ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

İyun, 1992-ci il.  
Mərdəkan sanatoriyası. 
  
 
Polkovnik Ş
İRİN BƏY
 
Kəsəmənli 
  
1918-20  illərdə hansı generallarımız Azərbaycan Ordusunda xidmətdə olub? 
Sovet Hökuməti suqut etdikdən sonra yeni, azad Azərbaycanımızda bu haqlı sualı 
tez-tez eşitmək olur. 
Əlbətdə, ən əvvəl iki şöhrətli generallarımızın adını xatırlamaq 
borcumuzdur: Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov. Milli silahlı 
qüvvələrimizin yaradılmasında və təşkilində bunların xidmətləri əvəzsizdir. 
1918-20-ci illərdə Azərbaycan Ordusunda ilk topoqraf generalımız 
                                                 
45
 Кеçmiş milli оrdu zаbiti, 95 yаşlı Раmаzаn Həmzət оğlu Хəlilоv şаhidlik vеrir ki, pоlkоvnik Dаniyаl bəyi Gəncə 
ÇК-sının sədri Тuхаrеli 1920-ci ilin iyunundа həbs еdib, şаşkа ilə dоğrаmışdır. müəl. 
 

 İbrahim ağa Vəkilov, Həbib bəy Səlimov, milliyətcə Litva tatarı olan Məmməd 
bəy Sulkeviç, Firudin bəy Vəzirov, İbrahim ağa Usubov, Şahzadə Əmir Kazımxan 
Qacar, Cavad bəy Şıxlinski, Davud bəy Yadigarov, Şahzadə Əmənulla xan Qacar, 
Əbdülhəmid bəy Qaytabaşı, Süleyman Əfəndiyev, Teymur bəy Novruzov, Şahzadə 
Məhəmməd Mirzə Qacar, Murad Gəray bəy Tlexas, Şahzadə Feyzulla Mirzə Qacar 
və başqaları milli orduda qeyrətlə xidmət ediblər. 
Azərbaycan milli ordusunun on doqquzuncu ilin sonlarında otuz minlik 
piyadası, on min isə süvari qoşunu vardı, 
Çox təəssüf ki, yeni gələn Şura Hökuməti milli ordunun əsgər və zabitləri ilə 
çox amansız rəftar elədi, Bakıya soxulan XI talançı ordu milli ordumuzun general 
və zabitlərinin əksəriyyətini 1920-ci ilin may-iyun aylarında məhkəməsiz - filansız 
güllələtdi. Qalanını isə Sibirə, Qazaxstana və Solovki adalarına sürgün etdilər. 
Azərbaycan ordusunda qeyrətlə xidmət edən sərkərdələrdən biri də Şirin bəy 
Kəsəmənli olub. 
Tarixin bir parçasını yaşadan sənədlər, fotoşəkillər ötən qəhramanlıq 
illərimizdən xəbər verən ən etibarlı mənbələrdir. Tarixin “ağ səhifələri” indi açılır. 
Bu səhifələr olub-keçmiş hadisələrin gizlin qatlarını araşdırmağa, yeni həqiqətləri 
aşkara çıxarmağa imkan yaradır. 
  
Yetmiş ildən çox adı heç yerdə çəkilməyən Azərbaycan sərkərdəsi Şirin bəy 
Cəfərağa oğlu Kəsəmənlinin fotoşəklinə ilk dəfə Respublika Mərkəzi Dövlət Kino 
foto sənədlər arxivində rast gəldim. 
Şəkildə on doqquz nəfərlik zabit heyəti təsvir olunmuşdu. Arxasında isə belə 
yazılmışdı: “Musavat ordusunun generalları və zabitləri birinci cərgədə, soldan 
praporşik İsmayılov, Bahadır bəy Vəkilov, kapitan Sadıqov, ikinci cərgədə, soldan 
üçüncü kapitan Meydayev, beşinci polkovnik Şirin bəy Kəsəmənli və üçüncü 
cərgədə, sağdan üçüncü kapitan Heydər Vəzirov”. Vəssalam. Qalanlarının adı, 
famili göstərilməyib. Şəkil 1919-cu ildə çəkilib 
46

Polkovnik Şirin bəyin adına inqilabdan əvvəlki sənədlərdə az da olsa, rast 
gəlmək olur. O, xeyirxahlığı ilə məşhur olan adlı-sanlı bir nəslin oğludur. Bakıda 
Şirin bəyin yeganə qızı, kimya elmləri namizədi Ləyyə xanımla, qardaşı Həsənin 
arvadı Tovuz xanımla və nəvələri tarix elmləri doktoru Fuad Məmmədovla, 
texnika elmləri namizədi Zaur Kəsəmənli ilə görüşüb söhbət etdim. 
Tovuz xanımın illərin tufanından qayğı ilə qoruyub saxladığı şəkil və 
sənədlərlə tanış oldum. 
Şəkillərin arxasında yazılmış rəqəmlər, tarix daha çox köməyimə gəldi. 
Onların vasitəsilə öyrənə bildim ki, Şirin bəy Kəsəmənli 1887-ci ildə Qazax 
qəzasının Qıraq Kəsəmən kəndində bəy ailəsində dünyaya gəlib. Atası Cəfər 
ağanın beş yüz desyatin torpağı olub. Onu da xatırladım ki, yazıçı Fərman 
Eyvazlının “Qaçaq Kərəm” tarixi romanında Şirin bəyin atası Cəfər ağanın obrazı 
xeyirxah bir ağsaqqal kimi təsvir olunub. 
                                                 
46
 Sоnrаlаr Rаmаzаn Хəlilоv bу şəkildən iki nəfəri də tаnıdı - gеnеrаl-mаyоr Мurаd Gərаy bəyi Тlехаsı və 
pоdpоlkоvnik Cəmşid хаn Nахçıvаnсkini - müəl. 
  
 

Cəfər ağa on üç yaşlı oğlu Şirin bəyi Tiflisdəki zadəgan uşaqlarının təhsil 
aldığı hərbi gimnaziyaya oxumağa qoyub. O, hərbi gimnaziyanı 1905-ci il iyulun 
23-də bitirib. Bir müddət Qusar alayında qulluq etdikdən sonra hərbi təhsilini 
artırmaq üçün Kiyevdəki ikinci Konstantin topçu məktəbində oxuyub. 
Birinci Dünya müharibəsində polkovnik Şirin bəy Kəsəmənli Qafqaz 
müsəlmanlarından təşkil olunmuş “Dikaya diviziya”nın tərkibində vuruşub. O, bu 
müharibədə “İgidliyə görə” medalı ilə və dördüncü dərəcəli “Müqəddəs Georgi” 
ordeni ilə (xatirə qılıncı ilə birgə) təltif olunub. 
1916-cı ildə Tiflisə qayıdan Şirin bəy Kəsəmənli ilk azərbaycanlı qadın 
rəssamı Qeysər xanım Kaşıyeva ilə ailə qurub. 
Şirin bəyin yeganə övladı Ləyyə xanımın dedikləri: 
- Anama nişan gələndən bir neçə gün sonra Birinci Dünya müharibəsi 
başlayıb. Ona görə də anam iki il nişanlı qalıb, müharibədən sonra evləniblər. 
Mənim ana tərəfim də hərbçi olub. Anam danışardı ki, babam Terek kazakı 
olub. Stanitsa generalı rütbəsinə qədər yüksəlib. Babam Seyfulla Kaşıyev 
müsəlmanlığı qəbul edən Palina Yakovlevna Titovaya evlənib, Tiflisə köçüb. 
Dayım Davud bəy Kaşıyev praporşik idi. İndi bizdə saxlanan şəkildə atam Şirin 
bəy, anam Qeysər və dayım Davud bəy təsvir olunub. Belə şəkillər bizdə çox idi. 
Anam qorxudan otuz yeddinci ildə yandırdı. 
1917-ci ildə mən anadan olanda atamla anam adqoydu üçün axundun yanına 
gediblər. Axund kitab açaraq deyib ki, bəxtinizə İbrahim peyğəmbər düşdü. Onun 
da üç arvadı olub. Sara, Həcər, Ləyyə. Bu adlardan hansını istəsəniz götürə 
bilərsiniz. Anam Ləyyə adını bəyənib. 
Atamı demək olar ki, xatırlaya bilmirəm. Mən bir yaş yeddi aylıq olanda 
atam vəfat edib. Biz uzun müddət Tiflisdə və Qazaxda yaşamışıq. Mənə çox vaxt 
Apollonun qızı deyərdilər. Böyüyəndə anamdan soruşdum ki, niyə məni belə 
çağırırlar. Anam cavab verdi ki, atan Şirin bəy qəddi-qamətli və yaraşıqlı kişi 
olduğuna görə camaat onu Apollon deyə çağırırdı. 
Anam danışardı ki, bizi məscidin darvazasına qədər ötürən axund dilə gəlib 
dedi ki, cənab zabit, sizdə kişilərə məxsus ilahi gözəllik var, işıqlı Apollon 
gözəlliyi. Siz təkcə zahiri gözəlliyinizlə yox, həm də parlaq ağlınızla məni heyran 
etdiniz. Allah sizi hər bəladan hifz etsin. 
Anam son nəfəsinə qədər vaxtsız həlak olan atamdan fəxrlə söhbət açardı. 
1918-ci ildə, Azərbaycanın ağır günlərində Şirin bəy Milli Ordunun 
sərkərdələrindən biri olub. 
Bir tərəfdən general Tomsonun ingilis hərbi dəstələri, o biri tərəfdən erməni 
daşnak ordusu Azərbaycanın müstəqilliyini boğmağa çalışırdı. Belə bir vaxtda 
respublikamızın sərkərdələri sırasında Şirin bəy Kəsəmənli də Qarabağda, 
Zəngəzurda və Qazaxda erməni daşnak dəstələrinin darmadağın edilməsində əsl 
komandirlik məharəti göstərirdi. 
  
Polkovnik Şirin bəy Kəsəmənlinin 1918-19 cu illərdə Milli ordumuzdakı 
fəaliyyətini öyrənmək üçün əlimizdə bircə əsaslı sənəd var. O da Hərbi Nazir 
vəzifəsini müvəqqəti icra edən tam artileriya generalı Əliağa Şıxlinskinin və Baş 
Qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşının Respublika Yeni 

Tarix Mərkəzi Dövlət arxivinin 2894 nömrəli fondunda saxlanan əlyazmasıdır. 
Həmin sənədin tam mətni belədir: 
“Azərbaycan Respublikasının Gürcüstandakı Hərbi attaşesi teleqramla 
kədərli bir xəbər vermişdir. Yanvarın dördündə ağır geçən bir xəstəlikdən sonra 
ikinci süvari diviziyasının rəis müavini polkovnik Şirin bəy Kəsəmənli vəfat 
etmişdir. 
Vətənini dərin bir məhəbbətlə sevən Kəsəmənli yeni ordumuzun 
yaranmasında öz gücünü əsirgəmirdi. Təyin olunduğu vəzifədə, tapşırılan hər bir 
işin öhdəsindən bacarıqla gəlirdi. Hədsiz enerjiyə malik idi. Heç bir çətinlik 
qarşısında dayanmırdı. Bütün çətinlikləri fövqəladə bacarığı ilə dəf edib, işlərini 
uğurla başa çatdırırdı. 1918-ci ildə praporşiklər məktəbinin rəisi təyin edildi. Alayı 
qəbul edəndə o, xaosla və üstəlik də səpmə yatalaq xəstəliyi ilə qarşılaşdı. 
Bu xəstəlik alayda kütləvi qırğına səbəb oldu. Vəziyyətin acınacaqlı 
olmasına baxmayaraq, polkovnik Kəsəmənli aciz qalmadı, əksinə, tezliklə işə 
girişərək, dağılmış alayı yaxşı vəziyyətli hərbi hissə səviyyəsinə qaldırdı. 
Xaçmaz dəstəsinə təyin olunduqdan sonra da bacarıqlı komandir olduğunu 
göstərdi. O, dəstənin təşkilində, mövqelərin möhkəmləndirilməsində böyük zəhmət 
çəkdi. Bacarıqlı komandir dəstənin qarşısına qoyulan vəzifənin öhdəsindən 
məharətlə gələ bildi. 
Cəsarətlə demək olar ki, polkovnik Şirin bəy Kəsəmənli harda olurdusa, o 
yerdə onun müvəffəqiyyətinə əmin olmaq mümkün idi. Tərəddüdsüz arxayın 
olmaq gərəkdir ki, ona tapşırılan iş batmayacaq və sözsüz yerinə yetiriləcəkdir. 
Polkovnik Kəsəmənli bütün bəlalarda dəstə ilə birgə olduğundan ağır 
formada qızdırma xəstəliyinə tutulur. İkinci piyada diviziyasına rəis müavini təyin 
edildiyi vaxtda Tiflisə müalicəyə gedir və orada da vəfat edir. 
Polkovnik Şirin bəy Kəsəmənlinin şəxsində ordumuz ağır itkiyə məruz 
qaldı. Qoy onun adı bizim gənc ordumuzun alaylarında əbədi yaşasın və onun 
hərbi xidməti alayın hər bir əsgəri üçün nümunə olsun. 
Əmr edirəm ki, onun cənazəsinin gətirilməsi və dəfn xərci xəzinə hesabına 
ödənilsin. Onun ailəsinə isə müalicəyə xərc çəkildiyi üçün on min manat məvacib 
verilsin”. 
Otuz iki yaşlı istedadlı sərkərdə Şirin bəy Kəsəmənli doğma kəndi Qıraq 
Kəsəmən qəbiristanlığında 1919-cu ilin yanvarında şərəflə dəfn olunub. Bakıdan, 
Gəncədən gətirilən alaylar onun məzarı üstündən yaylım atəşi atıblar. 
Tovuz xanım Kəsəmənlinin dedikləri: - Onda mən yeniyetmə qız idim. 
İldə iki-üç dəfə Qazağa gələn Şirin bəy bizim dərslərimizlə maraqlanardı. Hər dəfə 
gələndə onlara pay gətirər, pulla yardım edərdi, kasıb uşaqlarını aparıb Qazaxdakı 
“Üsuli-cədid” məktəbinə oxumağa qoyardı. Anam Şükufə xanım soruşardı ki, ay 
Şirin bəy, səndə bu qədər pul hardandır? Cavab verərdi ki, axı mən zabitəm, dövlət 
zabitin zəhməti müqabilində ona pulu çox verir. 
Dəfnində bütün Gəncə, Qazax, Tiflis camaatı iştirak elədi. Yavəri Demyan 
adlı bir rus idi. Uşaq kimi ağlayırdı. Çox vəfalı adam idi. Sonralar da bizə gəlib-
gedərdi. 
Anam Şükufə xanım Şirin bəyin əmisi qızı idi. Sonralar onun qardaşı Həsən 
bəylə ailə qurdu. Bizim nəslə Qazaxda “Qəhraman ocağı” deyirlər. Ötən əsrin 

altmışıncı illərində taxıla güclü çəyirtkə düşübmüş. Kəndlilər ağlaşırmış ki, taxıl 
gözündən batdı, bu il aclıq olacaq. Ana babam Ağabəy hansı yollasa çəyirtkəni 
məhv edib, rəiyyəti aclıqdan xilas edir. Bu yaxşılığı unutmayan camaat imperatora 
ərzi-hal göndəriblər ki, Ağabəy bu xidmətinə görə mükafatlandırılsın. İmperator da 
babam Ağəbəyi gümüş medalla təltif edib, üstəlik də Kəsəmənski familiyasını 
daşımağa rəsmi icazə verib. Bundan sonra bizin nəslin famili rəsmi dairələrdə 
Kəsəmənli kimi yazılıb. 
Şirin bəyin qardaşı arvadı Tovuz xanım mənə bir ünvan da verdi. Dedi ki, 
Çaylı kəndində yaşayan ağsaqqal qohumu Murad Novruzov Şirin bəy haqqında 
daha çox məlumata malikdir. 
Axtarışlarımda ağsaqqallarımızın, ağbirçəklərimizin yaddaşına çox 
arxalanmışam. Ona görə də yaxşı yaddaşlı adam mənim təsəvvürümdə canlı arxiv 
kimidir. Bəzən elə olub ki, bir faktı, bir sənədi tapmaq ümidi ilə günlərlə, aylarla 
arxivlərə ayaq döyüb, on illərlə kif basmış sənədlərin tozunu udmuşam, bir şey 
əldə edə bilməyib, qocaların yaddaşına pənah aparmışam. Bu mənada Qazağın 
Salahlı, Kəsəmən, Ağköynək, Xanlıqlar, Şıxlı və başqa kəndləri mənim üçün 
xəzinə məkanı olub, Daş Salahlı kəndi ilə Çaylını cəmi-cümlətanı bir kilometrlik 
məsafə ayırır. İlin hər fəslində Daş Salahlıya yolum düşür. Hər dəfə də Çaylının 
yanından ötüb sinəsi bayatılarla, şerlə dolu Daş Salahlı qocalarının el qəhramanları 
haqqında söhbətlərini dinləməyə gedirəm Aşıq Bəhrama, Paşa Salahlıya, Əvəz 
Avdıoğluna, Əbdüləzim Həsənova qulaq asdıqca eldə-obada nə qədər açılmamış 
səhifələrin, maraqlı tarixi söhbətlərin şahidi oluram. 
Amma heç vaxt ağlıma gəlməyib ki, Çaylıda da müdrik bir qoca yaşayır, 
onun da el-oba uçün yararlı söhbətləri var. Ağac meyvəsi ilə tanındığı kimi Murad 
dayı da yaxşı yaddaşına, şirin söhbətinə görə kənddə sayılan, hörmət olunan 
ağsaqqallardandır. O, inqilabdan əvvəl olub-keçənlərin şahidi deyil. Yaşı buna 
imkan vermir. Cəmi-cümlətanı altmış üç yaşı var. Amma o illərin əhvalatlarını elə 
yaxşı təfsilatı ilə danışır ki, dinləyicisi sanki hadisələrin şahidi olur. Danışdığının, 
bildiyinin hamısı yetmiş il əvvəlin hadisələridir. Dilinin əzbəri keçmişin igid 
kişiləri - Qaçaq Kərəmdi, İsrafil ağa Kərbəlayevdi, Məmməd koxa 
Mahmudoğludu, Əliağa Şıxlinskidi, Söyünbəyli Söyün ağadı, bir də bəy və 
musavat polkovniki olduğuna görə yetmiş ildən çox adı, fəaliyyəti qapalı qalan 
Şirin bəy Kəsəmənlidi. 
Murad dayıdan elin igid, qeyrətli oğlu, qızı haqqında bir söz soruşsan, nə 
kitab vərəqləyəcək, nə də kağız-qələm axtaracaq. Allahın verdiyi istedadın gücü ilə 
hələ uşaqkən oxuduğu dastanları, eşitdiyi əhvalatları hafizəsinə yazıb, həkk edib. 
Tanrının kəramətinə şükürlər diləyirsən: nə yaxşı belə ağsaqqallarımız az da olsa 
qalıb. Nəslində bəylik var deyib onu da dolaşdırmayıblar. Sibirə, Qazaxıstan 
çöllərinə sürgün eləməyiblər. Elə bilməyin ki, otuz yeddinin acı tufanı Murad 
dayıdan yan keçib. Yox, atası Məcid kişi əsl-nəcabətində ağalıq olduğuna görə, nə 
az, nə də çox, on səkkiz il Sibir sürgünü çəkib. Sağ-salamat qayıdıb, doxsan dörd 
yaşında Çaylıda vəfat edib. 
- Atam həbs edildi, ailəmiz ağır vəziyyətə düşdü. Heç dörd il oxumamış ağır 
işin qulpundan yapışdım. Əlim işdə oldu, qulağım nənələrin, babaların sözündə, 

söhbətində. Nəyi unutsam da aşıq məclisinə getməyi, qoşma əzbərləməyi, əhvalat 
öyrənməyi unutmadım. 
- Murad dayı, polkovnik Şirin bəylə qohumluğunuz varmı? 
- Şirin bəyin xalası nəvəsiyəm. Mən Xanım Hacımuradalı qızının oğluyam. 
Bütün bildiklərimi mənə nənəm danışıb. Şirin bəyin şəkilləri də bizə nənəmdən 
yadigar  qalıb.  Yadımdadır, nənəm   nağıl   elərdi   ki,   Şirin   bəy Birinci Dunya 
müharibəsindən qayıdanda hamı - bütün kənd camaatı görüşünə gəlmişdi. O, 
sinəsində “Müqəddəs Georgi” ordenilə gəlsə də, ayağından yaralanmışdı.    Bir   
müddət   müalicə olunub,   yenidən   “Dikaya   diviziya”nın tərkibində hərbi    
xidmətini davam etdirib. Sonra Azərbaycan Demokratik Hökumətinin sıralarında 
yüksək rütbəli zabit kimi qulluq edib. 
- Deyirlər, şair Əfqan Şirin bəyin orden alması münasibətilə şer yazıb.
47
 
