Baxışın keçirilmə texnikası Tüstü körüyü hazırlanır, üz toru taxılır, arı ailəsinə baxarkən pətəyin qabağında
deyil, yan tərəfində arxa günəşə tərəf durub işləmək lazımdır. Əvvəlcə pətəyin
qapağı götürülüb arxa tərəfdən pətəyə söykədilir. Sonra üst döşəkçə götürülüb
qapağın üstünə qoyulur, çərçivələrin üzərinə sərilmiş parça qaldırılır, pətəyin
içərisinə tüstü verilib üstdəki arılar yuvanın içərisinə qovulur. Yuvaya baxarkən
bütün çərçivələrin üstünü birdən açmaq lazım deyil. Əvvəlcə 2-3 çərçivənin üstü
açılır, çıxarılıb baxdıqdan sonra yerinə qoyulur, üstü örtülərək sonrakılara baxılır.
Çərçivəni pətəyin üstündə dik tutmaq lazımdır ki, tökülən arılar pətəyə düşsün.