olan xoş, lakin bir az hiyləgər sifətli, alçaq boylu, sarışın bir meşşandır.
Aydın və şən baxışlı, ağıllı və sakit gözlərindən ağlı başında olduğu və
çox mühüm, xoş bir sirr gizlətdiyi anlaşılırdı. Yatağının və döşəyinin
altında heç kəsə göstərmədiyi bir şeyi vardı, lakin bu şeyi heç kəsə
göstərməməsi - əlindən alarlar və ya oğurlarlar, deyə qorxduğundan
deyil, bəlkə utandığındandı. Bəzən, görürsən, pəncərəyə yanaşıb
arxasını yoldaşlarına çevirir, döşünə nə isə taxır və sonra başını əyərək
baxırdı, bu əsnada ona yanaşsaydın, pərt olar və döşündəki şeyi dartıb
gizlədərdi. Lakin onun sirrini tapmaq çətin deyildi. O, tez-tez İvan
Dmitriçə deyirdi:
- Məni təbrik edin, ikinci dərəcə ulduzlu Stanislav nişanı ilə təltif
etmək istəyirlər, ikinci dərəcə Stanislav nişanı yalnız xaricilərə verirlər,
lakin məndən ötrü nədənsə istisna etmək istəyirlər. – O gülümsəyir və
çiyinlərini heyrətlə dartırdı. – Sözün düzü, mən heç bunu gözləməzdim!
İvan Dmitriç qəmli-qəmli dedi:
- Mən bundan heç nə anlamıram.
Keçmiş çeşidçi gözlərini hiyləgərcəsinə qıyaraq:
- Lakin xəbəriniz varmı, mən gec-tez nəyə nail olmaq istəyirəm? –
deyə sözünə davam etdi. – Mütləq İsveç “Qütb ulduzu” əldə edəcəyəm.
Bu nişanı almaq üçün əlləşməyə dəyər. Ağ xaç və qara lent. Gözəl
şeydir.
Yəqin ki, heç bir yerdə həyat fligendəki kimi yeksənəq deyildi.
Səhər xəstələr, iflic və yorğun mujikdən başqa, dəhlizdə iri çəlləkdə əl-
üzlərini yuyub və xalatlarının ətəyi ilə qurulanırdılar: sonra Nikitanın
baş korpusdan gətirdiyi çayı qalay krujkalarda içirdilər. Hər xəstəyə bir
krulka çay düşürdü. Günorta turş kələmdən bişirilmiş borş və daşma ilə
nahar edir, axşam isə nahardan qalmış daşmanı yeyirdilər. Boş
vaxtlarda yatır, pəncərədən baxır və otağı o küncdən-bu küncə
gəzirdilər. Bu rejim hər gün təkrar olunurdu. Hətta keçmiş çeşidçi də
həmişə eyni nişanlardan söhbət salırdı.
6 №-li palatada təzə adamlara çox gec-gec rast gəlmək olurdu.
Başına təzəcə hava gələn adamları həkim çoxdan bəri qəbul etmirdi,
dəlixanaları ziyarət edən həvəskarlar isə bu dünyada çox deyil. Dəllək
Semyon Lazarıç təqribən hər iki ayda bir dəfə fligelə gəlirdi. Onun
dəlilərin başını necə qırxmasından və Nikitanın bu işdə ona necə kömək
etməsindən, habelə gülümsəyən kefli dəllək gələn kimi xəstələr
arasında necə şuluqluq düşməsindən burada danışmayacağam.
Fligelə dəlləkdən başqa heç kəs gəlməzdi. Xəstələr hər gün yalnız
Nikitanı görməyə məhkum idilər.
Lakin bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayiə yayıldı.
Şayiə buraxdılar ki, guya 6 №-li palatanı həkim ziyarət etməyə
başlamışdır.
V
Qəribə bir şayiə!