Amma heç yerdə çapda yoxdu. Hətta Çoban Əfqanın yeganə “Şerlər” kitabına belə 
düşməyib. Siz o şeri bilirsinizmi? 
- Oğul, qocalıq üstümü alsa da, yaddaşımdan şikayətim yoxdu. Əvvəla, onu 
deyim ki, şair Çoban Əfqan bizim nökərimiz olub. Çox təbli, istedadlı şair imiş. 
Nökər, çoban olmasına baxmayaraq Şirin bəy onunla dostluq edərmiş. 1919-cu ildə 
Qazağa gələn Şirin bəyi şair Çoban Əfqan şerlə qarşılayır. “Bu bəyin” adlı şeri 
aşıqlar biz uşaq olanda oxuyardılar. 1930-cu illərdə aşıqlara necə təpindilərsə, xırp 
səslərini kəsdilər. Şer belədi: 
 
Bir imdad istərəm, ya şahi-mərdan, 
Üzülməsin eldən əli bu bəyin. 
Bağban da bəslədi bar gətirməyə, 
Dağılmasın dəsti-külü bu bəyin. 
 
Özündən də qabaq gəlmişdi namən, 
Görüşünə gəldi Qazax, Kəsəmən, 
Cəfərağa yurdu çiçək, yasəmən, 
Şad olubdu oymaq, eli bu bəyin. 
 
Mahal unudarmı belə canları, 
Hacı Axund kəsdiyi qurbanları. 
Xələtlə qarşıladı cavanları, 
Paylandı qumaşı, alı bu bəyin. 
 
Əl uzatsam əlin mənə yetirsin, 
Hər nə qulluq desəm, onu bitirsin, 
Toplar qılınclasın, əsir gətirsin, 
Qurşasın kəməri əli bu bəyin. 
 
Belə bir ağamla çıxaydım ova, 
Qüdrətin şəmşirin çəkərlər suya, 
                                                 
47
 Şеri еşitdiyim kimi də təqdim еdirəm - müəl. 

Əfqan gecə gündüz eylərdi dua, 
Nə xoşdu, danışır dili bu bəyin. 
 
1991-ci il. 
  
 
İLK HƏRBİ NÜMAYİŞ 
 
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-20-ci illərdəki fəaliyyət dövrünə 
qısaca nəzər salsaq, bir çox yeniliklərin şahidi olarıq. 
1918-ci il Bakıda, ümumiyyətlə Azərbaycanda çox təlatümlü və həyəcanlı 
keçmişdir. Mart qırğını, yerli bolşeviklərlə döyüşlər, bundan əlavə də türklərin, 
ingilislərin gəlib-getməsi, o biri tərəfdən də ağqvardiyaçı Denikin ordusunun qara-
qorxusu meydana çıxdı. Yalnız on səkkizinci ilin dekabr ayında azad nəfəs almaq 
mümkün oldu. İndi Azərbaycanda nə dost vardı, nə də düşmən, bircə Dərbənd 
yaxınlığında gəlib dayanan Denikin ordusundan təhlükə gözlənilirdi. Noyabrın 
birində hərbi nazir təyin olunan general Mehmandarov həmin ayın 25-də 
“Azərbaycan vətəndaşlarına” adlı vətənpərvər yazısı ilə xalqa müraciət etdi. 
Yeni gələn 1919-cu il daha uğurlu idi. Ordunun sayı 40 minə çatdırıldı. 
Praporşiklər, artilleriya və minaaxtaranlar məktəblərinin yeni buraxılışı oldu. Bu 
ildə tam azad nəfəs alan respublikamız Qarabağda qayda-qanun yaratmağı da 
unutmadı. Marığa yatan, özlərini sakit aparan namərd erməni daşnakları 
Azərbaycan ordusunun silahının sərt üzündən ehtiyat edirdilər. Andranikin quldur 
dəstəsi Zəngəzurun böyür-başında hərlənirdi. O, aprel ayında general Cavad bəy 
Şıxlinskinin yenilməz diviziyası ilə döyüşə girməyə cəsarət etməyib İrəvana 
qayıtmışdı. Dro ilə birləşib yenidən Qarabağ və Zəngəzura hücum planı 
hazırlayırdı. İkiüzlü erməni siyasətinə bel bağlamayan Azərbaycan hökuməti 1919-
cu il yanvarın ilk günlərində Cəbrayıl, Zəngəzur və Şuşa qəzalarını Gəncə 
quberniyasından ayırıb Qarabağ general-qubernatorluğunu yaratdı. Xosrov bəy 
Sultanov general-qubernator təyin edildi. 
Mart ayının 19-da Baş Qərargahın Baş İdarəsi yaradıldı. Bilavasitə operativ 
məsələləri həll edən idarəyə rəis Krım hökumətinin sabiq başçısı, general-leytenant 
Məmməd bəy Sulkeviç təyin edildi. Nisbətən sakit keçən bu ildə hərbiyyə naziri 
Səməd bəy Mehmandarov hələ yanvarın 31-də Gəncədə Novruz bayramı 
münasibətilə hərbi nümayiş keçirilməsinin hazırlığına belə bir əmr verdi:  
“Mart ayının 22-də Gəncə şəhərində Novruz bayramı münasibətilə Gəncə 
qarnizonunun və Azərbaycan ordusunun digər hissələrinin iştirakı ilə, həm də  
Cavanşir alayından bölük, II Bakı alayından tabor çağırmaqla parad keçirmək 
nəzərdə tutulur. 
Bayram mərasimində qoşunların iştirakı müstəqil Azərbaycan Respublikası 
xalqının şənliklərinə milli bayram xarakteri veriləcək və bundan başqa bu parad 
hərbi hissələrin sıra təliminə baxış olacaqdır. 
Yuxarıdakıları nəzərə alaraq komandirlərin müəyyən edilmiş müddətə öz 
 hissələrini baxışa əla hazırlaması və təqdim etmələri gərəkdir. 

 
Əslini imzaladı:  
Ali Baş Qərargahın rəisi  
Polkovnik Həbib bəy Səlimov”. 
 
