12
Səssizlik içində dincəlir gülşən,
Torpağı silinmiş qayğı, kədərdən.
Reyhanı yaşıldır illər uzunu,
Hər çeşid naz-nemət bürümüş onu.
Yem üçün quş gələr bu gözəl yurda,
İstəsən “quş südü” taparsan burda.
Torpağı yoğrulmuş qızıl suyundan,
Elə bil hər yanda bitmiş zəfəran.
O yaşıl yerləri dolaşıb gəzsən,
Şənlikdən başqa bir xəyal görməzsən”.
Bərdəni tərənnüm edən ulu şair bu zəngin şəhərin yerləşdiyi mə-
kanın bənzətmə və poetik ümumiləşdirmələrlə mənzərəsini yaratmışdır.
Nisbətən son dövrün mənbələrində də Bərdə haqqında məlumatlar
verilmişdir. Məsələn, Abbasqulu ağa Bakıxanov Bərdənin öz dövründəki
görkəmi və vəziyyəti haqqında qısa məlumat vermişdir.
Yusif Vəzir Çəmənzəminli qeyd etmişdir ki, “min sənə əvvəl
Bərdə bağlı-bağçalı, gözəl bir şəhər idi. Çoxlu hamamlar, karvansaralar,
bazarlar şəhəri zinətləndirirdi...”.
Qədim tarixi mənbələrin və tədqiqat əsərlərinin araşdırılması nə-
ticəsində belə bir qənaətə gəlmək olur ki, Bərdə Qafqaz Albaniyasının ge-
niş düzənlik əraziyə, əkinə yararlı torpaqlara, təbii və süni su hövzələrinə
malik olan Uti nahiyəsində, Kür çayı ilə Tərtər çayının arasında yerləş-
mişdir. İki tərəfdən çaylar, digər tərəflərdən böyük göl və ucsuz-bucaqsız
meşələr, otlaqlar, əkinlər və bağlarla əhatə olunan Bərdə Uti nahiyəsinin,
eyni zamanda Albaniyanın mərkəzində yerləşmiş, ətrafda olan həm dü-
zənlik, həm də dağlıq hissələrin təbii sərvətləri ilə əhatədə olmuş, əhali
qeyd edilən təbii şərait və sərvətlərdən bəhrələnmişdir. Ərazicə beşinci iq-
limdə yerləşən, təbii-coğrafi cəhətdən özünəməxsus müsbət xüsusiyyətlə-
rə malik olan Bərdədə müxtəlif təsərrüfat növləri inkişaf etmiş, burada sə-
nətkarlığın meydana çıxmasına zəmin yaranmış və bütün bunlar şəhərin
əmələ gəlməsi və inkişafında mühüm rol oynamışdır.
Beləliklə, əlverişli təbii şəraitə və strateji mövqeyə malik olan
Bərdə ərazisində təsərrüfatın, sənətin yüksək inkişafı zəminində şəhər
əmələ gəlmişdir. İndiki Bərdə şəhərinin şimal-qərbində yerləşən “Şortə-
pə” e.ə. III minillikdə yaşayış məskəni, e.ə. IV əsrdən etibarən şəhər ol-
muşdur.
Tarixən qədim olan hər bir şəhərin adının etimologiyası tədqiqat
obyekti kimi böyük maraq doğurur. Bu baxımdan Bərdə şəhəri də diqqəti
cəlb edən obyektdir. Bərdənin adının tarixi mənbələrdə çəkilməsi ilə əla-
qədar araşdırmalarımızı, “Bərdə” toponimi və adının etimologiyası ilə
bağlı mənbə məlumatlarını və tədqiqatçıların fikirlərini müqayisəli şəkil-
də təqdim edirik.
Fikrimizcə, özündə şəhərin tarixi keçmişini əks etdirən Bərdə adı-
13
nın zaman-zaman inkişaf və tənəzzüllə bağlı məruz qaldığı dəyişikliyi,
adın mənasını öyrənməklə tarixi adın səciyyəvi xüsusiyyətini, müasirlikdə
rolunu qiymətləndirməyin tədqiqat üçün əhəmiyyəti olacaq.
Bərdə şəhərinin adı ilə bağlı ən qədim yazılı məlumat ilk orta əsr-
lərə aid olan alban, erməni və gürcü mənbələrində saxlanmışdır.
M.Kalankatlının “Albaniya tarixi” əsərində Bərdənin (Partav) adı
daha çox çəkilir, onun tarixi coğrafiyasına, siyasi, iqtisadi, mədəni həyatı-
na dair geniş məlumatlar verilir, lakin Bərdə sözünün etimologiyası haq-
qında məlumata rast gəlinmir. Bərdənin adı ilk olaraq orta əsr gürcü mən-
bələrində qədim gürcü əfsanələri əsasında şərh edilir. Gürcü tarixçisi
Leonti Mrovelinin “Kartli çarlarının həyatı” adlı xronikasında Bardos haq-
qında söylənilən rəvayətin Bardiyaya (Bərdəyə) aid olduğu qeyd edilir.
