5
Giriş
Kimya fənn üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik cəhətləri.
Son dövrlərdə respublikamızda reallaşdırılan pedaqoji innovasiyaları, dünyanın
mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən yeni kimya fənni üzrə
təhsil proqramı (kurikulumu) bilavasitə şagirdlərin bir şəxsiyyət kimi
formalaşmasına istiqamətlənməklə özünün humanist, demokratik və inteqrativ
xarakterinə görə ənənəvi təhsil sənədlərindən əsaslı şəkildə fərqlənir.Məzmun
standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmlərini əhatə etməsi
onun kompleks sənəd olduğunu göstərir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri,
dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə
tutulur.
Kimya fənni üzrə təhsil proqramı (kurikulumu)
müvafiq dərslik və dərs
vəsitələrinin, müəllim və şagirdlər üçün resursların hazırlanması, təlim prosesinin
səmərəli təşkili üçün zəruri didaktik tələblərin əsasını təşkil edir. Ümumtəhsil
məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə həyata keçirilən
fəaliyyətlərin hüquqi-normativ bazası rolunu oynayır.
Kimya fənninin yeni məzmununun nəticələr (məzmun standartları)
formasında verilməsi kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Bu
isə müəllimlərə fəaliyyətində sərbəst olmağa, müvafiq təlim strategiyaları
seçməyə, yaxud öz imkan və şəraitlərinə uyğun təlim strategiyaları hazırlamağa
imkan yaradır, onları müasir dərsliklərin və digər resursların hazırlanmasına
istiqamətləndirir. Kimya fənni üzrə təhsil proqramı (kurikulumu)
şagirdlərin bir
şəxsiyyət kimi formalaşdırılmasına istiqamətləndirildiyindən onların inkişafını
ardıcıl olaraq izləməyə imkan verən məzmun və strategiyaları əhatə edir. Müxtəlif
səviyyələrdə müəyyənləşdirilmiş məzmun standartları şagirdlərin əldə edəcəkləri
dəyərlərin göstəricisi rolunu oynayır.
Kimya təbiət elmlərindən biri olub, bizi əhatə edən aləmdə daim təmasda
olduğumuz maddi varlıqları öyrənir. Dünyada mövcud olan cansız və canlı
varlıqlar ayrı-ayrı maddələrdən və ya onların qarışıqlarından ibarətdir. Məsələn,
insanların tənəffüs etdiyi havadakı oksigen, içdiyimiz su, yediyimiz xörək duzu və
şəkər ayrı-ayrı maddələrdir. Hər gün gördüyümüz və duyduğumuz torpaq, daş,
hava, ağac və s. müxtəlif maddələrin qarışığıdır. Şagirdlər kimya fənninin
imkanlarından istifadə edərək onlarla və insan həyatı üçün əhəmiyyətli olan başqa
maddələrlə yaxından tanış ola bilirlər.
Təbiətdə mövcud olan maddələrdən başqa, insanlar özləri çoxlu yeni
maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar, liflər, dərman maddələri və
sair də alırlar. Hazırda təbii və süni surətdə əldə olunan maddələrin milyonlarla
növü məlumdur. Bir qayda olaraq təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-
birinə çevrilir. Məsələn, yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını,
torpaqdan suyu və qida maddələrini mənimsəyərək özlərinə lazım olan üzvi
maddələr hazırlayır, havanı oksigenlə zənginləşdirir. Bitki və heyvan qalıqlarının
6
çürüməsi nəticəsində əmələ gələn mineral maddələr torpağı münbitləşdirir. Bütün
bunların mənimsənilməsi şagirdlərin onları əhatə edən ətraf aləmlə daha fəal
ünsiyyətdə olmasına imkan yaradır.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Məlumdur ki, məktəbi bitirdikdən
sonra hamı özünə kimyaçı ixtisasını seçmir. Bəs hamının kimyanı öyrənməsi nəyə
görə vacibdir? Orta məktəb səviyyəsində kimyəvi bilik və bacarıqlara yiyələnmək
bizim hər birimizə nə verə bilər? Ümumiyyətlə, kimya fənninin əhəmiyyəti nədən
ibarətdir?
Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın
rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-
energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika,
məişət, xidmət sahələri və s. inkişaf edə bilməz. Kimya sənayesi xalq təsərrüfatını
çoxlu müxtəlif kimyəvi məhsullarla təmin edir. Bir çox sənaye sahələrində
kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn, metalların korroziyadan
(yeyilib dağılmadan) qorunması, istehsal proseslərinin sürətləndirilməsi üçün
kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı və s.
Siz kənddə yaşayırsınızsa, mineral gübrələrlə, bitki və heyvanları
xəstəliklərdən qoruyan və alaq otlarını məhv etmək üçün işlədilən maddələrlə
davranmağı bacarmalısınız, onların xassələrini bilməlisiniz. Əgər şəhərdə
yaşayırsınızsa, gələcəkdə şəhərdəki sənaye müəssisələrində, yanacaq energetika
komplekslərində, texniki qurğularda və başqa yerlərdə işləməli olacaqsınız. Bu isə
həmin obyektlərdə istifadə olunan və alınan çoxlu kimyəvi maddələri tanımaq,
onlarla davranmağı bacarmaq tələb edir. Bundan başqa şəhər tikintilərində tətbiq
olunan maddələrin, evdə gündəlik rastlaşdığınız məişət kimyası məhsullarının
xassələrini bilməsəniz, onlardan istifadə etməkdə çətinlik çəkəcəksiniz.
Hal-hazırda sənayenin sürətli inkişafı cəmiyyətin həyatında böyük
dəyişikliklərlə yanaşı, yeni problemlər də meydana çıxarmışdır. Yaşadığımız təbii
mühit müxtəlif sənaye müəssisələri tərəfindən ildən-ilə lazımsız və zərərli
maddələrlə daha çox çirkləndirilməkdədir. Ətraf aləmi (torpağı, suyu, havanı) ən
çox çirkləndirən sahələr yanacaq-energetika, metallurgiya, nəqliyyat və kimya
sənayesidir. Bununla bərabər təbii mühitin mühafizə edilməsi işlərində kimya
əhəmiyyətli rol oynayır. Belə ki, ətraf aləmə atılan çirkləndiricilər, tullantı sular
əsasən, kimyəvi üsullarla və xüsusi kimyəvi maddələrin köməyi ilə
zərərsizləşdirilir, onların havadakı və sudakı miqdarı təyin edilərək tənzimlənir və
nəzərdə
saxlanılır. Təbii mühitin qorunmasında texnoloji proseslərin
təkmilləşməsi, müasir, aztullantılı istehsal texnologiyasının tətbiqi də böyük
əhəmiyyət daşıyır.
Ətraf mühitin çirklənməsində kimyəvi proseslər deyil, daha çox həmin
prosesləri tətbiq edən istehsalçılar təqsirkardırlar. Onlar bir çox hallarda istehsal
proseslərinin aparılması qaydasını pozur və ona düzgün əməl etmirlər. Nəticədə isə
ətraf aləm yaşayış üçün yararsız hala düşür. Buna qarşı isə cəmiyyətin hər bir üzvü
mübarizə aparmalı olur.
Dostları ilə paylaş: