|
Seçmə aşıq şeirləri
112
NƏ DEYƏR-DEYƏR
Dərdini söyləynən dərd bilən kəsə,
Özü anlıyandı nə deyər-deyər.
Sirrini verməynən hər müxənnəsə,
Söyləyər yadlara, nə deyər-deyər.
Eşqin fərağından üzüldü canım,
Gərdiş vurur hər bir zaman dövranım,
Dağlardan yüksəkdi günah üsyanım,
Haqq özü məhşərdə nə deyər-deyər.
Bu dünyada sənə əziz vətəndi,
Hərcayılar nəhs yolu tutandı,
Ağılda böyüyün atan-anandı,
Dinlə nəsihətin, nə deyər-deyər.
Çoxları aləmdə qurdular binə,
Axır yetişməyib bircə xoş günə.
Mənim də məskənim o, turi-Sinə*
Min bir kəlməsində nə deyər-deyər.
Bizə şəfaətçi Xatəmən-Nəbi,
On iki imam həm yanda əsabı.
Yüz on dörd surədi ayətin babı,
Dinlə mənasını, nə deyər-deyər.
Dünyanı anladı axırda Musa,
Yaxşılıq qalacaq axırda, Musa,
Beyvəfa yar sevdi axırda Musa,
Şaynına dastanı nə deyər-deyər.
* Turi-Sinə - Sina dağı (Turi-Sina)
|
|
|