Həkim
Andrey Yefimıç Ragin özünə görə qəribə bir
adamdı.Deyirdilər ki, o, gəncliyində çox dindar imiş və özünü ruhani
vəzifəsinə hazırlayırmış.1863-cü ildə gimnaziyanı bitirdikdən sonra
ruhani akademiyaya gurmək fikrinə düşür, lakin təbabət doktoru və
cərrah olan atası onu özünə oğul hesab etməyəcəyini bildirir. Bu
əhvalatın nə qədər doğru olub-olmadığını bilmirəm, ancaq Andrey
Yefimıç təbabət elminə və ümumiyyətlə, xüsusi elmlərə rəğbət
bəsləmədiyini dəfələrlə özü etiraf etmişdi.
Hər halda o, tibb fakültəsini bitirdikdən sonra keşişliyə getmədi. O,
dindarlıq əlamətləri göstərmirdi və həkimliyə təzə başlayan zamanlarda
da, indiki kimi, ruhaniyə çox az oxşayırdı.
Onun mujiklərə məxsus ağır və qaba görkəmi vardı; sifətindən,
saqqalından, yatıq saçlarından və yöndəmsiz möhkəm gövdəsindən
böyük yol ağzında olan kök, həyasız və kobud meyxanaçıya oxşayırdı.
Üzü sərt, göy damarlarla örtülü, gözləri xırda, burnu qırmızı idi. Boyu
uca, kürəyi enli, qolları və qıçları nataraz idi; zorba yumruğu ilə bir
dəfə vursaydı adamın canı çıxardı. Amma yerişi sakit və ehtiyatlı idi;
dar dəhlizdə adama rast gəldikdə, həmişə yol vermək üçün kənara
çəkilir və gözlədiyin kimi yoğun səslə deyil, yumşaq tenor səsi ilə
“bağışlayın!” deyirdi. Boynunda balaca bir şiş vardı, bu şiş nişasta
yaxalıq taxmasına mane olurdu, ona görə həmişə yumşaq kətandan və
ya çitdən köynək geyərdi. Ümumiyyətlə o, həkim kimi geyinməzdi. Bir
paltarı azından on il geyərdi, cuhud dükanından aldığı təzə paltarı da
əynində daim köhnə, geyilmiş və əzik görünürdü, eyni sürtukda həm
xəstələri qəbul edir, həm nahar eləyir, həm də qonaq gedirdi; lakin
bütün bunlar xəstəlikdən deyil, öz üst-başına əsla fikir vermədiyindən
irəli gəlirdi.
Andrey Yefimıç vəzifəsini qəbul etmək üçün şəhərə gəldikdə,
“xeyirxah idarə” müdhiş bir halda idi. Palatalarda, dəhlizlərdə və
xəstəxana həyətində üfunətdən nəfəs almaq mümkün deyildi. Xəstəxana
mujikləri, xəstələrə baxanda və onların uşaqları xəstələrlə bərabər
palatalarda yatırdılar. Tarakan, taxtabiti və siçan əlindən dad çəkirdilər.
Cərrahiyyə şöbəsindən qızıl yel xəstəliyi əskik olmurdu. Bütün
xəstəxanada iki dənə cərrah bıçağı vardı, termometr isə kökündən yox
idi, vannalara kartof tökmüşdülər. Nəzarətçi, camaşırçı və feldşer
xəstələri soyurdular. Andrey Yefimıçdan qabaqkı həkim barəsində
danışırdılar ki, guya xəstəxana spirtini əlaltından satırmış və xəstəyə
baxanlardan, xəstə qadınlardan özünə tam bir hərəmxana düzəldibmiş.
Şəhərdə bu biabırçılıqları yaxşı bilirdilər və hətta mübaliğə ilə də
danışırdılar, lakin bu, camaatı heç də narahat etmirdi, bir para adamlar
bu biabırçılıqları safa çıxarırdılar, guya xəstəxanaya yalnız meşşanlar
və mujiklər gedir ki, onlar da narazı ola bilməzlər, çünki xəstəxanada
onlar üçün öz evlərindəkindən yaxşı keçir, daha onlara kəklik
yedirtməyəcəklər ki! Bəziləri də xəstəxana sahiblərinə haqq verməyə
çalışaraq deyərdilər ki, zemstvonun yardımı olmadan yaxşı xəstəxana
saxlamaq çətindir; Allaha şükür ki, heç olmasa xarab xəstəxana var.