Respublika Mərkəzi Dövlət Yeni Tarix arxivində saxlanılan on doqquzuncu 
ilə məxsus sənədlərdə göstərilir ki, Novruz bayramını nəinki yerli əhali,  Milli 
Ordu da çox təntənəli keçirmişdir. 
Novruz bayramı münasibətilə hərbi nümayiş martın 22-də səhər saat 11-də 
Gəncənin Artilleriya meydanında keçmişdir. Bu münasibətlə nazirliyin baş mollası 
əzan çəkmiş və xeyir-dua diləmişdir. 
Müdafiə naziri general Səməd bəy Mehmandarov isə Azərbaycan Parlamenti 
və öz adından gənc ordu heyətini bayram münasibətilə təbrik etmiş və onlara 
gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır. 
Nizami addımlarla meydandan keçən əsgər və zabitlər həmin təntənə üçün 
bəstələnmiş belə bir şərqi-marşı oxumuşlar: 
 
Şükür Xuda, şadlıqla Novruz oldu,  
Düşmənlərin gözü kor, Novruz oldu.  
Neçə müddət möhtac idik düşmənə,  
Yaramazdıq onun heç bir işinə.  
İndi vurar hər kəs bir daş başına,  
Şükür Allaha şadlıqla Novruz oldu,  
Düşmənlərin gözü kor, Novruz oldu. 
 
Lazımdır hamı verək əl-ələ,  
Başqa millət şanı olmasın belə,  
Görməsin Allah, daha zəlzələ,  
Şükür Allaha şadlıqla, Novruz oldu.  
Düşmənlərin gözü kor, Novruz oldu. 
  
Təbrik edirik şanlı Səməd paşanı
48
,  
Etsin Allah həmişəlik şanını,  
Minə qədər etsin Allah yaşını,  
Şükür Allaha, şadlıqla Novruz oldu,  
Düşmənlərin gözü kor, Novruz oldu. 
 
Bu, 1919-cu il martın 22-də keçirilən Azərbaycan Ordusunun ilk bayramı 
oldu. İkinci belə bir bayram-nümayişini ordumuz həmin il mayın 28-də keçirdi. 
Bayram-nümayiş azad Azərbaycan Respublikasının yaranmasının bir illiyinə həsr 
olunmuşdu. 
                                                 
48
 Мüdаfiə nаziri, gеnеrаl Səməd bəy Меhmаndаrоv - müəl. 
 

1920-ci il martın 22-də keçirilən istiqlaliyyət bayramını bir ay sonra - 1920-
ci il aprelin 28-də bolşevik-daşnak ordusu qanla suvardı. Siyasi süquta uğrayan 
Azərbaycan Demokratik Respublikasının mübarizləri zəfər yürüşlü bayramı son 
nəfəsə qədər unutmadılar. O bəxtiyar günü ömrünə əbədi həkk edən Mirzə Bala 
Məmmədzadə mühacirətdə yana-yana yazırdı: 
“1920-ci il martın 22-də Novruz bayramı münasibətilə icra edilən son rəsmi 
keçidi xatırlamamaq qeyri-mümkündür. Əcəba, hansı azərbaycanlı o məsud günü 
xatırlamır? Ordunun qabiliyyət və intizamı, mənəviyyatı təsəvvür olunmaz 
dərəcədə fövqəladə idi. Xarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu 
qədər müntəzəm təşkilata malik bir əsgəri qüvvə vücudə gətirdiyimizə heyran 
qalmışdı. Əhalidən çoxu duyduğu həyəcandan ağlayırdı. 
O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi. (M.B.Məmmədzadə, 
“Azərbaycan Milli hərəkatı”ndan, “Azərb.Ordusu” qəzeti, 30 sentyabr 1993-
cü il). 
Arxivdə saxlanan ən maraqlı sənədlərdən biri də Azərbaycan 
Respublikasının ordusunda türk dilinin dövlət dili kimi təsdiq edilməsi barədə 
verilən Ali Baş qərargahın 89 nömrəli əmrnaməsidir. Hərbi nazir haqlı olaraq 
bildirir ki, Azərbaycan ordusunda xidmət etmək istəyən hər bir şəxs türk dilini 
öyrənməli və bu sahədə açılan kurslarda savadını artırmalıdır. 
İnanırıq ki, yetmiş ildən çox birtərəfli öyrəndiyimiz tariximizin səhifələri bu 
günkü oxucularımız üçün də maraqlı olacaqdır. 
  
  
 
HƏRBİ MƏTBUAT
 
TARİXİMİZDƏN 
 
  
Hər birimiz bu məcmuəni oxuyub 
istiqlalımız üçün iş görməliyiz. 
 
Məmməd Həsən TAHİROV 
 
 
Azərbaycanda hərbi mətbuatın tarixi nə vaxtdan başlanmışdır? Bu sahədə 
indiyədək araşdırmalar aparılmadığından suala dəqiq cavab vermək qeyri-
mümkündur. Əgər söhbət qəzet nəşrindən və hərbi mövzuda yazılardan gedirsə, 
onun tarixi rusların Zaqafqaziyanı işğalından sonraya düşür. 
1828-ci ildən Tiflisdə rus dilində nəşrə başlayan “Tiflisskiye vedomosti” 
qəzetinin ayrı-ayrı nömrələrində Azərbaycan süvari alayları ilə bağlı yazıları və 
Əlahiddə Qafqaz ordu qərargahında hərtərəfli biliyə malik alim kimi tanınan 
polkovnik Abbasqulu ağa Bakıxanovun xidmətini xüsusi qeyd etməliyik. Rəsmi 
hərbi qulluqda olan Abbasqulu ağa ayrıca qəzet və ya jurnal nəşr etdirməmişdir. 

Lakin həmin qəzetin səhifələrində Rusiya-İran və Rusiya-Türkiyə müharibələri 
barədə orijinal və tərcümə əsərləri ilə çıxış etmişdir. 
Bu barədə biz Azərbaycan mətbuatı tarixinin mahir araşdırıcısı, filologiya 
elmləri namizədi mərhum Nəriman Zeynalovun tədqiqatında əsaslı faktlara rast 
gəlirik: 
“Abbasabad mühasirəsinin təsviri” (1829, №27, 30), “Müasir tarix. 
Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında” (1829, №38,43), “Moskvalı 
dostuma məktub” (1830, №28,53 və b.), Qarabağ əyalətinə tarixi baxış” (1836, 
№86), “Car və Balakən vilayətlərinə səyahət” (1830, №81-83) və s. Məqalələrində 
Azərbaycan haqqında, azərbaycanlıların məişəti, yaşayış tərzi və s. haqqında 
məlumatlar verilirdi. 
Qəzetdə azərbaycanlıların şifahi və yazılı ədəbiyyatları haqqında məqalələr 
də dərc olunurdu. Abbasqulu ağa Bakıxanov qəzetdə tərcümə əsərləri ilə də çıxış 
edirdi. Onun “Dərbəndnamə” əsərinin tərcüməsi haqqında qəzet yazmışdı: “Lazımi 
mənbələrin tərcüməsi Qafqazın bu tərəfinin tarixini yeni dünyaya yayar...” 
Ötən əsrdə hərbi mövzuda yazılar dərc edən ikinci qəzet alovlu vətənpərvər 
Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti 
olmuşdur. Ana dilli mətbuatımızın təməl daşını qoyan “Əkinçi” 1877-ci ildə “Tazə 
xəbərlər” şöbəsində hərbi mövzuya daha çox yer vermişdi. 
Hərbi mətbuat tariximizdən danışanda vaxtilə şahların, xaqanların və ayrı-
ayrı bəylərin, sərkərdələrin yanında mirzə kimi qulluqda olan tarixçilərin 
yazılarını, hərbi-tarixi əsərləri də xatırlamağı zəruri sayırıq. Əlyazması şəklində 
yayılan, rus mətbuat orqanlarında dərc olunan bu əsərlər, zənnimizcə, çağdaş 
jurnalı əvəz edirdi. 
Bir xeyli əvvələ - XV-XVI əsrlərə müraciət etsək, Azərbaycan tarixçisi 
Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərində hərbi 
qüvvələrimiz haqqında faydalı qeydlərə rast gələrik, 
“XV-XVI əsrlərdə qoşunlar mənsub olduqları yerin adı ilə adlandırılmışdır. 
Məsələn, Muğan, Şirvan, Qarabağ qoşunu və s. 
Müharibə gözlənilən vaxt dövlətin hökmü altında olan yerlərə 
istimalətnamələr (cəlbedici məktublar)göndərilib, çoxlu ənam vəd edirlər və 
beləliklədə, qoşun toplanışını sürətləndirirdilər. Vilayətlərdə yaşayan əmir və 
tiyuldarlar fərman alan kimi öz dəstələri ilə şahın köməyinə gələr, müharibə 
qurtarandan sonra məskənlərinə qayıdardılar. 
  
Müharibə baş tutmayanda, yaxud dövlətlərarası razılıq əldə ediləndə 
sülhnamə yazılardı”, (Azərb. EA Məruzələri, XXXII c., Ş.F.Fərzəliyevin 
“Həsən bəy Rumlunun “Əhsənut-təvarix” əsərində bəzi hərbi istilahlar” 
məqaləsi), 
Demək, indiki qəzet və jurnal vəzifəsini o vaxtkı cəlbedici çağırış məktubları 
yerinə yetirirdi. 
1918-20-ci illərdə isə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə hərbi 
jurnalın olub-olmaması barədə hələlik əlimizdə heç bir əsas yoxdur. O vaxtlarda 
hərbi mövzuda yazılar “Azərbaycan”, “Açıq söz”, “İstiqlal” və başqa mətbuat 
orqanlarında dərc olunurdu. Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində hərb 
naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 1919-cu il 2 aprel 

tarixli məruzəsi saxlanılır. Nazir məruzəsində göstərir ki, Azərbaycan hərb tarixi 
və Azərbaycanın müxtəsər tarixi haqqında kitablar yazılıb, jurnal nəşr edilsin. Hər 
bir əsgər və zabitin milli hərbi tariximizi öyrənməsi məqsədilə həmin ədəbiyyat 
alay və diviziyalara paylanılsın. 
General Səməd bəy Mehmandarovun bu qiymətli təşəbbüsünə ilkin səs 
verən tarixi əsərlər müəllifi yazıçı Yusif Vəzir Çəmənzəminli olmuşdur. O, 
“İstanbul elçisi” olanda “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” adlı kitabını 1919-
21 -ci illərdə İstanbulda nəşr etdirir. Tarixçi Cahangir Zeynaloğlunun 1920-ci ildə 
yazdığı “Müxtəsər Azərbaycan tarixi” elmi publisistik və tarixi əsəri də 1924-cü 
ildə İstanbulda işıq üzü gördü. 
İstilaçı rus ordusunun süngüsü ilə süquta yetən Azərbaycan Demokratik 
Cümhuriyyəti ziyalılarının çox işıqlı arzuları yarımçıq qaldı. Onların ən mühüm 
arzularından biri də Milli Ordumuzun tarixi salnaməsini yazmaq idi. 
Bəs Azərbaycanda ilk rəsmi hərbi jurnal nə vaxt yaranmışdır, onun naşiri 
kim olmuşdur? “Savadlı Qırmızı Əsgər” adlı ilk hərbi jurnal 1922-ci il sentyabrın 
1-də Bakıda nəşr olunmuşdur. Ayda bir dəfə nəşr olunan, əsgərlər və zabitlər üçün 
nəzərdə tutulan siyasi, ictimai, ədəbi-elmi məcmuə yeni yaranmış Azərbaycan 
diviziyasının orqanı idi. Naşiri və məsul redaktoru komissar Hüseyn Rəhmanov 
olmuşdur. Jurnalın əsas mövzusu əsgərlərin savadlanması, onların döyüş hazırlığı, 
silaha qulluq qaydaları, əsgər və ordu həyatından yumorlar, ədəbi-bədii yazılar 
dərc etmək idi. Bədii nümunələr də özlüyündə əsgərlərin vətənpərvərlik hisslərinin 
daha intensiv şəkildə inkişafına xidmət edirdi. Təbii ki, dövrün ədəbiyyatının 
səviyyəsini bu nümunələrlə müəyyənləşdirmək ədəbi anlaşılmazlığa, yanlışlığa 
səbəb olardı. Hər halda, jurnal imkanı həddinə əsgərlərin milli ideologiyasını, 
savadını, dünya duyumunu dolğunlaşdırmışdır. Məsələn: jurnalın 1923-cü ildə, 
beşinci nömrəsində “İzhari təşəkkür” adlı kiçik bir yazıda oxuyuruq: 
“Gəncə qarnizonu alayının savad məktəblərinin müdiri yoldaş Qayıbov 
İsmayıl əsgər və zabitlər arasında savadsızlığın ləğvi işində ziyadə dərəcədə səy 
etmişdir”. 
İlk təcrübə kimi və zəmanəsinin ab-havasına müvafiq olaraq jurnalda gedən 
yazıların əksəriyyətinin sənətkarlıq baxımından səviyyəcə aşağı olması təbii idi. 
Lakin bu, jurnalın məramnamə anlamında tarixi xidmətlərinə zərrəcə xələl gətirə 
bilməz. 
Milli Ordumuzu yeni gələn Şura hökuməti məhv etdikdən sonra Azərbaycan 
Hərbi İnqilab Komitəsi 1920-ci il iyunun 21-də hərbi məhəlli birləşmələrin 
yaradılması haqqında yeni qərar verdi. Bu birləşmələr “Azərbaycan Birləşmiş atıcı 
diviziyası” adı ilə fəaliyyət göstərirdi. 
1924-1928-ci illərdə ordunun yenidən qurulması üçün ölkədə hərbi islahatlar 
həyata keçirilirdi. Hərbi mətbuatın kəmiyyət artımına, hərbi nəşrlərin keyfiyyətcə 
inkişafına diqqət artırıldı. 1920-ci ildən fəaliyyətə başlayan, Azərbaycan 
diviziyasının orqanı olan, “Qızıl əsgər” qəzetinin nəzdində hərbi yazıçı Hacıbaba 
Nəzərlinin rəhbərliyi ilə hərbi nəşriyyat yaradıldı. Bu nəşriyyatın buraxdığı 
kitabların əksəriyyəti tərcümə ədəbiyyatından ibarət idi. Xırda-para nizamnamə və 
kitabçaları çıxmaq şərtilə nəşriyyatın işıq üzünə çıxardığı orijinal əsərlərdən yalnız 
general Əliağa Şıxlinskinin iki hərbi əsəri mövcuddur - “Ruscadan türkcəyə qısa 

