Nizami divanı Nizami divanı qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olmuşdur ki, onların bir
hissəsi itmiş, əlimizə gəlib çatmamışdır. Digər tərəfdən başqa «Nizami» təxəllüslü
şairlərin yazdıqları ilə qarışdırılmışdır. Bunlardan Nizami Təbrizi, Nizami Əstərabadi və
Səfəvi dövrü Nizamiləridir ki, müəyyən dövrlərdə yaşamışlar. Nizami şeirlərinin bəzi
nüsxələri Mançestr, Oksford, Kəlküttə və Rampurda mövcuddur. Bu barədə V.Dəstgerdi
məlumat vermişdir. S.Nəfisi də 1928-ci ildə buna işarə etmişdir. Məhəmməd Əvfi Sahib
isə 625-ci ildə yəni Nizaminin vəfatından azca sonra onun divanından söz açmış və bəzi
nümunələri göstərmişdir.
Səbəbsiz deyil ki, Nizami hələ sağlığında «həkim» adına layiq görülmüş, «şeyx»
mərtəbəsinə qədər yüksəlmişdir. Səbəb odur ki, o bütün elmlərə vaqif olmuşdur.
Xüsusilə o dövr üçün qapalı sayılan astronomiya elmində çox yeniliklər etmiş, onun
dəqiq açıqlamasını göstərə bilmişdir. Əlavə olaraq türk, kürd, ərəb, fars və yunan
dillərini yaxşı bildiyi üçün «İskəndərnamə» kimi bir əsəri yazıb meydana gətirmişdir.
Nizami özündən sonra əbədi və ədəbi bir məktəb qoyub getmişdir. Ondan nə qədər
bəhrələnsək də bitən-tükənən deyil. Bunu Nizamidən sonra gələn şairlər etiraf etmiş və
ondan faydalandıqlarını vurğulamışlar. Təsvir Nizamidə o qədər güclü olmuş ki, onu
indi də təsəvvür etmək mümkün deyil. Nizami dilindəki sinonim, omonim və antonimlər
o qədər ustalıqla verilmiş ki, insan istər-istəməz heyran olub mat qalır.
Bir sözlə Nizami, allah-təalanın bəşəriyyətə bəxş etdiyi çox nadir insanlardan
biridir ki, heç bənzəri yoxdur. Həqiqətən də onu oxuyub araşdırdıqca özün də heyran
olub düşünürsən ki, bu qədər fitri istedad sahibi olmaq üçün gərək allahın nəzəri daima
üzərində ola.