Maddə 28. Həqiqi hərbi xidmətin növləri
28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir:
28.1.1. müddətli həqiqi hərbi xidmət;
28.1.2.
hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının
həqiqi hərbi xidməti;
28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət;
28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti;
28.1.5. zabitlərin həqiqi hərbi xidməti.
28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş
müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.
28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş
vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi
xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə
olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir,
müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr
yerinə yetirirlər.
28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və
intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil
müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə
yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli
həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin
kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları
təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə
hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının
qərarına əsasən ehtiyata buraxılırlar.
28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci
maddəsində müəyyən edilmiş şəxslər aiddirlər.
28.6. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə
çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə
hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata
götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
|