döyüş sözlüyü” (1926-cı il) və “İşçi-Kəndli Qızıl Ordusu topçusunun döyüş 
təlimnaməsi”. Birinci kitab. “Qoşun topçusu” (1927-ci il). 
Həmin illərdə əsgər və zabitlər üçün kiçik yaddaş kitabçaları da nəşr 
olunmuşdur. 1926-cı ildə Hacıbaba Nəzərlinin “Yaxşı atəş açmağı necə 
öyrənməli”, komissar Hüseyn Rəhmanovun “Dağ-nişançı diviziyasının on illiyi” 
(1930-cu il) və başqa əsərlər işıq üzü gördü. 
1925-ci ildən Zaqafqaziya respublikalarında hərbi tərcümə kollekiyaları 
təşkil edilir. Azərbaycan hərbi kollegiyasının baş redaktoru vəzifəsinə keçmiş 
Azərbaycan ordusunun tam artilleriya generalı Əliağa Şıxlinski (bu ali hərbi 
rütbə Əliağa Şıxlinskiyə 28 iyul 1919-cu ildə Azərbayçan Demokratik 
Cümhuriyyətinin 339 nömrəli əmrilə verilmişdir - Ş.N.) təyin olunmuşdur. 
Məşhur “Xatirələrim” əsərində həmin illəri yada salan general Əliağa Şıxlinski 
sonralar yazırdı: 
“Nizamnamələr, təlimatlar, göstərişlər və bəzi hərbi dərsliklər tərcümə 
edilməli idi. Bizim tərcüməçilər buna qətiyyən hazır deyildilər. Bunların içərisində 
hərbi işi bilən, lakin öz ana dilini kifayət qədər bilməyən adamlar vardı. Elələri də 
vardı ki, hər iki dili bilir, lakin hərbi işlə tanış deyildilər. Eləcə də nə hərbi işi, nə 
də dilləri yaxşı bilmə-yənlər də vardı. Belə tərcüməçilərin hərəsi tərcüməni bir cür 
qarışıq salırdı... Belə tərcümələri redaktə etmək mənim üçün böyük əzab idi. Hər 
şeyi yenidən düzəltmək lazım gəlirdi. 
Tərcüməçilərin bütün nizamnamə və göstərişləri təhrif etdiklərini görüb, 
mən “Rusca-azərbaycanca qısa hərbi lüğət” tərtib və nəşr etdim. Bura hərbi 
istilahların çoxu daxil edilmişdir. Bu lüğət hərbi kitabları tərcümə üçün bir vasitə 
idi”. 
Bu illərdə hərbi kitab nəşrinin sayı ilə yanaşı qəzet və jurnalların da miqdarı 
artmış və onlarda keyfiyyət dəyişikliyi əmələ gəlmişdi. “Savadlı Qırmızı Əsgər” 
jurnalı artıq “Qızıl Əsgər” adı ilə çıxırdı. 1928-ci ildən isə bu jurnal həm 
məzmunca, həm də tərtibat baxımından daha sanballı nəşr olunmağa başlayır. 
General Şıxlinskinin təklifi ilə jurnala “Hərbi Bilik” adı verilir. Azərbaycan atıcılıq 
diviziyasınan siyasi şöbəsinin orqanı olan “Hərbi Biliy”in məsul redaktorları 
komissar Hüseyn Rəhmanov və diviziya komandiri Cəmşid xan Naxçıvanski təyin 
olunur. İlk hərbi jurnallarımızın nəşr ardıcıllığı belədir: “Savadlı Qırmızı Əsgər”in 
1922-24-cü illərdə 14 nömrəsi, Qızıl Əsgər”in 1925-ci ildə 6 nömrəsi və “Hərbi 
bilik” jurnalının 1928-29-cu illərdə 10 nömrəsi çıxmışdır. 
Aparılan tədqiqatdan məlum olur ki, otuzuncu illərin əvvəllərində Sovet 
ordusunda kadr sistemində yenidənqurma və dəyişikliklər aparılmışdır. İttifaq 
daxilində olan bütün milli hərbi hissələr və birləşmələr ölkənin vahid ordusuna 
daxil edilir. Bununla da ayrı-ayrı respublikalarda və milli diviziyalarda hərbi 
mətbuat bağlanılır, əvəzində dairə və ordu qəzetləri nəşr olunur. 
Azərbaycanda ilk hərbi qəzetin tarixi 1920-ci ildən “Qırmızı Əsgər”lə 
başlayır. Azərbaycan diviziyası siyasi şöbəsinin orqanı olan bu qəzet 1925-ci ildən 
“Qızıl əsgər” adı ilə nəşr olunmuşdur. Respublika hərbi mətbuatının inkişafında 
xüsusi yer tutan bu qəzet on ildən çox nəşr edilmişdir. Diviziya və alay qəzetlərini 
öz ətrafında birləşdirən qəzetin baş redaktoru görkəmli yazıçımız Hacıbaba Nəzərli 
olmuşdur. İstər jurnallarda, istərsə də qəzetlərdə görkəmli sərkərdələrimiz general 

Əliağa Şıxlinski, Qambay Vəzirov, Cəmşid xan Naxçıvanski, komissar Heydər 
Vəzirov, Hüseyn Rəhmanov, Cabir Əliyev, Cəlil Əliyev, polkovnik Seyfulla 
Mehdiyev öz maraqlı yazıları ilə yaxından iştirak etmişdir. Bir faktı da qeyd etmək 
fərəhləndiricidir ki, təkcə 1934-cü ildə rota və alay qəzetlərinin sayı səksənə yaxın 
idi. “Qızıl əsgər” diviziya qəzeti ilə yanaşı “Dəmir mübariz”, “Qızıltopçu”, 
“Döyüşçü səsi”, “Qızıl bayraq”, “Fəhlə-kəndli Qızıl ordusu” adlı çoxtirajlı alay 
qəzetləri nəşr olunurdu. 
Altmış dörd ildən sonra (1993-cü il) Azərbaycan Müdafiə Nazirliyinin Hərbi 
elmi-tədqiqat və tarix idarəsi yenidən belə bir jurnalın nəşrini davam etdirdi. 
Dünyaya şirin dilimizdə yeni hərbi jurnal gəldi. Qədimdən qədim, uludan ulu olan 
Azərbaycan hərb tarixinin yayıcısı, təbliğatçısı olan “Hərbi bilik” yeni yaranan 
Milli Ordumuzun doğma övladı kimi xalqımıza xidmət edir. Jurnalda hərbi 
qəhrəmanlıq tariximizin arxiv künclərində saxlanan səhifələr, ayrı-ayrı ailələrdə 
mühafizə olunan nadir sənəd və fotoşəkillər, indiyəcən adı anılmayan sərkərdə 
oğullarımızın ömür yolundan maraqlı yazılar dərc edilir. 
 
1993-cü il. 
 
 
HƏRBİ ŞƏRQİLƏRİMİZ 
 
Müdrik tədqiqatçılar haqlı deyiblər ki, arxiv işi cəhənnəm əzabıdır, orada 
ancaq fədakar adamlar işləyə bilər. 
Mənbələri tapmaq, toz basmış qovluqları vərəqləmək adamda həvəslə 
yanaşı, çox böyük səbr və təmkin də tələb edir. Ən dəhşətlisi onda olur ki, 
axtardığın hər hansı bir sənəd və ya faktın təxmini də olsa istiqamətini bilməyəsən. 
Belə vaxtda axtarışların bəhrəli olması üçün mütləq arxiv işçilərinə müraciət etmək 
daha yaxşı olur. 
Uğurlu bir axtarışım olanda, yaxın-uzaq dostlar bu münasibətlə məni təbrik 
edəndə istər-istəməz Fikrət müəllimi xatırlayıram və bu barədə onun özünə də 
təşəkkürümü bildirəndə: “Borcumdur, axı sən bu işi xalqımız üçün görürsən” - 
deyib, bu təvazökar adam əvəzində məni tərifləyir. Əlbəttə, bu təriflər mənim üçün 
xoş olsa da, Fikrət müəllim də yəqin bilir ki, mənim tədqiqatlarımda onun əməyi 
çoxdur. 
İlk dəfə Respublika Yeni Tarix Mərkəzi Dövlət arxivinə gələndə əlimdə 
müəyyən mənbələrim olsa da, bilmirdim hardan, necə başlayım. Onda qısa bir 
söhbətdən sonra arxivin direktoru Fikrət Əliyev dəyərli məsləhətlərindən başqa 
1918-20-ci illərdə Milli Ordumuzun yaranması haqqında mənə özünün tematik 
qeydlərini də verdi. Onun qırx səhifədən çox əlyazmasını necə böyük bir əziyyətlə 
tərtib etdiyini təsəvvür etmək çətin deyil. Bütün bunlar mənə yeni kitabımın 
yazılmasında gərək oldu. 
Əlbəttə, bu, Əməkdar mədəniyyət işçisi Fikrət Əliyevin əzablı axtarışlarının 
bəhrəli məhsullarından bir parçadır. Etiraf etmək lazımdır ki, belə çətin işin 
öhdəsindən gəlmək hər ziyalıya nəsib olmur. 

Heç kəsdən təmənna və təşəkkür ummayan Fikrət müəllim hər şeydən əvvəl 
xalqımızın arxiv yaddaşını unudulmağa imkan vermir. O, hər qovluğun, hər 
sənədin yerini dəqiq bilir. Onların mühafizə olunmasına qayğı ilə yanaşır. 
Müqəddəs “Qurani Kərim”in bir surəsində Fikrət müəllim kimi xeyirxahlar 
üçün deyilir: “Xoşbəxtlik yalnız o kəsləri heç vaxt tərk etmir ki, onlar daim xeyir iş 
görürlər”. 
Bir dəfə Fikrət müəllim mənə müxtəlif mənbələrdən topladığı şərqiləri verdi. 
- Bunlar, - dedi - 1918-20-ci illərdə yazılmış hərbi şərqilərimizdir. Şərqiləri 
Gəncə, Quba, Lənkəran, Tərtər, Bakı, Göyçay, Qazax alaylarının komandirləri 
toplayıb rəsmi sənədlə hərbi Nazirliyə göndəriblər. Bu zəhməti dostum Maarif 
Teymurla birgə çəkmişik. Arxivimizin 2894 nömrəli fondunda saxlanılır. Ərəb 
əlifbasından oxuyub müasirləşdirəni isə şərqşünas Adil Aslanidir. 
Xalqımızdan toplanıb, xalqımızdan da gizlədilən bu əsgər şərqilərinin hər 
birində doğma Azərbaycanımıza, müqəddəs torpaqlarımıza ülvi məhəbbət var. 
Əksəriyyəti müəllifsiz olan şərqiləri xalq özü qoşub, ümidi, istinadgahı olan Milli 
Ordumuza intəhasız məhəbbətini bildirib. 
 
İştə görün biz əsgərik, 
Cənkdən qorxmaz, cənk edərik. 
Aç köksünü qarlı Qafqaz, 
Sevdiyin Səməd gəlir. 
Tufan kimi coşacayıq, 
Cahana şan saçacayıq. 
Biz türklərin sancağını 
Qafqasiyaya asacayıq 
 
İlk dəfə tam artilleriya generalı, hərbi nazirimiz Səməd bəy Mehmandarova, 
birinci süvari diviziyasının komandanı, general-mayor Teymur bəy Novruzova və 
başqa komandirlərimizə qoşulmuş şərqilərə də rast gəldik. 1919-cu ildə Gəncədəki 
1-ci süvari diviziyasına komandan təyin olunan general Teymur bəy Novruz 
oğlunu əsgərlər belə bir şərqi ilə qarşılayırmışlar: 
 
Xoş gəldik, ey şövkət-məqam, 
Əsgər sənə eylər səlam. 
Sən əsgərin göz nurusan, 
Minlər yaşa Teymur paşa! 
Xoş gəldiniz zəhmət çəkib, 
Alayımızı ucaltdınız... 
 
Bunlar hamısı yenidir, oxucu nəfəsi, oxucu üzü görməyib. 
İnanırıq ki, bu gün ordumuzun yeni yarandığı bir vaxtda, bu günkü əsgər və 
zabitlər bu milli şərqilərdən qidalanacaq, komandirinə, torpağına və doğma 
Azərbaycana olan məhəbbəti daha da artacaq, bu şərqiləri oxuya-oxuya yağılara 
qarşı daha böyük qəhrəmanlıqla vuruşacaqlar. 
  

ŞƏRQİ 
 
Cihad var, cihad var, 

Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin