Azərbaycan.- 2008.- 11 aprel.- S. 3.
Brüsseldə ümummilli lider Heydər Əliyevin 85
illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib
Belçika-Azərbaycan Evi və "Euro Xəbər" qəzeti
ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə
Brüsseldə poçt markaları çap etdirmişdir.
Belçikada dövriyyəyə buraxılmış markaların birinin üzərində
Azərbaycanın Dövlət bayrağının fonunda ümummilli lider Heydər
Əliyevin şəkli verilmiş, "1923-2008" və "85 Year" (85 il) sözləri,
digərinin üzərində isə ulu öndərin və onun siyasi xəttinin layiqli
davamçısı Prezident İlham Əliyevin şəkilləri və "85 Year" sözləri
çap olunmuşdur.
Bu markalardan dünyanın bütün ölkələrinə göndərilən
məktublarda istifadə oluna bilər.
Qeyd edək ki, 2004-cü ildə də Belçika-Azərbaycan Evi üzərində
ümummilli liderimizin və Azərbaycan Prezidenti İlham Əliyevin
şəkilləri olan poçt markaları çap edərək dövriyyəyə buraxmışdı.
Bu poçt markaları əhali arasında məmnunluqla qarşılanmış və
geniş istifadə edilmişdir.
Belçika-Azərbaycan Evindən bildirmişlər ki, markaların
Avropanın mərkəzi hesab edilən Brüsseldə çap olunması
avropalıların Azərbaycanı yaxından tanıması istiqamətində yeni
bir addım olacaqdır. Markaların Belçika Poçt İdarəsi tərəfindən
təsdiqi isə onların dünyanın istənilən ölkəsinə göndərilməsinə
imkan yaratmışdır.
Yeni poçt markalarını Belçika-Azərbaycan Evinin Bakı
ofisindən əldə etmək olar.
Azərbaycan.- 2008.- 26 aprel.- S. 3.
İnformasiya kommunikasiya texnologiyalarının
inkişafında Heydər Əliyev siyasətinin rolu
Aprelin 24-də Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin Baki Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB)
müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan
olmasının 85-cü ildönümü geniş qeyd olunmuşdur.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini
İltimas Məmmədov, Milli Məclisin deputatı Siyavuş Novruzov,
BTRİB-in baş direktoru Beytulla Hüseynov və digər natiqlər
parlaq və təkrarsız şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin
qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, xalqımız
qarşısında misilsiz xidmətlərindən danışmışlar.
Qeyd olunmuşdur ki, ümummilli lider informasiya-
kommunikasiya texnologiyalarının əhəmiyyətini daim yüksək
qiymətləndirmiş, bu sahədə inkişafa nail olmaq üçün ardıcıl səylər
göstərmişdir. Azərbaycanda mobil rabitənin bugünkü yüksək
inkişaf səviyyəsi də məhz Heydər Əliyevin səylərinin bəhrəsidir.
1994-cü ildə "Bakcell", 1996-cı ildə "Azercell" birgə
müəssisələrinin yaradılması Azərbaycanda mobil rabitənin
inkişafının əsasını qoymuşdur.
lkənin rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də
ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanda
radio-televiziya yayımının dünya standartlarına uyğun təşkili
istiqamətində lazım olan bütün tədbirləri görmüşdür. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş işlər bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir,
informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün
məqsədyönlü addımlar atılır.
Tədbirdə birliyin bir sıra əməkdaşına Yeni Azərbaycan
Partiyasına üzvlük vəsiqəsi verilmişdir.
Azərbaycan.- 2008.- 25 aprel.- S. 5.
Əfəndiyev T.
Ürəklərdə ucalan abidə
Müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər
Əliyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi ünvan tapıb.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
mədəniyyətin, milli-mənəvi dəyərlərin himayədarı olmuşdur.
Heydər Əliyevin mənəvi dəyərlərin qorunmasında Azərbaycan
tarixinin unudulmayacaq səhifələrini yazan şəxsiyyətlərin
qiymətləndirilib üzə çıxarılması istiqamətində göstərdiyi ardıcıl
fəaliyyət misilsizdir. Heydər Əliyevin mədəniyyətə, incəsənətə,
eləcə də bu sahədə çalışan insanların dəyərləndirilməsinə
göstərdiyi diqqət əbədi bir proqramdır. Bu proqramın maddələri,
bölümləri elə zəngindir ki, ondan istifadə etdikcə tükənmir,
əksinə, daha geniş fəaliyyət üçün yeni imkanlar açır.
1969-cu ildən - ölkəyə rəhbərlik missiyasını yerinə
yetirdiyi vaxtdan etibarən Azərbaycan xalqı Heydər Əliyevin
simasında əsl liderini tapdı. Ulu öndərin elə həmin ildə
Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 70
illiyinin keçirilməsinə təşəbbüs göstərməsi, az sonra ədibin
yubileyinin Moskvada İttifaqlar evinin Sütunlu salonunda təşkil
olunması çox mətləblərdən xəbər verir. Bu, faktdır ki, Heydər
Əliyevin respublikaya rəhbərliyə başlaması ilə bərabər
Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələsinin əsası
qoyuldu. Təsadüfi deyil ki, tədqiqatçılar ötən əsrin 70-ci illərini
"Azərbaycan mədəniyyətinin intibah dövrü" adlandırıblar. Həmin
intibahı şərtləndirən yüzlərlə fakt var ki, onların əsl yaradıcısı,
təşəbbüskarı, xeyir-dua verəni məhz Heydər Əliyev olub.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal
Atatürkün bir kəlamı var: "Xalqa əfəndilik etmək yoxdur, xalqa
xidmət etmək vardır, kim xalqa xidmət edə bilirsə, yalnız o, xalqa
əfəndilik edə bilər". Bu kəlmələrin mahiyyətinə diqqət yetirilsə,
onu məhz ümummilli lider Heydər Əliyevin fəaliyyətinə aid
etmək olar. Bu da səbəbsiz deyildi. Bütün xarici ölkə siyasətçiləri
dəfələrlə söyləyiblər ki, Heydər Əliyev qədər öz vətənini - doğma
Azərbaycanı sevən ikinci bir liderə rast gəlinməyib. Buna görə də
xalqın ürəyində Heydər Əliyevin abidəsi əbədi ucalmışdır.
Könüllərdə öz abidəsinə əbədi yer almış Heydər Əliyev bu
məhəbbəti qazanmamışdan öncə Azərbaycanın çox məşhur
simalarının, tarixi şəxsiyyətlərinin, ədib və şairlərinin həm
heykəllərinin ucalmasına, həm də ev-muzeylərinin yaradılmasına,
yubileylərinin keçirilməsinə, kitablarının nəşrinə şərait yaratdı.
1974-cü ildə Azərbaycan teatrının yüz illik yubileyi ilə
əlaqədar Heydər Əliyevin geniş məruzəsi böyük əks-səda
doğurdu. Azərbaycan teatrının bir əsrlik inkişaf yolu haqqında ulu
öndər elə müəkəmməl, səriştəli və parlaq məruzə etdi ki,
teatrşünaslar da, ömrünü-gününü bu sahəyə bağlamış sənətkarlar
da, tamaşaçılar da, qonaqlar da heyrət içində qaldılar. Heydər
Əliyev adi məruzəçi deyildi. Əsl teatrşünas, sənət bilicisi kimi
danışırdı. Həm tarixin müəyyən məqamlarına toxunurdu, həm
günün nailiyyətlərindən söz açırdı, həm də tərəqqiyə nail
olmaqdan ötrü mədəniyyət xadimlərinin qarşısında yeni tələblər
qoyurdu. Təsadüfi deyildi ki, biz həmin məruzədən bu günə kimi
universitetimizdə dərslik vəsaiti kimi istifadə edirik. O ildən üzü
bəri onlarla tədqiqat əsəri yaranıb, dərsliklər meydana çıxıb.
Amma heç birində problemlər ulu öndərin həmin məruzədə
toxunduğu kimi mükəmməl şərh edilməyib. Heydər Əliyev
deyirdi: "Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov,
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə ilk dərin şırım açaraq
Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cücərtiləriniE
şiddətli qasırğalardan hifz edib qorumuşdular. Azərbaycan
teatrının beşiyi başında dayanan bu mütəfəkkirlər sənət, xalq
naminə mərdlik, cəsarət, hünər və rəşadət göstərmişlər".
Dramaturqların, rejissor və aktyorların qarşısında mühüm
vəzifələr qoyan ulu öndər teatr sənətinin estetik təsir gücündən,
səviyyəsindən məzmunlu söz açaraq bildirirdi: "Teatr dərin
düşüncələr, böyük hisslər, güclü dramatik vəziyyətlər
yaratmalıdır. Əgər teatrımızın tarixinə nəzər salsaq, fərəhlə deyə
bilərik: Azərbaycan dramaturgiyası həmişə böyük ictimai
konfliktlərə, əhəmiyyətli mövzulara dərindən meyil edib. Teatr
tamaşası həmişə bayrama çevrilib. Elə bir insan çətin tapılar ki,
səhnə sənəti onun taleyində, dünyagörüşünün, estetik zövqünün
formalaşmasında böyük rol oynamasın. Şübhə etmirik ki,
incəsənətin formaları daim nə qədər zənginləşirsə-zənginləşsin,
televiziya və kino nə qədər yayılır və kütləvi hal alırsa-alsın,
cəmiyyət inkişaf etdikcə teatrın rolu da artacaqdır. Səhnənin
bilavasitə tamaşa salonu ilə ünsiyyəti prosesinə əsaslanan,
tamaşaçılarla birlikdə həyəcan keçirən teatr həyatın özü qədər
əbədidir".
Heydər Əliyev hələ 34 il öncə təəssüf edirdi ki, tamaşa
salonları heç də həmişə adamla dolu olmur. Ulu öndər bunun
səbəbini həm bəzi pyeslərin və tamaşaların keyfiyyətində, həm də
əsərlərin səhnə təcəssümünün forma və üsullarının daha
rəngarəng olmasına imkan verən müasir texniki vasitələrə
münasibətdə axtarmağın lazım gəldiyini qeyd edirdi. Həm
mətbuatın, həm də pedaqoji ictimaiyyətin qarşısında bir vəzifə
olaraq tapşırırdı ki, teatr sənəti düzgün təbliğ olunmalı, uşaqlara
həm ailədə, həm məktəbdə bu sənətə məhəbbət yaradılmalıdır.
Elə bu kamil münasibətin və qayğının nəticəsində respublikanın
müxtəlif bölgələrində qısa müddət ərzində 14-dən artıq dövlət
teatrı yaradıldı. Ulu öndərin qayğısı nəticəsində yeridilən
mədəniyyət siyasəti öz bəhrəsini verirdi. Münbit zəmin, əlverişli
şərait nəticəsində dünya şöhrətli sənət adamlarının yetişməsi və
hərtərəfli fəaliyyət göstərməsi sadəcə istedadın gücü deyildi.
Həmin şəxsiyyətlər üçün məhz Heydər Əliyev tərəfindən yaşıl
işıq yandırılmışdı. Xatırladaq ki, Azərbaycan o zaman sovet
imperiyasının tərkibində kiçik bir respublika idi. Amma həmin
vaxt on yazıçı, şair, memar, rəssam və müğənnimizin Sosialist
Əməyi Qəhrəmanı kimi yüsək ad alması sadə bir iş deyildi. Bu
nailiyyətlər o zaman Azərbaycana rəhbərlik edən ulu öndərin
nüfuzunun, sənətə münasibətinin, ən başlıcası isə millətinə olan
sevgisindən doğan qeyri-adi cəsarətinin nəticəsi idi. Müqayisə
üçün deyək: o zaman Ukrayna kimi bir respublikanın cəmi iki
Sosialist Əməyi Qəhrəmanı var idi. Qara Qarayev, Fikrət Əmirov,
maestro Niyazi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman
Rəhimov, Rəsul Rza, Rəşid Behbudov, Mikayıl Hüseynov, Tahir
Salahov kimi görkəmli insanların soyadlarının yanında yazılmış o
fəxri ad hər bir azərbaycanlının ürəyində qürur hissi doğururdu.
Heydər Əliyevin bu fədakarlığı sanki 1937-ci ildə köksünə yaralar
vurulmuş Azərbaycanın repressiyalardan zillət çəkmiş ovqatına
təskinlik gətirirdi. Cavidləri, Müşfiqləri gedər-gəlməzə aparan
yollar ulu öndərin cəsarəti nəticəsində Azərbaycanın sənət
aləminə indi də dünya şöhrəti, yeni fəxri adlar, mükafatlar
gətirirdi. Tarixin müəyyən qaranlıq məqamları haqqında
fikirləşəndə istər-istəməz Heydər Əliyevin həqiqətən misilsiz
qəhrəmanlıq missiyasını ləyaqətlə yerinə yetirdiyinin şahidi
olursan.
Hələ sovet dövründə ən cəsarətli ədəbiyyat Azərbaycanda
yarandı. Yazıçılar tərəfindən cəmiyyətdə olan neqativ hallara
kəskin ədəbi-bədii münasibət göstərildi. Sovet rejimində
Azərbaycanda dissident ədəbiyyatının yaradılması Heydər
Əliyevin uzaqgörənliyi və onun daxilən demokratik ruhlu
şəxsiyyət olmasını təsdiqlədi. Bu faktı heç kəs inkar edə bilməz
ki, Azərbaycan ədəbiyyatında ilk demokrat yazıçı əgər Mirzə
Cəlildirsə, ilk demokrat ölkə rəhbəri də Heydər Əliyev olub.
Rusiyada dissident ədəbiyyatına cəhd göstərənlər təqib edilirdi,
təzyiqə məruz qalırdı, son anda ünvanı zindanlar olurdu.
Azərbaycanda isə Heydər Əliyev belə ruhlu insanları həmişə
himayə edirdi. Məsələn, Bəxtiyar Vahabzadə, Abbas Zamanov,
Xəlil Rza Uluturk, İlyas Əfəndiyev, Anar və başqaları. Bəzi
misallara fikir verək. Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını
yazdı. Məzmunundan bəllidir ki, sovet dövründə bu cür müəllifi
nə gözləyərdi. Amma onun xilaskarı Heydər Əliyev oldu. "Cənubi
Azərbaycan" sözünə görə adamı ciddi cəzalandırardılar, amma
professor Abbas Zamanov həm ədəbiyyata, həm də mətbuata
"Cənubi Azərbaycan" mövzusu gətirdi. O da Heydər Əliyevdən
dəstək alırdı. Xəlil Rzanın bütün fəaliyyəti məlumdur. Onun da
kürəyində Heydər Əliyevin əli var idi. İlyas Əfəndiyev "Natəvan"
pyesində müstəqil Azərbaycan ideyasından danışırdı. 1976-cı ildə
bu pyes tamaşaya qoyulanda xalq artisti Amalya Pənahovanın
(Natəvan) üzünü salona tutaraq: "Biz müstəqil Azərbaycanı
mütləq görəcəyik!" nidası səslənəndə çoxu eyhamlı baxışlar ulu
öndərə sarı boylanırdı. Onun sifətində isə qəribə bir razılıq və nur
var idi. O gecənin müdhiş olacağı haqqında çoxları bədgüman idi.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev
"Natəvan"a tamaşa edəndə o hadisəni xatırlatmışdı. Xalq yazıçısı
Anarın 60 illik yubileyində ulu öndər bir qaranlıq məqama da işıq
saldı: "Yaxşı yadımdadır. O vaxtlar Anar haqqında Azərbaycan
MK-ya nələr yazıb göndərmirdilər? Pantürkistdir, sovet
hökumətinin düşmənidirE Amma biz bunlara fikir vermədik".
Heydər Əliyev bu sözləri elə sadə və səmimi ifadə edirdi
ki, sanki heç nə olmamışdı. Halbuki bu fikirlərin arxasında
repressiyaya tuş gələ biləcək insan taleyi dayanırdı. Bu taleyi
yaşayanlardan biri də Heydər Əliyev ola bilərdi. Ümummilli lider
təkcə siyasi karyerasını, vəzifəsini deyil, həm də həyatını
millətinin xoş gələcəyi uğrunda təhlükə altında qoymuşdu. Onu
qalib edən də məhz bu keyfiyyəti və nüfuzu idi. Bugünkü dövlət
müstəqilliyimizin əsası məhz 1970-ci illərdə qoyulub. Bunu sübut
etmək üçün yüzlərlə misal gətirmək olar. Azərbaycan
mədəniyyəti və incəsənəti həmişə Heydər Əliyev şəxsiyyətinin
himayəsində olub.
Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üçün ixtisaslı
kadrlar hazırlayan universitetin fəaliyyətinin genişlənməsində,
çoxprofilli ixtisasların yaradılmasında, maddi-texniki bazasının
möhkəmlənməsində ulu öndərin çox böyük xidməti var. Bu ali
məktəbdə rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları yox idi.
Sovet dövründə bu ixtisaslar mütləq Moskva tərəfindən müəyyən
edilirdi. Bu razılığı almaq da asan deyildi. Belə ziddiyyətli bir
şəraitdə universitetdə həmin ixtisasların açılması yenə də Heydər
Əliyevin köməyi nəticəsində mümkün oldu. Ötən müddət ərzində
bu ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişib, müəyyən
uğurlar qazanılıb. İndi yerləşdiyimiz gözəl bina da Heydər
Əliyevin göstərişi ilə universitetə verilib. Həmişə qayğımıza
qalan, problemlərimizlə maraqlanan və onun aradan qaldırılması
üçün tövsiyə və məsləhətlər verən Heydər Əliyev deyərdi: "Xalq
bir çox xüsusiyyətləri ilə tanınır, bu xüsusiyyətlərin ən yüksəyi,
ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq
həmişə irəli gedəcək, həmişə yaradacaq, həmişə inkişaf edəcək".
1980-ci illərin ikinci yarısından 1993-cü ilə qədər olan
dövrdə ziyalılar, böyük sənətkarlar maddi baxımdan çox
acınacaqlı vəziyyətə düşmüşdülər. Ölkədə baş alıb gedən
anarxiya, iqtisadi böhran bu insanları diqqətdən kənarda
saxlamışdı. Ölkədə təkcə iqtisadiyyat deyil, mədəniyyət də
sıradan çıxmaqda idi. Heydər Əliyevin xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıtması bu qaranlığa bir aydınlıq gətirdi. Ulu
öndərin ilkin olaraq xilas etdiyi, yaşaması, hərtərəfli fəaliyyət
göstərməsi üçün şərait yaratdığı insanlar mədəniyyət xadimləri
oldu. Prezident təqaüdü təsis edildi. İnsan əməyini qiymətləndirən
meyarlar yaradıldı. Elmə, mədəniyyətə əsl qiymət verildi. Bütün
zamanlarda olduğu kimi, Heydər Əliyev yenə də mənəvi ucalığın
fövqündə dayanaraq xeyirxah əlini varlığından artıq sevdiyi
xalqının ziyalılarına uzatdı. Ölkənin mədəni həyatında əsl dirçəliş
baş verdi. Vaxtilə Azərbaycanı tərk etmiş ziyalılar, söz-sənət
sahibləri, sənətkarlar vətənə qayıtdılar. Azərbaycan
mədəniyyətinin vüsəti genişləndi. Beynəlxalq mədəni əlaqələrin
yaradılması, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin
keçirilməsi, bir sıra yeniliklər ulu öndərin arzularını
gerçəkləşdirdi.
Sevinirik ki, həmişə mədəniyyətimizin himayədarı kimi
dəstəyinə arxalandığımız ulu öndərin ənənələri bu gün də
yaşamaqdadır. Azərbaycan mədəniyyəti yenə də etibarlı
əllərdədir. İstər ölkə Prezidenti İlham Əliyevin, istərsə də Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu
istiqamətdəki fəaliyyətləri Azərbaycan mədəniyyətinin üfüqlərini
daha da genişləndirdi. İndi Azərbaycan yazıçısının, bəstəkarının,
rəssamının yubileyləri YUNESKO tərəfindən qeyd edilir. Tarixi
abidələr YUNESKO-nun İrs siyahısına salınır. İncəsənət və
musiqi xadimlərinin xoş sorağı dünyanın möhtəşəm konsert
salonlarından gəlir. Azərbaycan bəstəkarı beynəlxalq "Sülh
artisti" fəxri adına layiq görülür. Müxtəlif ölkələrdə Azərbaycan
ili start götürür. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər
Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi və keçirmək
arzusunda olduğu məqsədlər, məramlar dəyərli varislər tərəfindən
həqiqətən də əbədi proqrama çevrilib. Bu proqramın həyatda
gerçəkləşməsi Azərbaycan xalqına iftixar və yeni sevinclər
gətirməkdədir.
Azərbaycan.- 2008.-25 aprel.- S. 4.
Azərbaycanın Polşadakı səfirliyi bu ölkənin
Milli Kitabxanasında Ümummilli lider
Heydər Əliyev haqqında kitabların
təqdimatını keçirmişdir
Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, aprelin 21-də Varşava Milli Kitabxanasında
xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və
fəaliyyətindən bəhs edən kitabların təqdimat mərasimi
olmuşdur.
Azərbaycan, rus və ingilis dillərində çap olunmuş
20-dən çox kitabı Milli Kitabxananın direktoru Tomaş
Makovskiyə təqdim edən səfir V.Quliyev, ulu öndər
Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, onun
Azərbaycanın iqtisadi və mədəni inkişafında, dövlət
müstəqilliyinin möhkəmlənməsi və ölkənin beynəlxalq
miqyasda tanınması istiqamətində gördüyü böyük işlərdən
danışmışdır.
İndiyə qədər səfirlik tərəfindən Milli Kitabxanaya
onlarla kitabın bağışlandığını və həmin kitablar əsasında
Azərbaycan fondunun yaradıldığını qeyd edən Tomaş
Makovski Heydər Əliyev haqqındakı əsərlərin həmin
fondda fəxri yer tutacağını bildirmişdir.
Azərbaycan.- 2008.- 22 aprel.- S. 2.
Beynəlxalq festivalda Firəngiz
Əlizadənin Heydər Əliyevə həsr
etdiyi «İthaf» əsəri
səsləndirilmişdir
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AzərTAc-a,
bildirmişlər ki, aprelin 11-dən 20-dək Kiyevdə Ukrayna
Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən "Mövsümün
musiqili premyerası" adlı XVII Beynəlxalq Musiqi Festivalı
keçirilmişdir.
Festivalın Ukrayna Dövlət Filarmoniyasındakı açılış
mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq
artisti, professor Firəngiz Əlizadənin ulu öndərimiz Heydər
Əliyevə həsr etdiyi “İthaf” əsəri ifa olunmuşdur. Əsər
Ukraynanın xalq artisti, dirijor Vladimir Sirenkonun rəhbərlik
etdiyi Ukrayna Dövlət Simfonik Orkestrinin ifasında
səsləndirilmişdir.
Aprelin 13-də isə Pavlo Strutsun rəhbərliyi ilə Kreşşatik
Xoru Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rauf
Əliyevin "Ballada" əsərini ifa etmişdir.
Azərbaycan.- 2008.- 22 aprel.- S. 4.
Rəhimli İ.
Quruculuq missiyası
Tarixi şəxsiyyətlərin əsl miqyası gördükləri və görmək
istədikləri işlərin tarixi əhəmiyyəti, önə çəkdikləri ideyaların
inkişaf potensiyası müəyyən zaman məsafəsindən daha aydın,
daha parlaq, daha mənalı görünür. Görkəmli rus şairi Aleksandr
Blokun mudrik kəlamı var: "Üz-üzə üz görünməz. Böyük
uzaqdan görünər". Bu mənada XX əsrdə və XXI əsrin ilk illərində
həqiqi böyük şəxsiyyət kimi Heydər Əliyev dühasının
Azərbaycan tarixində əzəmətli rolu, cahanşümul əhəmiyyəti və ən
ümdəsi bir rəhbər, bir öndər kimi qüdrətli tarixi missiyası çağdaş
günümüzdə daha aydın, daha parlaq, daha möhtəşəm görünür.
Görünür və son dərəcə geniş, dərin, fəlsəfi təhlilə əsas verir.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin özəl təhlili
üçün ilk növbədə mürəkkəb, politoloji terminlərlə ifadə olunan
ideyalar sistemi lazımdır. Çünki onun qüdrət və mahiyyətini
açmaq üçün əsrlərlə təsdiqlənmiş dünya ölçülərinə böyük ehtiyac
var. Heydər Əliyevin mədəniyyət quruculuğunda gördüyü işlər
onu layiqincə və asanlıqla dəyərləndirmək üçün daha əlverişlidir.
Bunun isə vacib və tutarlı, əsaslı dayaqlar üzərində bərqərar olan
üç əsas səbəbi var.
Birincisi. Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində
gördüyü möhtəşəm və ardıcıl işlər göz qabağındadır. Göz
qabağındadır və həmin həqiqətə hamının, o cümlədən ulu öndərin
siyasi opponentlərinin də münasibətləri eyni dərəcədə müsbətdir,
qəbul olunur.
İkincisi. Bu səbəb bilavasitə mədəniyyət və incəsənət hadisələrini
hisslərimizlə qavramaqla bağlıdır. Həmin mənada Heydər
Əliyevin milli mədəniyyətimiz və incəsənətimiz sahəsində
gördüyü işlər hamıda sevinc, fərəh, qürur, iftixarE kimi xoş
duyğular oyadır.
Üçüncüsü. Mədəniyyət quruculuğu bir canlı, qırılmaz proses kimi
özü-özlüyündə məhsuldardır. Yəni mədəniyyət quruculuğu
prosesini əkinçiliklə müqayisə etmək olar. Bu gün əkdiyin ağac
yaxşı qulluq nəticəsində uzun illər bar-bəhər verir. Hələ vaxtilə
dahi yazıçı Lev Tolstoy deyirdi: "Ək, o zaman həyatın başlıca
qanununa uyğun olarsan".
Bu mənada bir tarixi şəxsiyyət kimi Heydər Əliyevin bəşər
tarixinin dahi şəxsiyyətləri ilə bir sırada durduğunu bu günün
zaman məsafəsindən daha aydın görürük. Şərq və Qərb tarixini
səhifələyəndə adları qızıl hərflərlə yazılan hökmdarlar, dövlət
rəhbərləri bir qayda olaraq məhz mədəniyyət quruculuğunda
gördükləri işlərlə əbədiləşiblər. Amerika Birləşmiş Ştatlarının
dörd dəfə prezidenti seçilmiş Franklin Ruzvelti (1882-1945) və
Türkiyə Respublikasının yaradıcısı Atatürk Qazi Mustafa Kamalı
(1881-1938) xatırlamaqla buna istənilən qədər misal gətirmək
olar. Ancaq mənim üçün Heydər Əliyev şəxsiyyətini ilk
Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətai ilə müqayisə
etmək tarixilik baxımından daha tutarlı və daha korrekt (həssas və
incə, dəqiq və mənalı) olar. Böyük inamla demək olar ki, Heydər
Əliyevin mədəniyyət və incəsənətin bütün sahələrində gördüyü
fundamental işlər, etdiyi təşəbbüslər hələ uzun müddət
Azərbaycanın milli mədəniyyətinin və incəsənətinin sarsılmaz
dayaqları olacaq.
Şah İsmayıl Xətainin sarayında musiqi, miniatür sənəti məktəbləri
formalaşırdı, elm mərkəzi fəaliyyət göstərirdi. Sənət adamları
dövlətin diqqət və himayəsindəydi.
Heydər Əliyev sovet dönəmində müttəfiq respublika katibləri
arasında yeganə rəhbər idi ki, ölkəmizin Ali Qanununa dövlət
dilinin Azərbaycan dili olduğu bəndini daxil etdi. Daxil etdi və bu
prosesə təkan verdi, mətanətlə onun arxasında dayandı və son
nəticədə istəyinə qətiyyətlə nail oldu.
Heydər Əliyevin böyük qətiyyəti və iradəsi, uzaqgörən müdrik
siyasəti ilə SSRİ-nin ən məşhur ali məktəblərinə ilbəil daha çox
gənclər müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildilər. Bu
gün onların böyük bir dəstəsi müstəqil Azərbaycanın qüdrətli
dövlət kimi formalaşmasında müxtəlif sahələrdə səylə çalışır. Bir
daha yada salmalıyıq ki, ölkəmizin prezidenti İlham Əliyev də
məhz Azərbaycandan kənarda təhsil almış həmin insanların
sırasındadır.
Heydər Əliyev Azərbaycanda müxtəlif respublikaların ədəbiyyat
və incəsənət günlərini keçirirdi. Bununla da yazıçılarımızın,
rəssamlarımızın, bəstəkarlarımızınE əsərləri özgə xalqlara təbliğ
olunurdu, dünya miqyasına çıxırdıE
Heydər Əliyevi böyük tarixi şəxsiyyət kimi fərqləndirən ən böyük
amillərdən, özəllikdən biri odur ki, ulu öndər mədəniyyət
quruculuğu ilə iki müxtəlif və son dərəcə fərqli ictimai-siyasi
formasiyada məşğul olub. İkisində də ən böyük amalını, milli
mədəniyyətin qüdrətli təəssübkeşi olduğunu gördüyü işlərin
əzəmətilə dönə-dönə təsdiqləyib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçiləndə unitar dövlət sistemi (SSRİ)
kifayət qədər möhkəm və sərt qanunlarla mərkəzdən idarə olunan
qaydalarla yaşayırdı. Olduqca mürəkkəb ictimai-siyasi
konyuktura çərçivəsində milli mədəniyyət quruculuğu ilə məşğul
olmaq o qədər də asan məsələ deyildi. Ən başlıca çətinlik isə milli
mədəniyyət quruculuğunun məqsəd və vəzifələrini marksizm-
leninizmin sərt ideoloji tələb-prinsipləri içərisində
gerçəkləşdirmək idi. İndi dərk edirik ki, Heydər Əliyev bu çətin
işi fövqəladə məharətlə, coşqun vətənsevərlik eşqilə
gerçəkləşdirə, reallaşdıra və inkişaf etdirə bilib. Məhz
özünəməxsus məharətlə!!!
Belə bir deyim var: informasiyaya mükəmməl sahib olan şəxs tam
şəkildə situasiyaya hakimdir. Ölkəmizin ali vəzifəsinə
seçilməmişdən əvvəl Heydər Əliyev Milli Təhlükəsizlik
Nazirliyinin (o vaxtı DTK - Dövlət Təhlükəsizliyi Komitəsi
adlanırdı) ilk azərbaycanlı rəhbəri idi. O, Azərbaycanda, SSRİ-də
və bütün dünyada gedən ictimai-siyasi, həmçinin digər prosesləri
dərindən bilirdi. Bilib analitik təfəkkürlə təhlil etmək qüdrətində
idi. Təhlil edib müdrik qərarlar çıxarmaq iqtidarı vardı.
Qənaətlərini həssaslıqla, uzaqgörənliklə reallaşdırmaq
gücündəydi. Bu dühalıq keyfiyyətlərinə və belə məlumatlı
olduğuna görə də Heydər Əliyevin mədəniyyət quruculuğunda
atdığı inamlı addımların hamısı sərrast, tutarlı və məhsuldar oldu.
Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə 1969-cu
ilin iyun ayında seçildi. Artıq elə həmin ilin sonunda hamıya
aydın oldu ki, Heydər Əliyev əvvəlcədən tərtib etdiyi və güclü
elmi əsaslara söykənən mədəni quruculuq proqramını ardıcıl
olaraq gerçəkləşdirir.
Sovetlər dönəmindəki keçmişimizi birmənalı qara rənglə təsvir
edənlər unutmamalıdırlar ki, "Sovet Sosialist Mədəniyyəti"
quruculuğu proqramı mütərəqqi prinsiplər əsasında tərtib edilirdi.
Müttəfiq respublikaların rəhbərləri bu proqramı necə var eləcə də
adekvat gerçəkləşdirəndə, bir qayda olaraq, müsbət nəticələrə
gəlirdilər. Özünün fərdi proqramını partiyanın qurultaylarında və
digər ali məclislərində təsdiqlənmiş mədəniyyət quruculuğu
proqramı ilə məharətlə uzlaşdırmağı bacaran Heydər Əliyev milli
mədəniyyətimizin üzvi inkişafı üçün münbit zəmin yaratmışdı.
Heydər Əliyevin sovet dövründə mədəniyyət sahəsində gördüyü
möhtəşəm işləri zaman məsafəsindən tədqiqata, təhlilə çəkəndə
bu işin uğurlu olmasının əsasında üç amilin dayandığını açıq-
aydın görürük.
Birinci amil: Danılmaz qüdrətli idarəçilik istedadı.
İkinci amil: Milli mədəniyyətin səmimi təəssübkeşliyi.
Üçüncü amil: Milli mədəniyyət və incəsənətə fərdi marağı.
Bu amilləri bir qədər geniş açmağa ehtiyac var.
Heydər Əliyevin idarəçilik prinsipləri bu sahənin obyektiv
qanunlarını mükəmməl bilməsi və onları sistemli struktur
formasında həyata keçirməsi ilə qırılmaz tellərlə bağlıdır. Gənc
yaşlarından sistemli düşünməsi ilə fərqlənən Heydər Əliyev
inzibati amirlik idarəetmə üsulunun bütün şərtlərini, imkan və
yasaqlarını, hətta yeri gələndə fəndlərini mükəmməl
mənimsəmişdi. Bu sahədə əldə etdiyi zəngin təcrübəni o,
məharətlə mədəniyyət quruculuğu istiqamətindəki məqsədyönlü
və ardıcıl, səngiməz fəaliyyətində heyranlıq doğuran vüsət və
reallıqla gerçəkləşdirirdi.
Heydər Əliyevi o dövrdəki bütün rəhbərlərdən fərqləndirən cəhət
uzun zaman kəsiyindən parlaq bir keyfiyyət kimi görünür. Bu
keyfiyyət onun ana südü ilə, ata qanı ilə canına, ruhuna, varlığına
hopduğu milli qeyrət vüsətidir, milli təəssübkeşlik səciyyəsidir.
Sovet amiranə inzibati sistemində siyasi karyeranı qurmaqdan
ötəri bu cəhət əslində tələb olunmurdu. Respublika rəhbərliyindən
yalnız partiya xəttinə sadiq olmaq və bunu hər vəchlə sübuta
yetirmək tələb edilirdi. Sovet dönəmində partiya nomenklaturaları
bunu çox gözəl bilirdilər və necə deyərlər, başlarını cəncələ
salmaq istəmirdilər.
Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, o, dövrün
gerçəkliklərini gözəl anlayırdı və siyasi oyunlarda məharətlə
iştirak etməsi ilə yanaşı həm də öz doğma milli mədəniyyətinin
aktual və perspektivli məsələləri ilə fəal məşğul olmağa imkan və
vaxt, qətiyyət və cəsarət, hünər və fədakarlıq tapırdı. Hamıya
məlum olan bir faktı xatırlamaq istəyirəm.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilişi 1968-ci ildə
tamamlanmış "Bir cənub şəhərində" filmi öz ideya kəskinliyi və
forma orijinallığı ilə respublikamızın o dövrdəki siyasi
rəhbərliyini əməlli-başlı qorxutmuşdu. DTK sədri Heydər Əliyev
həmin məsələyə qarışıb onu müsbət həll etməsəydi, bu gün böyük
sənətkar səviyyəsinə yüksələn, "Oskar" mükafatı laureatı Rüstəm
İbrahimbəyov və görkəmli rejissor Eldar Quliyev haqqında yəqin
ki, söz aça bilməzdik. Yalnız elə bu danılmaz faktla Heydər
Əliyevin hələ o vaxt öz üzərinə götürdüyü mədəniyyət
quruculuğu missiyasının əzəmətini aydın görmək mümkündür.
Halbuki belə faktlar onlarladır, yüzlərlədir.
Sonralar Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Heydər
Əliyevin bu sahədə tutduğu sərt və inamlı, aydın və işıqlı
mövqeyi nəticəsində Azərbaycanda "dissident" anlayışı və onunla
bağlı mənfur kampaniyalar baş vermədi. Mövlud Süleymanlının
"Dəyirman" əsəri ətrafında qalxan 1937-ci il ab-havalı hay-küyün
qabağını Heydər Əliyevin müdrik mövqeyi kəsdi. Belə faktları
musiqi və rəssamlıq, teatr və kino incəsənəti ilə bağlı da
xatırlamaq olar. Ancaq məsələ faktların çoxluğunda yox, onların
mahiyyətindədir.
Dünya xalqlarının hamısında müxtəlif şəkildə deyimlər var ki,
istedadlı adam bütün sahələrdə istedadlıdır. Heydər Əliyevin bədii
sənət, bədii yaradıcılıq ehtirası yeniyetmə yaşlarından baş
qaldırıb. Məsələn, xalq artisti, mərhum rejissor və aktyor İbrahim
Həmzəyev böyük sevinclə danışırdı ki, mənim Naxçıvanda
başçılıq etdiyim dram dərnəyinin ən parlaq istedadlı şagirdi
Heydər Əliyev idi. Həmişə də Qəhrəman və sərkərdə rollarını
heyrətamiz cazibədarlıqla oynayarmış. Haqqında yazılanlardan,
müəllimlərinin xatirələrindən bilirik ki, Heydər Əliyevin
fövqəladə rəssamlıq qabiliyyəti də varmış. Mərhum teatr rəssamı,
uzun illər Gəncə teatrında işləmiş aktrisa Barat xanım
Şəkinskayanın qardaşı Süleyman Hacıyev danışırdı ki, biz
tələbəlik illərində Heydər Əliyevlə bir yerdə kirayə qalırdıq. Onun
rəsmləri və akvarel işləri rəssamlıq məktəbinin tələbələrini də
heyrətləndirirdiE
Həyatının məcrası başqa səmtə, siyasi fəaliyyətə yönəldiyi üçün
Heydər Əliyev səhnə sənətinə vurğunluğunu, rəssamlığa
məhəbbətini və ən əsası hər iki sahədə olan istedadını davam
etdirmədi. Lakin təbiətindəki fövqəladə yaradıcılıq istedadı,
yüksək estetik zövqü, ruhundakı coşqun sənət ehtirası, incəsənətə
səngiməz və ülvi məhəbbəti heç vaxt sönmədi. Əksinə,
transformasiya olundu və o, istedadlı, zövqlü, bilikli, ehtiraslı və
obyektiv tamaşaçıya çevrildi. Onun tamaşalarda, müxtəlif
xarakterli konsertlərdə, bədii tədbirlərdə iştirak etməsi yalnız
protokol tədbiri deyildi. Hamıya aydın görünürdü ki, Heydər
Əliyev bu tədbirlərdə həvəslə, maraqla, sönməz sənət ehtirası ilə
iştirak edirdi. İndi keçən zaman kəsiyindən daha aydın görürür,
daha dərindən anlayırıq ki, Heydər Əliyevin mədəniyyətə,
incəsənətə, ədəbiyyata könüllü bağlılığı, mədəniyyət və incəsənət
faktlarından dərin zövq və ləzzət ala bilmək səriştəsi, bacarığı
onun siyasi uzunömürlüyünün rəhni oldu.
Mən vaxtilə "Kommunist" (indiki "Xalq qəzeti") redaksiyasının
ədəbiyyat və incəsənət şöbəsində işləmişəm. Buna görə də Heydər
Əliyevin yazıçıların, rəssamların, bəstəkarların, jurnalistlərin,
teatr xadimlərinin qurultaylarında etdiyi çıxışların canlı şahidi və
dinləyicisi olmuşam. Sirr deyil ki, yaradıcı adamlar müəyyən
qiymətvermədə həssas olurlar və hər şeyi də bəyənmirlər.
Qurultaylardan sonra müsahibələr almışam. Onda görmüşəm ki,
Süleyman Rəhimov, Rəsul Rza, Əli Vəliyev, Süleyman Rüstəm
kimi şair və nasirlər, Qara Qarayev, Fikrət Əmirov, Tofiq
Quliyev, Soltan Hacıbəyov, Niyazi, Cövdət Hacıyev kimi
bəstəkarlar, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir
Salahov, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Toğrul
Nərimanbəyov kimi rəssamlar, Nəsir İmanquliyev, Ağababa
Rzayev, Adil Cavadlı kimi jurnalistlər, Mehdi Məmmədov, Tofiq
Kazımov, Hökümə Qurbanova, Nəsibə Zeynalova, Ağasadıq
Gəraybəyli, İsmayıl Osmanlı kimi səhnə xadimləri Heydər
Əliyevin sənət bilgisindən necə heyranlıqla danışıblar.
Məsələ burasındadır ki, Heydər Əliyev incəsənətin və
mədəniyyətin hansısa sahəsindən danışanda özünün zəngin biliyi
ilə hamıda heyranlıq doğururdu. Yadımdadır, rəssamların növbəti
qurultayında müasir boyakarlıqdan danışırdı. Gözlənilmədən
improvizə etdi və məruzə vərəqlərini bir kənara qoyub İntibah
dövrünün dahiləri Leonardo da Vinçidən, Rafaeldən, Battiçellidən
söz saldı, Kurbe, Van Qoq, Qogen kimi impressionistlərdən,
kubizmdən və Pikassodan danışdı. Danışıb onların sənət
estetikalarını yığcam şəkildə xarakterizə etdi. Onun dünya
incəsənətinə beş-on dəqiqəlik ekskursu emosiyalarını üzə
çıxarmaqda "xəsislik" göstərən fırça və tişə ustalarının dəfələrlə
gurultulu alqışlarına səbəb oldu.
Heydər Əliyev ehtiraslı və diqqətcil tamaşaçı idi. Akademik Milli
Dram Teatrında dövlət rəhbərləri üçün xüsusi loja var. Ancaq
Heydər Əliyev xoşlayırdı ki, hansısa sənət əsərinə tamaşaçıların
arasında baxsın. O, salonun səhnə əsərinə reaksiyasını çox
həssaslıqla duyurdu. Xalq artisti Şəfiqə Məmmədovanın vaxtilə
mənə söylədiyi fikirlər yadıma düşür. Aktrisa deyir ki, Heydər
Əliyev 1978-ci ilin əvvəllərində teatra Anarın "Şəhərin yay
günləri" əsərinin tamaşasına baxmağa gəlmişdi. Pərdə arxasında
hamımız həyəcanlı idik. Həm əsərin kəskin tənqidi ruhuna, həm
də onun qarşısında çıxışımıza görə həyəcanımız daha da artmışdı.
İlk pərdənin ikinci şəklinin axırlarına yaxın mən, eləcə də
tamaşada oynayan Həsən Turabov, Sofya Bəsirzadə və Səməndər
Rzayev gözucu Heydər Əliyevin səhnədəki hadisələrə
reaksiyasını izləməyə çalışırdıq. O qədər heyranlıqla və diqqətlə
səhnəyə baxırdı ki, tezliklə hamımızın həyəcanı sovuşdu.
Yadıma Moskvada SSRİ xalq artisti, dünya şöhrətli teatr və kino
aktyoru Mixail Ulyanovla olan görüşüm düşdü. Onda Heydər
Əliyev haqsızlığa məruz qalmışdı və SSRİ Nazirlər Soveti
Sədrinin birinci müavini vəzifəsindən çıxarılmışdı. Söhbət
hərlənib-fırlanıb Heydər Əliyevin üzərinə gəldi. Mixail Ulyanov
təəssüflə dedi: Heyf Heydər Əliyeviçdən, çox heyf. Bir
çətinliyimiz olan kimi ona çıxırdıq və bizi həssaslıqla dinləyib
bütün müşgül məsələlərimizi, problemlərimizi həll edirdi. Eləcə
də kino işçilərinin, həkimlərin, bir sözlə, humanitar sahənin
problemlərinə böyük diqqət və həssaslıqla, nəzakət və ehtiramla
yanaşırdı.
Heydər Əliyevin mədəniyyət quruculuğu missiyasının ikinci
dövrü 1993-2003-cü illəri əhatə edir. İkinci dəfə respublika
rəhbərliyinə qayıdan Heydər Əliyev tamam yeni siyasi-ictimai,
sosial-iqtisadi formasiyada fəaliyyətə başladı. Həmin dövrdə
ölkədə çox kəskin siyasi iqlim vardı və öndər əvvəlki
rəhbərlikdən ona "miras" qalan mürəkkəb, ziddiyyətli çətinliklərlə
üzləşmişdi. Lakin inamla dövlət quruculuğunun təməllərini
möhkəmlətməyə, monolit dayaqlar qurmağa başladı. Eyni
zamanda qısa müddətdə Heydər Əliyevin mədəniyyət quruculuğu
konsepsiyasının çevik çarxı işə düşdü. Tez bir zamanda
mədəniyyət quruculuğu missiyası yeni vüsət aldı. Məhz Heydər
Əliyevin istedadına, qüdrətinə, dühalığına məxsus əzəmətli
işgüzarlıq nəticəsində prosesin möhtəşəmliyi hamının diqqətini
çəkdi.
Şəxsən bir teatrşünas kimi məni Heydər Əliyevin teatra olan
xüsusi diqqəti və tələbkarlığı daha çox maraqlandırırdı. Bu
yaxınlarda böyük alman mütəfəkkiri Hötenin elmi-publisist
yazılarını vərəqləyirdim. Onun ilk baxışda qəribə səslənən
aforizmi diqqətimi çəkdi. Höte yazır: "Milləti yaratmaqdan öncə
teatr yaratmaq lazımdır". Ani çaşqınlıqdan özümə gəlib bu
aforizmin dərin mənasını anladım. Tarixdən məlumdur ki,
Almaniya ərazisində yaşayan əhalini vahid xalq səviyyəsinə
yüksəldən ilk növbədə böyük alman şair və dramaturqlarının
yaradıcı səyləri oldu. Aydındır ki, bir teatr tamaşasında ədəbi dil,
milli-mənəvi əxlaqi dəyərlər, bədii-estetik sistemlər bariz şəkildə
təqdim olunur və duyğu-düşüncənin sintezi halında insanlar
tərəfindən qavranılır. Qavranılır və onları birləşdirir. Göründüyü
kimi, Heydər Əliyev bu həqiqəti çox-çox əvvəllər özü üçün
təsdiqləyib və onu mütləq anlamda həyata keçirməyə çalışıb.
Heydər Əliyev hakimiyyətə qayıdışdan sonra Akademik Milli
Dram Teatrında İlyas Əfəndiyevin "Hökmdar və qızı" (20
sentyabr 1997), Səməd Vurğunun "Fərhad və Şirin" (7 iyun
1997), Bəxtyar Vahabzadənin "Hara gedir bu dünya?!" (7 noyabr
1997), "Özümüzü kəsən qılınc" (12 aprel 1998), Nəbi Xəzrinin
"Burla xatun" (10 dekabr 1999), Cəfər Cabbarlının "Aydın" (7
may 2000), Elçinin "Ah, Paris...Paris..." (25 iyun 2000), Vilyam
Şekspirin "Hamlet" əsərlərinin tamaşalarında olub. Opera və
Balet Teatrında Fikrət Əmirovun "Sevil" operasına (15 noyabr
1998), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasına (21
sentyabr 1997), Musiqili Komediya Teatrında Üzeyir bəy
Hacıbəyovun "Məşədi İbad" (4 dekabr 1998) operettasına baxıb.
Akademik teatrda tamaşalara baxanda mən də zalda olmuşam. O
vaxt Akademik teatrda ədəbi hissə müdiri işlədiyim üçün səhnə
arxasında ulu öndərin əksər tamaşaların yaradıcı heyəti ilə görüş
və söhbətlərinin də şahidiyəm. Ulu öndərin "Aydın" tamaşasına
baxdığı günün səhərisi quruluşçu rejissor Mikayıl Mirzə ilə
görüşdüm. Çılğın ehtirasla, heyranlıqla danışırdı. Dedi ki, Heydər
Əliyevin Cəfər Cabbarlı fəlsəfəsini, "Aydın" faciəsinin fikir
yükünü bir neçə cümlədə, böyük psixoloji-estetik heyranlıqla
təhlil etdi. İnan mənə, "Aydın"ı ikinci dəfə kəşf etdim. Mən
həmin əsəri tamamilə yeni səhnə təfsirində, məhz Heydər
Əliyevin yanaşma prinsipləri əsasında bir daha tamaşaya qoya
bilərəm.
Başqa bir xatırlama. "Hökmdar və qızı", "Fərhad və Şirin"
tamaşalarına baxandan sonra oradakı hakimiyyət uğrunda
mübarizə problemlərini elə qlobal tərzdə açıqladı ki, məhz həmin
fikir-qənaətlər teatrın uzunmüddətli yaradıcılıq platformasının
müəyyənləşməsi üçün kifayət idi. Maraqlı cəhət bir də onda idi ki,
Heydər Əliyev klassik əsərlərdə hansısa personajdan danışanda
otuz, qırx, əlli il əvvəlki quruluşlarda həmin rolu ifa edən
aktyorların da oyunlarına toxunurdu. Yüksək estetik duyumla
aktyor oyunlarını və rejissor quruluşlarını müqayisə edirdi.
Hansısa tənqidi fikri elə həssaslıqla, elə ifadəli tərzdə deyirdi ki,
adam heyran qalırdı.
Mədəniyyət quruculuğuna böyük əhəmiyyət verən alman filosofu
Fridrix Engels olduqca dəqiq bir fakt söyləyib. Filosof yazır:
"Mədəniyyət idarə olunmasa, arxasında külə dönmüş torpaqlar
qalar". Təbii ki, söhbət təsisatlı mədəniyyətdən gedir. O da
aydındır ki, burada mədəniyyət sahəsini onun özünəməxsus özəl
qanunları çərçivəsində idarə etmək nəzərdə tutulur. Azərbaycan
mədəniyyətinin və incəsənətinin bugünkü uğurlarını düşünərkən
onların başlıca səbəblərini Heydər Əliyevin mədəniyyət
quruculuğu missiyasının təcrübəsi kimi dəyərləndirmək olar.
Obrazlı desəm, Heydər Əiyevin son on ildə yaratdığı, "əkdiyi"
mədəniyyət faktlarının çoxunun barını dadırıq, bəzilərinin çiçək
açdığını görürük, bəzilərinin artıq fidan olduğuna şahidik.
Ən əsası isə odur ki, Heydər Əliyevin əzəmətlə ucaltdığı
dövlətçiliyin, o cümlədən də milli mədəni quruculuğun tərəqqi
sükanı bu gün etibarlı və qüdrətli əllərdədir.
|