Cavan zemstvo isə nə şəhərlər, nə də şəhər ətrafında xəstəxana tikmək
istəmirdi, şəhərin artıq öz xəstəxanası var, deyirdi.
Andrey Yefimıç xəstəxananı gözdən keçirərək, bu qərara gəldi ki,
bu əxlaqsız bir idarədir və əhalinin sağlamlığı işinə son dərəcə zərərdir.
Onun zənnincə, xəstələri bayıra atıb, xəstəxananı bağlamaq ən ağıllı iş
idi. Lakin sonra Andrey Yefimıç düşündü ki, təkcə onun iradəsi kifayət
deyil, bundan fayda çıxmaz, fiziki və əqli murdarlıqları bir yerdən
qovduqda onlar başqa yerə köçür; murdarlığın öz-özünə yox olub
getməsini gözləmək lazımdır. Bir də əgər adamlar özlərinə xəstəxana
açmışlarsa və buna dözülərsə, demək, bu onlara lazımdır, mövhumat və
bütün bu məişət pozğunluqları, murdarlıqları lazımdır, çünki bunlar,
zaman keçdikcə, peyinin qaratorpağa çevrildiyi kimi, faydalı bir şeyə
çevrilirlər, dünyada heç bir yaxşı şey tapılmaz ki, onun ilk mənbəyində
murdarlıq olmasın.
Andrey Yefimıç vəzifəsini qəbul etdikdən sonra bu biabırçılıqlara
laqeyd baxdı. Yalnız xəstəxana mujiklərindən və xəstəxana
baxıcılarından xahiş etdi ki, palatalarda yatmasınlar və xəstəxanaya tibb
alətləri ilə dolu iki şkaf qoydu; nəzarətçi, camaşarçı, feldşer və qızıl yel
xəstəliyi tutmuş xəstələr isə öz yerlərində qaldılar.
Andrey Yefimıç ağıl və namusu son dərəcə sevirdi, lakin öz
ətrafında ağıllı və namuslu bir həyat qurmağa kirdarı yox idi və öz
hüququna inanmırdı. Əmr etməyi, qadağan etməyi və israf etməyi
qətiyyən bacarmırdı. Adama elə gəlirdi ki, o, səsini heç vaxt
ucaltmamağa və felin əmr formasını işlətməməyə söz vermişdir. “Ver”
və ya “gətir” sözlərini deməyə üzü gəlmirdi, yemək istəyəndə
qətiyyətsizliklə öskürərək, aşpaz qadına deyərdi: “Deyəsən, acmışam...”
və ya “Çay olsaydı, içərdim”. Nəzarətçiyə oğurluqdan əl çəkməsini
söyləməyi və ya onu qulluqdan çıxartmağı, ya da bu lazımsız, tüfeyli
vəzifəsini büsbütün ləğv etməyi heç cür bacarmırdı. Andrey Yefimıçı
aldatdıqda, ya ona yaltaqlıq etdikdə, yaxud da açıq-aşkar saxta bir pul
sənədini ona imzalatmağa vardikdə, pul kimi qızarır, özünü taqsırlı bir
adam kimi hiss edirdi, amma bununla belə yenə də sənədi imzalayırdı;
xəstələr aclıqdan və ya kobud xəstə baxıcılarından ona şikayət etdikdə,
o utanır və taqsırlı bir adam kimi mızıldayırdı:
- Yaxşı, yaxşı, bu işə baxaram... Yəqin burada bir anlaşılmazlıq
var...
