89
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1 Təbiət elmləri seriyası 2011
UOT 581.5
İLİSU QORUĞU BİTKİ ÖRTÜYÜNÜN EKOLOJİ
XARAKTERİSTİKASI
Q.Ş.MƏMMƏDOV, K.Ə.QAFARBƏYLİ
qafarbeyli_konul@mail.ru
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu
İlisu qoruğunun bitki örtüyünün ekoloji xarakteristikası öyrənilmişdir. Çöl tədqiqatları
zamanı yığılmış herbarilərdən istifadə etməklə, öyrənilən ərazi üçün xarakterik olan bitkilər –
dərman, dekorativ, relikt, endemik, nadir və s. qruplara bölünmüşdür. Bununla yanaşı, qoruq
planlı surətdə tədqiq edilərək və müxtəlif məlumatlara istinadən bir sıra nəticələr əldə
edilmişdir.
Açar sözlər: qoruq, bitki örtüyü, ekoloji səciyyə.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Res-
publikasının milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə
malikdir. İlisu Dövlət Qoruğu belə ərazilərdəndir.
İlisu Dövlət Təbiət Qoruğunun ərazisi dəniz səviyyəsindən 174-3480
metrədək yüksəklikdə yerləşir. Dəniz səviyyəsindən 3480 metrədək hündür-
lükdə olan ən hündür hissəsi Axvay zirvəsidir. Ən alçaqda yerləşən sahə isə
Alazan çayı hövzəsi yanında olan Alazan (Qanıx) düzənliyində olub, hündür-
lüyü 174 metrdir. Qoruq şimaldan Zaqatala rayonunun ərazisi və Qax Dövlət
Təbiət Yasaqlığı ilə, cənubdan Samux rayonu ərazisi ilə, qərbdən Gürcüstan
respublikası ilə və şərqdən Qax rayonu meşələrinin bərpası və mühafizəsi
torpaq sahələri ilə həmsərhəddir. Qoruğun ərazisi 17381,6 ha ərazini əhatə
edir. İlisu Dövlət Təbiət Qoruğu ərazisində hündürlük fərqi 3306 metrdir [1].
Qoruğun ərazisində sıra dağlar bir-birini əvəz edir. Dağlar yaxşı və zəif inkişaf
etmiş dağlarla əhatə olunmuşdur. Dağlıq ərazidə yer daxili və xarici proses-
lərin daha güclü qarşılıqlı prosesləri baş verir. Dağlar nə qədər sürətlə qal-
xarsa, bir o qədər sürətlə dağılır. Bu süxurların qırıntıları ağırlıq qüvvəsinin
təsiri altında aşağı basılır. Buzlaqlar, dağ çayları və mövsümü axınlar yamac-
ları dəyişdirir, ovur və dağ ətəklərinə aparır. İlisu Dövlət Təbiət Qoruğunun
müasir relyefi neogenin əvvəlində formalaşmışdır. Qoruq ərazisində olan dağ
qolları cənub-qərb istiqamətində mailliyi, yüksək dağlıq ərazidə pilləvari
strukturların üstünlüyü ilə xarakterizə olunur. Çayların axın istiqaməti də
göstərir ki, İlisu Dövlət Təbiət Qoruğunun relyefi cənub-qərbə doğru maillidir.
İlisu Dövlət Təbiət Qoruğunun ərazisində əsas iqlim əmələ gətirən amil-
90
lər aşağıdakılardır: Günəş radiasiyası, atmosfer sirkulyasiyası, relyef. İqlim
əmələ gəlməsində yamacların meylliliyinin və torpaq - bitki örtüyünün də rolu
böyükdür. Yer kürəsində baş verən qlobal istiləşmə qoruğun iqlim göstəricilə-
rində də özünü büruzə verir. Belə ki, son illər atmosfer yağıntılarının azalması
və havanın temperaturunun artması müşahidə olunur.
Qoruq ərazisində aşağıdakı iqlim tipləri formalaşmışdır: dağlıq tundra
iqlimi, qışı rütubətli keçən soyuq iqlim, yağıntıları təxminən bərabər paylanan
mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən
mülayim isti yarımsəhra və quru çöl iqlimi.
Qoruğun təşkil edilməsində məqsəd təbii kompleksi daha yaxşı qorumaq
və bərpa etmək, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki və hey-
vanları qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, tor-
paqların eroziyaya uğramasının və sel hadisələrinin qarşısını almaq və s.
ibarətdir.
