düşər, Gümüş Malik də hörmətini itirər, çünki camaat baxıb görər ki,
bunların elə qozqurtmağı var imiş...
Əmirqulu günortadakı çaxır payını içib otururdu darvazalarının qabağındakı tut
ağacının altında və kürəyini tutun yoğun gövdəsinə söykəyib hıçqıra-hıçqıra:
– Alə, davasız toyun nə ləzzəti?! – deyirdi. – Toyda gərək dava olsun də!.. Mən
ölüm, – deyirdi, – mən də bıçağı çoxdandı işə salmıram. Pasdanıb bıçaq, xoşuma
gəlmir...
Eyvanda uşaqların pal-paltarını yuyan Xeyransa Əmirquluya tərəf boylanırdı,
başqa bir adam eşitməsin deyə bərkdən yox, pıçıltı ilə dedi ki, elə qara yerə soxum
səni, yaman da bıçaq vuransan...
161
Dəllal Zübeydə Bakıda rayondan gəlib təhsil alan bir tələbə üçün kirayə ev
tapmışdı və işin tərsliyindən Baladadaşın toy günü Bakıya getməli idi, amma məsələ
gör hansı mərtəbəyə gəlib çatmışdı ki, Zübeydə bütün həyatında birinci dəfə azı on
manatından keçdi, Bakıya getmədi ki, görsün bu mərəkənin axırı nə olacaq.
Qohum-əqrəba bilirdi ki, Baladadaş Əzizağanın xətrini çox istəyir, ona görə də
Əzizağanı sağdış seçdilər və Əzizağa da Bikəgilə söz göndərdi, Ağabacıya söz verdi
ki, arxayın olsunlar, Ağababaya da dedi:
– Üreyüvü buz kimi elə, Ağababa dayı. Ölmüşəm beyəm?!
Ağababa Əzizağaya baxdı, amma bir söz demədi, çünki kəndin cavanları ilə
arasında pərdə var idi və indi ya hirsini, ya nigarançılığını bildirib yüngülsaqqallıq
eləmədi.
Həmin gün qəribə bir gün çıxdı, elə bil, payızın sonu yox, yazın ortaları idi və
həmin gün elə bil ki, kəndin ətrafındakı qayalıqlar, üzümlüklər, qumsallıq, dəniz
qəsdən yaz oyunu oynayırdı, elə bil əncir, nar, tut, heyva ağaclarının payız sarısı
çıxıb getmişdi, yox olmuşdu, indi bu sarılıqda bir qızılı işıq gəlmişdi kəndə və Bikə
də evdə başına yığışmış qız-gəlinin arasında oturub pəncərələrindən bu qızılı işıqlı
kəndə baxırdı və ürəyindəki nigarançılıqla deyirdi:
– Allah onun canını sağ eləsin! Baxtından gör necə gün çıxıb bu gün! Ürəyi
təmizdi Baladadaşın, onnandı... Allah onu başımızın üstündən əskik eləməsin!
Dəllal Zübeydə belə vaxtlarda yaşa-zada fikir verməzdi, özünü salardı cavan
qız-gəlinin arasına, bununla bir şit zarafat eləyərdi, o birisinə göz vurardı, o birisinə
də him eləyərdi, amma bu dəfə dəllal Zübeydə də pəncərədən bu qızılı işıqlı kəndə
baxdı və yana-yana:
– Illahamin! – dedi və bu yanğısı ilə Bikənin Baladadaş sarıdan nigarançılığını
daha da artırdı.
Cavanlar məhəllədə mağar qurmuşdu, Ağababa Maştağadan xanəndə çağırmışdı
və bu xanəndə öz dəstəsiylə gəlmişdi, hətta deyirdilər ki, guya, Hacıbaba Hüseynov
özü gələcəkmiş, amma Bakıda yeyinti sənayesi işçiləri gününə həsr olunmuş
konsertə gedəsi olub. Bozbaş bişirməyə uşaq bağçasının aşpazı Hüseynqulunu dəvət
eləmişdilər və Hüseynqulunun da ki, bozbaşı bütün bu tərəflərdə məşhuri-cahan idi
və buna görə də kəndin birinci bozbaş yeyəni həkim Ağaəli səhər yerindən durandan
dilinə bir şey vurmamışdı ki, Hüseynqulunun bozbaşının təmini yaxşı hiss eləsin.
Və həmin qızılı işıqlı payız günü kəndə belə bir xəbər yayıldı ki, Ələkbər
hamamda özü üçün öz şəxsi xərcinə düzəltdirdiyi kabinetində oturub kağız-kuğuzu
sayğaca vura-vura deyir:
– Səmədağa icazə alıb mənnən bu gün, həyətindəki güllərlə məşğuldu.
Demişəm ona ki, lazım olsa əgər, çağırram səni...
Səmədağa hamamın ocaqçısı idi.
Əlbəttə, bu o deyən sözdü ki, Baladadaş, ya da elə Ağababanın özü ayağıma
gəlsin, minnətə adam göndərsinlər, üzrxahlıq eləsinlər, onda baxarıq; Baladadaş da
ki, camaatın içində Maştağada, Buzovnada, ya da ki, Şüvəlanda toy hamamına
getməyəcəkdi ki; bəy də toy hamamına getməsəydi, bu toy nə Baladadaşa yaraşardı,
nə də Ağababaya.
162
Tay-tuş Baladadaşın xasiyyətinə yaxşı bələd idi və ona görə də toy hamamının
vaxtı gəlib çatanda hamı mat-məəttəl qaldı və bilmədilər ki, nə eləsinlər; biri istədi
gedib Ələkbərin anasından əmdiyi südü burnundan gətirsin, amma dedilər ki, birdən
xoşu gəlmədi Baladadaşın, o biri istədi gedib bıçağı soxsun Gümüş Malikin qarnına,
dedilər yaxşı deyil, Baladadaşın toy günü qan salmayaq ortaya, hamı naəlac qaldı və
hamı baxdı Əzizağaya, Əzizağa da getdi Baladadaşın yanına:
– Alə, dur gedək hamama! – Əzizağa dedi. – Kimdi, alə, Ələkbər, Allah vurub
onu! Adamın ömründə bir dəfə toy hamamı olur. Gedək, sənün heç işün yoxdu, mən
özüm deyərəm ona ki, Səmədağanı çağırtdırıb ocağı yandırtsın. Özüm billəm, necə
danışaram onnan!
Baladadaş əli ilə təzə ütülənmiş qara şalvarının dalını çırpıb:
– Alə, tanımırsan məni sən? – dedi və elə dedi ki, elə bil, doğrudan da, şübhə
edirdi ki, uşaqlıqdan bir məhəllədə böyüdükləri Əzizağa onu tanımır.
Əzizağa:
– Yaxçı! – dedi və doğrudan da, özündən çıxdı. – Sən öləsən, qərdeş canı, bu
saat gedib Gümüş Maliki tapıcıyəm, özü gedib o əclafa hamamı işə saldırmasa,
tökəciyəm bağırsaqlarını yerə!..
Əzizağa elə bu sözləri deyib otaqdan çıxmaq istəyirdi ki, Baladadaş əlini atıb
divardakı xalçanın üstündən asılmış qoşalüləni götürdü və qundağı döşünə sıxıb
lüləsini Əzizağaya tuşladı:
– Düş qabağıma!
– Alə, dəli olmusan?
– Demədim, alə sənə ki, düş qabağıma?! – Baladadaş bu sözləri elə dedi ki, bu
tüfəng əhvalatının açıq-aşkar ciddiliyinə Əzizağanın heç bir şəkk-şübhəsi qalmadı.
– Alə, mənə bax...
– Sən bilirsən ki, mən belə zarafat ələmərəm! Düş qabağıma!
– Alə, hara axı?
– Toy hamamına!
– Qan tökmək istəyirsən, alə? Yazıqdı, alə, Bikə...
– Düş qabağıma!
Əzizağa ürəyində Ələkbərin atabaatasının goruna söydü, bir anın içində
fikrindən keçirdi ki, əclaf köpəkoğlu Ələkbər, hamımızı saldı zibilə, təzə-təzə
özümüzə bir gün ağlayırdıq, təzə-təzə əlimiz çatırdı çörəyə (Əzizağa düz yeddi aydı
ki, kənddən Bakıya və Bakıdan da kəndə işləyən marşrut taksisi sürürdü və bu
sürücü vəzifəsini xətirlər xətrinə Əzizağaya vermişdilər).
163
Əzizağa qabaqda, Baladadaş da əlində tüfəng Əzizağanın dalınca evdən çıxanda
hamam boğçaları elə-eləcə otaqda qaldı və bütün həyət-bacaya vəlvələ düşdü, aşpaz
Hüseynqulu tut ağacının altında oturub toy bozbaşının soğanını soyurdu, qabaqda
Əzizağanı, dalca da əlitüfəngli Baladadaşı görəndə, kişi həyatında birinci dəfə soğan
əvəzinə barmağını kəsdi; talvarın altında oturub çay içə-içə, qəlyan çəkə-çəkə
özlərini axşamın toyuna hazırlayan Maştağa xanəndəsinin bütün dəstəsiylə bir yerdə
gözü bərələ qaldı, hərçənd bu xanəndə Abşeronda az toy yola salmamışdı; arvadlar
qışqırıq qopardı, cavanlar, uşaqlar Baladadaşgilin dalına düşdü; Əmirqulu da
darvazalarının qabağındakı tut ağacının altında oturub kürəyini söykəmişdi ağacın
yoğun gövdəsinə və bütün dünya vecinə deyildi, amma qabaqda Əzizağanı, dalca da
əlitüfəngli Baladadaşı görəndə, kəndin cavanlarının, yeniyetmələrinin, uşaqlarının
da bunların dalınca getdiyini görəndə durub o da düşdü bu dəstənin dalına, xəbər
gəlib Ağabacıya çatanda arvad əli ilə üzünü cırıb: «Vaxsey! – qışqırdı. – Evimiz
dağıldı! – dedi. – Gedib öldürəcək o hamamçı Ələkbər oğraşı!» Və başı alovlu
həyətə qaçdı; Ağababa qaşlarını çatdı, heç kimə heç nə demədi, tütündən sapsarı
saralmış barmaqları arasında tutduğu siqareti əncir ağacının dibinə tulladı, sonra təzə
siqaret yandırdı; bir göz qırpımında xəbər gəlib Bikəgilə çatanda Bikənin ürəyi
getdi, dəllal Zübeydə də heyfsilənə-heyfsilənə başını bulayıb dedi ki, axırıncı dəfə
bu kənddə toy zamanı adam öldürmüşdülər, iyirmi il bundan əvvəl, heyf
Baladadaşdan, özünü də hökumət güllələyəcək.
Bütün kəndə səs yayılmışdı ki, Baladadaş sağdışı Əzizağanı da qabağına qatıb
əlitüfəngli toy hamamına gedir və təbii ki, bu xəbər gəlib hamamdakı kabinetində
köhnə kağız-kuğuzları yalandan sayğaca vuran Ələkbərə də çatdı və Ələkbər bircə
dəqiqənin içində təmkinini də itirdi, tədbirli olmağı da çıxdı getdi işinin dalınca, bir
istədi ki, qaçıb kənd Sovetinin idarəsindən rayon mərkəzindəki kiçik qardaşı
Ağakərimə zəng eləsin, amma ürək eləmədi çölə çıxsın, müsibət bir qorxu bürüdü
canını, öz-özünə: « – Sənin ciyərün yansın, Malik! Tramvay altında qalasan səni!
Ömründə sənnən bir köpəkoğlu xeyir görüb ki, mən də saldım özümü bəlaya?» –
dedi, sonra qışqırıb haray salmaq istədi ki, ay camaat, qoymayın, öldürəcək məni bu
dəli, amma belə bir məqamda Ələkbər kəndin camaatına da etibar eləmədi, hamamın
çöl qapısını içəridən bərk-bərk bağladı, sonra öz kabinetinin qapısını içəridən bərk-
bərk bağlayıb hamamın içində tək-tənha qaldı; Baladadaş gəlib bu qapıları bir-bir
sındıranacan yəqin ki, milisioner Səfər özünü yetirəcəkdi bura, amma Ələkbər
bilmədi ki, xəbər gəlib milisioner Səfərə çatanda camaat bir də baxıb gördü ki, yox,
balam, Baladadaş hamama tərəf getmir, kənddən çıxıb dəniz kənarındakı qayalığa
tərəf gedir və kənddə də cavan, yeniyetmə, uşaq qalmayıb, hamı düşüb əlitüfəngli
Baladadaşın və bu tüfəngin qabağınca yeriyən Əzizağanın dalına.
– Alə, sal aşağı tüfəngi də!.. Gedirəm də, hara deyirsən gedirəm sənnən də, sal
aşağı tüfəngi...
– Səsüvü çıxarma!
Kənd arxada qaldı və onlar qayalıqdan aşağı düşüb sahilə endilər.
Həmin qızılı işıqlı son payız günü dənizin, qumluğun, qayalığın və bütün bu
tərəflərin üstündə böyük-böyük ağappaq buludlar donub qalmışdı və bu ağappaq
topa-topa buludların arasından, burdan, ordan göyün gömgöylüyü görünürdü. Dəniz
boz-yaşıl idi, bütün üfüq boyu isə göy bir zolaq uzanırdı, elə bil ki, üfüq xəttindən o
tərəfə dənizin o biri hissəsi idi, ikinci yarısı idi və dənizin o uzaq ikinci hissəsi
tərtəmiz, gömgöy idi.
164
Qayalıqdan qumluğa düşən kimi, Baladadaş əlindəki qoşalülənin qoşa gülləsini
də havaya sıxdı və o son payız günü bu sahilin sakitliyi belə pozuldu, sonra
Baladadaş tüfəngi bir tərəfə tullayıb qaça-qaça və qaça-qaça da soyuna-soyuna
özünü dənizə vurdu və elə bil ki, ancaq bundan sonra məsələnin nə yerdə olduğunu
başa düşüb Əzizağadan tutmuş bütün dəstə hamısı qışqır-bağır sala-sala, yüyürə-
yüyürə, soyuna-soyuna lüt anadangəlmə olub dənizə atıldı və heç kim payızı vecinə
almadı, dənizin bumbuz soyuğunu vecinə almadı və bu günəşli son payız günündə
yəqin ki, sahilboyu sakitcə üzüşən balıqlar da bu qəfil şappaşurupdan, bu qəfil hay-
küydən, bu qəfil dəniz sevincindən hürküb birdən-birə elə bil dəli olmuş bu sahildən
uzaqlaşdı.
Birdən qəribə bir əhvalat baş verdi: Əmirqulu var gücü ilə sudan yuxarı atılıb
var gücü ilə də:
– Ələkbər! Ay Ələkbər! – deyə qışqırdı və bundan sonra bütün çimənlər hamısı
bir-bir, sonra hamısı bir yerdə özlərini sudan yuxarı atıb: – Ələkbər! Ay Ələkbər! –
deyə qışqırmağa başladı.
– Ələkbər! Ay Ələkbər!
– Ələkbər! Ay Ələkbər!
– Ələkbər! Ay Ələkbər!
Bu hay-küy, əllərin, ayaqların dəniz suyundakı şappıltısına qarışıb yaydan,
sentyabrın ortalarından bu yana neçə müddətdi ki, sakitlik içində olan, təkcə küləyin
vıyıltısını, dənizin gurultusunu eşidən sahilə yayıldı, qağayılar, cüllütlər havaya
qalxdı və yəqin ki, bu qəfil sahil oyanışından bir şey baş açmayıb səs sala-sala
dənizdə çimənlərin başının üstündə uçdu.
– Ələkbər! Ay Ələkbər!
– Ələkbər! Ay Ələkbər!
– Ələkbər! Ay Ələkbər!
Dənizdə çimən həmin dəstə, qabaqda Baladadaşla Əzizağa, beləcə hay-küylə də
kəndə qayıtdı və artıq bütün bu əhvalatdan xəbərdar olan kənd camaatı da bəylə
sağdışın dəstəsini beləcə hay-küylə gördü.
– Ələkbər! Ay Ələkbər!
– Ələkbər! Ay Ələkbər!
– Ələkbər! Ay Ələkbər!
Və onlar gəlib hamamın yanından keçəndə Baladadaş ayaq saxladı, hamı səsini
kəsdi və Baladadaş bərkdən qışqırdı:
– Alə, Ələkbər! O sənün hamamun, o da sən! Mən dənizdə çimdim! Özü də
mənim oğlum... – Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını gətirsin,
amma Baladadaş hiss elədi ki, bu yerdə nəsə yaxşı, lap əntiqə bir söz deməlidi. –
Mənim oğlum... – Baladadaş yenə bir söz tapa bilmədi. – Mənim oğlum... – Tapdı
Baladadaş. – Mənim oğlum dənizə oxşayacaq, day sənün o xosma hamamuva yox!
Sonra hamı yenə hay-küylə kəndin aşağı başında qurulmuş toy mağarına tərəf
getdi.
Bu dəm Gümüş Malik də Ələkbərin hamamından xeyli kənarda dayanmışdı,
çünki Gümüş Malik istəmirdi ki, belə bir gündə camaat onu bu axmaq Ələkbərin
hamamının yanında görsün.
O ki, qaldı çayçı Qəzənfərə, çayçı Qəzənfər:
165
– Sən öləsən, Nəcəf, düz bir həftə səni... – Çayçı Qəzənfər sözünü axıracan
demədi, çünki gördü ki, Əmirqulu da yanlarında dayanıb ona qulaq asır və çayçı
Qəzənfər Əmirquluya da müraciət eləyib sözünün dalını dedi: – Alə, Əmirqulu, səni
də, düz bir həftə sizi çaya qonaq eliyəciyəm. Bir köpük də aldı yoxdu sizdən, mən
ölüm, qonağımsuz! Alə, alə, tamaşaydı bu e, tamaşa!.. – Çayçı Qəzənfər gülməkdən
qarnını tutdu.
Kitabxanaçı Nəcəf kəndin ədalət uğrunda ən birinci mübarizə aparanı idi və
müftə şeylə arası yox idi, amma bütün bu əhvalatdan sonra, kitabxanaçı Nəcəf də
çayçı Qəzənfərin birhəftəlik çay qonaqlığını qəbul etdi və:
– Oldu, qədeş! – deyib güldü.
Dostları ilə paylaş: |