Andrey Yefimıç ilk zamanlar çox səylə işləyirdi. Hər gün səhərdən
nahar vaxtınadək xəstələri qəbul edir, operasiya edir və hətta mamalıq
təcrübəsi ilə də məşğul olurdu. Qadınlar onun barəsində danışırdılar ki,
guya çox diqqətlidir və xəstəlikləri, xüsusən uşaq və qadın xəstəliklərini
çox gözəl bilir. Lakin zaman keçdikcə iş öz yeknəsəqliyi və açıq-aydın
görünən faydasızlığı iılə onu darıxdırmağa başladı. Bu gün otuz xəstə
qəbul etdiyin halda, sabah görürsən otuz beş nəfər oldu, birisigün isə
bunların sayı qırxa çatırdı, beləliklə gündən-günə, ildən-ilə xəstələrin
sayı şiddətlə artır, ölüm hadisələri də şəhərdə heç azalmırdı.
Xəstəxanaya gələn qırx xəstəyə səhərdən naharadək ciddi yardım
göstərməyə imkan yoxdur, demək, gündə qırx xəstəni aldatmalı olur.
Hesabat ili ərzində xəstəxanaya gələn min iki yüz xəstə qəbul edilmişdi,
demək, sadəcə olaraq min iki yüz adam aldadılmışdır. Ciddi xəstələri də
palatalara qoymaq və onlarla elmi qaydada məşğul olmaq mümkün
deyil, çünki qayda varsa da, elm yoxdur. Fəlsəfəni buraxıb, başqa
həkimlər kimi qaydalara xırdaçılıqla riayət etdikdə isə, bundan ötrü çirk
deyil, hər şeydən əvvəl təmizlik və ventilyasiya, iylənmiş turş kələmdən
bişirilən borş deyil, keyfiyyətli xörək lazımdır və oğrular deyil, yaxşı
köməkçilər lazımdır.
Bir də ölüm hər kəsin normal və qanuni aqibətidirsə, adamların
ölümünə mane olmağın nə mənası? Bir alverçinin və ya bir məmurun
beş-on il artıq yaşamasından nə çıxar? Təbabət elminin məqsədini
dərmanların insan əzablarını azaltmasında gördükdə isə, ortaya belə bir
sual çıxır ki, bu əzabı nə üçün azaltmalı? Əvvələn, deyirlər ki, əzab
insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını
cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və
fəlsəfəni bilmərrə atmış olar. Halbuki insanlar bu vaxta qədər din və
fəlsəfə vasitəsilə nəinki özlərini hər cür fəlakətdən qorumuş, hətta
onlarda özlərinə xoşbəxtlik də tapmışlar. Puşkin ölərkən müdhiş əzablar
çəkmiş, zavallı Heyne bir neçə il iflic olub yorğan-döşəyə düşmüşdür,
nə üçün həyatları mənasız keçən və iztirab olmasaydı, amyöb kimi
büsbütün boş ömür sürən Andrey Yefimıç və ya Matryona savvişna
kimiləri xəstələnməsin?
Andrey Yefimıç bu cür mühakimələrə qərq olaraq ruhdan düşdü və
xəstəxanaya gəlməyə başladı.