İlk dəfə bu ərazilərin torpaqlarını ekoloji baxımdan qiymətləndirmək
üçün yasaqlıq və qoruq ərazilərində çöl torpaq tədqiqatı işləri aparılmışdır. Çöl
geobotaniki tədqiqatları zamanı aşağıdakı ağac, ot və kol bitkilərinə rast gəlin-
mişdir: Tədqiqatın obyekti vələs, palıd, cökə, ağcaqayın, yabanı gilas, qoz,
şabalıd, alça, əzgil, yemişan, itburnu, gəndalaş, böyürtkən, dəvədabanı, çoban-
yastığı, zoğal, fındıq, qıjıkimilər və s. olmuşdur. Sadalanan bitkilərin yarpaq
və gövdəsindən herbari hazırlanmışdır. Bu zaman bir sıra prinsiplərə istinad
edilmişdir. Belə ki, bitki yığımı zamanı torpaq və iqlim şəraiti, meşənin sıxlığı
nəzərə alınmış, meşənin işıqlanma xarakteri əsas götürülmüşdür.
Belə nəticəyə gəlinmişdir ki, sahəcə fıstıq üstünlük təşkil etmişdir. Daha
sonra vələs, palıd, ağcaqayın, şam (qarmaqvari) cökə, ardıc növləri yayılmışdır.
Ümumilikdə İlisu Dövlət Təbiət Qoruğu çox zəngin floraya və bitki
örtüyünə malikdir. Ümumi sahəsi 17386,6 ha olan qoruq ərazisinin çox his-
səsinin 14689,9 ha (84,51%) meşə sahəsi, 1420,3 ha (8,17%) qayalıqlar (yar-
ğanlar və sərt yamaclar), 660 ha (3,79%) meşə olmayan sahə və 40,3 (0,23%)
ha isə sututarlı sahə təşkil edir. [2]
Burada meşə ilə örtülü ərazi 13826,2 ha (79,54%) çatır ki, bu da 863,7
ha-nı (4,97%) seyrək meşəliklər və 66 ha-nı dağ çəmənlikləri təşkil edir. Azər-
baycanda yayılan 107 ağac növündən 31-dən çoxuna qoruğun ərazisində rast
gəlinir. Bunların sayca 11-i dominant növdür.
Qoruğun özünəməxsus bitki örtüyü vardır L.İ. Prilipkonun [3] bölgü-
lərinə əsasən qoruq: aşağı dağ qurşağına - 400-1800 m; orta dağ qurşağına-
600-1800 m; yuxarı dağ qurşağına - 800-2000 m (2200) hissələrə aid edilir.
Aşağı dağ qurşaqlarında kollardan Qafqaz vələsi (Carpinus caucasica),
dişli topulqa ( Spiracea crenata), alça (Prunus divaricata), əzgil (Mespilus ger-
manica), zoğal (Cornus mas), yemişan (Grataegus), qaramurdaça (Thelejera-
nia), cökə (Tilia cordata), ellipsvari qarağac (Ulmus elliptica), gəndəlaş (Sam-
bicus nigra), gərməşov (Evenymus latifolia) və s. bitki cinslərinə aid kollar,
ağacşəkilli lian-Yunan güyəməsi (Periploca graeca), hündür mərövcə (Smilax
91
exselsa), Pastuxov dağ sarmaşığı (Hedera Pastuchovii), meşə üzümü (Vitis
sylvestris), adi doqquzdon (Lonicera caprifilum), ağ əsmə (Clematis vitalba),
həmçinin ot şəkilli lian- adi giləzəhər (Tamus communus) və s. Onlarca çoxil-
lik ot bitkiləri vardır. Aşağı dağ qurşağında antropogen təsir altında meşə-
liklərin kolluqlarla əvəz olunması nəticəsində meşəsiz yamaclarda boz-
qırlaşmış qonur və qəhvəyi torpaqlar inkişaf edir.
Orta dağ qurşaqlarına qalxdıqca kollar nisbətən azalır, onları hündür-
boylu ağac cinsləri əvəz edir və bu qurşağı Qafqaz botanikləri fıstıqlıq qurşağı
adlandırırlar. Şimal yamaclarında fıstıqlıq qurşağı (Fagetum orientalis), cənub
yamaclarda gürcü palıdlığı (Quericetum iberica), hər ikisinin komponenti olan
şərq vələsi (Carpinus orientalis), ağcaqayının bir neçə növü (Acer spdiv), ayı-
döşəyikimilərdən Dryopteris filix-mas, Polystichum lobatum, Phyllitis scolo-
nendrium, Pteridium taurucum, Asplenium trichomanes, Asplenium adiantum-
nigrum, Polypodium vulgare, ot bitkilərindən Festuca drymeia, Galium odora-
ta, Salvia glutinosa, Fragaria vesca və s. geniş yayılmışdır. Dəniz səviyyəsindən
hündürlük azaldıqca kserofit meşələrin təsiri altında karbonatlı gilli, əhəngli və
qumlu süxurlar üzərində qəhvəyi dağ - meşə torpaqlar inkişaf etmişdir.
