FƏSİL V. EKOLOJİ TƏSƏRRÜFATÇILIQ ŞƏRAİTİNDƏ TORPAQ İSTİFADƏÇİLİYİNİN ELMİ PRİNSİPLƏRİ VƏ MÜNBİTLİK AMİLLƏRİNİN İDARƏ OLUNMASI
Bitkinin normal inkişafı və məhsul istehsalı üçün əsas əhəmiyyət kəsb edən və
idarə olunan amillərin əksəriyyəti torpaqla bağlıdır. Torpaq münbitliyini yüksəltmək
məqsədilə kompleks aqrotexniki və digər tədbirlər tətbiq etməklə biz bitki həyatı
üçün labüd olan mühitin amillərini optimallaşdırmağa səy göstəririk. Torpağın
münbitlik amillərinin fiziki mahiyyətini və ekoloji əhəmiyyətini dərk etmədən isə
həmin vəzifənin öhdəsindən gəlmək çox çətindir. Bu, torpaqşünaslığın və əkinçiliyin
obyektiv qanunlarının xarakteri ilə bağlı olan məsələdir.
Əgər intensiv əkinçilik şəraitində torpağın münbitlik xassələrinin pisləşməsi baş
verirsə, bu halı məhsuldarlığın artması ilə deyil, təbiətin obyektik qanunlarının
pozulması ilə izah etmək olar. Təbiətin obyektiv qanunları heç vaxt onu pozanlar
üçün güzəşt etmir və bu qanunlar üçün subyektivlik qəbulolunmazdır.
Ona görə də əkinçilik praktikasında qarşıya qoyulan məqsədə nail olmaq üçün
həyata keçirilən hər bir tədbir təbiətlə harmoniya təşkil etməlidir. Müasir elm və
ekoloji təsərrüfatçılıq praktikası torpaq münbitliyinin qorunması və artırılması,
məhsuldarlığın yüksəldilməsi üçün çox etibarlı üsullar işləyib hazırlamışdır. Bu
üsulları mahiyyəti baxımından dörd növə bölmək olar:
fiziki (torpağın düzgün becərilməsi sistemi, eroziya ilə mübarizə və s.)
aqrokimyəvi və biokimyəvi (əsas məqsəd əkinçilikdə maddələr dövranının
yaxşılaşdırılmasıdır)
meliorativ (arid əkinçilik zonalarında torpağın aqronomik xassələrinin yaxşı-
laşdırılması və aqromeşəmeliorativ işlərinin yerinə yetirilməsi məqsədini
daşıyır)
bioloji (təbii şəraitə görə kənd təsərrüfatı bitkilərinin düzgün seçilməsi, səmə-
rəli əkinçilik strukturunun yaradılması, növbəli əkinçiliyin təşkili, kənd təsər-
rüfatı bitkilərinin seleksiyası və toxumçuluq işinin təşkili, mədəni biçənək və
otlaqların təşkili və s.)
Hər hansı torpaq-iqlim qurşağında bu tədbirlərin yerli şəraitin xüsusiyyətləri
nəzərə alınmaqla tətbiqi ekoloji təsərrüfatçılıq şəraitində torpaq istifadəçiliyinin əsas
prinsipləri kimi qəbul olunmalıdır.