179
İRANDA TƏKLƏNƏN GÜNEY…
Bir neçə gün öncə Güney Azərbaycanda baş verən zəlzələ ürəyimizi
parçaladı, könlümüzü çalxaladı, hisslərimizi dilə gətirdi. Deyirlər ki, yurd
istəyi, Vətən təəssübkeşliyi, milli duyğular bütün düşüncələrdən yüksəkdə
durur. Bu hissi, bu duyğunu heç bir istəklə əvəz etmək olmur. Ən əziz
adamlarını müəyyən müddətdən sonra məzar evinə yollayırsan. Və bir
də onların üzünü görmürsən. Yalnız onlardan şirin-acı xatirələr, şəkillər,
varsa videoyazılar qalır. Bir də soyuq bir məzar, bomboz daşlardan sənə
baxan donmuş baxışlar, donmuş üzlər… Yəni biz hamımız vaxtımız çatan-
da ora köçürük... amma yeganə təsəllimiz, bizi qoynuna alan torpaq olur.
Biz qoynunda doğulub boya-başa çatdığımız eli, yurdu, ocağı o tayı, bu
tayı ilə geniş məfhumda Vətən, kiçik məfhumda isə oba, kənd, qəsəbə,
şəhər adlandırırıq. Vətənə isə əzizləyə-əzizləyə ana Vətən deyirik, çünki
o bizim ağlımızın, duyğumuzun sultanı, şahıdır. Elə bu ana Vətənimizin
bir hissəsi də iki əsrdən yuxarıdır ki, bizdən ayrı düşmüş, yarı hissəmiz
olan Güneydir. Güney o üzdən bizim ürəyimizə, hisslərimizə hopub.
Adam bədənin hansısa üzvünü itirəndə necə ağrıyırsa, biz də Güney üçün
elə ağrıyırıq. Bu ağrı ədəbiyyatımızda boy göstərən nəsrdən, nəzmdən
boylanır. Bütün fəryadlarıyla, ağrılarıyla, yanğılarıyla. Dəyərli müğənimiz
Yaqub Zurufçu “Ayrılıq” mahnısını oxuyandan sonra bir daha oxumasaydı
da, o bizim ürəyimizdə Vətən harayını səsinin tellərində fəryada çevirən
Yaqub Zurufçu kimi qalacaqdı. Bilirsiz niyə, çünki o, ikiyüzillik ayrılıq
fəryadıyla aramızda tikanlı çəpərə çevrilmiş sərhəd dirəklərini dağıtdı…
çünki onun səsinin harayı heç vaxt qulaqlarımdan getmir. BU BİR FƏRYAD
İDİ, BU BİR TİTRƏYİŞ İDİ… Bütöv Azərbaycanın fəryadı, titrəyişi…
hətta mərhum Rübabə Muradaova yanğısından da Böyük yanğı idi Yaqub
Zurufçunun yanğısı… Bu səs otaylı-butaylı Azərbaycanın faciəvi çağırışı,
naləsi idi… Bu səs Gülüstan, Türkmənçay sülh-işğal müqavilələrinə eti-
raz idi, dəhşətli etiraz… çünki bu İran İmperiyası ilə Rus İmperiyasına
sərt mesaj idi… Düzdü, bu mesajdan sonra Rus İmperiyası qismən də olsa
dağıldı… amma İran isə laxlayır, özü də onu kənar yox, özü laxladır…
etdiyi uşaq kimi şıltaqlıqları ilə, caynağı altına almış Güneyimizin haqqını
tapdalaması ilə…
Düzdü, bizim Gürcüstan ərazisində də ellərimiz var, amma biz ora
gedib-gəlirik, ora gediş-gəlişimizə Gürcü hakimiyyəti qısqanclıqla baxmır,
180
məhz dərk edir ki, əti sümükdən ayırmaq olmaz. Biz Dərbəndə də gedib-
gələ bilirik və bu gediş-gəlişə heç də qısqanclıqla yanaşmırlar. İstəsələr
də, istəməsələr də bilirlər ki, Dərbənd Azərbaycan şəhəridir, hətta başqa
ölkənin tabeliyində olsa belə… amma di gəl Güney bir çöp kimi İran
başbilənlərinin boğazında qalıb. Beləliklə, gah ora gedən şairlərimizi tutub
saxlayırlar, gah da mərhum yazıçı Rafiq Tağının ölümündə əli olduqlarını açıq-
aşkar büruzə verirlər. Daha düşünmürlər ki, bir azca çeçəsələr, Güney onların
boğazından qopub düşəcək yerə və öz özgürlüyünə, istiqlalına qovuşacaq…
necə ki insanın əcəli çatır, imperiyaların da elə əcəli çatır. Bir də görürsən ki,
heç nədən bir büllur qab təki paramparça olub töküldülər yerə…
İndi qayıdaq zəlzələnin üstünə… Bizim yaşadığımız ərazilər, İran,
Türkiyə də daxil olmaqla zəlzələ zonasıdı, çünki bu ərazilərdəki dağlar
biz ulu dağlar desək də, geofiziki baxımdan cavan dağlardır. Hələ çox-çox
əsrlər bu ərazilərdə zəlzələ təhlükəsi labüddür. Təəccüb doğuran cəhət odur
ki, deyilənlərə görə İran zəlzələ zonasına gələcək yardımların qarşısını
kəsdi, Rusiyanın, Amerikanın kömək təkliflərini qəbul etmədi. Türkiyənin
yardımlarını sərhəddən geri qaytardı. Özü isə vaxtında soydaşlarımızın
harayına yetmədi və harayına yetmək istəyənlərə yox deməklə arxa çevir-
di. Elə yaxşı ki, şükür Allaha, bizim yardımımızı qəbul etdi. Necə deyərlər,
buna da şükür…
Görəsən, öz tabeliyində olan vətəndaşlarına qarşı belə mövqe tutmaq
hansı şaha, hökmdara, indiki dillə desək prezidentə xeyir gətirib?! Bu
zəlzələdir, bu minlərlə insanın faciəsi, göz yaşı, bədbəxtliyi deməkdir.
Biz hələ dinlə də İrana qardaşıq, özü də İslam ölkəsi, bəs görəsən, islamın
hansı dəyərlərinə tapınır ordakı başbilənlər ki, ikigünlük matəmi yalnız
Güney ərazisində edir? Bəlkə Güney doğrudan da İrana lazım deyil. Bütün
yer üzündə nə qədər imperiyalar, müstəbidlər varsa başa düşməlidirlər ki,
bu orta əsrlər deyil. Bu sürət, internet əsridir, yəni atalar demişkən: “Cidanı
çuvalda gizlətmək olmaz”. Kim nə edirsə hər an bütün dünya xəbərdar
olur. Sözümün canı ondadır ki, İran öz vətəndaşları arasında ayrı-seçkilik
salmamalıdır, bu onun xeyrinə deyil, digər atalar məsəlində deyilir ki,
“Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Əlqərəz, uzun sözün qısası,
güneyli bacı və qardaşlarımızın ağrı-acıları, fəlakətləri bizi yandırır, yan-
an yerdən od çıxar deyiblər atalarımız… Bu odu alışdıran kibrit isə İran
mollalarının öz əlindədir. Nə qədər gec alışdırsalar bu onların özlərinin
xeyrinədir. Öz xeyrindən qaçanlara isə heç kim ağıllı deməz. Yazımın so-
181
nunda güneyli bacı və qardaşlarıma demək istəyirəm ki, keçmiş olsun,
Allah uçuqlar altında qalıb həlak olanlarımıza qəni-qəni rəhmət etsin.
Qalanlarımıza səbir versin.
Pullu insanlarımıza kiçik bir diləkçə ünvanlayıram: Əziz, şərafətli,
mərhəmətli, imkanlı Vətən əhli, mərhum prezidentimiz Heydər Əliyev
– sizin bugünkü gününüzün səbəbkarı, ərz etmişdi ki, azərbaycanlılar
dünyanın harasında olursa olsun, bizim vətəndaşlardı, onların ağrısı bi-
zim ağrımız, sevinci bizim sevincimizdi. İndi siz müqəddəs Ramazan
günlərində mərhəmət əhli olun, varınızdan az bir qismini bu insanların
yardımına ayırın, çünki Güneyli bacı-qardaşlarımızı bizimlə tikanlı sər-
həd dirəkləri ayırır, amma ürəklərimizdə o sərhəd dirəkləri yoxdur.
Ürəklərimizin dünyası sərhədsizdi, məhz həmin dünyada bizim güneyli
bacı-qardaşlarımız da var, çünki onlar ürəyimizin bir parçasıdır! Onların
xaraba qalmış kənd və qəsəbələri, sınmış ürəkləri yardıma möhtacdı. Allah
heç bir bəndəsini belə fəlakətlə imtahana çəkməsin. Allah eşqinə yardıma
tələsin…
Yazımın sonunda o taya səslənirəm: Başın sağ olsun, Güney! Başın sağ
olsun, Vətən! Başın sağ olsun, yaralı Azərbaycan!!! Gün o gün olsun ki,
torpaqlarının birliyini görəsən… Amin… Amin… Amin!!!
17.08.2012
Dostları ilə paylaş: |