ZİYALILARIMIZIN DİNİ BAXIŞLARINDAN
ANAR:
Dinin ritual tərəflərini qəbul etmirəm, nə namaz qılıram, nə oruc tuturam, nə
məscidə gedirəm. Allah xırdaçı olmamalıdır. Məscidə getməyəni, oruc tutmayanı, namaz
qılmayanı pis müsəlman, yaxud pis dindar kimi qəbul etsəydi, onda o da bürokrat
(əstəfürüllah-red.) olardı. Allah insanı işlərinə, əməlinə, ürəyinə görə qiymətləndirir…
Əgər özünə rəva bilmədiyini başqasına rəva bilirsənsə, Allah bunu götürməz. Allaha xoş
getməyən bir iş görürsənsə, Allah bunu da düzgün qiymətləndirəcək. Mənim fəlsəfəm
budur ki, balığı at dəryaya, balıq bilməsə də, xalıq bilər. Amma əgər sən balığı dəryaya
atanda Xalıqın-Allahın bunu biləcəyini və bunun əvəzinə sənə hansısa yaxşılığı edəcəyini
düşünürsənsə, deməli sənin kiməsə xeyirxahlığın yenə də təmənnalıdır. Əsl insan elədiyi
yaxşılığın əvəzində istər bu dünyada, istərsə də o dünyada bir şey ummadan xeyirxah
olmalıdır. Bax, bu dünya görüşü daha yüksək, daha alidir…
«Nur»qəzeti noyabr-dekabr 1992
|