Etiologiyası və patogenezi
Adrenoleykodistrofiya üçün ABCD1 struktur geni müəyyən edilmişdir. Qeyd
edək ki, adrenoleykodistrofiya ABCD1 genindəki mutasiyadan törəyən X-xromosomla
ilişikli bir xəstəlikdir.
Xromosom xəritəsində «X» xromosomunun uzun çiyninin terminal
seqmentində Xq28 lokusunda qərarlaşan ABCD1 geni ilk dəfə 1993-cü ildə pozision
klonlaşdırma metodunun tətbiqi sayəsində identifikasiya olunmuşdur [224].
ABCD1 geninin 19000 nukleotid cütü vardır. Onun tərkibində 10 ekzon olur.
ABCD1 geni çox mühüm bir peroksisom zülalını kodlaşdırır. Həmin zülali maddəyə
«adrenoleykodistrofiya zülalı» adı verilmişdir. İngilis dilində olan ədəbiyyatlarda
«adrenoleykodistrofiya proteini» («adrenoleukodystrophy protein») termini işlənir.
Adrenoleykodistrofiya proteini adenozintrifosfatı özünə birləşdirəcək kassetlərin olması ilə
səciyyələnən, transportyor rolunu icra edən transmembran zülalları superailəsinə aiddir
[365]. Adrenoleykodistrofiya proteini tərkibinə görə 745 amin turşusundan ibarətdir [204].
Normal halda ABCD1 geninin kodlaşdırdığı zülal peroksisomun membranında
yerləşir və çox uzun zəncirli yağ turşularının sitoplazmadan ona doğru daşınmasında (nəql
olunmasında) iştirak edir. Bir sözlə, adrenoleykodistrofiya zülalı çox uzun karbon zənciri
olan doymuş yağ turşularının adenozintrifosfat turşusu ilə birləşən transmembran keçiricisi
rolunu oynayır. Ancaq ABCD1 genində anomaliya baş verdiyi təqdirdə çox uzun zəncirli
yağ turşuları peroksisoma çatdırıla bilmir. Xq28 lokusunda baş verən mutasiya çox uzun
zəncirli yağ turşularının peroksisomal oksidləşməsinin defektinə gətirib çıxarır. Çünki
adrenoleykodistrofiya zülalının mutasion dəyişikliyə uğraması zamanı çox uzun zəncirli
yağ turşularının peroksisomlara nəqlinin pozulması baş verir. X-ilişikli
adrenoleykodistrofiya orqanizmin toxuma və mayelərində çox uzun karbon zənciri olan
doymuş yağ turşularının anomal toplanması ilə əlaqədardır. Qeyd edək ki, çox uzun
zəncirli yağ turşuları karbon atomlarının sayı 24 və daha artıq olan yağ turşularıdır.
Normada onlar bitkilərdə, bakteriyalarda, baş beyin toxumasında, dəridə, gözün torlu
qişasında, tüklərdə olur. Mənbəyinə görə çox uzun zəncirli yağ turşularını ekzogen və
endogen olmaqla iki qismə bölmək mümkündür. Onlar yeməklə bədənə daxil olan halda
ekzogen, orqanizmin daxilində sintez edilən halda isə endogen adlanır. X-ilişikli
adrenoleykodistrofiya zamanı böyrəküstü vəzilərdə, beyində və xayalarda çox uzun
zəncirli yağ turşularının miqdarı 1000 dəfə arta bilər. Orqanizmin bioloji mayelərində və
toxumalarında onların miqdarının yüksəlməsi xəstəliyin müasir biokimyəvi diaqnostikası
üçün bir əsasdır.
DNT-diaqnostikası aparılarkən X-adrenoleykodistrofiyası diaqnozu biokimyəvi
cəhətdən verifikasiya olunmuş xəstələrin müayinəsinin bütün hallarında ABCD1 genində
mutasiyalar aşkar olunur [222; 360; 372].
2013-cü ildə nəşr edilən ədəbiyyatlardakı məlumatlara görə, metabolizm üçün
vacib olan ABCD1 geninin 400-dən artıq müxtəlif mutasiyası məlum olmuşdur [375].
2015-ci ildə www.x-ald.nl beynəlxalq məlumat bazasında ABCD1 geninin 800-
dən artıq müxtəlif mutant variantı haqqında məlumat verilmişdir [360]. Bu patologiya üçün
8
yüksək faizdə təkrarlanmayan mutasiyaların olması xarakterikdir. Yenidən (de novo)
mutasiyalar yaranma səviyyəsi 8–9 % təşkil edir [11; 250; 360; 373].
Hələ 2001-ci ildə Stefan Kemp (Stephan Kemp) tərəfindən aparılmış tədqiqatda
ABCD1 genində bir dəfə tapılan mutasiyaların 60 %-ə yaxını qeydə alınmışdır. ABCD1
genindəki mutasiyaların əsas payı missens mutasiyaları ilə tutuşdurulma çərçivəsinin
yerdəyişməsi mutasiyalarına düşür, az faizi nonsens mutasiyalarının, amin turşularının
kiçik yerləşdirmə/delesiyalarının və splaysinq mutasiyalarının ayağına yazılır. Xəstələrdə
ABCD1 genindəki mutasiyalarla X-ilişikli adrenoleykodistrofiyanın gedişinin ağırlıq
dərəcəsi arasında korrelyasiya aşkar olunmamışdır [120; 360; 372].
Karbon zəncirinin uzunluğu C24 və C32 arasında olan doymamış yağ
turşularının konsentrasiyası maksimal həddə çatır. Gendəki mutasiya nəticəsində karbon
zənciri çox uzun olan doymuş yağ turşularının beta-oksidləşməsinin azalması dərhal
müvafiq arzuolunmaz dəyişikliklərin təməlini qoyur. Orqanizmdə belə demək mümkünsə
başlı-başına buraxılan çox uzun zəncirli doymuş yağ turşuları qanla dövr edərək müxtəlif
orqanlarda toplanmağa başlayır. Liqnoserin (karbon zəncirlərinin uzunluğu C
24
olan
tetrakozan) turşusundan tutmuş karbon zəncirlərinin uzunluğu artıq C
32
olan dotriakontan
turşusuna qədər xeyli birləşmənin toplanması baş verir. Bu zaman karbon zəncirlərinin
uzunluğu C
26
olan serotin (heksakozan) turşularının konsentrasiyası ən yüksək həddə çatır.
Bir sözlə desək, adrenoleykodistrofiya hüceyrə peroksisomlarında hasil edilən və çox uzun
zəncirli doymuş yağ turşularını, xüsusən C
26
turşusunu parçalaya bilən zülalın olmaması
xəstəliyidir.
Çox uzun zəncirli doymuş yağ turşuları əsasən baş beyinin ağ maddəsində və
böyrəküstü vəzilərin qabıq qatında toplanır. Onların artıq miqdarda toplanması X-ilişikli
adrenoleykodistrofiyanı biokimyəvi baxımdan səciyyələndirən əsas əlamət kimi
qiymətləndirilir. Xeyli miqdarda çox uzun zəncirli doymuş yağ turşuları ilə yüklənən baş
beyin və böyrəküstü vəzi bundan ciddi əziyyət çəkir. Buna görə mövcud vəziyyət həmin
orqanların funksiyalarının geniş ölçüdə pozulmasına gətirib çıxarır.
Yeməklə daxil olan və peroksisomlarda yenidən (de novo) sintez edilən çox
uzun zəncirli doymuş yağ turşularının deqradasiyasının olmaması X-ilişikli
adrenoleykodistrofiya xəstəliyinin patogenezinin molekul səviyyəsində əsas işəsalıcı
mexanizmidir [366].
X-ilişikli adrenoleykodistrofiya zamanı daha aydın ifadə olunan dəyişikliklər
sinir sisteminin mərkəzi və periferik şöbələrində, böyrəküstü vəzilərin qabıq qatında aşkara
çıxarılır. Xəstəlik üçün çox uzun zəncirli yağ turşuları ilə esterifikasiya olunmuş
xolesterindən ibarət lövhəcikli əlavələr xarakterikdir. Belə əlavələr baş beyin
makrofaqlarında, Şvann hüceyrələrində və Leydiq hüceyrələrində müəyyən edilir [357].
Çox uzun zəncirli doymuş yağ turşularının məhz baş beyinin ağ maddəsində və
böyrəküstü vəzilərin qabıq qatında toplanması ətrafında ciddi müzakirələr aparılmış və
əhəmiyyətli nəticələr əldə olunmuşdur. Peroksisom membranının inteqral zülalı olan
adrenoleykodistrofiya proteininin çatışmazlığı sinir hüceyrələrində (neyronlarda),
böyrəküstü vəzinin qabıq qatının hüceyrələrində, qanın formalı elementlərindən eritrosit və
leykositlərdə, həmçinin fibroblastlarda müşahidə edilir. Sinir sisteminin, ələlxüsus onun
mərkəzi şöbəsinin ağ maddəsindəki və böyrəküstü vəzinin qabıq qatındakı hüceyrələrdə
9
zülalın çatışmazlığına qarşı həssaslıq daha böyük ölçüdə olur. Lakin X-ilişikli
adrenoleykodistrofiya zamanı çox uzun zəncirli yağ turşularının toplanması ilə əlaqədar
olaraq sinir sisteminin zədələnməsinin dəqiq mexanizmləri hələlik axıracan
müəyyənləşdirilməmişdir və tam açılmamış olaraq qalır. Belə güman olunur ki, X-ilişikli
adrenoleykodistrofiyanın serebral forması zamanı çox uzun zəncirli yağ turşularının beta-
oksidləşməsinin birincili pozulması mərkəzi sinir sistemində mielinin strukturunun
destabilizasiyasına və dağılmasına səbəb olur. Baş verən qüsur (mielinin destabilizasiyası
və dağılması) makrofaqların və T-limfositlərin mərkəzi sinir sisteminə miqrasiyası baş
verməklə sitokin cavabının ikincili aktivasiyasına gətirib çıxarır ki, bunlar öz növbəsində
hematoensefalik baryerin zədələnməsi və sinirlərin aydın ifadə olunan ikincili iltihabi
demielinizasiyası, baş beyinin diffuz mieloklastik sklerozu ilə müşayiət olunan növbəti
dəyişikliklərə yol açır [127; 204].
Demielinləşməkdən ibarət olan dəyişiklik kəskin dağınıq ensefalomielit və
dağınıq skleroz zamanı müşahidə olunan autoimmun demielinləşdirici prosesləri xatırladır,
onlara çox bənzəyir [222; 349; 365; 380].
Anomal strukturlu çox uzun zəncirli doymuş yağ turşularının daha böyük
konsentrasiyada olması baş beyindəki demielinizasiya ocaqlarına müvafiq gəlir [360].
Beləliklə, çox uzun zəncirli doymuş yağ turşularının sinir toxumasında toplanması
nəticəsində mielin strukturunun destabilizasiyası və demielinizasiya baş verərək əsəb
sisteminin fəaliyyətinin pozulmasını və müvafiq simptomların təzahürünü şərtləndirir.
Digər tərəfdən böyrəküstü vəzilərin qabıq qatının eozinofil infiltrasiyası gedir.
Adrenoleykodistrofiya bir nadir irsi xəstəlik olaraq nəslə ötürülmə baxımından
X-ilişikli resessiv tipinə malikdir. Xəstəlik məhz həmin tip üzrə irsən ötürülür ki, belə
hallarda qadınlar daşıyıcı olur, kişilər isə xəstələnir.
Ədəbiyyatda verilən məlumata görə, ağır kəllə-beyin travması təhrikedici
əhəmiyyətə malikdir, çünki adrenoleykodistrofiyaya genetik meylliliyi olan adamlarda
onun inkişafını provokasiya edə, yəni belə xəstəlik hallarını süni surətdə doğura, özünü
göstərməsi prosesini sürətləndirə bilər.
Dostları ilə paylaş: |