VI
Onun həyatı belə keçirdi. Adətən səhər saat səkkizə yaxın yuxudan
durub geyinir və çay içirdi. Sonra kabinetində oturub mütaliə ilə məşğul
olur və ya xəstəxanaya gedirdi. Xəstəxanada qaranlıq, dar dəhlizdə
ambulatoriya xəstələri oturub həkimin qəbulunu gözləyirdilər. Bunların
yanı ilə çəkmələrini kərpic döşəməyə döyəcləyən mujiklər və xəstə
baxıcıları, xalat geymiş arıq xəstələr keçir, çirkab qabları və s. aparırlar,
uşaqlar ağlayır, dəhlizdə aralıq küləyi əsir. Andrey Yefimıç bilirdi ki,
titrətməli, vərəmli və ümumiyyətlə həssas xəstələrə belə şərait əziyyət
verir, lakin nə etməli? Qəbul otağında feldşer Sergey Sergeiç ona rast
gəldi, bu, alçaq boylu, dolu bir adam idi, kök, qırxıq üzü təmizcə
yuyulmuşdu, təzə gen- bol kostyumundan feldşerə deyil, əyana
oxşayırdı. Şəhərdə geniş praktika ilə məşğul idi, ağ qalstuk taxır və
özünü praktika ilə heç məşğul olmayan həkimlərdən məlumatlı hesab
edirdi. Qəbul otağının küncündə ağır qəndilli böyük bir ikona vardı;
divarlardan arxiereylərin şəkli, Svyatoqorsk monastırının görünüşü və
peyğəmbər çiçəyindən əklillər asılmışdı. Sergey Sergeiç dindar adamdı
və təmtərağı sevirdi. İkona onun xərci ilə qoyulmuşdu; bazr günləri
qəbul otağında xəstələrdən biri, onun əmrinə görə, minacat oxuyardı,
minacatdan sonra isə Sergey Sergeiç buxurdanla bütün palataları gəzir
və onlara kündür tüstüsü verərdi.
Xəstə çox, vaxt isə az idi, ona görə iş sual- cavabla və xəstələrə
ötəri bir sürtmə yağı və ya işlətmə dərmanı verməklə bitirdi. Andrey
Yefimıç yumruğunu yanağına dayamış halda oturub, xəstələrə dalğın-
dalğın və qeyri- ixtiyari suallar verirdi. Sergey Sergeiç də oturub
əllərini ovuşdurur və hərdənbir işə qarışırdı:
- Rəhmli Allaha yaxşı ibadət etmədiyimiz üzündən xəstələnir və
min cür məşəqqətlərə düçar oluruq, - deyirdi.
Andrey Yefimıç xəstələri qəbul edərkən heç bir operasiya etmirdi;
operasiyaları çoxdan yadırğamışdı, qan görəndə pis hala düşür,
həyəcana gəlirdi. Boğazına baxmaq üçün uşağın ağzını açmaq lazım
gələndə, uşaq isə ağlayaraq xırda əlləri ilə öz- özünü qoruyanda, uşağın
çığırtısından başı gicəllənir, gözləri yaşarırdı. O, dərman yazmağa
tələsir və əllərini havada yellədərək, qadına işarə edirdi ki, uşağı tez
aparsın.
Qəbul zamanı xəstələrin qorxaqlığı və kütlüyü, qəşəng Sergey
Sergeiçin yaxınlığı, divarlardakı şəkillər və iyirmi ildən artıq arası
kəsilmədən verdiyi eyni suallar tezliklə onu darıxdırırdı. Buna görə beş-
altı xəstə qəbul etdikdən sonra çıxıb gedirdi. Qalan xəstələri feldşer özü
qəbul edirdi.
Andrey Yefimıç çoxdan bəri xüsusi praktika ilə məşğul olmadığını
və buna görə ona heç kəsin mane olmayacağını düşünərək xoşhallıqla
evə gəlir, tez kabinetində stol başında oturur və mütaliəyə başlayırdı. O,
çox oxuyur və bundan ayrıca bir zövq alırdı. Maaşının yarısını kitab
almağa sərf edirdi, altı otaqdan ibarət olan mənzilinin üç otağı kitab və
köhnə jurnallarla dolu idi. Tarixə və fəlsəfəyə dair əsərləri hamısından
çox sevirdi; təbabət elmindən isə yalnız “Vraç” jurnalını alırdı, bu
jurnalı da həmişə axırından oxumağa başlardı. Mütaliəsi hər dəfə bir
neçə saat çəkdiyi halda heç də onu yormurdu. Kitabları İvan Dmitriç
kimi tez- tez və dəlicəsinə oxumayıb, ağır- ağır və mənasına fikir verə-
verə oxuyardı, çox zaman bəyəndiyi və ya anlaşılmayan yerlərdə
dayanıb fikirləşərdi. Kitabın yanında həmişə kiçik araq qrafini və
boşqabsız- zadsız mahudun üstündə duzlu xiyar, ya da alma olardı. Hər
yarım saatdan bir gözlərini kitabdan ayırmayaraq, bir qədəh araq töküb
içirdi, sonra yenə baxmadan əli ilə xiyarı tapar və dişlərdi.
Saat üçdə üsulluca mətbəx qapısına yanaşıb öskürər və deyərdi:
- Daryuşka, xörək yesəydim pis olmazdı...
Pis və xoşa gəlməyən nahardan sonra Andrey Yefimıç əllərini
qoynuna qoyub otaqları gəzir və düşünürdü. Saat dördü, dalınca da beşi
vurur, o isə hey gəzib düşünməsində davam edirdi. Hərdənbir mətbəx
qapısının cırıltısı eşidilir və Daryuşkanın qırmızı, yuxulu üzü görünürdü.
Daryuşka:
- Andrey Yefimıç, pivə içmək vactınız deyilmi? – deyə qayğılı bir
tərzdə xatırladırdı.
Andrey Yefimıç:
- Yox, hələ vaxt deyil, - deyə cavab verirdi.- Mən gözlərəm... Bir az
gözlərəm.
Axşamüstü adətən poçt müdiri Mixail Averyanıç onun yanına
gəlirdi, Andrey Yefimıç yalnız bu adama ünsiyyət bağlayır və məclisinə
dözürdü. Mixail Averyanıç vaxtilə xeyli dövlətli bir mülkədar olub,
kavaleriyada qulluq etmişdi, lakin sonradan müflis olub, qoca vaxtında
poçt idarəsinə qulluğa girmişdi. Bu, sağlam, gümrah görünüşlü, qəşəng
ağ bakenli, nəzakətli, xoş və uca səsli bir adamdı. Mərhəmətli və həssas
idisə də, xeyli ötkəmdi. Poçt idarəsinə gələnlərdən biri etiraz edəndə,
razı olmayanda və ya mühakimə yeritməyə başlayanda, Mixail
Averyanıç hirsindən pul kimi qızarır, bütün vücudu ilə titrəyir və
gurultulu səslə: “Sus!” deyə bağırırdı, buna görə də poçt artıq çoxdan
bəri qorxulu bir idarə kimi məşhur olmuşdu. Mixail Averyanıç Andrey
Yefimıçı, mərifətli və alicənab olduğuna görə sevir və ona hörmət
edirdi, başqa adamlara isə öz tabeliyindəkilər baxan kimi lovğalıqla
baxırdı.
O, Andrey Yefimıçın kabinetinə girərkən:
- Bu da mən! – deyirdi. – Xoş gördük, əzizim! Deyəsən, zəhlənizi
tökmüşəm, hə?
Doktor:
- Əksinə, çox şadam, - deyə cavab verirdi. – Sizin gəlişiniz həmişə
mənə xoşdur.
Dostlar kabinetdə divan üstə oturub, bir qədər dinməz- söyləməz
papiros çəkirdilər.
Andrey Yefimıç:
- Daryuşka, pivə olsa, pis olmaz ha! – deyirdi.
Birinci butulkanı da dinməz – söyləməz içirdilər, doktor düşüncəyə
dalır, Mixail Averyanıç isə çox maraqlı bir şey nağıl edəcək adam kimi
nəşələnir və dirçəlirdi. Söhbəti həmişə doktor başlayırdı.
O, başını yırğalayaraq müsahibinin gözlərinə baxmadan yavaş-
yavaş danışırdı (o, heç vaxt adamın gözlərinə baxmazdı ).
- Çox təəssüf ki, Mixail Averyanıç, şəhərimizdə bir nəfər də olsun
ağıllı və maraqlı söhbət eləyən adam yoxdur. Bu bizdən ötrü böyük bir
məhrumiyyətdir. Hətta ziyalılarımız da bayağılığa üstün gələ bilmirlər,
inandırıram sizi ki, onların inkişaf dərəcəsi aşağı silkdən heç də yüksək
deyil.
- Lap doğru deyirsiniz. Sözlərinizə tamamilə şərikəm.
Doktor sakitcə və kəlmə- kəlmə sözünə davam etdi:
- Siz özünüz də gözəlcə bilirsiniz ki, bu dünyada insan zəkasının
ülvi mənəvi təzahürlərindən savayı, hər şey əhəmiyyətsiz və
maraqsızdır. Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir,
insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta
onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir
nəticə çıxır ki, insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir.
Biz isə yan- yörəmizdə ağlı nə görürük, nə də eşidirik, demək, zövqdən
məhrumuq. Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı
müsahibəni və ünsiyyəti əvəz etmir. Əgər belə bir müvəffəqiyyətsiz
müqayisəyə icazə versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur,
müsahibə isə mahnıdır.
- Lap doğru deyirsiniz.
Aralığa sükut çökdü. Daryuşka üzündə küt bir qüssə əlaməti olaraq
mətbəxdən çıxdı və yumruğunu yanağına dayayaraq, söhbəti dinləmək
üçün qapı ağzında durdu.
Mixail Averyanıç köksünü ötürərək dedi:
- Eh, siz də indiki adamlardan ağıl umursunuz!
Sonra o, keçmişdəki həyatdan danışmağa başladı:
- O zamanlar adamın günü xoş və maraqlı keçirdi. Rus ziyalıları nə
qədər ağıllı, nə qədər zəkalı idilər, namus və dostluq məfhumlarını
onlar nə qədər əziz tuturdular! O vaxtlar vekselsiz nə qədər istəsən borc
pul ala bilərdin, ehtiyacı olan bir yoldaşına yardım əlini uzatmamaq
əskiklik hesab olunurdu. Necə hərbi səfərlər, sərgüzəştlər, vuruşmalar,
necə yoldaşlar, necə qadınlar vardı! Hələ Qafqaz- nə gözəl bir diyar!
Bir batalyon komandirinin arvadı zabit paltarı geyib axşamlar dağlara
gəzməyə gedərdi, bu qəribə qadın özü ilə bələdçi də götürməzdi.
Deyirdilər ki, aulda onun bir knyazla romantik əhvalatı varmış.
Daryuşka:
- Ah pərvərdigara... – deyə ah çəkdi.
- Hələ necə içirdilər! Necə yeyirdilər! Necə də diribaş liberallar
vardı!
Andrey Yefimıç dinləyir, amma eşitmirdi; o nə isə düşünür və
pivəni ağır- ağır qurtuldadırdı. O, Mixail Averyanıçın sözünü kəsərək,
birdən- birə danışmağa başladı.
- Çox zaman mənim yuxuma ağıllı adamlar girir və onlarla söhbət
eləyirəm. Mən atamın sayəsində gözəl təhsil almışam, lakin altmışıncı
illərin ideyalarının təsiri altında atam məni həkimlik oxumağa məcbur
etdi. Mənə elə gəlir ki, o zaman atama qulaq asmasaydım, indi zehni
hərəkatın tam mərkəzində olardım. Ehtimal ki, bir fakültənin üzvü
olardım. Əlbəttə, ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir,
lakin mənim ağla nə üçün meyl göstərdiyimi siz artıq bilirsiniz. Həyat
insana qüssə verən bir tələdir. Mütəffəkir bir adam yaşa dolub kamala
çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan
da, o öz iradəsinə zidd olaraq,hər hansı bir təsadüf nəticəsində
heçlikdən həyata keçirilmişdir... Nə üçün? Mütəfəkkir adam öz
həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da
sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də
onun iradəsinə zidd olaraq onu yaxalayır. Həbsxanada ümumi
bədbəxtliklə bir- birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini
yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail
olan adamlar bir yerə topanıb, vaxtlarını məğrur və azad ideya
Dostları ilə paylaş: |