Adrenoleykodistrofiya Şahin Böyükağa oğlu Əlibəyli Adrenoleukodystrophy



Yüklə 0.83 Mb.
PDF просмотр
səhifə1/10
tarix23.12.2016
ölçüsü0.83 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

 

Adrenoleykodistrofiya 



Şahin Böyükağa oğlu Əlibəyli 

 

Adrenoleukodystrophy 

Shahin Boyukaga oglu Alibeyli 

 

Адренолейкодистрофия 



Шахин Боюкага оглы Алибейли 

 

 



X-xromosomla  ilişikli  keçən  bir  irsi  xəstəlik  kimi  adrenoleykodistrofiyanın 

hərtərəfli  öyrənilməsi  təkcə  endokrinologiya,  tibbi  genetika,  pediatriya  və  yuvenologiya 

sahəsində  çalışan  mütəxəssislərdən  ötrü  deyil,  eyni  zamanda  nevrologiya,  psixiatriya, 

rentgenologiya,  radiologiya  və  ümumi  terapiya  ixtisasları  üzrə  fəaliyyət  göstərən  peşə 

sahibləri  üçün  olduqca  vacibdir.  Adrenoleykodistrofiya  xəstəliyinin  hərtərəfli  izah 

edilməsindən  ibarət  informasiyanın  təqdim  olunması  müxtəlif  ixtisaslar  üzrə  çalışan 

həkimlər  üçün  patologiyanın  erkən  mərhələlərində  aşkara  çıxarılmasını  yaxşılaşdırmağa, 

vaxtında tibbi-genetik konsultasiyanı həyata keçirməyə və müalicə təyin etməyə, çətinliyə 

düşmüş ailələrdə prenatal diaqnostikanı aparmağa imkan verir.  

X-ilişikli  adrenoleykodistrofiyanın  nisbətən  yüksək  olmayan  tezlikdə  rast 

gəlinməsinə  baxmayaraq  əksər  hallarda  həyatın  erkən  dövründə  meydana  çıxması  (uşaq 

yaşlarından özünü büruzə verməyə başlaması), spesifik laborator diaqnostika metodunun 

olmaması, adekvat və spesifik müalicə vasitələrinin tapılmaması, sürətlə proqressivləşməsi, 

ağır gedişli olması, çox keçmədən ölümlə nəticələnməsi, spesifik profilaktik tədbirlərinin 

işlənib hazırlanmaması onun dərindən və ətraflı tədqiqini labüd etmişdir. 

Amerika  Birləşmiş  Ştatlarında  və  Niderlandda  adrenoleykodistrofiya 

xəstəliyinin tədqiqi üzrə institutlar açılmışdır.  

Adrenoleykodistrofiya kimi bir problemin müasir vəziyyətinin təqdim olunduğu 

monoqrafiyanın yazılması zərurəti məhz buradan irəli gəlmişdir. 

 

Definitiv-etimoloji səciyyəsi və sinonimləri 

 

Maddələr  mübadiləsinin  pozulması  ilə  əlaqədar  olan,  sinir  sisteminin  və 



böyrəküstü  vəzilərin  fəaliyyətində  ağır  dəyişikliklər  törədən  nadir  irsi  xəstəliklərdən  biri 

adrenoleykodistrofiya (adrenoleucodystrophia) adlanır.  

Adrenoleykodistrofiyanın maraqlı cəhətlərindən biri onun eyni vaxtda müxtəlif 

parametrlər üzrə cürbəcür xəstəliklər qrupuna daxil olmasıdır. 

Birincisi,  adrenoleykodistrofiya  irsi  xəstəliklər  sırasına  aiddir.  Məşhur  Belarus 

nevroloqu  İvan  Nikanoroviç  Qorbaç  1995-ci  ildə  «Nevroloji  pozğunluqlar:  formaları, 

stadiyaları,  sindromlar,  gediş.  Lüğət»  adlı  sorğu  nəşrində  «adrenoleykodistrofiya» 

termininə  belə  tərif  vermişdir:  «Adrenoleykodistrofiya  toxuma  və  eritrositlərdə 

uzunzəncirli  doymuş  yağ  turşularının  toplanması  ilə  səciyyələnən  X-xromosomla  ilişikli 

(resessiv tip üzrə) irsi xəstəlikdir» [356].  



 

İkincisi,  adrenoleykodistrofiya  peroksisom  xəstəlikləri  qrupuna  aiddir. 



Peroksisom  xəstəlikləri  peroksisomların  funksiyalarının  pozulması  nəticəsində  meydana 

çıxan irsi proqressivləşən xəstəliklərin geniş bir qrupudur. Bütün peroksisom xəstəlikləri 

iki böyük qrupa bölünür:  

1. Peroksisomun biogenezinin pozulmasından yaranan xəstəliklər;  

2.  Peroksisomun  tək-tək  zülallarının  mübadiləsinin  pozulmasından  yaranan 

xəstəliklər. 

Peroksisomun  biogenezinin  tam  olmaması,  yaxud  onların  funksional 

aktivliyinin  dərindən  pozulması  nəticəsində  meydana  çıxan  xəstəliklərə  peroksisomun 

biogenezinin  pozulmasından  yaranan  xəstəliklər  deyilir.  Peroksisom  biogenezinin 

pozulması ilə  müşayiət  edilən xəstəliklər  əsasən neonatal dövrdə  manifestasiya  edən  və 

həddən ziyadə heterogen olan xəstəliklər qrupudur. Belə xəstəliklərə aşağıdakılar aiddir: 1) 

Sellveger  sindromu;  2)  neonatal  adrenoleykodistrofiya;  3)  Refsum  xəstəliyinin  infantil 

forması.  

Peroksisom  xəstəliklərinin  digər  qrupu  peroksisomun  tək-tək  zülallarının 

mübadiləsinin pozulmasından yaranan xəstəliklər adlanır. Həmin xəstəliklərə aşağıdakılar 

aiddir: 1) akatalazemiya; 2) X-ilişikli adrenoleykodistrofiya [381]. 

Həqiqətən X-ilişikli adrenoleykodistrofiya hüceyrə orqanelləri xəstəliklərinin bir 

qrupu olan peroksisom xəstəliklərinə aiddir [357]. 

Rusiyanın  tanınmış  endokrinoloqları  Qalina  Afanasyevna  Melniçenko, 

Valentina  Aleksandrovna  Peterkova,  Anatoli  Nikolayeviç  Tülpakov  və  Nadejda 

Viktorovna Maksimova tərəfindən bir yerdə tərtib edilən və 2013-cü ildə işıq üzü görən 

«Endokrinologiyada  eponimik  sindromlar»  adlı  lüğətdə  «adrenoleykodistrofiya» 

anlayışına verilmiş tərifə görə, «peroksisom xəstəlikləri qrupundan elə bir xəstəlikdir ki, bu 

zaman  böyrəküstü  vəzinin  birincili  xronik  çatışmazlığı  sinir  sisteminin  demielinləşdirici 

zədələnməsi ilə qovuşur» [375]. 

Üçüncüsü,  adrenoleykodistrofiya  sfinqolipidozlar  qrupuna  aiddir.  Sankt-

Peterburq  həkimləri,  İlya  İliç  Meçnikov  adına  Şimal-Qərb  Dövlət  Tibb  Universitetinin 

əməkdaşı Natalya Sergeyevna Kaştanova, həmçinin Karl Andreyeviç Rauxfus adına 19 

saylı  şəhər  uşaq  xəstəxanasının  əməkdaşları,  tibb  elmləri  namizədləri  Konstantin 

Nikolayeviç  Kiriçenko  və  Nikolay  Borisoviç  Korşunov  tərəfindən  bir  yerdə  ərsəyə 

gətirilən,  bütün  ixtisaslar  üzrə  həkimlər  üçün  nəzərdə  tutulmuş  «Terra  medica»  adlı 

ümumrusiya jurnalında 2014-cü ildə dərc edilən «X-ilişikli adrenoleykodistrofiyanın uşaq 

serebral forması hadisəsi» başlıqlı məqalədə oxuyuruq: «X-lə bağlı adrenoleykodistrofiya 

sfinqolipidozlar  qrupuna  aid  olub,  mərkəzi  sinir  sisteminin  və  onurğa  beyninin 

proqressivləşən demielinizasiyası, həmçinin böyrəküstü vəzilərin periferik çatışmazlığı ilə 

səciyyələnir» [365].  

Dördüncüsü,  adrenoleykodistrofiya  neyrometabolik  xəstəliklər  qrupuna  aiddir. 

Həqiqətən  maddələr  mübadiləsinin  pozulması  şəklində  özünü  göstərən  X-ilişikli 

adrenoleykodistrofiya peroksisomların funksiyasının pozulması nəticəsində meydana gələn 

irsi neyrometabolik xəstəliklər qrupuna aiddir [360].  

Yuxarıda qeyd edilən halların hamısını ümumiləşdirdikdə belə nəticə hasil olur 

ki,  X-ilişikli  adrenoleykodistrofiya  sinir  sisteminin  demielinləşdirici  zədələnməsilə 



 

böyrəküstü  vəzi  funksiyasının  xronik  çatışmazlığının  birləşməsilə  səciyyələnən  bir 



mübadiləvi irsi peroksisom xəstəliyidir. 

Adrenoleykodistrofiya  böyrəküstü  vəzi  çatışmazlığının  erkən  formasının 

debütdə  Addison  xəstəliyi  tipi  üzrə  təzahür  etməsi  və  bundan  sonra  çox  vaxt  nevroloji 

simptomatikanın özünü göstərməsi ilə səciyyələnən X-xromosomla ilişikli resessiv bir irsi 

patologiyadır.  Adrenoleykodistrofiya  böyrəküstü  vəzi  çatışmazlığının  (Addison 

xəstəliyinin) və diffuz periaksial ensefalitin (Şilder xəstəliyinin) kombinasiyasından ibarət 

olan bir simptomokompleksdir.  

Beləliklə,  X-ilişikli  adrenoleykodistrofiya  sinir  sisteminin  mərkəzi  və  periferik 

şöbələrinin,  eləcə  də  böyrəküstü  vəzilərin  bir  yerdə  zədələnməsilə  səciyyələnən  və 

proqressivləşən gedişə malik olan amansız bir xəstəlikdir. 

«Adrenoleykodistrofiya»  termini  latın  və  yunan  mənşəli  sözlərin 

birləşdirilməsindən əmələ gəlmişdir. Latınca adrenalis – böyrəküstü vəzi, yunanca leukos – 

ağ, dys – pozğunluq və trophe – qidalanma, yenidən doğulma deməkdir. 

«Adrenoleykodistrofiya»  termininin  xeyli  sayda  sinonimi  təklif  edilmişdir. 

Ədəbiyyatda onun daha çox rast gəlinən adlarını aşağıda təqdim edirik: 

– Addison xəstəliyi və serebral skleroz; 

– Addison–Şilder xəstəliyi; 

– Fankoni–Prader simptomokompleksi; 

– Fankoni–Prader sindromu; 

– X xromosomu ilə ilişikli adrenoleykodistrofiya; 

– X-ilişikli adrenoleykodistrofiya; 

– X-lə bağlı adrenoleykodistrofiya; 

– melanodermik leykodistrofiya; 

– sklerozlaşdırıcı bürünc xəstəliyi; 

– sklerozlaşdırıcı ensefalomielitlə keçən bürünc xəstəliyi; 

– Şilderin bürünc xəstəliyi; 

– Zimerlinq–Kreytsfeldt xəstəliyi; 

– Zimerlinq–Kreytsfeldt simptomokompleksi; 

– Zimerlinq–Kreytsfeldt sindromu.  

Bəzi  mənbələrdə  «Addison–Şilder  xəstəliyi»  və  «Şilder  xəstəliyi»  kimi 

məfhumların  eyniləşdirilməsinə  cəhd  olunur.  Halbuki  tamamilə  fərqli  olan  həmin 

anlayışları bir-birindən ayırmaq lazımdır. 

Adrenoleykodistrofiya xəstəliyi üçün iki abbreviatura qəbul edilmişdir: 

– ALD; 


– X-ALD.  

Bunlardan birincisi əsas, ikincisi isə əlavə abbreviatura hesab edilir. Aydındır ki, 

birinci  (əsas)  abbreviatura  «adrenoleykodistrofiya»  sözünü  əmələ  gətirən  üç  hissəciyin 

(«adreno»,  «leyko»  və  «distrofiya»)  ayrı-ayrılıqda  baş  hərflərinin  götürülməsindən 

yaranmışdır.  İkinci  abbreviaturadakı  «X»  hərfi  patologiyanın  X-xromosomla  ilişikli 

olmasına bir işarədir. 

 

 


 

Qısa tarixi arayış 

 

Adrenoleykodistrofiya  xəstəliyinin  ilk  təsviri  alman  patoloqoanatomu  Valter 



Haberfeld (Walter Haberfeld) və alman pediatrı Fris Şpiler (Fritz Spieler) tərəfindən 1910-

cu  ildə  nevrologiya  üzrə  bir  jurnalda  «Uşaq  yaşlarında  yaranan  diffuz  serebrospinal 

skleroz» adlı məqalədə təqdim edilmişdir [89]. Belə güman olunur ki, X-ilişikli ötürülmə 

variantında  bir  irsi  xəstəlik  olan  adrenoleykodistrofiyalı  pasiyent  ilk  dəfə  məhz  həmin 

tədqiqatçılar tərəfindən təsvir olunmuşdur. 

Sindrom  1912-ci  ildə  mənşəcə  Avstriyadan  olan  amerikan  həkimi  və  alimi, 

nevroloq,  psixonevroloq,  psixoanalitik,  psixiatr  və  filosof  Paul  Ferdinand  Şilder  (Paul 

Ferdinand  Schilder)  tərəfindən  müfəssəl  təsvir  edilmişdir  [89].  Onun  şərəfinə  olaraq 

«Addison–Şilder xəstəliyi» və «Şilderin bürünc xəstəliyi» kimi eponimik terminlər təklif 

olunmuşdur [352; 375; 390].  

Prosesə böyrəküstü vəzilərin cəlb olunması haqqında məlumatı yalnız 1923-cü 

ildə alman nevroloqları Ernst Zimerlinq (Ernst Ziemerling) və Hans Gerhard Kreytsfeldt 

(Hans  Gerhard  Creutzfeldt)  «Sklerozlaşdırıcı  bürünc  xəstəliyi.  Ensefalomielit  (diffuz 

skleroz)»  adlı  məqalədə  vermişlər  [293].  Şilderin  diffuz  periaksial  ensefalitinə  yanaşı 

olaraq  böyrəküstü  vəzilərin  cəlb  olunmasını  mükəmməl  şəkildə  təsvir  etmiş  həmin 

araşdırıcıların  əməyinə  laqeyd  qalmaq  istəməyən  elm  ictimaiyyəti  bir  sıra  eponimik 

terminlər 

(«Zimerlinq–Kreytsfeldt 

xəstəliyi», 

«Zimerlinq–Kreytsfeldt 

simptomokompleksi»,  «Zimerlinq–Kreytsfeldt  sindromu»)  ortaya  atmışlar.  Məhz  bu 

tədqiqatdan sonra xəstəliyin sinonimləri sırasına daha bir neçə ad («sklerozlaşdırıcı bürünc 

xəstəliyi»,  «sklerozlaşdırıcı  ensefalomielitlə  keçən  bürünc  xəstəliyi»)  əlavə  olunmuşdur 

[352; 375; 390].  

1963-cü ildə İsveçrə həkim-pediatrları Qvido Fankoni (Guido Fanconi), Andrea 

Prader (Andrea Prader), Verner Azler (Werner Isler), Frits Lusi (Fritz Lüthy) və Rudolf 

Sebenmann  (Rudolf  Siebenmann)  tərəfindən  «Uşaqlıqdan  sklerozla  başlayan  Addison 

xəstəliyi.  İrsi  sindrom  nəslə  X-xromosomla  ötürülürmü?»  adlı  məqalədə  xəstəliyin 

hərtərəfli təsviri verilmişdir [70]. Maraqlıdır ki, bundan sonra yalnız ilk iki müəllifin soyadı 

eponimik  termində  əksini  tapmışdır.  Beləcə  «Fankoni–Prader  simptomokompleksi», 

«Fankoni–Prader sindromu») terminləri ədəbiyyatda görünməyə başlamışdır.  

1964-cü ildə M. E. Blau (M. E. Blaw), K. Osterberq (K. Osterberg), P. Kozak 

(P.  Kozak)  və  E.  Nelson  (E.  Nelson)  tərəfindən  «Sudanofilik  leykodistrofiya  və  adrenal 

kortikal  atrofiya»  adlı  məqalədə  leykodistrofiyanın  yağda  həll  olan  neytral  boyayıcı 

sudanla  rənglənməyə  meylli  olması  və  böyrəküstü  vəzilərin  qabıq  qatının  atrofiyaya 

uğraması haqqında məlumat vermişlər [26]. 

1970-ci illərin ortalarına qədər pozğunluq çox vaxt «Addison–Şilder xəstəliyi», 

yaxud «melanodermik tipli leykodistrofiya» («melanodermic type leukodystrophy») kimi 

xatırladılırdı. 1970-ci ildə uşaq nevrologiyası sahəsində sertifikatlı mütəxəssis Maykl Blau 

(Michael Blaw) ilk dəfə «adrenoleykodistrofiya» terminini düşünüb tapmışdır. Corc breyn 

(George  Bruyn)  və  Pyer  Vinken  (Pierre  Vinken)  kimi  görkəmli  mütəxəssislərin 

redaktorluğu  ilə  ərsəyə  gətirilən  klinik  nevrologiya  üzrə  sorğu  kitabında  Maykl  Blau 

yazdığı  məqalədə  «melanodermik  tipli  leykodistrofiya»  terminini  əvəzləyəcək 


 

«adrenoleykodistrofiya»  sözünü  işlətmişdir  [27].  Həmin  termin  çox  uğurlu  alındığından 



ümumi olaraq hamılıqla qəbul edilmişdir. Hazırda xəstəliyin əsas adı olaraq məhz ondan 

istifadə edilir. 

Ilk  dəfə  1976-cı  ildə  adrenoleykodistrofiyalı  xəstələrdə  baş  beyinin  və 

böyrəküstü  vəzilərin  qabıq  qatının  lipidlərində  çox  uzun  zəncirli  yağ  turşularının 

toplanması müəyyən olunmuşdur.  

1980-ci  ildə  dəri  fibroblastlarında,  1981-ci  ildə  qan  plazmasında  çox  uzun 

zəncirli yağ turşularının yüksək konsentrasiyası qeydə alınmışdır. Bundan sonra X-ilişikli 

adrenoleykodistrofiyanın etibarlı biokimyəvi diaqnostikası təmin edilmişdir.  

1993-cü  ildə  X-ilişikli  adrenoleykodistrofiyanın  inkişafını  şərtləndirən  gen 

identifikasiya olunmuşdur. 

2009-cu  ildə  məşhur  rus  həkimi  və  alimi,  tibb  elmləri  doktoru,  professor, 

epileptologiya  üzrə  mütəxəssis  Andrey  Sergeyeviç  Petruxin  iki  cilddə  «Uşaq 

nevrologiyası»  adlı  dərslik  hazırlamışdır  ki,  həmin  mötəbər  mənbənin  ikinci  cildində 

«Peroksisom xəstəlikləri» başlıqlı mövzu yerləşdirilmişdir [381]. 

Yenə  2009-cu  ildə  Rusiyanın  tanınmış  nevroloqları  Yevgeni  İvanoviç  Qusev, 

Aleksandr  Nikolayeviç  Konovalov,  Veronika  İqorevna  skvorsova  və  Alla  Borisovna 

Gextin  redaktorluğu  ilə  hazırlanan  «Nevrologiya»  adlı  milli  rəhbərlikdə  Andrey 

Sergeyeviç  Petruxin,  Svetlana  Vitalyevna  Mixaylova  və  Yekaterina  Yuryevna  Zaxarova 

«Peroksisom xəstəlikləri» mövzusunu işləmişlər [382]. 

 

 



Epidemiologiyası 

 

X-ilişikli adrenoleykodistrofiya peroksisom patologiyaları strukturunda üstünlük 



təşkil edir və birincili leykodistrofiyalar arasında ən geniş yayılanı hesab edilir [378; 381; 

382].  


X-ilişikli adrenoleykodistrofiya rast gəlinməsi tezliyi əhəmiyyətli dərəcədə geniş 

bir diapazonda variasiya edən panetnik xəstəliklər sırasına aiddir [362]. Böyrəküstü vəzinin 

birincili xronik çatışmazlığı olan bütün təsadüflərin 6 %-i adrenoleykodistrofiyanın payına 

düşür [375]. 

Müxtəlif  müəlliflərin  məlumatlarına  görə,  xəstəliyin  yayılma  dərəcəsi  yeni 

doğulan oğlan uşaqlarının hər 20000–42000 nəfərinə cəmi bir xəstə təşkil edir [375; 381]. 

Ədəbiyyatın son məlumatlarına görə, nadir patologiyanın rast gəlinməsi tezliyi 

diri doğulmuş oğlan uşaqlarının hər 20000 nəfərinə 1 xəstə təşkil edir [101].  

X-ilişikli  adrenoleykodistrofiyanın  rast  gəlinməsi  tezliyi  Fransada  kişi  cinsli 

şəxslərdə 1 : 17000 təşkil edir [11]. Halbuki həmin göstərici Norveçdə müxtəlif dövrlərdə 1 

: 62500 həddindən 1 : 125000 həddinə qədər olmuşdur [100]. Xəstəliyin 1 : 35000 və buna 

yaxın bir tezliyi Polşada [362] və Cənubi Braziliyada təsvir edilmişdir [107]. Yaponiyada 

oğlan uşaqları arasında adrenoleykodistrofiya xəstəliyinin rast gəlinməsi səviyyəsinin 1 : 

30000-dən 1 : 50000-ə qədər tərəddüd etdiyi bildirilmişdir [127]. 

Bir sıra müəlliflərin fikrincə, X-ilişikli adrenoleykodistrofiyanın rast gəlinməsi 

tezliyinə dair təqdim edilən məlumatların arasında fərqin böyük olması, göstəricilərin bir-



 

birindən  kəskin  şəkildə  aralanması,  onların  arasında  dərin  uçurum  yaranması  heç  də 



interpopulyasion  (populyasiyal  arasında)  və  yaxud  interetnik  (etnik  qruplar  arasında)  

müxtəlifliyi  deyil,  məhz  xəstələrin  aşkara  çıxarılması  tamlığını,  bunun  üçün  müvafiq 

müayinələrin mükəmməllik və dolğunluğunu nümayiş etdirir [207; 360; 373]. 

Adrenoleykodistrofiya  xəstəliyinin  nadir  hallarda  rast  gəlinməsi  haqqında 

ənənəvi fikrin artıq etibarsız, yanlış olduğu iddia edilir. 1996-cı ilin axırlarında dünyada 

3000-dən artıq adrenoleykodistrofiyalı pasiyent aşkar olunmuşdur [357]. 

Müstəqil  Dövlətlər  Birliyi  ərazisində  adrenoleykodistrofiya  xəstəliyi  artıq 

dəfələrlə qeydə alınmışdır. Xəstəlik üzrə elmi araşdırmalar daha çox Rusiya Federasiyası, 

Ukrayna  və  Belarusda  aparılır.  2003-cü  ildə  Ukraynada  tibb  elmləri  doktoru,  professor 

Stanislav  Konstantinoviç  Yevtuşenko  tərəfindən  iki  uşaqda  və  onların  ana  xətti  üzrə 

dayısında  X-ilişikli  adrenoleykodistrofiyanın  ailəvi  hadisəsi  təsvir  edilmişdir.  Uşaqlarda 

xəstəliyin gedişi proqressiv xarakter daşımış və letal nəticə  ilə  qurtarmışdır.  Həmin vaxt 

Ukraynada  ilk  dəfə  müalicə  üçün  professor  Hüqo  Volfqanq  Mozer  tərəfindən  xristian 

missiyası vasitəsilə çatdırılan Lorenso yağından istifadə edilmişdir [358]. 

 

 

Şəkil 1. Stanislav Konstantinoviç Yevtuşenko 



 

 

Xəstəlik  X  xromosomundakı  genetik  defekt  nəticəsində  əsasən  oğlanlarda 



inkişaf edir.  Genin daşıyıcıları qadınlar olur [204; 313].  

 


 

Etiologiyası və patogenezi 

 

Adrenoleykodistrofiya  üçün  ABCD1  struktur  geni  müəyyən  edilmişdir.  Qeyd 



edək  ki,  adrenoleykodistrofiya  ABCD1  genindəki  mutasiyadan  törəyən  X-xromosomla 

ilişikli bir xəstəlikdir.  

Xromosom  xəritəsində  «X»  xromosomunun  uzun  çiyninin  terminal 

seqmentində  Xq28  lokusunda  qərarlaşan  ABCD1  geni  ilk  dəfə  1993-cü  ildə  pozision 

klonlaşdırma metodunun tətbiqi sayəsində identifikasiya olunmuşdur [224].  

ABCD1 geninin 19000 nukleotid cütü vardır. Onun tərkibində 10 ekzon olur. 

ABCD1  geni  çox  mühüm  bir  peroksisom  zülalını  kodlaşdırır.  Həmin  zülali  maddəyə 

«adrenoleykodistrofiya  zülalı»  adı  verilmişdir.  İngilis  dilində  olan  ədəbiyyatlarda 

«adrenoleykodistrofiya  proteini»  («adrenoleukodystrophy  protein»)  termini  işlənir. 

Adrenoleykodistrofiya proteini adenozintrifosfatı özünə birləşdirəcək kassetlərin olması ilə 

səciyyələnən,  transportyor  rolunu  icra  edən  transmembran  zülalları  superailəsinə  aiddir 

[365]. Adrenoleykodistrofiya proteini tərkibinə görə 745 amin turşusundan ibarətdir [204]. 

Normal halda ABCD1 geninin kodlaşdırdığı zülal peroksisomun membranında 

yerləşir və çox uzun zəncirli yağ turşularının sitoplazmadan ona doğru daşınmasında (nəql 

olunmasında) iştirak edir. Bir sözlə, adrenoleykodistrofiya zülalı çox uzun karbon zənciri 

olan doymuş yağ turşularının adenozintrifosfat turşusu ilə birləşən transmembran keçiricisi 

rolunu oynayır. Ancaq ABCD1 genində anomaliya baş verdiyi təqdirdə çox uzun zəncirli 

yağ turşuları peroksisoma çatdırıla bilmir. Xq28 lokusunda baş verən mutasiya çox uzun 

zəncirli  yağ  turşularının  peroksisomal  oksidləşməsinin  defektinə  gətirib  çıxarır.  Çünki 

adrenoleykodistrofiya zülalının  mutasion dəyişikliyə  uğraması  zamanı  çox uzun zəncirli 

yağ  turşularının  peroksisomlara  nəqlinin  pozulması  baş  verir.  X-ilişikli 

adrenoleykodistrofiya  orqanizmin  toxuma  və  mayelərində  çox  uzun  karbon  zənciri  olan 

doymuş  yağ  turşularının  anomal  toplanması  ilə  əlaqədardır.  Qeyd  edək  ki,  çox  uzun 

zəncirli  yağ  turşuları  karbon  atomlarının  sayı  24  və  daha  artıq  olan  yağ  turşularıdır. 

Normada  onlar  bitkilərdə,  bakteriyalarda,  baş  beyin  toxumasında,  dəridə,  gözün  torlu 

qişasında,  tüklərdə  olur.  Mənbəyinə  görə  çox  uzun  zəncirli  yağ  turşularını  ekzogen  və 

endogen olmaqla iki qismə bölmək mümkündür. Onlar yeməklə bədənə daxil olan halda 

ekzogen,  orqanizmin  daxilində  sintez  edilən  halda  isə  endogen  adlanır.  X-ilişikli 

adrenoleykodistrofiya  zamanı  böyrəküstü  vəzilərdə,  beyində  və  xayalarda  çox  uzun 

zəncirli yağ turşularının miqdarı 1000 dəfə arta bilər. Orqanizmin bioloji mayelərində və 

toxumalarında onların miqdarının yüksəlməsi xəstəliyin müasir biokimyəvi diaqnostikası 

üçün bir əsasdır. 

DNT-diaqnostikası aparılarkən X-adrenoleykodistrofiyası diaqnozu biokimyəvi 

cəhətdən verifikasiya olunmuş xəstələrin müayinəsinin bütün hallarında ABCD1 genində 

mutasiyalar aşkar olunur [222; 360; 372]. 

2013-cü ildə nəşr edilən ədəbiyyatlardakı  məlumatlara görə, metabolizm üçün 

vacib olan ABCD1 geninin 400-dən artıq müxtəlif mutasiyası məlum olmuşdur [375]. 

2015-ci ildə www.x-ald.nl beynəlxalq məlumat bazasında ABCD1 geninin 800-

dən artıq müxtəlif mutant variantı haqqında məlumat verilmişdir [360]. Bu patologiya üçün 


 

yüksək  faizdə  təkrarlanmayan  mutasiyaların  olması  xarakterikdir.  Yenidən  (de  novo) 



mutasiyalar yaranma səviyyəsi 8–9 % təşkil edir [11; 250; 360; 373]. 

Hələ 2001-ci ildə Stefan Kemp (Stephan Kemp) tərəfindən aparılmış tədqiqatda 

ABCD1 genində bir dəfə tapılan mutasiyaların 60 %-ə yaxını qeydə alınmışdır. ABCD1 

genindəki  mutasiyaların  əsas  payı  missens  mutasiyaları  ilə  tutuşdurulma  çərçivəsinin 

yerdəyişməsi  mutasiyalarına  düşür,  az  faizi  nonsens  mutasiyalarının,  amin  turşularının 

kiçik yerləşdirmə/delesiyalarının və splaysinq  mutasiyalarının ayağına yazılır. Xəstələrdə 

ABCD1  genindəki  mutasiyalarla  X-ilişikli  adrenoleykodistrofiyanın  gedişinin  ağırlıq 

dərəcəsi arasında korrelyasiya aşkar olunmamışdır [120; 360; 372].  

Karbon  zəncirinin  uzunluğu  C24  və  C32  arasında  olan  doymamış  yağ 

turşularının konsentrasiyası maksimal həddə çatır. Gendəki mutasiya nəticəsində karbon 

zənciri  çox  uzun  olan  doymuş  yağ  turşularının  beta-oksidləşməsinin  azalması  dərhal 

müvafiq arzuolunmaz dəyişikliklərin təməlini qoyur. Orqanizmdə belə demək mümkünsə 

başlı-başına buraxılan çox uzun zəncirli doymuş yağ turşuları qanla dövr edərək müxtəlif 

orqanlarda  toplanmağa  başlayır.  Liqnoserin  (karbon  zəncirlərinin  uzunluğu  C

24

  olan 


tetrakozan) turşusundan tutmuş karbon zəncirlərinin uzunluğu artıq C

32

 olan dotriakontan 



turşusuna  qədər  xeyli  birləşmənin  toplanması  baş  verir.  Bu  zaman  karbon  zəncirlərinin 

uzunluğu C

26

 olan serotin (heksakozan) turşularının konsentrasiyası ən yüksək həddə çatır. 



Bir sözlə desək, adrenoleykodistrofiya hüceyrə peroksisomlarında hasil edilən və çox uzun 

zəncirli doymuş yağ turşularını, xüsusən C

26

 turşusunu parçalaya bilən zülalın olmaması 



xəstəliyidir. 

Çox uzun zəncirli doymuş yağ turşuları əsasən baş beyinin ağ maddəsində və 

böyrəküstü  vəzilərin  qabıq  qatında  toplanır.  Onların  artıq  miqdarda  toplanması  X-ilişikli 

adrenoleykodistrofiyanı  biokimyəvi  baxımdan  səciyyələndirən  əsas  əlamət  kimi 

qiymətləndirilir. Xeyli miqdarda çox uzun zəncirli doymuş yağ turşuları ilə yüklənən baş 

beyin və böyrəküstü vəzi bundan ciddi əziyyət çəkir. Buna görə mövcud vəziyyət həmin 

orqanların funksiyalarının geniş ölçüdə pozulmasına gətirib çıxarır.  

Yeməklə  daxil  olan  və  peroksisomlarda  yenidən  (de  novo)  sintez  edilən  çox 

uzun  zəncirli  doymuş  yağ  turşularının  deqradasiyasının  olmaması  X-ilişikli 

adrenoleykodistrofiya  xəstəliyinin  patogenezinin  molekul  səviyyəsində  əsas  işəsalıcı 

mexanizmidir [366]. 

X-ilişikli  adrenoleykodistrofiya  zamanı  daha  aydın  ifadə  olunan  dəyişikliklər 

sinir sisteminin mərkəzi və periferik şöbələrində, böyrəküstü vəzilərin qabıq qatında aşkara 

çıxarılır.  Xəstəlik  üçün  çox  uzun  zəncirli  yağ  turşuları  ilə  esterifikasiya  olunmuş 

xolesterindən  ibarət  lövhəcikli  əlavələr  xarakterikdir.  Belə  əlavələr  baş  beyin 

makrofaqlarında, Şvann hüceyrələrində və Leydiq hüceyrələrində müəyyən edilir [357]. 

Çox uzun zəncirli doymuş yağ turşularının məhz baş beyinin ağ maddəsində və 

böyrəküstü  vəzilərin  qabıq  qatında  toplanması  ətrafında  ciddi  müzakirələr  aparılmış  və 

əhəmiyyətli  nəticələr  əldə  olunmuşdur.  Peroksisom  membranının  inteqral  zülalı  olan 

adrenoleykodistrofiya  proteininin  çatışmazlığı  sinir  hüceyrələrində  (neyronlarda), 

böyrəküstü vəzinin qabıq qatının hüceyrələrində, qanın formalı elementlərindən eritrosit və 

leykositlərdə,  həmçinin  fibroblastlarda  müşahidə  edilir.  Sinir  sisteminin,  ələlxüsus  onun 

mərkəzi  şöbəsinin  ağ  maddəsindəki  və  böyrəküstü  vəzinin  qabıq  qatındakı  hüceyrələrdə 


 

zülalın  çatışmazlığına  qarşı  həssaslıq  daha  böyük  ölçüdə  olur.  Lakin  X-ilişikli 



adrenoleykodistrofiya zamanı  çox uzun  zəncirli  yağ  turşularının  toplanması ilə  əlaqədar 

olaraq  sinir  sisteminin  zədələnməsinin  dəqiq  mexanizmləri  hələlik  axıracan 

müəyyənləşdirilməmişdir və tam açılmamış olaraq qalır. Belə güman olunur ki, X-ilişikli 

adrenoleykodistrofiyanın serebral forması zamanı çox uzun zəncirli yağ turşularının beta-

oksidləşməsinin  birincili  pozulması  mərkəzi  sinir  sistemində  mielinin  strukturunun 

destabilizasiyasına və dağılmasına səbəb olur. Baş verən qüsur (mielinin destabilizasiyası 

və  dağılması)  makrofaqların  və  T-limfositlərin  mərkəzi  sinir  sisteminə  miqrasiyası  baş 

verməklə sitokin cavabının ikincili aktivasiyasına gətirib çıxarır ki, bunlar öz növbəsində 

hematoensefalik  baryerin  zədələnməsi  və  sinirlərin  aydın  ifadə  olunan  ikincili  iltihabi 

demielinizasiyası,  baş  beyinin  diffuz  mieloklastik  sklerozu  ilə  müşayiət  olunan  növbəti 

dəyişikliklərə yol açır [127; 204].  

Demielinləşməkdən  ibarət  olan  dəyişiklik  kəskin  dağınıq  ensefalomielit  və 

dağınıq skleroz zamanı müşahidə olunan autoimmun demielinləşdirici prosesləri xatırladır, 

onlara çox bənzəyir [222; 349; 365; 380].  

Anomal  strukturlu  çox  uzun  zəncirli  doymuş  yağ  turşularının  daha  böyük 

konsentrasiyada  olması  baş  beyindəki  demielinizasiya  ocaqlarına  müvafiq  gəlir  [360]. 

Beləliklə,  çox  uzun  zəncirli  doymuş  yağ  turşularının  sinir  toxumasında  toplanması 

nəticəsində  mielin  strukturunun  destabilizasiyası  və  demielinizasiya  baş  verərək  əsəb 

sisteminin fəaliyyətinin pozulmasını və müvafiq simptomların təzahürünü şərtləndirir.  

Digər tərəfdən böyrəküstü vəzilərin qabıq qatının eozinofil infiltrasiyası gedir.  

Adrenoleykodistrofiya bir nadir irsi xəstəlik olaraq nəslə ötürülmə baxımından 

X-ilişikli  resessiv  tipinə  malikdir.  Xəstəlik  məhz  həmin  tip  üzrə  irsən  ötürülür  ki,  belə 

hallarda qadınlar daşıyıcı olur, kişilər isə xəstələnir.  

Ədəbiyyatda  verilən  məlumata  görə,  ağır  kəllə-beyin  travması  təhrikedici 

əhəmiyyətə  malikdir,  çünki  adrenoleykodistrofiyaya  genetik  meylliliyi  olan  adamlarda 

onun  inkişafını  provokasiya  edə,  yəni  belə  xəstəlik  hallarını  süni  surətdə  doğura,  özünü 

göstərməsi prosesini sürətləndirə bilər. 

 

  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə