136 ШиринХаным Кяримбяйли Шадиман
BU GECƏ YUXUM QAÇIB Gecənin uzunluğu çəkib məni aparır,
Qərib-qərib duyğular qəlbdə tufan qoparır,
Göz zillənib tavana, fikir fikiri arır,
Kainatın içinə ürəyim bir yol açıb,
Gözlərimin içindən bu gecə yuxum qaçıb.
Ulduzların üstündə qaçışan diləklərim,
Durnalartək səf tutub uçuşan diləklərim,
Sonsuz ağrı-acıma acışan diləklərim,
Bəs necə yerdə, göydə ruhum təki qol açıb?
Gözlərimin içindən bu gecə yuxum qaçıb.
Belə həsrət, iztirab nə vaxtadək çəkəcək?
Nə vaxtadək üstümə dərddən min dərd tökəcək?
Abad olmuş könlümü viran edib sökəcək,
Ünlü xəyal şahpərim yenə haraya uçub?
Gözlərimin içindən bu gecə yuxum qaçıb.
Yumşaq, isti yatağım tikanlı çöldür mənə,
Üzümə tənə edən alışan dildir mənə,
İstəyirsən, ey gecə, zülməti güldür mənə,
Qəlbim könül süfrəsin bilmirəm harda açıb?
Gözlərimin içindən bu gecə yuxum qaçıb.
Fikirlərim gəzişir ətrafda divanətək,
Hey tökülür başıma bir uçuq viranətək,
Ürək tufan qoparır, can titrəyir nanətək,
Yenə də xəyallarım qəlb bağımda gül açıb,
Gözlərimin içindən bu gecə yuxum qaçıb.
Şadimanı tanısan, dərdlərinə tay hanı?
Həsrətli ürəyində qəmsiz keçən ay hanı?
Könlümün dünyasında gəz şadlığı, say hanı?
Çoxdan sevinc sarayım viranələrtək uçub,
Gəl şərik ol, ey fələk, bəs necə yuxum qaçıb?
Gözlərimin içindən bu gecə yuxum qaçıb.
14.11.1985