Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
31
3. Ağzın yarımaçılmış vəziyyətində dilin ucu ilə yanaqlara toxunma hərəkəti. Dilin sola hərəkəti
zamanı qaşıq yerini dəyişərsə, onun dilaltı kənarının sağ tərəfi və əksinə, orta xəttdən 1 sm məsafədə
qısaldılır.
4. Dilin burnun ucuna doğru hərəkəti. Qaşıq yerini dəyişərsə, dil yüyəni nahiyəsində qaşığın orta
hissəsi korreksiya olunur.
5. Dodaqların önə dartılması. Bu hərəkət zamanı qaşıq yerini dəyişərsə, köpək dişləri arasındakı
nahiyə bir daha qısaldılır.
Yuxarı çənədə fərdi qaşıq vestibulyar tərəfdən neytral zonada yerləşməli, damaqda kor dəliyi 1-2
mm örtməlidir. Sonra pasiyentə müxtəlif funksional hərəkətlər etmək təklif olunur. Bu zaman qaşıq
yerini dəyişməməlidir, əks halda bəzi zonalarda qısaldılır. Qeyd etmək lazımdır ki, Herbstin
metodikasında bəzi əksliklər var. O, aşağı çənədə geniş sərhədli protez hazırlamağı və eyni zamanda
qaşıq yerini dəyişməyənə qədər yoxlanmasını təklif edir. Belə yoxlamadan sonra qaşıq geniş deyil,
əksinə daralmış sərhədli alınır.
Funksional nümunələr böyük əhəmiyyətə malikdir, lakin qaşığın kənarı kiçildiyinə görə Herbst
təklif etdiyi kimi hazırlanması məqsədəuyğundur.
Fərdi qaşıq müxtəlif materiallarla və üsullarla hazırlanır. Əvvəlcə anatomik ölçü alınıb, gips
model tökülür. Gələcək fərdi qaşığın sərhədləri qeyd olunur. Mum lövhə qızdırılıb modelə sıxılır,
artıqları sərhədlərə uyğun kəsilir. Qaşığın üzərində onun səthinə perpendikulyar olaraq qulp düzəldilir.
Aşağı çənədə alveol çıxıntı və protez yatağı çox atrofiyalaşmışdırsa, qaşığın qulpu premolyarlara qədər
uzadılır ki, əllə saxlandıqda ölçünün kənarları əyilməsin. Fərdi qaşığın mum forması modellə birlikdə
əks üsulla küvetə gipslənib plastmasla əvəz olunur.
Fərdi qaşıq birmomentli standart plastmas lövhəciklərdən (AKR-P) hazırlana bilər. Bu zaman
plastik lövhəcik qaynar suda və ya od üzərində yumşaldılır və modelə sıxılır. Plastmasın artıqları qayçı
ilə kəsilir. İşin asanlaşdırılması üçün vakuum qurğuşunda ştamplama üsulu ilə də qaşıq hazırlamaq olar
(AKR-P, polistirol, polikarbonat).
Fərdi qaşığın özübərkiyən plastmasla (karboplast, protakril, redont) hazırlanması plastmas
xəmirinin qatılmasından, lazımi qalınlıqda və formada lövhələrin formalaşdırılmasından və gips
modelə sıxılmasından ibarətdir. Plastmasın polimerləşməsindən sonra (10-15 dəq) qaşıq modeldən
çıxarılır, sərhədlərinə riayət olunmaqla karborund başlıq və frezlərlə işlənir. Qaşığın kənarının qalınlığı
1,5 mm-dən az olmamalıdır, çünki çox nazik olduqda ölçüyə lazımi həcmi vermək olmur.
Aşağı çənə modeli (və ya anatomik ölçü) üzərində ağzın yarımaçılmış vəziyyətində sakitlik
halında keçid büküşünün sərhədlərinə uyğun fərdi qaşıq sərhədləri qeyd olunur. Lakin bir neçə
funksional sınaqla funksional ölçü almaq daha məqsədəuyğundur.
Funksional ölçü fərdi qaşığın köməyilə alınıb kənarları xüsusi funksional sınaqların köməyilə
formalaşdırılan ölçüyə deyilir.
Qaşıq hazırlanandan sonrakı mərhələ onun ağız boşluğuna yerləşdirilməsidir.
Yuxarı dişsiz çənədə qaşıq aşağıdakı plan üzrə oturdulur: dodaq yüyəni, yan dartılar azad edilir,
qaşığın kənarı boyu onlar üçün yer hazırlanır. Sonra alveol qabarları arxasında sərhəd yoxlanır, bu
zaman qaşıq yuxarı çənə qanadvari büküşünü örtməməlidir. Eyni zamanda A xətti qeyd olunur, kor
dəliklərin yeri təyin olunur. Kimyəvi karandaşla işarələnir və izinin çıxacağı qaşıq qoyulur. Yuxarı
çənə qaşıq sərhədlərinin dəqiqləşdirilməsində Herbst sınağı az hallarda tətbiq olunur.
Yuxarı çənə qaşığının ağız boşluğunda yoxlanması zamanı bazisin vestibulyar tərəfdən yumşaq
selikli qişanı bir qədər sıxaraq keçid büküşündən 1-2 mm aşağı keçib hərəkətli selikli qişa ilə
kontaktda olması və əyilmiş vestibulyar səthi nəzərə alınmalıdır. Protez kənarının belə konfiqurasiyası
zamanı o, yanağa kip söykənir, protez altına havanın keçməsinin qarşısı alındığı üçün yaxşı fiksasiya
yaranır.
Protezin fiksasiyası üçün A xətti boyunca ölçünün vəziyyəti mühüm əhəmiyyət daşıyır. Ölçü bu
yerdə yumşaq damağa 1-2 mm keçərək bitməlidir. Ölçünün götürülməsi zamanı protezin altına hava
dolmaması üçün yumşaq damağı sıxmaq üçün qaşığın damaq kənarına termoplastik kütlə və ya eni 4-5
mm və qalınlığı 2-3 mm–lik zolağı qoyulur. Bu zaman alveol qabarları sərbəst qalmalıdır. Sonra qaşıq
ağıza daxil edilir və ağızın yarımqapalı halında damağa sıxılır. Kütlə bərkidikdə qaşıq ağız
boşluğundan çıxarılır.
|