Yuxarı dağ qurşaqlarında Trautfetter ağcaqayını (Acer trautvetteri),
cənub yamaclarda şərq palıdı (Quercus macranthera), Şimal yamaclarda əyri
tozağacıları (Betula pendula), kolcuq bitkilərindən qaragilə (Vaccinum myr-
tillis), itburnu (Rosa), quru yamaclarda dovşanalması (Cotonneaster), ardıc
(Juniperus) və Brachypodium sylvaticum, Agrostis tenuis, Dactylis glomerata,
Trifolium repens, Doronicum macrohyllum, Senecioplatyphyles, o cümlədən
Urtica, Rumex, Dryopteris, Verbascum cinslərinin növlərindən ibarət hündür
otlar yayılmışdır. Ümumiyyətlə, yuxarı qurşaqdakı mezofil meşələrin altında
qonur dağ meşə torpaqlar əmələ gəlmişdir.
Qoruqda 300-ə qədər ali bitki növü vardır. Qoruq ərazisinin 93%-i
enliyarpaq meşəliklərlə örtülmüşdür. Onlardan əsasən çinar, palıd, vələs, qoz,
şabalıd, ağcaqayın, cökə, göyrüş və s. ağaclar yetişir [4].
Qoruğun ərazisində 300-dən artıq damar - boru sistemli bitki növlərinə
rast gəlmək olar. Onlardan 90-na yaxını ağac-kol bitkiləridir. Qoruğun florası
içərisində 50 növə yaxın endemik, nadir və tükənməkdə olan dərman bitkiləri
də var.
Floristik əlaqələrinə görə İlisu Dövlət Təbiət Qoruğunun ərazisi Qafqaz
floristik əyalətinin Baş Qafqaz bitkiliyi rayonuna aid edilir.
Meşələr əsasən gürcü və şərq palıdından, şərq fıstığından və Qafqaz və-
ləsindən ibarətdir. Bunlar həm təmiz, həm də qarışıq meşələr təşkil edir. Bu
meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, söyüd, qoz, gilas, alma,
armud kimi ağaclar, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc və s. kimi kol
bitkiləri yayılmışdır.
Qoruq Azərbaycanın cavan qoruğudur. Qoruğun florasını öyrənmək
üçün qarşıya qoyulan məqsədə qoruq florasının tam sistematik tərkibinin
öyrənilməsi, floranın inventarlaşması, həmin növlərin inkişaf xüsusiyyətlərinin
92
qanunauyğun şəkildə dəyişməsini öyrənmək, nadir, nəsli kəsilmək, sayı azal-
maq qorxusu olan və arealı kiçikləşməkdə olan növləri, o cümlədən Azər-
baycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və eyni zamanda “Qır-
mızı” və “Yaşıl” kitablara tövsiyə olunan bitki və bitki formalarını müəyyən
etməkdən ibarətdir. Bununla yanaşı, ərazidə rast gəlinən nadir, endemik, eləcə
də, digər növlərin ekoloji coğrafi xüsusiyyətlərini öyrənmək, onların botaniki
coğrafi analizini vermək, təsərrüfat əhəmiyyətli, ərzaq və s. olmasını aşkara
çıxarmaq əsas məqsədlərdən biri hesab olunur.
İlk dəfə olaraq İlisu Dövlət Təbiət Qoruğu planlı surətdə tədqiq edi-
lərkən 76 fəsiləyə, 290 cinsə aid olan 500 ali sporlu, çılpaqtoxumlu və çiçəkli
bitki növlərinin yayılması müəyyən edilmişdir ki, bu da Azərbaycan florasının
11,11 %-i təşkil edir [5].
Qoruğun florasında 4 relikt (Taxus baccata, Castanea sativa, Corylus ibe-
rica, Hedera Rastuchovii), 7 nəsli kəsilmək, sayı azalmaq təhlükəsində olan
(Vitas sulvertrtis, Atropa caucasica, iris reticulata, sphalanthera longifolia) və s.
18 nadir növ (Primula juliae, orchis purpurca, sphalanthera rubra, dorog-
lossum, Roza Azerbadzhanica ) və s. aşkar edilmişdir.
Tədqiq edilən növlərdən toplanmış 500 növ bitkilərdən 60 endemik növ
kimi qeyd edilmişdir ki, bunlardan 59-u Qafqaz, biri isə Azərbaycan endemik
növüdür (Roza Azerbaydzhanica) [6].
Qoruğun florasında 381 növ (76,2%) mezofil, 109 növ (21,8%) kserofil
və 10 növ (2%) hidrofil növüdür.
Ərazi florasının coğrafi xüsusiyyətlərini araşdırarkən 95 növün aşağı, 22
növün orta, 262 növün isə yuxarı dağ qurşağına yayıldığı müəyyən edilmişdir.
Qoruğun florasında 31 ağac, 65 kol və kolcuq, 6 lian, 417 ot bitkiləri, o
cümlədən, 320 çox illik, 14 ikillik, 73 birillik növ aşkar edilmişdir.
Qoruq florasında müəyyən edilmiş 500 növün 33-ü qədim, 3-cü dövr 15
adventiv və 106 növü isə arealı məlum olmayan növlərdir.
Qoruq florasında 120 dərman, 157 vitaminli, 76 efir yağlı, 178 bal verən,
45 boyaq, 47 aşı maddəli, 110 bəzək, 120 qida, 65 növü isə yem əhəmiyyətli
növ kimi müəyyənləşdirilmişdir.
Nəticələr
Beləliklə, qoruq ərazisində aşağıdakı bitki qruplaşmaları müəyyən edilmişdir.
1. Geniş areallı növlər: palıd, vələs, fıstıq, alma, armud, söyüd və s.
2. Tipik və kütləvi yerli növlər: qaraçöhrə, göyrüş, ağcaqayın, çaytikanı və s.
3. İndikator növlər: palıd, qovaq.
4. Zonanın bitki qrupu üçün səciyyəvi olan növlər: ardıc, dəmirqara, qıjı və s.
5. Nadir, nəsli kəsilməkdə olan növlər: Pastuxov daş sarmaşığı, Qırmızı
tozbaş səhləb, Qafqaz quşsəhləbi, Yuliya novruzgülü və s.
6. Xüsusi əhəmiyyətli növlər (endemik və relikt): Azərbaycan itburnusu,
giləmeyvəli qaraçöhrə, ayı fındığı, Qafqaz xurması, adi şabalıd, Pastuxov daş
sarmaşığı və s.
93
Hazırda isə qoruq ərazisində nadir, relikt, nəsli kəsilmək təhlükəsi olan
və s. növlər üzərində müşahidələr aparmaq üçün bir sıra müşahidə mey-
dançaları və təcrübə sahələri salınmışdır.
ƏDƏBİYYAT
1.
Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı: Elm. 2005, 726 s.
2.
İlisu Dövlət Qoruğu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin materialları. Bakı: Elm,
2005-2007, 97 s.
3.
Прилипко. Л.И. Растительный покров Азербайджана. Баку: Элм, 1970, 172 с.
4.
Xəlilov M.Y., Əliyev F.Ş. Azərbaycan Respublikasının meşə ehtiyatı və problemləri /
Təbii sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə mövzusunda elmi-praktik kon-
fransın tezisləri. Bakı: Elm, 2003, s. 22-26.
5.
Abdullayeva T.A. İlisu Dövlət Qoruğunun florası və onun floristik analizi. B.e.n. …dis.
avtoref. Bakı, 1996, 21 s.
6.
Əsədov K.S., Məmmədov F.M. Azərbaycan meşələrinin endemik və relikt bitkiləri / Təbii
sərvətlərin qiymətləndirilməsi və təbiətdən istifadə mövzusunda elmi-praktik konfransın
tezisləri. Bakı: Elm, 2003, s.44-46.
ЭКОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА РАСТИТЕЛЬНОГО ПОКРОВА
ИЛИСУИНСКОГО ЗАПОВЕДНИКА
Г.Ш.МАМЕДОВ, К.А.ГАФАРБЕЙЛИ
РЕЗЮМЕ
Была изучена экологическая характеристика растительного покрова Илисуин-
ского заповедника. Изучение собранного в ходе полевого исследования гербария из ха-
рактерных для изучаемой местности растений позволило классифицировать их по раз-
личным группам (лекарственные, декоративные, реликтовые, эндемические, редкие и
др.). Наряду с этим было проведено планомерное изучение заповедника. Проведенное
исследование, а также анализ данных различных источников позволили сделать опре-
деленные выводы.
Ключевые слова: заповедник, растительный покров, экологическая характеристика
ECOLOGICAL DESCRIPTION OF ILISU RESERVE
G.Sh.MAMMADOV, K.G.GAFARBAIYLI
SUMMARY
The paper studies the ecological description of the plants of Ilisu Reserve. The purpose
of the article is to show groups of plants (medicinal, decorative, relic, endemic, rare and so on)
by using a herbarium collected during the field practice. Besides, the reserve has been
investigated systematically and some results referring to different sources have been received.
Key words: reserve, ecological characteristics, vegetative cover.
Redaksiyaya daxil oldu: 10.03.2011-ci il.
Çapa imzalandı: 27.05.2011-ci il.
Dostları ilə paylaş: |