1
Adrenoleykodistrofiya
Şahin Böyükağa oğlu Əlibəyli
Adrenoleukodystrophy
Shahin Boyukaga oglu Alibeyli
Адренолейкодистрофия
Шахин Боюкага оглы Алибейли
X-xromosomla ilişikli keçən bir irsi xəstəlik kimi adrenoleykodistrofiyanın
hərtərəfli öyrənilməsi təkcə endokrinologiya, tibbi genetika, pediatriya və yuvenologiya
sahəsində çalışan mütəxəssislərdən ötrü deyil, eyni zamanda nevrologiya, psixiatriya,
rentgenologiya, radiologiya və ümumi terapiya ixtisasları üzrə fəaliyyət göstərən peşə
sahibləri üçün olduqca vacibdir. Adrenoleykodistrofiya xəstəliyinin hərtərəfli izah
edilməsindən ibarət informasiyanın təqdim olunması müxtəlif ixtisaslar üzrə çalışan
həkimlər üçün patologiyanın erkən mərhələlərində aşkara çıxarılmasını yaxşılaşdırmağa,
vaxtında tibbi-genetik konsultasiyanı həyata keçirməyə və müalicə təyin etməyə, çətinliyə
düşmüş ailələrdə prenatal diaqnostikanı aparmağa imkan verir.
X-ilişikli adrenoleykodistrofiyanın nisbətən yüksək olmayan tezlikdə rast
gəlinməsinə baxmayaraq əksər hallarda həyatın erkən dövründə meydana çıxması (uşaq
yaşlarından özünü büruzə verməyə başlaması), spesifik laborator diaqnostika metodunun
olmaması, adekvat və spesifik müalicə vasitələrinin tapılmaması, sürətlə proqressivləşməsi,
ağır gedişli olması, çox keçmədən ölümlə nəticələnməsi, spesifik profilaktik tədbirlərinin
işlənib hazırlanmaması onun dərindən və ətraflı tədqiqini labüd etmişdir.
Amerika Birləşmiş Ştatlarında və Niderlandda adrenoleykodistrofiya
xəstəliyinin tədqiqi üzrə institutlar açılmışdır.
Adrenoleykodistrofiya kimi bir problemin müasir vəziyyətinin təqdim olunduğu
monoqrafiyanın yazılması zərurəti məhz buradan irəli gəlmişdir.