145
Сечмяляр (шеирляр)
***
Ey Şadiman,
az çək-çevir et,
bu dünyanın işlərini,
Müəmalı vərdişlərini,
Ürək can evinə uyuşmaz,
Bağrımdan
sevgi sovuşmaz,
Yerlə göy arası…
Bu gecənin yarısı…
17.12.1994
DİLƏ GƏLİR
Bu çılğın könlümün həyəcanından,
Ürək dilə gəlir, dil dilə gəlir.
Şeriyyət ayrılır coşğun canından,
Zaman dilə gəlir, il dilə gəlir.
Qələmsiz,
vərəqsiz dünyada heçəm,
Hazıram yolunda canımdan keçəm,
Ondan başlar izim, cığırım, küçəm,
Qara saçlarımda tel dilə gəlir.
Ocaqsız alışıb yanıram hələ,
Heç sinə görməyib yanmağı belə,
Bu cismi-bədənim gəlibdi dilə,
Doğulduğun torpaq, el dilə gəlir.
Hisslərim
könlümə hey divan tutur,
Sinəm şeriyyətin köksündə yatır,
Dünyanın yükünü çiyninə çatır,
Ürəkdə ahəstə tel dilə gəlir.
Yaşaya bilmirəm duyğularımsız,
Qəlbi ovsunlayan qayğılarımsız,
Mən heçəm o qadir uyğularımsız,
Gözümdə bulanıq sel dilə gəlir.
Şadiman, misralar sənə çıraqdır,
Sevgilin bir qələm, bir də varaqdır,
Hissin gərdişindən ürək soraqdır,
Məcnun taleyimə çöl dilə gəlir.
18.01.1987