Bərdənin adı ulu dastanımız Dədə Qorqud əsərində də çəkilir.
Doqquzuncu Oğuznamədə deyilir: “...Qorqud Begil adında bəyi razı saldı,
özü ona qılınc verdi, barmağına qolçaq taxdı, əmr etdi cəsur at gətirdilər,
onun yurtunu çıxardı və bəyi Bərdə və Gəncəyə göndərdi ki, oğuz ilini
(elini-müəllif) qorusun”.
Orta əsrlər ərəb və fars mənbələrində Bərdənin adı dəfələrlə çəki-
lir, lakin onlarda da “Bərdə” toponimi izahını tapmır. Yalnız Yaqut əl-Hə-
məvi üç yerdə “Bərdə” adlı məntəqənin olduğunu qeyd edir və “Bərdə”
toponiminin etimologiyasını açmağa səy göstərir. O, “Bərdə” sözünün
fars mənşəli “Bərdədar” olub, “əsir etmə yeri” mənası verdiyini bildirir.
Sonra şərh edir ki, hökmdarlar ətraf yerlərdən tutduqları əsirləri dustaq ki-
mi burada saxlayırdılar. Hətta bəziləri bu fikri ifratlaşdırıb yazır ki, “əya-
lətlərdən tutduqları əsirləri gətirib burada məskun edirdilər”. Əvvəla, Ya-
qut əl-Həməvidən əvvəl və sonra heç bir müəllif “Bərdə” toponimini dus-
taq saxlanılan yer kimi qeyd etmir. Eyni zamanda, Bərdənin yerləşdiyi
ərazi yalnız həbsxana üçün əlverişli yer ola bilməzdi ki, şəhərin adlandı-
rıla bilinəcək başqa əlamətlərini üstələyə bilsin. Bu da istisna deyildir ki,
qədim şəhərlərin hər birinin, o cümlədən Bərdənin dustaq saxlanılan
həbsxanası olmuşdur. Tarixən möhkəm mühafizəli həbsxanası ilə məşhur
olan şəhərlər də məlumdur, lakin “Bərdə” toponiminin etimologiyasını
bununla bağlamaq üçün əsas yoxdur.
Bərdə sözünün fars dilində olan hərfi tərcüməsi qul, kölə olsa da,
“bərdədar” bar verən, bol məhsul verən, həmçinin xeyir verən, mənfəət
verən mənasında işlədilir. Onu da qeyd etmək lazımdır ki, Bərdə sözünün
fonetik kökü “bərd” ərəbcə bir mənada daş, ikinci mənada soyuq, sərin
sözündən ibarətdir.
Orta əsr tarixçi və coğrafiyaşünası Əbd-ər-Rəşid əl-Bakuvinin
“Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərində də “Bər-
də” toponimi haqqında məlumat verilir.
Qeyd etmək lazımdır ki, adları çəkilən mənbələrdə Bərdə adının
14
etimologiyası haqqında məlumat verilməməsi müxtəlif mülahizə və fikir-
lərin meydana çıxmasına səbəb olmuşdur. Burada Bərdə adının etimologi-
yası ilə bağlı maraqlı araşdırmaların məğzini tarixi ardıcıllıqla təqdim et-
məyi məqsədəuyğun sayırıq.
Mənbələrdə qədim dövrdə şəhərin necə adlandırıldığı barədə mə-
lumat verilmir. Orta əsrlərdə isə şəhər zaman-zaman Firuzabad, Partav,
Bərdaa, nəhayət, Bərdə adlandırılmışdır. Qeyd edək ki, qonşu xalqların
dilində bu adlar müxtəlif formalarda işlədilmiş, mənbələrdə də həmin for-
mada saxlanmışdır. Məsələn: farsca Partav və Perozapat (Firuzabad), er-
məni dilində də Partav, gürcü dilində Bardos, ərəbcə Bərdaa adlandırıl-
mışdır.
Bərdənin adı və onun etimologiyasının
öyrənilməsində tarixi və
coğrafi əsərlərdən başqa özündə tarixi hadisələri, toponimləri əks etdirən
şifahi xalq yaradıcılığı nümunələri, yazılı ədəbi-bədii əsərlər və etnoqrafik
məlumatlardan da faydalanmaq mümkündür.
Nizami Gəncəvi “İsgəndərnamə” poemasında yazır:
Dostları ilə paylaş: