Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   2   3   4   5   6   7   8   9   ...   51
 
CƏMŞİD XAN NAXÇIVANSKİ 
 
O, Kəngərli nəslindən olan axırıncı generaldır. Onun general babalarının hamısı qoca 
yaşında öz əcəli ilə  vəfat edib. Tale Cəmşid xana cəmi qırx üç il ömür qismət elədi. Onun da 
iyirmi altı ilini hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu illərin haqsız 
qurbanlarından biri oldu. Günahı da bu idi ki, qardaşı Davud və Kəlbalı İranda şah qvardiyasında 
xidmət edir. Guya Cəmşid xan da başçılıq etdiyi “casus-təxribatçı dəstəsi” ilə onlarla sıx əlaqə 
saxlayır. Azərbaycanda  şura hökuməti yarananda hər iki qardaş  rəsmi  şəkildə icazə alıb  İrana 
getdilər. Tezliklə  İran ordusunda ad-san qazanıb yüksək rütbə aldılar. Lakin otuzuncu illərdə 
şahənşah Davud və  Kəlbalı qardaşlarına inamı itirdi. Səbəbi də ondan ibarət idi ki, onların 
qardaşı  Cəmşid xan Naxçıvanski Qızıl orduda briqada komandiridir. Axı vaxtilə onların ata 
babaları rus qoşunlarını Naxçıvana çağırmışdı,  İran ordusuna qarşı vuruşmuşdu. Görünür, 
şahənşaha bu məlumat da çatdırılıbmış... Ona görə  də  şahənşah onları güllələtdirir. Bu tayda, 


 
15
1938-ci ilin mayında Cəmşid xan həbs edilib güllələnəndə artıq dörd il əvvəl qardaşları İranda 
qətlə yetirilmişdi. Onda C.Naxçıvanski, Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi 
Akademiyanın ikinci kurs rəisi kimi yüksək vəzifədə işləyirdi. 
“Onun dalınca gecə  gəldilər. Axtarış aparmaq üçün şahid gərək idi. Dalandar şahidlik 
etməyə etiraz etdi: “Kim olsaydı gedərdim, bircə Naxçıvanskidən başqa. Mən onun gözünə necə 
baxaram?”. Həbs etmək barədə orderlə qara emkada gələnlərdən biri pillələri tələsik qalxdı. 
Qapını açan ev sahibəsinə hövlnak dedi: “Lap qiymətli nəyiniz varsa gizləyin”. Qızıl ordunun 
xan nəsilli briqada komandiri Cəmşid Naxçıvanski pula-mala qətiyyən tamah salmayan bir insan 
idi. 
Vidalaşarkən o, qızı Aliyənin yuxulu gözlərindən öpdü, arvadını bağrına basdı: “Özündən 
və uşaqdan muğayat ol! Mənim heç bir günahım yoxdur. Tezliklə qayıdacağam!..” - dedi. 
O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında əbədi qalsın” (Qriqori 
Akselrod “Xan nəsilli briqada komandiri”. “Nedelya” qəzeti № 17, 1988-ci il). 
O dövrdə haqsız güllələnən briqada komandiri Cəmşid xan Naxçıvanski, diviziya 
komandiri Qambay Vəzirov, komissar Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Cəlil  Əliyev, 
Seyfulla Mehdiyev, Qalib Vəkilov və Soltanhəmid Paşayevin sənədləri ilə tanış olanda, sağ 
qalan müasirlərindən general-mayor Akim Abbasovun, professor Əyyub  Əsgərovun və onların 
ailələrinin xatirələrini dinləyəndə yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu igid 
komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə inamsızlıq, səhv və büdrəmələr 
tapa bilmirsən. Bəs haqsız qan niyə axıdılıb, onların ailələri sürgünlərdə min bir əziyyəti niyə 
çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə görkəmli hərbi xadimlərimizi qanlı 
“təmizləmə” maşınında niyə məhv ediblər? Suallar, suallar... Onlara cavab tapmaq çətindir. 
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini yemək olmaz. Evləri 
uçurdular ki, xanlardan qalıb. Məscidləri bağlayıb allahsızlar ittifaqı yaratdılar. Oğulları  həbs 
edib öldürdülər ki, nəsli bəy olub, xan olub. 
Bu gün tarix bu səhvləri boynuna aldığına görə otuz-qırxıncı illər dövründə  və  əllinci 
illərin  əvvəllərində repressiya qurbanlarına bəraət verir. Onların  şərəfinə abidələr ucaldır, 
küçələrə, meydanlara onların adı verilir. Nəhayət, gənc nəsil gec də olsa görkəmli ata-babalarının 
xatirəsi önündə mənəvi borcunu yerinə yetirir. 
Heç bir “casus-təxribatçı  dəstəsi” olmayan (əslində belə bir dəstə yox idi), İrandakı 
qardaşları ilə heç vaxt məktublaşmayan Cəmşid xan da, o vaxt çox adi bir hala çevrilən müdhiş 
cəzanın qurbanı oldu. Günahı isə xan nəslindən olmağı idi. 
Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə  qızıl 
səhifələr yazmış Cəmşidi 1895-ci il avqustun iyirmi üçündə dünyaya bəxş etdi. O, yeddi yaşına 
çatanda anası  Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanovna 
Nikolayevnadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Səkkiz yaşlı  Cəmşidi rus 
ordusunun zabiti olan atası      Cəfər   xan Tiflisdəki   yunkerlər məktəbinə qoyur. Bir il sonra 
Qərbi Ukraynadakı Yelizavetqrad (İndiki Kirovqrad şəhəri - Ş.N.) qvardiya məktəbinə 
göndərilir. 1914-cü ildə podporuçik rütbəsi ilə qvardiya məktəbini bitirir. Birinci dünya 
müharibəsi başlananda imperiyanın müsəlman  əhalisindən təşkil olunmuş tatar süvari 
eskadronunun komandiri təyin olunur. 
Cəmşid Naxçıvanski hərbi məharəti ilə ilk dəfə birinci dünya müharibəsində ad-san 
qazanmışdı. O, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş. “Müqəddəs Georgi” ordeninin 
dördüncü dərəcəsi ilə  təltif olunmuşdu. Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan 
Naxçıvanski igid bir süvari zabiti kimi gümüş silahla təltif edilmiş və ikinci, üçüncü, dördüncü 
dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə mükafatlandırılmışdır. 
Cənub-qərb cəbhəsi dağıldı. Cəmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə 
doğma Azərbaycana qayıtdı. Füsunkar Qarabağın  Şuşa  şəhərində yerləşən alay daşnak tör-
töküntülərinə və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etdi. 
Azərbaycanda Aprel inqilabından bir neçə gün sonra respublika Xalq Komissarları 
Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram göndərdi. O, alay komandiri Cəmşidə 
təklif edirdi ki, dərhal Bakıya qayıtsın və milli ordu hissələrinin təşkilinə başlasın. Onun 


 
16
komandirlik etdiyi süvari polku könüllü olaraq sovet ordusu tərəfinə keçdikdən sonra Birinci 
fəhlə-kəndli polku adlandırılaraq XI Ordunun tərkibinə daxil edilir. Cəmşid Naxçıvanskinin özü 
isə ilk Azərbaycan birləşmiş komanda məktəbinin müavini, az sonra isə rəisi təyin olunur. Ordu 
komandiri kimi ilk günlərdən ləyaqətlə xidmət edən C.Naxçıvanskiyə  həmişə müsbət 
xasiyyətnamələr verilmişdir. 
İstedadlı  sərkərdənin sovet hökumətinə  sədaqət və  məhəbbəti, yüksək hərbi biliyi XI 
Ordunun komandanı Levandovski, hərbi  İnqilab  Şurasının üzvü S.Orconikidze, Azərbaycan 
hərbi-Dəniz Xalq Komissarı Əliheydər Qarayev tərəfindən yüksək qiymətləndirilmişdir.  
1921-ci il martın on dördündə ordu komandanı Levandovskinin Cəmşid Naxçıvanskiyə 
verdiyi xasiyyətnamədə oxuyuruq: 
“Korpus da daxil olmaqla bütün hissələrə operativ, taktiki cəhətdən komandanlıq etməyə 
tam layiqdir... Sakit, təmkinli, fəal və  təşəbbüskardır... Azərbaycan MİK-in və Zaqafqaziya 
MİK-nin tərkibinə seçilmişdir. Diviziya komandirliyi vəzifəsinə tam uyğundur”. 
İyirmi birinci il dekabrın on doqquzunda milli diviziya yaratmaq işindəki fəallığına görə 
Naxçıvanskiyə Azərbaycan hərbi Dəniz Xalq Komissarlığı təşəkkür elan etmiş və mükafat olaraq 
ona gümüş  dəstəkli qılınc hədiyyə verilmişdi. O, yeni yaradılan Azərbaycan dağ-atıcı 
diviziyasına komandir təyin olundu. 
General-mayor Akim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu diviziyada 
xidmət edib. 
- Cəmşid Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması, səliqəylə yana 
ayrılıb daranmış qara saçları  və qalın qaşları altında açıq, aydın baxışları indi də gözümün 
önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə  məxsus dəyanəti ilə müasirlərindən seçilirdi. Biz-
Cəmşid Naxçıvanskinin diviziyasında xidmət edənlər, ondan hərbi peşənin sirlərini öyrənmiş 
komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün də keçmiş  ənənələrə görə onu “Xan 
Naxçıvanski”, döyüş  təxəllüsünə görə  “Şamo” deyə yad edirik. Xanlar rayonu ərazisindən iki 
kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və  qızıl  əsgərlər, həmçinin yerli sakinlər 
komandirimizə ehtiram əlaməti olaraq “Xan Naxçıvanski dağı” adlandırırdıq. Cəmşid komandir 
məntəqəsini bu dağda qurmuşdu. Buranın relyefi elədir ki, həmin dağdan  ətrafın geniş  ərazisi, 
Azərbaycan diviziyasının təlim meydançaları aydın görünürdü. 
Cəmşid Naxçıvanski hərtərəfli hərbi mütəxəssis idi. O, siyasi cəhətdən hazırlıqlı  və 
inqilab işinə sədaqətli zabit idi.  
Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə  hərbi  İnqilab  Şurasının  əmri ilə 
Cəmşid Qızıl Ordunun ali komanda heyəti kursuna dinləyici qəbul olunur. Bu kursu 
müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931-ci ildən M.V.Frunze adına hərbi Akademiyanın 
xüsusi qrupunda təhsilini davam etdirir. Buranıda fərqlənmə diplomu ilə başa vuran Cəmşid 
Naxçıvanski xalq müdafiə komissarının əmri ilə müəllim saxlanılır. 
Həmin dövrdə C.Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq: 
“C.Naxçıvanskiyə  əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın. O, hər 
cəhətdən inkişaf etmişdir. Cəmşid Naxçıvanski hərbi təlimlərdə, operativ taktiki əməliyyatlarda 
özünü bacarıqlı sərkərdə kimi göstərmişdir. C.Naxçıvanskidən korpus komandiri kimi də istifadə 
etmək olar... O, təmkinli, sakit təbiətlidir, tükənməz enerjiyə malikdir, təşəbbüskardır, gözəl 
inzibatçıdır, yaxşı təşkilatçılıq qabiliyyəti vardır...”. 
Bu da hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttifaqı marşalı Boris 
Şapoşnikovun həmin attestasiyanın təsdiqi barədə rəyi:  
“Cəmşid  Naxçıvanskinin  attestasiyası ilə razıyam,  atıcı diviziyasının komandiri 
vəzifəsinə münasibdir”. 
Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid orduda bu qoşun növünə vətəndaş 
müharibəsinin təəssüratı ilə həddən artıq qızğın münasibət bəsləyənlərin birinci olaraq əleyhinə 
çıxanlardan idi. O, Akademiyanın dinləyicilərini köhnəlmiş  şablonlardan tezliklə azad olmağa 
çağırırdı; sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi üstünlük təşkil edəcək; 
döyüş meydanlarında o kəs qalib gələcək ki, müxtəlif qoşun növlərinin qarşılıqlı  fəaliyyətini 


 
17
təmin edə biləcək, döyüşün idarə olunmasına yaradıcı  şəkildə yanaşmağı öyrənəcək. Toxum 
münbit zəminə düşmüşdü. Lakin bu toxumun cücərməsi...”
5
 
Bəli, nadanlar, şər və iftira düşkünləri bu toxumun cücərməsinə imkan vermədilər. Onun 
tərbiyə edib yetişdirdiyi müdavimləri S.Biryuzov, A.A.Qreçko, P.F.Batisti marşal rütbəsinə 
çatdılar. Özü isə günahsız məhv edildi. Onun fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə 
tanış olandan sonra Cəmşid Naxçıvanskinin “xalq düşməni” çıxmasına inanmaq çox çətindir. Bu 
ağa qara demək kimi bir yalandır. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar. Lakin 
o, istintaqda heç bir yalanı boynuna almayıb. Özünün günahsız dostlarını satmayıb, nə xalqının, 
nə də nüfuzlu nəslinin adını ləkələməyib. 
İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında ürək dolusu 
danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə  məlumat vermək üçün imkan 
yarandı. İndi onun adına Bakıda ixtisaslaşdırılmış internat məktəb və küçə var. Boya-başa çatdığı 
Naxçıvanda isə ev muzeyi açılmışdır. 
Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Əyyub Əsgərov 
vaxtilə yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının sıralarında zabit kimi xidmət edib. 
 O, istedadlı sərkərdə Cəmşid Naxçıvanskinin son günlərinin şahidi olub: 
1937-ci ilin payızında Leninqradda keçirdiyim məzuniyyətdən geri qayıdırdım. 
Moskvada hərbi kursda oxuyan yoldaşlarımla görüşmək uçün Frunze adına akademiyaya getdim. 
Yaxın dostum və akademiyanın müdavimi Hacıbaba Zeynalovun qonağı oldum. Həmyerlilərimiz 
Cəlil  Əliyev,  Əhmədəli  Əliyev, Bəhram  Şıxıyev, Fərhad  Şahbazov və başqaları ilə  də burada 
görüşdüm. 
Bir gün Hacıbaba Zeynalovun otağında şama toplaşmışdıq. Bu vaxt C.Naxçıvanski otağa 
girdi. Biz hamımız ayağa qalxıb ehtiramla, rəsmi təzim edərək onu salamladıq. Görkəmli 
sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü.   Üz-gözündə    xoş təbəssum cilvələnirdi... O, 77-
ci Azərbaycan atıcı diviziyasında xidmət etdiyimi bildikdə mənimlə söhbətə başladı. Azərbaycan 
xalqının həyatı ilə yaxından maraqlandı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi 
uğurlar barədə yeni məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin müdafiə 
qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq, yüksək bilikli kadrların 
hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib olduğunu    bildirdi. Sonra: Oğul, 
bizim xalqımıza yaxşı hazırlıqlı   kadrlar   lazımdır, - dedi. Gedərkən hamıya müraciət edərək: - 
Bu ali hərbi məktəb-akademiya  əsl siz gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim 
nümayəndələrimiz burada çox azdır. Üzünü mənə döndərib: - Çalışın, qoçaq olun, mən elə sizi    
də    burada görmək istərdim, - deyib xoş arzularla bizdən ayrıldı. 
  

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin