Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27
birbaşa şəhər kənarındakı on bir otaqlı malikanəyə köçürüldü. Bu malikəni oğlu
həmin o tarixi gecə – qaçaq düşmüş konservatorların dəbdəbəli evləri qumara 
qoyulan gecə, qələbə çaldığı Federasiya tərəfdarlarının başçılarından udmuşdu. 
Lakin bu imperiya vaxtından qalan qədim ev qətiyyən Bendisyon Alvaradonun 
ürəyinə yatmırdı: «Buralara baxanda, senyor, elə bilirəm, Roma papasının 
arvadıyam». Odur ki, qadın evin, ağalar yaşayan hissəsində yox, altı nəfər 
sədaqətli, ayağıyalın qulluqçularıyla birlikdə xidmətçilərin otağında yaşayır, 
vaxtının çox hissəsini həyətin kənarındakı sərin otaqda - quş qəfəslərinin və tikiş 
maşınının önündə keçirirdi. Bu yarıqaranlıq zirzəmiyə bənzər otağa, demək olar, 
heç vaxt isti toxunmurdu, axşamlar ağcaqanadlar da burda bir elə zəhlə tökmürdü. 
Bendisyon Alvarado burda, kimsəsiz həyətdən içəri sızan zəif işığın altında sakitcə 
öz işləri ilə məşğul olur, tikiş tikir, quşları, hər biri qu quşuna çönənəcən, akvarel 
rəngləri ilə rəngləyir, tamarinlərin təmiz havasını ciyərlərinə çəkə-çəkə öz-özünə: 
«Yazıq balam, bu nə zülümdü çəkir?!... Andıra qalmış o dəniz ordusu onu saray 
dustağı eləyib. Yanında ana yox, qədirbilən arvad yox. Ayda aldığı ütük üç yüz 
pesoya görə canını əldən salıb. Yorulub əldən düşəndə, ağrısı kürəyindən çıxanda, 
kim onun başına sığal çəkəcək?!.. Yazıq balam!..» - deyə deyinirdi. 
Ana bu sözləri elə-belə demirdi. Axı, oğlu, demək olar, günaşırı - bütün şəhər 
siesta saatlarında bürküdən boğulanda anasına baş çəkməyə gəlir, onun xoşladığı 
şirniyyatlardan gətirir, dəniz piyadalarının əldəqayırma başçısı qismində payına 
düşən miskin qazancından, gətirdiyi bu şirniyyatı, təsadüfən nahar süfrəsinin 
üstünə atdığı salfetin altından çırpışdırdığından, xərclədiyi hər qəpiyin, yeməyinin 
qalığının belə, lənətə gəlmiş qrinqoçuların öz hesab kitabçalarına qeyd etməsindən 
gileyli-gileyli danışır, qeybət qırıb ürəyini boşaldırdı. Bu yaxınlarda isə, deyirdi, 
zirehli gəminin komandiri, başa düşmək olmurdu, astronomlar idi, ya xəritəçilər 
idi, kimlər idisə, sürüyüb özüylə saraya gətirmişdi. Onlar ona Allahın salamını belə 
verməmiş, onu adam yerinə qoymadan, dinməz-söyləməz, yerölçənlərlə otaqları 
eninə-uzununa ölçə-ölçə, ağızlarının içində nə isə hesablaya-hesablaya, onun 
üstünə tərcüməçi vasitəsi ilə: «Çəkil burdan! İşıqdan keç! Mane olma!» - deyə 
çımxırmışdılar. O da deyilənlərə sakitcə əməl edib, «çəkil» deyəndə, çəkilmiş, 
işığın qabağını kəsməmək, əl-ayağa dolaşıb mane olmamaq üçün az qala küncə 
qısılmışdı. O birilər isə elə hey ölçüb-biçir, onu burdan-ora, ordan-bura qova-qova, 
 
34

hər bir şeyi, hətta eyvanların hər pəncərəsindən içəri dolan işığın düşmə dərəcəsini 
belə hesablayırdılar. 
«Hələ bu harasıdır, ana!» Sonra məlum oldu ki, onun iki aşnasını da saraydan 
qovub çölə atıblar, çünki admiral Qrinqonun fikrincə, «bu əyrimçə qızlar 
prezidentə layiq deyilmişlər…» Bu səbəbdən prezident elə vəziyyətdəydi ki, 
anasıyla xudahafizləşib evdən çıxanda, oğlunun, çönüb özünü boş otaqlara 
salmasını, orda qabağına keçən qulluqçularla gizlənpaç oynamasını hiss eləyəndə, 
quşlarını didişdirib qarmaqarışıqlıq saldı ki, yarıqaranlıq otaqlardan eşidilən 
biabırçı səslər – oğlunun yalvarışları, qulluqçunun boğuq səslə: «Əl çəkin, yoxsa 
ananıza deyərəm!» - deməsi, quşların cikkiltiləri, qanad şıppıltıları içində əriyib 
itsin və qonşular bu işdən xəbər tutmasın. Bendisyon Alvarado, qanadlı 
sakinlərinin halına acımadan, bədbəxt quşları elə hey çimdikləyirdi ki, səslərini 
kəsməsinlər, bircə heç kim oğlunun qaynar nəfəsini - qadınları soyundurmadan, 
özü də soyunmadan, küçük zingiltisiylə zingildəyib, acı tənhalıq yaşı yanağını 
islada-islada, özünü ayaqüstü rahatlayan bu kəmhövsələ, zəif kişinin səsini 
eşitməsin. Bütün bu vay-həşirdən hürkən toyuqlar otaqlara doluşub özlərini sərin 
künclərə soxdular. Hava isə sərinləmək bilmirdi ki, bilmirdi. Hava, elə bil ərinmiş 
şüşə idi. «Can bala, avqustun bu cəhənnəm istisində, günorta saat üçdə bu nə 
sevgibazlıqdı?!» 
Xarici dövlətlərin qoşunları ölkədən çıxıb gedənəcən prezident çox kasıb idi, 
ixtiyarı da öz əlində deyildi. Qoşun isə ölkəni çox tez bir zamanda, müqavilə 
müddəti başa çatmamış tərk etdi. Səbəbi çox sadə idi: ölkəni taun bürümüşdü. 
Taundan qorxuya düşmüş qoşun, zabitlər yaşayan kottecləri hissə-hissə söküb yük 
maşınlarına yığır, çəmənliyə sərdikləri sintetik, mavi gölməçələri xalça kimi 
bürmələyib döşəmələrdən qoparır, bizim çayların bulanıq suyundan istifadə 
eləməmək üçün, özləriylə gətirib gəldikləri su sisternlərini boşaldıb zirzəmilərə 
yığır, tikib ucaltdıqları hərbi qospitalların ağ binalarını, kazarmaları partladırdılar 
ki, heç kim onların inşaat sirrlərini öyrənə bilməsin. Bircə, isti iyun gecələri, tez-
tez admiralın qorxunc ruhu görünən limanda yırğalanan qədim, zirehli gəmiyə 
toxunmadılar. Hərbi donanmadan onlara yadigar qalan bircə bu zirehli gəmi oldu. 
Qalan nə vardısa, hamısını yığışdırıb öz yel qatarlarında apardılar. İstirahət 
avadanlıqlarını, xırda müharibələr üçün gətirdikləri ləvazimatları da yığışdırıb 
özləriylə apardılar. Bütün bunları aparmazdan əvvəl öz vicdan borclarını yerinə 
yetirməyi də unutmadılar – ölkə rəhbərini qarşılıqlı mehriban münasibətlərinə görə 
medalla təltif etdilər, sonra isə: - «Vəssalam! İndi bu murdar məmləkətdə tək qal! 
Görərik bizsiz neyləyəcəksən!» - deyib elə çığırdılar ki, səsləri ölkəni başına 
götürdü. Və getdilər. «Getdilər, ana, cəhənnəm oldular axır!» Və nəhayət ki, o, 
pilləkənlərlə ilk dəfə, daha naxıra girən öküz kimi yox, ağa kimi qalxa-qalxa, heç 
kimdən qorxmadan, heç nədən çəkinmədən, ucadan əmrlər verməyə, bütün təklif 
və xahişlərə şəxsən özü nəzarət eləməyə başladı: «Xoruz döyüşlərinə icazə vermək 
olar?» - «Mən razı!» «Çərpələng necə, göyə çərpələng buraxmaq olar?» - «Olar!» 
O, qəsbkarların qadağan etdiyi bütün əyləncələri yenidən bərpa etdi və qadağaları 
ləğv etdikcə, öz hökmranlığının əzəmətini duydu, sonradan görəndə ki, onun bir 
sözünü iki eləyən yoxdu, hakimiyyəti doğrudan-doğruya təkbaşına, şəxsən özü 
idarə eləməyə - ilk növbədə milli bayrağın zolaqlarının yerini dəyişib yuxarı zolağı 
 
35

aşağıda, aşağı zolağı yuxarıda yerləşdirdi, dövlət gerbindəki firqə qapağını, 
başıaşağı çevrilmiş əjdahayla əvəz eləməyi əmr etdi. Ona görə ki, biz artıq 
xaltasızıq, ana! «Yaşasın taun!» 
Xarici qəsbkarlar ölkədən çıxıb gedənəcən keçirdikləri miskin həyat - biabırçı 
asılılıq və kasıbçılıq, hətta arada bir dilənçi vəziyyətinə düşməkləri Bendisyon 
Alvaradonun heç cür yadından çıxmır, Patrisio Araqonesin ölümüylə qurulan 
tamaşadan sonra da, oğlu tabutdan xortlayıb üsyanı yatırdandan sonra da, bolluq və 
müvəffəqiyyət dənizində üzəndə də Bendisyon Alvarado yenə ehtiyac içində 
yaşadıqlarından danışıb şikayətlənirdi. O günlər, əvvəl-əvvəl heç nədən xəbəri 
olmayan Bendisyon Alvarado, onu dinləməyə hövsələsi çatanlara, prezidentin 
anası ola-ola, bu cındır tikiş maşınından savayı heç nəyi olmadığından, oğlunun 
müflis vəziyyətindən şikayətlənirdi: «Siz onu faytonda görürsünüz, senyor, onu 
məşəllərlə müşayiət edirlər, amma, yazıq balamın qəbristanlıqda ovuc boyda yeri 
belə yoxdur. Ayağını uzadıb ölməyə özü üçün bir qarış torpaq belə almayıb, balam. 
Bu da işdi, senyor?.. Bu qədər əlləş-vuruş, bu da axırı...» Bir qədərdən sonra isə 
arvad daha oğlunun dərdlərindən söz açmırdı, çünki oğlu daha öz dərdlərini 
anasıyla bölüşmürdü, ona heç nə barədə danışmırdı, həmişə elədiyi kimi, arada bir 
vaxt tapanda yanına qaçıb dövlət işlərində qurduğu kilkəli torlardan, gizli 
sirlərindən söz açmırdı. Ümumiyyətlə, qəsbkarlar ölkədən çıxıb gedəndən sonra 
oğlu çox dəyişmişdi, hərdən Bendisyon Alvaradoya elə gəlirdi ki, oğlu ondan da 
qocadır, ona elə gəlirdi ki, oğlu, hansı möcüzəyləsə, vaxtı da qabaqlayırd. Axır 
vaxtlar anası hiss eləməyə başlamışdı ki, oğlunun nitqi də get-gedə anlaşılmaz, 
qocasayağı əlaqəsiz olub, o, sözlərdə büdrəyir, fikirləri, sapı qırılmış muncuq kimi 
pərən-pərən düşür, hərdən bir də ağzının suyu axır... Onda Bendisyon Alvaradonun 
ürəyi əzilirdi, ananın oğula yox, qızın ataya yazığı gələn kimi, ürəyinin başı 
sökülürdü. Ürəyi ən çox da, bir dəfə oğlu, qucağı hədiyyələrlə, paketlərlə, karton 
bağlamalarla dolu içəri girib, bağlamaların hamısını birdən açmaq istəyəndə və 
Bendisyon Alvarado qayçını axtarıb tapanacan, bağlamaların ipini dişiylə 
didişdirib, dırnaqlarını karton qutuların künclərində sındıranda, sonra hövsələsi 
daralıb, hər şeyi stolun üstünə səpələyərək, təntənənin həyacanından boğulan 
nəfəsi təngiyə-təngiyə: «Bir bax, burda nələr var, ana! Görürsən? Bu akvariumdakı 
– diri su pərisidi, bu, oyuncaq mələkdi, doğurçu mələk boydadı, ora-bura uçub 
zəng çalacaq; bax bu, okean balıqqulağıdır, görürsən nə boydadı?.. Bunu qulağına 
tutsan, ordan adi balıqqulaqları kimi, okeanın səsi yox, bizim milli himni 
eşidəcəksən! Əla şeylərdi, düzdü, ana?.. Görürsən, dövlətli olmaq necə şeydi?!...» - 
deyəndə ağrımışdı. Oğlunun bu əcayib sevinci onda Bendisyonu açmamışdı və o, 
dinməz-söyləməz, quşları rənglədiyi fırçasının quyruğunu çeynəyə-çeynəyə, 
oğluna baxa-baxa qalmışdı, uzaq keçmişi, oğlunun hakimiyyətdə nəyin bahasına 
qalmasını xatırlamışdı… bütün o məşəqqətlərin nəticəsi indi göz qabağındaydı... 
«O vaxt, indiki vaxtlar kimi deyildi, senyor, hakimiyyətin möhkəmliyini budu bax, 
ovcunun içi kimi hiss edəsən. O vaxt hakimiyyət, balamın sözü olmasın, ovcunun 
içində o yan-bu yana diyirlənən şüşə kürəcik kimi bir şey idi, sabalo balığı kimi 
sürüşüb, Allahın nəzərindən qaçıb, bu qarmaqarışıq sarayın içində sülənə-sülənə 
sivişib aradan çıxmaq istəyirdi elə bil. Bütün bu qarmaqarışıqlıqda, onu Federasiya 
uğrunda döyüşdə qalib gələn bir sürü tamahkar - bir vaxtlar, şair-general Lautaro 
 
36

Munyos kimi diktatoru yıxmaqda ona kömək eləyənlər izləyir, ona, sarayın 
divarlarından kənara çıxmağa imkan vermirdilər. Bu xidmətlərinə görə keçmiş 
həmfikirləri, feodalların ölkəsindən sürüb gətirdikləri mal-qaranı və bir sıra 
torpaqları tələb edirlər, ölkəni də onlar bir neçə muxtar vilayətə bölüb, hərəsi 
birinin başında oturdu və belə ərz elədilər ki, uğrunda qanlarını tökdükləri 
Federasiya elə bu deməkdi. «Qanımız və canımızla, mənim generalım!» Sonra da 
bu vilayətlərdə otura-otura özlərindən monarx düzəltdilər, öz qanunlarını 
yaratdılar, ad günlərini milli bayram elan elədilər, şəxsi imzalarıyla pul əskinazları 
buraxdılar, qızıl və gümüşlə işlənmiş parad mundirlərində gəzməyə başlaldılar, 
qılıncların qınını qızıldan düzəltdirdilər, üstünə briliyantlar düzdürdülər, başlarına, 
tovuz quşunun lələklərindən düzəldilmiş üçkünc papaqlar taxdılar. Məlum 
məsələydi ki, bütün bunları onlar, vitse-kral dövrünün qədim litoqrafiyalarından 
baxıb götürürdülər. Onlar kəndçi idilər, senyor, yöndəmsiz, yonulmamış kəndçi, 
saraya da dəvətsiz-filansız gəlib soxulurdular, özlərini də heç sındırmırdılar: 
«Dövlət – bizik, mənim generalım, ölkə bizim hamımıza mənsubdur. - deyirdilər. - 
Ölkə də, uğrunda ölümə getdiyimiz bu saray da, elə deyil?» Onlar tək gəlmirdilər, 
özləriylə arvadlarını da – bir sürü arvad gətirib gəlirdilər. Çəkməsiz-filansız, iyli 
corablarda gəzən bu bir yığın qulduru, sözün əsl mənasında vəhşiləri şəxsi qarovul 
müşayiət eləyirdi. Xristian dilində demək olar, danışa bilmirdilər, amma aşıq-aşıq, 
kart və digər oyunları fırıldaqla aparmağın, istənilən silahla davranmağın 
ustasıydılar. Ardı-arası kəsilməyən, çağrılmayan bu yöndəmsiz qonaqlara görə 
prezident sarayı qaraçı köçünü xatırladırdı, senyor. Burda bir iy vardı, elə bil çaylar 
bütün üfunətli sularını axıdıb buralara tökmüşdü. General ştabının zabitləri sarayın 
bütün mebelini öz evlərinə daşıyıb aparmışdılar. Axı bu, respublikanın əmlakı idi, 
senyor!» Onlar hökumət imtiyazlarını dominoda - gecə-gündüz bu xarabada səliqə-
səhman yaratmaqdan ötrü əldən-dildən düşə-düşə, azca da olsa, ortanın zir-zibilini 
təmizləməyə çalışan Bendisyon Alvaradonun deyintisini qulaqardına vura-vura 
bölüşdürdülər. Federalçıların liberal hərəkatının, getdikcə eybəcər bir şeyə 
çevrildiyini, hər şeyin dağılıb məhv olduğunu görən yeganə adam Bendisyon 
Alvarado idi…  
Federalçıların bu bayram əhvalından, yüksək dövlət vəzifələrini kartda 
bölüşdürmələrindən, fahişələri royalın dilləri üstə uzatmaqlarından əsəbiləşən 
Bendisyon Alvarado, onları süpürgəylə də qovub saray otaqlarından çıxara 
bilmirdi. Albastr amforlarına çölə çıxdıqlarını görəndə isə: «Yox, senyor, bu, sizin 
üçün unitaz da deyil, qarşok da deyil… bu, amfordur, onu dənizin dibindən tapıb 
çıxarırlar…» - deyəndə belə, onlar elə hırıldayır, yenə öz işlərinə davam edir, bu 
nadir amforları bulayıb eybəcər vəziyyətə salırdılar: «Ağzı üstə yerə yıxdığımız 
xozeynlərin acığına, senyora! Qoy özlərindən amfor-mamfor düzəltməsinlər!» 
Onları heç cür saxlamaq olmurdu. General Adriano Tusmanı Allah saxlaya 
bilmədiyi kimi. Prezidentliyinin onilliyi günü, generalın içib nə hoqqalar çıxardığı 
çox adamın yadındadı. «Bizim heç ağlımıza belə gəlməzdi ki, o, nə hoqqa çıxara 
bilər!» O, yüngül parçadan qar kimi ağappaq formada, mənə söz verdiyi kimi, 
silahsız-filansız gəlmişdi. Onu, adi vətəndaş geyimi geymiş fransız mühafizəçiləri 
– xarici legiondan çırpışdırdığı əsgərlər müşayiət edirdi. Qucağı da, generalın 
Kayennadan, nazirlər və saray arvadları üçün gətizdirdiyi hədiyyələrlə dolu idi. 
 
37

Tusman özü isə bir-bir hər qadının ərinin qabağında əzilib büzülə-büzülə, 
hədiyyəni təqdim eləmək üçün icazə istəyə-istəyə verirdi. Bu ədanı da ona 
fransızlar öyrətmişdi, guya fransız saraylarında belə eləyirdilər. Qadınların 
hədiyyələri paylanandan sonra Adriano Tusman zalın küncündəki mizin arxasında 
əyləşib rəqslərə tamaşa eləyə-eləyə, başını yelləyə-yelləyə zövq almağa, bu 
rəqslərdən xoşlandığından və ümumiyyətlə, bu avropalıların rəqsindən çox xoşu 
gəldiyindən danışmağa başladı. İlk baxışda elə bil o sakit idi, dinməz-söyləməz bir 
tərəfdə oturub rəqsə tamaşa edirdi, amma mən gördüm ki, onun cangüdənlərindən 
biri altdan-altdan elə hey onun badəsini şampanla doldurur. 
Bir də gördüm, Tusman bu qazlı içkidən qızarıb elə kökə düşdü ki, ağ kitelinin 
düymələrini bir-bir açmağa sonra hıçqırmağa, arada bir gəyirməyə başladı, sonra 
başını lap itirdi. Bir də gördüm, rəqslər arada kəsilmişdi, yerindən durub şalvarının 
qabağını açdı və budu ha, hamını, hər yeri «sulamağa» başladı. Bu qoca əyyaş 
qadınların ipək paltarlarını, tovuz lələyindən yelpiklərini, çəkmələrini də islatdı! 
Məlum məsələdi ki, aləm bir-birinə dəydi, bir haray-həşir qopdu ki, gəl görəsən. 
Tusmanınsa heç nə vecinə deyildi, camaatın üst-başını islada-islada, özü üçün 
oxuyurdu: «Bu mənəm, üzü dönük sevgilim, qoy bağçanın güllərinə su səpim... Ah 
gözəl güllər!» Heç kim də onun yaxasından tutub qırağa çəkməyə ürək eləmirdi. 
«Elə mən özüm də ürək eləmirdim. Hərçənd ki, mənim gücüm o biri generallara 
çatardı, amma ikisi birləşsəydi, ağlım kəsmir ki, əlimdən bir iş gələrdi.» Hə, belə-
belə işlər, hələ onda heç kim prezidentin qranit kimi möhkəm olduğunu, hər şeyin 
mahiyyətini dəqiq gördüyünü, hamının qarnının altındakını bildiyini, beşcə 
dəqiqədən sonra nə edə biləcəyini, səbrinin və qəddarlığının həddini, dahiyanə 
pusub gözləmək və vaxtı çatanda məhv eləmək qabiliyyətini, demək olar, bilmirdi. 
Həmin o dəhşətli gün ona, ordu komandiri Narsiso Lopesin anis arağından ölüncə 
içib tualetdə əcnəbi bir zabitə qəmiş olaraq, onu təcrübəli fahişə kimi, qeyri-təbii 
cinsi əlaqəyə məcbur etməyini, özünə gələndə isə acığından və pərtliyindən, zabiti 
iclas zalına sürütləyib orda nizəsiylə, kəpənəyi divara yapışdıran kimi, bahar 
mənzərəsi təsvir olunmuş divara oxladığını, bədbəxt zabitin düz üç gün həmin o 
divardan asılıb qaldığını, heç kimin də qorxudan meyidə yaxınlaşa bilmədiyini 
hesabat verəndə, prezidentin gözlərinə nəhayətsiz bir kədər qonmuşdu, dodaqları 
ağarmış, qılıncının üstünə qonan incə əli titrəmişdi. Əslinə qalanda isə, bu 
hadisədən ən az narahat olan, elə prezidentin özü idi, əsas məsələ bu idi ki, «təki 
ətrafındakılar birləşib ona qarşı çıxmasınlar». Onların qalan hərəkətlərinə isə o, bir 
o qədər də əhəmiyyət vermirdi. Bu hərəkətlər gec-tez hamının diqqətini cəlb 
edəcəkdi və gec-tez bu can bir qəlb arxadaşlar bir-birini məhv edəcəkdi. Elə də 
oldu. Günlərin bir günü ona xəbər çatdı ki, general Xesukristo Sançesi öz şəxsi 
mühafizəçiləri stulla öldürməyə məcbur olublar, çünki sən demə, necə olubsa, 
Sançesi pişik dişləyibmiş və onu quduzluq tutubmuş – zavallı Sançes! Bu xəbərin 
ardınca daha bir xəbər yayıldı ki, general Lotario Sereno çayda batıb. Deyilənə 
görə çayı atla keçərkən, qəfildən ata nə isə olub və yazıq at durduğu yerdə kəllə-
mayallaq aşaraq, general Sereno gözünü açıb-yummağa macal tapamamış, suyun 
dibinə gedib – bədbəxtçiliyə bir bax! Bir az keçmişdi ki, bir təzə xəbər də yayıldı: 
«General Naseriqo de Lopes öz biabırçı homoseksuallığına dözə bilməyib və 
dinamiti bir yerinə soxaraq, özünü partladıb, mənim generalım, özü də tikə-tikə 
 
38

olub!» Onların hamısı beləcə, bir-birinin ardınca gedirdi, o isə kədərli üzüylə hər 
biri üçün: «Yazıq!» deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil 
ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə 
rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu yerinə yetirərkən həlak 
olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn 
edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»  
Onda ki, bütün ölkə üzrə, müharibə illərinin od-alovundan onunla çiyin-çiyinə 
keçən generallardan cəmi altısı qaldı, o, onların hamısını – ağac spirtini barıtla 
qarışdırıb içən ən təhlükəli və xəbis general Xasinto Alqarabia daxil olmaqla, 
hamısını bir nəfər kimi öz ad gününə - prezident sarayında qurulmuş qonaqlığa 
dəvət elədi, senyor! «Özümüz olacağıq, – onlara dedi – bizdən, silahdaşlardan 
savayı heç kim olmayacaq! Keçmişlərdəki kimi, silahsız-filansız bir yerə yığışıb 
kef edəcəyik! Hamımız birlikdə, süd qardaşları kimi baş-başa!» Onlar da gəldilər, 
senyor, sövdələşdikləri kimi, silahsız – sursatsız gəlib banket zalına girdilər, amma 
cangüdənlərini də gətirmişdilər, onlar qonşu otaqda oturmuşdular. 
Qonaqlar əliboş gəlməmişdilər, ona cürbəcür gözəl hədiyyələr gətirmişdilər: 
«Hamımızı birləşdirən yeganəmizə!» Onun bu dəvətinə hətta general Saturno 
Santos da səs vermişdi – əfsanəvi Saturno Santos, heç kimə inanmayan, xainqəlbli 
xalis hindu oğlu – qış-yay ayağı yalın gəzən, həmişə də: «əsil kişi ayağının altında 
torpağı hiss eləməlidi.» - deyən Saturno. Həmin qonaqlığa o, arandakı oyuğundan 
çıxıb gəlmişdi. Ora da eləcə ayağı yalın, üstündə əndirəbadi heyvan şəkilləri 
çəkilmiş əcayib pançoda, həmişəki kimi də təmtək, mühafizəçisiz, amma silahlı 
gəlmişdi. Silahı da təhvil verməkdən ona görə boyun qaçırmışdı ki, dediyinə görə, 
bu silah onun üçün döyüş silahı yox, onun əmək alətidi. «O mənə qızılquş 
bağışladı, ana, namuslu döyüş münasibətilə, üzbəüz, mərd döyüşə görə əsil döyüş 
quşu bağışladı. Özüylə arfa da gətirib gəlmişdi, ana… çovğunları yatırdıb bol 
məhsul bitirən müqəddəs arfanı. O arfanı o, sidq-ürəkdən, xüsusi bir incəliklə çala-
çala, yadımıza kövrək müharibə illərini, müharibənin vahiməli başlanğıcını saldı. 
Bu xatirələr, qoturluq gicişməsi kimi canımıza yeridi, burnumuza müharibənin iyi 
də gəldi. Bizi uzaq günlərə çəkib aparan döyüş atı haqqında mahnısıyla lap 
ürəyimizin başını sökdü və biz hamımız cuşa gəlib xorla, ürəkdən oxumağa 
başladıq: «...Körpüdən gözü yaşlı qayıtdım...» Onlar, içinə gavalı basılan 
hinduşkanı, qızardılmış qabanı bircə göz qırpımında gəvələdilər… yedilər, içidilər, 
oxudular. Hər biri də içikini, öz şəxsi flyaqasından içirdi. Bircə general Saturno 
Santosla o heç nə içmirdi və demək olar ki, yemirdilər, çünki onların hər ikisinin 
həyatları boyu dillərinə içki dəyməmişdi, yeməyi də, adətən aclığı öldürmək üçün 
yeyirdilər. Hərbi mahnılarından sonra generallar dostlarının şərəfinə gözləri 
yaşara-yaşara çar Davidin sübh dualarını oxudular, sonra səfir Panelin bir vaxlar 
prezidentə hədiyyə elədiyi «Ad günün mübarək!» mahnısınacan, bütün təbrik 
mahnılarını bir-bir oxudular. Qədim silahdaşlarını – qəm-kədərə batmış qanıqara 
qocanı az qala yalaya-yalaya, anqırışa-anqırışa oxuya-oxuya, elə hey içdilər-
içdilər. Məclis başa çatanda isə, sübhə yaxın o, köhnə kazarma vərdişiylə əlində 
çıraq, bütün sarayı gəzdi, bir-bir otaqlara baş çəkdi, öz döyüş dostlarına bir də, son 
dəfə baxdı: Saturno Santosdan başqa onların altısı da içkinin təsirindən keyləşib 
ağırlaşaraq, bir-birini qucaqlaşıb yatmışdılar. Özləri quru döşəmənin üstünə 
 
39

sərilmişdilər, mühafizəçiləri də yanlarında əyləşmişdi. Bircə Saturno Santosdan 
savayı. Bircə onun mühafizəçisi yox idi. O birilərin mühafizəçiləri isə bir-birindən 
gözünü çəkmirdilər, çünki döşəmədə qardaş kim qucaqlaşıb dərin yuxuya getmiş 
generalların həm də bir-birindən dəhşətli dərəcədə qorxduqlarından xəbərdar idilər. 
Onların hər biri beləcə prezidentdən də qorxurdu, prezident isə öz növbəsində 
onlardan qorxurdu, çünki, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam 
deməkdir. O, bir müddət yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının 
yanındakı qırmağa keçirib kilidi üç dəfə açarladı, üç qıfılı bağlayıb üç zənciri çəkib 
üzü üstə döşəməyə düşdü, üzünü balışa basan kimi ovuclarına basıb uzandı və elə 
həmin dəqiqə saray, gecə qarovulunun yaylım atəşlərinin gurultusundan titrəməyə 
gəldi. Bir! İki!.. «Vəssalam… və hər şey səs-küysüz, güllə-baransız, ah-naləsiz, 
birdəfəlik həll olundu!» Və gurultudan sonra qalan, barıtın havadan asıla qalan 
səssiz dumanı oldu. 
Səhəri gün isə yuxudan ayılanda o, bir daha heç kimin və heç nəyin, onun 
möhtəşəm hakimiyyətinə zərrə qədər xələl toxundura bilməyəcəyindən əminliyini 
hiss edib rahatlandı. Əsgərlər ayaqlarını qanlı gölməçələrlə şappıldada-şappıldada 
axşamkı qonaqlığın tör-töküntüsünü təmizləyirdilər, bu dəhşətli hadisədən az qala 
ağlını itirmiş Bendisyon Alvarado başını tutub, əhəngləndikcə qan sızan divarlara 
baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları sulu paltarı sıxan tək, nə qədər burub 
sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı şırımlarla axır, 
otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır 
eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan, azalmaq əvəzinə, 
əksinə, elə bil get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barıdı rəsmən elan 
olundu ki, müharibə veteranlarını, hansısa naməlum səbəbdən birdən-birə ağıllarını 
itirmiş öz mühafizəçiləri öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin