GENERAL-MAYOR ƏLİYAR BƏY MEHDİ OĞLU HAŞIMBƏYOV -
1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər nazirinin müavini. Birinci
Dünya Müharibəsində üçüncü Qafqaz araba karvan briqadasının komandiri
olmuşdur. On yeddinci ildə istefaya çıxan general Əliyar bəy 1918-ci ildə
Azərbaycan Cümhuriyyətində könüllü xidmətə başlamışdır.
General-mayor Əliyar bəy Haşımbəyov 1856-cı il martın səkkizində Bakı
şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar
bəy 1871-ci ildə Tiflisdəki piyadalar məktəbinə daxil olmuşdur. 1918-ci ildən
artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır.
Hərbi xidmətinin otuzuncu ilində - 1908-ci il dekabrın altısında general-
mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Ordudakı qüsursuz xidmətinə görə
1889-cu ildə üçüncü dərəcəli “Müqəddəs Stanislav”, 1894-cü ildə üçüncü dərəcəli
“Müqəddəs Anna”, 1895-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci ildə
ikinci dərəcəli “Müqəddəs Anna” və 1904-cü ildə “Müqəddəs Vladimir” ordenləri
ilə təltif olunmuşdur.
1919-cu ildə Hərbi İntendant idarəsinin rəisi işləyən general Əliyar bəy
Haşımbəyovu 1920-ci ildə bolşeviklər güllələmişlər.
GENERAL-MAYOR TEYMUR BƏY NOVRUZ OĞLU NOVRUZOV -
Milli Orduda süvari diviziyasının qərargah rəisi. Birinci Dünya müharibəsində
dörd dəfə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Azərbaycan
Demokratik Cümhuriyyətinin 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla
xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. 20-ci ildə bolşeviklərin
təzyiqindən Almaniyaya mühacirətə getmişdir.
GENERAL-QUBERNATOR CAVAD BƏY RZA BƏY OĞLU
MƏLİKYEQANOV -1920-ci il sentyabrın on doqquzunda komissar Nersesov
tərəfindən həbs edilib. Az müddət Bakıda, Bayıl həbsxanasında saxlanıldıqdan
sonra Kareliyanın Keme şəhərinə sürgün edilmişdir. Həyat yoldaşı məşhur
maarifpərvər Məryəm xanım Bayraməlibəyovaya 1935-ci ildə sürgündən
göndərdiyi məktubunda yazırdı: “...Sən yaxşı bilirsən ki, mən Vətənimi,
Azərbaycanımı, xalqımı sevirəm. Hər şeydən əziz tuturam və canımı onlara qurban
verirəm...”
Şimal həbs düşərgələrində olmazın əzablar çəkən, 1918-ci ildən Azərbaycan
parlamentinin üzvü Cavad bəy 1942-ci il mayın 18-də ürək partlamasından
həbsxanada vəfat etmişdir. 1917-ci ildə könüllü surətdə Musavat partiyasına daxil
olan Məlikyeqanov Lənkəran şəhərinin general-qubernatoru olmuşdur.
Həyat yoldaşı Məryəmxanım 1937-ci il noyabrın 14-də həbs edilib
Arxangelsk şəhərinə sürgün edilmişdir. On doqquz il sonra gözləri şikəst halda
Bakıya qayıdan Məryəm xanım Bayraməlibəyova 1967-ci ildə vəfat etmişdir.
GENERAL-QUBERNATOR ƏMİR XAN CAHANGİR XAN OĞLU
XOYSKİ - Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on
üçündə Qazax qəzasının qubernatoru təyin edilib.
Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri Fətəli xan Xoyskinin
qardaşı oğludur. 1920-ci il iyunun on doqquzunda əmisi Tiflisdə teatrdan çıxarkən
muzdlu erməni qatili tərəfindən öldürüldükdən sonra Əmir xan ailəsi ilə Türkiyəyə
qaçmışdır. Ali təhsilli idi: Peterburq Univeritetinin hüquq fakültəsini bitirmişdi.
1966-cı ildə İstanbul şəhərində vəfat etmişdir.
GENERAL-QUBERNATOR XOSROV BƏY PAŞA BƏY OĞLU
SULTANOV -1919-cu il yanvarın on beşindən Qarabağın general-qubernatoru.
Həmin il martın 21 -dən 30-dək olan Əsgəran döyüşlərində daşnak generalı
Dronun quldur dəstələrini darmadağın etmişdir. İyun ayının əvvəllərində gizli yolla
Şuşaya silah gətirən erməni Milli şurasının üzvlərini həbs edib, onların Qarabağ
hüdudlarından çıxarılmasına nail olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan
Parlamentinin üzvü idi. 1918-1920-ci illərdə daşnakların Qarabağdan
təmizlənməsində qardaşı Sultan bəylə birlikdə misilsiz xidmət göstərmişdir.
Xosrov bəy 1879-cu il martın 10-da Laçın rayonunun Kürdhacı kəndində
anadan olub. Orta təhsilini Gəncə klassik gimnaziyasında, ali təhsilini isə Odessa
Universitetində almışdır. 1920-ci il aprel çevrilişindən sonra Türkiyənin Trabzon
şəhərinə mühacirətə getmişdir. Az sonra daşnak təqibindən İstanbula köçmüş və
1941-ci ildə orada vəfat etmişdir.
GENERAL-MAYOR ŞAHZADƏ FEYZULLA MİRZƏ QACAR -
Azərbaycan Demokratik Respublikasının hərbi naziri, tam artilleriya generalı
Səməd bəy Mehmandarovun doqquz yanvar min doqquz yüz on doqquzuncu ildə
iyirmi nömrəli əmri ilə Gəncədəki süvari diviziyasının qarnizon rəisi təyin olunub.
GENERAL-MAYOR ŞAHZADƏ MƏHƏMMƏD MİRZƏ QACAR -
Milli orduda Baş Artilleriya idarəsinin rəisi. 1919-cu il iyulun doqquzunda əla
xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. General Şahzadə Məhəmməd
Qacar haqqında hərb naziri Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi
Həbib bəy Səlimovun həmin il noyabrın 30-da imzaladıqları bir nömrəli əmr onun
sərkərdəlik fəaliyyəti barədə nadir sənədlərdən biridir:
“Hərb naziri köməkçisinin məlumatından aydın olur ki, general-mayor
Şahzadə Məhəmməd Mirzə Qacar birinci piyada diviziyasına müvəqqəti
komandanlıq etdiyi müddətdə Gəncə qarnizonunun rəisi vəzifəsini icra edərkən,
batalyon yaradılması və xüsusi təyinatla yola salınması, eləcə də qoşun hissələrinin
isti və əsgəri geyimlə təmin edilməsində çoxlu səy və fəaliyyət göstərmişdir. Buna
görə də mən ona səmimi minnətdarlığımı bildirirəm”.
GENERAL-MAYOR MİRKAZIM XAN MİRƏLİ XAN OĞLU
TALIŞXANOV -1855-ci il iyulun on yeddisində Bakıda anadan olmuşdur. Talış
xanlarının nəslindəndir. 1917-ci ilə qədər Rusiyanın müxtəlif şəhərlərində rota,
alay və batalyon komandiri olmuşdur. Birinci Dünya müharibəsindəki xidmətlərinə
görə general-mayor rütbəsi alıb. 1918-20-ci illərdə Lənkəran Dairə müfəttişi
vəzifəsində işləmişdir.
General-mayor Mirkazımxan Talışxanov 1938-ci ildə səksən dörd yaşında
Bakıda vəfat etmişdir.
GENERAL-MAYOR ŞAHZADƏ ƏMƏNULLA XAN MİRZƏ QACAR
- 1918-ci il dekabrın birində könüllü olaraq Milli Orduda qulluğa başlamışdır.
Müxtəlif vəzifələrdə işləmişdir. 1920-ci il yanvarın 27-də Xankəndində yerləşən
birinci süvari diviziyasının rəis müavini olmuşdur. 1862-ci ildə Şuşada anadan olan
Əmənulla xan iyirmi səkkiz il Kuban-Kazak nizami hissəsində xidmət etmişdir.
1917-ci ildə general-mayor rütbəsi verilib. Bolşevik təzyiqindən (1920-ci ildə)
İrana mühacirətə getmiş və 1937-ci ildə Tehranda vəfat etmişdir.
GENERAL-MAYOR SƏMƏD BƏY MƏŞƏDİ BƏY OĞLU
RƏFİBƏYOV - Tiflis kadet korpusunu 1916-cı ildə bitirib. İlk hərbi xidmətə
yeddinci Qafqaz sərhəd alayında başlayıb. 1918-ci ilin yanvarından yeni yaranan
Müsəlman korpusunda birinci Bakı atıcı polkunda rota komandiri kimi bolşevik-
daşnak dəstələrinə qarşı vuruşmuşdur.
Poruçik Səməd bəy 1918-ci il iyulun 2-də əla xidmətinə görə ştabs-kapitan
rütbəsi alır. Nuru paşanın təqdimatı ilə Azərbaycan dəmir yolunun müvəqqəti
komissarı təyin olunur.
Respublika Müdafiə nazirinin əmrilə 1919-cu ilin fevralında birinci Cavanşir
polkunu və Lənkəran ehtiyat alayını təşkil edir.
Hərb naziri general Səməd bəy Mehmandarovun və müavini Əliağa
Şıxlinskinin əmr və raportlarında Səməd bəy Rəfibəyov bilikli, enerjili və qoçaq
komandir kimi xarakterizə edilir. Podpolkovnik Səməd bəy Rəfibəyovun birinci
Cavanşir piyada polku 1920-ci ilin mart-aprel aylarında Xankəndində və Şuşada
erməni daşnaklarına qarşı mərdliklə vuruşub.
Bolşevik istilasından sonra Türkiyəyə mühacirətə gedən Səməd bəy
Rəfibəyov hərbi fəaliyyətini dayandırmamışdır. Qoşun komandanlığı vəzifəsinə
qədər yüksələn istedadlı eloğumuz böyük Mustafa Kamal paşa Atatürkün yaxın
silahdaşı və dostu olmuşdur. Ona 1948-ci ildə general-mayor rütbəsi verilmişdir.
Birinci dərəcəli “İstiqlal ordeni” ilə təltif olunan Səməd bəy Rəfibəyov
1892-ci ildə qədim Gəncənin Balabağban qəsəbəsində anadan olmuş, 1980-ci il
oktyabrın 20-də İstanbulda vəfat etmişdir.
GENERAL-MAYOR MƏMMƏDSADIQ BƏY İSMAYIL OĞLU
AĞABƏYZADƏ - Şərqşünas-alim kimi daha çox məşhurdur. 1919-cu ildə
Azərbaycan Demokratik Cümhuriyyətində daxili işlər nazirinin müavini olmuşdur.
1920-ci ildə İstanbula - əmisi oğlu, professor Əlibəy Hüseynzadənin yanına gedir.
Bir il orada yaşadıqdan sonra Fransaya mühacirətə gedir. Ali məktəblərdə fars və
türk dillərindən dərs deyən Məmmədsadıq bəy fransızcanı da gözəl bilirdi.
Bəxtinə cəlayi-vətənlik düşən görkəmli Azərbaycan oğlu Məmmədsadıq bəy
Ağabəyzadə 1927-ci ildən Lvov universitetinin professoru Ziqmund
Smoqcevskinin dəvətilə Lvov universitetində işləyir. O, ərəb, fars, türk dillərindən
dərs deyir, islam paleoqrafiyasını, epiqrafiyasını və kaliqrafiyasını tədris edirdi.
Məşhur polyak şərqşünasları Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin və
başqaları həmyerlimiz, general-professor Məmmədsadıq bəyin yetirmələri
olmuşlar. Hərbi fəaliyyəti ilə yanaşı şərqşünas kimi də böyük şöhrət qazanan
M.Ağabəyzadə 1904-cü ildə rus dilində “Türkmən ləhcəsi”, 1931-ci ildə polyak
dilində “Türkdili”, 1932-ci ildə “Fars dili”, 1934-cü ildə “Ərəb dilinin
qrammatikası” kimi sanballı əsərlərini nəşr etdirmişdir.
1944-cü ildə Lvov şəhəri faşistlər tərəfindən alınanda bir alman zabiti tənha
yaşayan professor Məmmədsadıq bəyin mənzilini öz qərargahına çevirir.
Yarıqaranlıq, nəmli zirzəmiyə köçən Məmmədsadıq bəyin zəif vücudu daha da
pisləşir. Elm fədaisi və musavat generalı Məmmədsadıq bəy Ağabəyzadəni 1944-
cü il noyabrın 8-də sevimli tələbəsi Tadeuş Levitski Lvov şəhər qəbristanlığında
dəfn edir. “Əgər qardaşlarım
44
gəlib çıxmasalar, onda nəyim varsa, T.Levitskiyə
qoyub gedirəm. Mənə uzunmüddətli sədaqətli xidmətinə görə pani Sverino
Vilkoşinskayaya üç yüz zlot, Teodozi Krulyovaya yüz zlot, Olqa Voşçaka, mənim
şagirdimə bir kitab və istədiyi üç qramafon val verərsiniz”.
Bu, bolşevik təzyiqindən qürbətdə tənha yaşayan görkəmli həmyerlimizin
ölümqabağı yazdığı vəsiyyətdən bir parçadır.
General-şərqşünas Məmmədsadıq bəy 1865-ci ildə Göyçayda anadan
olmuşdur. İlk təhsilini Bakı realnı məktəbində alan M.Ağabəyzadə Konstantinovsk
piyada məktəbini əla qiymətlərlə bitirmişdir. Ona görə də 1876-cı ildə Sankt-
Peterburqdakı Mixaylovski artilleriya məktəbinin üçüncü kursuna qəbul edilmişdir.
Az müddət Qafqazda qulluq edib. Əla hərbi xidmətinə görə general-mayor rütbəsi
alıb. General Məmmədsadıq bəy Ağabəyzadə Birinci Dünya müharibəsində iştirak
etmişdir.
GENERAL-MAYOR CAHANGİR BƏRKƏR YUSİF BƏY OĞLU
NOVRUZOV- 1894-cü ildə Bakıda hərbçi ailəsində anadan olmuşdur. Bu nəsil
Azərbaycan hərb tarixinə aprel inqilabına qədər general-leytenant Mirzə Hacı bəy
Novruzovu, qvardiya polkovniki Kərim bəy Novruzovu, 1918-20-ci illərdə isə
44
Gеnеrаl-рrоfеssоr Мəmmədсаdıq bəyin iki qаrdаşı və bir bаcısı оlmuşdur - Həzrət bəy, Рəhim bəy вə Bаdаm
хаnım - müəl.
general-mayor Teymur bəy Novruzovu və mayor Rüstəm bəy Novruzovu bəxş
etmişdir.
1920-ci ilin aprelində süvari alayının komandiri, kapitan Cahangir bəy
Novruzov istilaçı rus ordusuna qarşı inamlı döyüşlər aparmış, vəziyyətin
ağırlığından Vətəni tərk edərək İrana keçmişdir. Az müddət orada qaldıqdan sonra
süvari alayı ilə Ərzuruma gələrək Kazım Qarabəkir paşanın ordusu ilə birləşmişdir.
1921-ci ildə Bənliəhməd yaxınlığında daşnak tör-töküntülərinin qaldırdığı
Berna meydan müharibəsində böyük qəhrəmanlıqlar göstərərək, düşmən
təyyarələrini dəqiq top atəşilə susdurmuşdur. Məhz bu döyüşlərdəki qəhrəmanlığa
görə türk komandanlığının və türk paşalarının hörmət, ehtiramını qazanmışdır.
Sonralar Şeyx Sait və Ağrı hərbi yürüşlərində uğurlu döyüşlər aparan mayor
Cahangir bəy Novruzov 1928-ci ildə təhsilini artırmaq üçün hərbi məktəbə daxil
olur.
1929-cu ildə Topçular məktəbini müvəffəqiyyətlə bitirən Cahangir bəy
polkovnik rütbəsilə təltif olunur. Kutahiyadakı topçu alayının komandiri olarkən
hərb sahəsində qazandığı nailiyyətlərə görə 1948-ci il avqustun 30-da general-
mayor kimi fəxri rütbəyə layiq görülür.
1953-cü ilə qədər İzmir istehkamlaşdırılmış rayonunun və arxa cəbhə
komandiri vəzifəsində çalışan Cahangir bəy Novruzov həmin ili yaş həddinə görə
istefaya çıxmışdır. O, ömrünün axırınadək Boronovada tikdirdiyi təmtəraqsız, sadə
bir evdə yaşamışdır. General-mayor Cahangir bəy Novruzov səmimi və saf bir ailə
başçısı idi. Onun arvadı Vəzifə xanımdan üç qızı olmuşdur.
Uzun illər generalın komandanlığı altında çalışmış istefada olan süvari
polkovniki Baba Behbud Türkiyədə nəşr olunmuş “Azərbaycan” curnalının 1958-
ci il 4-5-ci sayında yazır ki, çox hörmətli general Cahan”gir bəy Bərkər
Novruzovun bütün həyatı hərb sənətinə sadiqliklə keçmişdir.
General-mayor Cahangir bəy Novruzov 1958-ci il iyunun 17 - də, saat on
yeddidə öz mənzilində ürək xəstəliyindən vəfat etmişdir.
* * *
GENERAL-LEYTENANT GENNADİ NİKOLAYEVİÇ TARXANOV-
Nazirlikdə Hərbi Mühəndis İdarəsinin rəisi.
GENERAL-MAYOR VASİLİ İVANOVİÇ DUBROVSKİ - Nazirlikdə
hərbi gəmi hissəsinin rəisi.
GENERAL-MAYOR KONSTANTİN DAVIDOVİÇ ÇXEİDZE - 1919-
cu il dekabrın 8-dən 1920-ci il mayın 21-dək Azərbaycan Hərbi məktəbinin rəisi
olmuşdur. Polkovnik Konstantin Çxeidze 1920-ci il martın 21-də Azərbaycan
hökuməti tərəfindən general-mayor rütbəsilə təltif olundu. 1920-ci il martın 29-da
bolşeviklər general Çxeidzeni həbs etdilər. Sonrakı taleyi məlum deyil.
GENERAL-MAYOR KNYAZ AVEL QAVRİLOVİÇ MAKAYEV-
1919-cu ilin noyabrında Bakıda yerləşən ikinci piyada diviziyasının müvəqqəti
rəisi. 1920-ci ildə həmin diviziyanın rəis müavini.
GENERAL-MAYOR ZAXAR VASİLYEVİÇ AMAŞUKELİ - General
Zaxar Amaşukeli 1862-ci il iyulun 31-də Tiflisdə anadan olub. 1919-cu ildə Gəncə
süvari diviziyasının qərargah rəisi. 1919-cu il avqustun 3-də hərbi nazir tam
artilleriya generalı Səməd bəy Mehmandarov 347 saylı əmrində yazırdı: “Yeddi ay
ordumuzda sidq-ürəklə xidmət edən general Amaşukeli Qərargah rəisi kimi işə
götürülsə də, onun beş ayını diviziya rəisi olmuşdur. Təəssüf ki, indi o, öz ərizəsilə
tərxis olunmaq istəyir. O, hərbi hissələrdə ordu xidmətinin tələblərinin həyata
keçirilməsində yüksək işgüzarlığı və xüsusi inadkarlığı ilə seçilərək, bununla da
ümumi işə böyük xeyir verirdi.
General Amaşukelidən təəssüf hissilə ayrılıram. Ordu sıralarında əla və
məhsuldar əməyinə görə ona öz səmimi təşəkkürümü bildirirəm”.
GENERAL-MAYOR VASİLİ DMİTRİYEVİÇ KARQALETELİ -
1920-ci il martın 20-də Azərbaycan hökumətinin 167 saylı əmrilə general-mayor
rütbəsi alıb. Baş Qərargahda Baş İdarənin rəisi və kvartirmeyster generalı
olmuşdur.
Əliağa Şıxlinski əvəzsiz xatirələrində qeyd edir ki, hələ Birinci Dünya
müharibəsində Vasili Karqaleteli döyüş xidmətlərinə görə iki dəfə “Müqəddəs
Georgi” xaçı ilə təltif olunmuşdur. Onların birinci Sibir korpusundakı tanışlırı
barədə general Əliağa Şıxlinski yazır: “Mən əsgərlərə qısa bir nitq söylədikdən
sonra komandiri yanıma çağırıb əlini sıxdım və familiyasını soruşdum. Məlum
oldu ki, o, Karqaleteli familiyalı bir: gürcüdur. Mən ondan soruşdum:
- Siz Tiflis kadet korpusunu bitiribsiniz?
- Yox.
- Deməli, birinci Tiflis gimnaziyasında oxumusunuz?
- Yox, mən Yelizavetpol (Gəncə) gimnaziyasında oxumuşam. Atam
Qazaxda xəzinədar idi, mən və qardaşım isə Yelizavetpol gimnaziyasında
oxuyurduq.
- Onda biz həmyerliyik ki, axı, mən də qazaxlıyam.
- Bilirəm, cənab general. Qardaşımla mən Pasxa bayramında Qazaxa
gələrdik, Siz də orada olardınız. Qardaşımla mən topçu olmaq istəyirdik, buna görə
də həmişə sizin dalınızca düşərdik, amma siz bizi görməzdiniz.
Mən onu qucaqladım. O, çox məmnun idi, Əsgərlərə isə dedim:
- Görürsünüzmü, yoldaşlar, sizin qoçaq komandiriniz mənim həmyerlim
imiş. Mən buna çox şadam. (Ə.Şıxlinski, “Xatirələrim”, “Azərnəşr” 1984-cü
il, səh. 181-182).
GENERAL-MAYOR ALEKSANDR MİXAYLOVİÇ PURSELİDZE -
hərbi nazirlikdə tapşırıq generalı.
“...Adını xatırlamadığım daha bir neçə qurbanlarımız və şəhidlərimiz vardı.
Azərbaycan cəlladı Bağırovun bir məlumatında qeyd olunduğu kimi, əlli ikidən
artıq qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da
unutmayalım. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları,
Süleyman paşaları, Murad Gəraylını, İbrahim ağanı (general-mayor İbrahim ağa
Usubov -Ş.N.), Həbibbəylər Səlimov və bir çox digərlərini də yada salalım”
(M.Ə.Rəsulzadə, “Azərbaycan davası” məqaləsindən).
1918-ci ildən 1922-ci ilə qədər, əvvəlcə Tiflisdə, sonra isə Türkiyədə hərbi
attaşe işləmiş Əsgər Əsgərov Kəngərlinin “Azərbaycan faciəsi” məqaləsindəki
kiçik bir epizodu oxuyanda polis əməkdaşı olan erməninin insanlıqda payı
olmadığına şübhə yeri qalmır. O yazır ki, əleyhimə kifayət qədər material
olmamasına görə məni Bakı “ÇK” - sına, məşhur cəllad Pankratovun birbaşa
pəncəsi altına göndərdilər. Bədbəxtlikdən gəlişim Azərbaycanın bütün ərazisini
üsyanların bürüdüyü bir dövrə təsadüf edirdi (1920-ci ilin may-iyun aylarında
Azərbaycanın ayrı-ayrı qəzalarında-Gəncə, Şuşa, Qazax, Şəki və Zaqatalada
bolşevik işğalına qarşı guclü üsyanlar başlanmışdı Ş.N.). Buna görə hərbi
məktəb yoldaşlarımın hamısı, ən kiçik zabit rütbəsindən tutmuş hərbi nazirə qədər
general Səməd bəy Mehmandarov öz qərargahı ilə burada, “ÇK”-da idi. Bizə tətbiq
edilən bütün işgəncə və təhqirləri burada sadalamayacağam. Təkcə onu qeyd edim
ki, hamımızın hörmət etdiyimiz ağsaqqal hərbi nazirə ayaq yolunu təmizləmək
tapşırılanda biz, gənc zabitlər onun əvəzinə bu işi görməg üçün irəli atıldıq. Lakin
keçmiş polis əməkdaşı, erməni növbətçisi bizi kobudluqla kənar edərək: “Ayaq
yolunu Mehmandarov təmizləməlidir, özü də saqqalı ilə” - deyə bağırdı...
Görəsən bu sətirləri arvadı erməni olan, ya da “ermənilərlə dost olaq,” -
deyən azərbaycanlı oxuya bilsə, hansı hissləri keçirərdi?
1995-ci il.
Polkovnik
DANİYAL BƏY HƏLLƏCOV
Ah, o qılıncları, o qalxanları,
Sinəmin üstündən axan qanları,
Nəsildən-nəsilə verdim yadigar,
Üstü zər yazılı bir keçmişim var.
Səməd VURĞUN
İyirminci ildə şəhid olmuş bir milli ordu sərkərdəmizin sorağı ilə 1985-ci ilin
noyabrında Tiflisə getdim. Sorağı mənə jurnalist dostum Seyfulla Cəfərli vermişdi.
Polkovnik Daniyal bəy Abdulla oğlu Həlləcovun qızı Leyla xanımı evdə tapa
bilmədim. O, Kutaisiyə hüzr yerinə getmişdi. İrena adlı mehriban bir qadın məni
çox səmimi qəbul etdi. Elə ki, polkovnikin adını çəkdim, bütün müsahiblərimdə
olduğu kimi onu da bərk təəccüb hissi bürüdü. Mən onu çox yaxşı başa düşürdüm.
Yarım əsrdən çox keçən bir müddətdə birdən-birə bolşeviklərə qarşı vuruşmuş
sərkərdənin ömür yolu ilə maraqlanmaq əlbəttə, hamını təəcübləndirə bilərdi.
Özü də 1985-ci ildə, hər dəfə çar və musavat generallarının uzaq, ya da
yaxın qohumlarını axtarıb tapanda belə təəccübləri çox görmüşdüm.
İrena xanımı şübhələrdən qurtarmaq üçün “Seyfullanın dostuyam”, - dedim,
- “Qohumunuzun Sizə salamı var, ünvanınızı da ondan almışam...” Onda İrena
xanım sevincindən bilmədi məni harda oturtsun.
Bayaqkı təəccübünə və şübhəsinə görə zadəgan xanımlarına məxsus
incəliklə dönə-dönə üzrxahlıq etdi. Uzun illər keçməsinə baxmayaraq,
danışığında, davranışında bəy və zadəgan nəslinə məxsus yaxşı nə varsa, bu
səmimi xanım özündə saxlaya bilib. Belə saf keyfiyyətləri hələ də yaşadan ana
və bacılarımızı görəndə, istər-istəməz adam hədsiz qurur hissi keçirir. Sevinirsən
ki, bu saf bulağın gözü hələ tutulmayıb. Gələcək qızlarımıza onlar ülvi əxlaqı,
gözəl və zərif davranışı ilə hələ çox şey verə bilərlər.
Evdə polkovnikə məxsus nə qalmışdısa, İrena xanım səxavətlə mənə
göstərdi. Üstəlik də eşidib-bildiklərini nəql etdi. Divardan asılan rəngli rəsm işinin
də polkovnikə məxsus olduğunu fəxrlə bildirdi.
Daniyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində
anadan olub. Ailəsində altı övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil
vermişdi. İki oğlu Qaraəli bəy və Murtuzəli bəy Peterburq Universitetinin hüqüq
fakültəsini, Bəşir bəy isə həmin universitetinin Şərq dilləri və hüquq fakültələrini
bitirmişdir. Ən kiçik Məhəmməd bəy Moskva Kənd Təsərrüfatı Akademiyasının
aqronomluq fakültəsini qurtarmışdır (sonralar Sosialist Əməyi Qəhramanı
olmuşdur). Ailənin yeganə qızı Məryəm isə Tiflisdəki Müqəddəs Nina Qızlar
İnstitutunun məzunu idi.
Yalnız ailənin üçüncü oğlu özünün arzusu ilə hərb sənətini seçmişdi.
Daniyal bəy Stavropoldakı ədadiyə (realnı) məktəbini bitirdikdən sonra bu qərara
gəlmişdi. Sonra Peterburqdakı uçillik Mixaylov topçuluq məktəbində oxumuşdu.
Artileriya məktəbini əla bitirən podporuçik Daniyal bəy Qars viləyətinin Cəlaus
şəhərciyində yerləşən otuz doqquzuncu artileriya briqadasına xidmətə göndərildi.
Bu briqadada on ildən çox xidmət edən Daniyal bəy ştabs-kapitan rütbəsinə qədər
yüksələ bildi. Xidmətinin on ikinci ilində onu Tiflis quberniyasının Muxrovani
şəhərindəki birinci artilleriya polkuna dəyişdilər. Bir az sonra həmin polk
Qamboriyə köçürüldü. Cahan müharibəsindən yaralı qayıdan Daniyal bəy 1915-ci
ildə uzunmüddətli müalicə məzuniyyətinə buraxılır. Dədə-baba vətəni Balakəndə
yaşayır. Bununla da imperiya ordusunda xidmətini polkovnik rütbəsində başa
vurur.
1918-ci ildə Azərbaycan Milli Ordusu yaradılanda Müdafiə naziri general
Səməd bəy Mehmandarovun şəxsi dəvəti ilə Gəncədə yaradılan korpusa komandir
müavini təyin olunur.
Axşam mehmanxanada İrena xanımdan aldığım qeydlərə bir daha göz
gəzdirdim. Əlbəttə, onların azlığı məni məyus etdi. Nə vaxt qayıdacağı məlum
olmayan Leyla xanımı gözləməyi qət etdim. Vaxt bolluğundan istifadə edib, Qori
Seminariyasının arxivində araşdırmalar apardım. Həmsənət dostlarımla görüşüb
Tiflisdə anadan olmuş general Firidun bəy Vəzirovun (1850/1925) heç olmasa bir
qohumunu tapmaq, görüşmək istədim. General Vəzirov da 1919-20-ci illərdə milli
ordumuzda xidmət edib. Hamı təəssüflə bildirdi ki, belə bir generalın adını ilk dəfə
eşidir.
Ötən əsrin əvvələrindən başlayaraq, bizim mütərəqqi fikirli ziyalılarımız
Tiflisdə daha çox məskən salıblar. Ona görə də inqilaba qədərki ziyalılarımızın
hansının ömür yoluna nəzər salırsansa, istər-istəməz Tiflislə bağlılığına rast
gəlirsən. Təəssüf ki, belə görkəmli şəxsiyətlərimizin adları əbədiləşdirilmir. Olub-
qalan nişanələr isə bir yandan silinib itirilir.
General-topoqraf İbrahim ağa Vəkilovun ötən əsrin sonlarında tikdirdiyi
şəxsi mülkü Uş.Çxeidze küçəsində əsl memarlıq abidəsi idi. İki göz istəyirdi
tamaşa eləsin. Bu evi mən 1983-cü ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem
vasitəsilə axtarıb tapmışdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz sağ
salamatdı, getdim, ziyarət elədim. Onda Faris bəyin necə sevindiyinin bir Allah, bir
də mən şahidi oldum. Doxsan dörd yaşlı tənha qoca durub qara şkafın enli
siyirməsində saxladığı həmin evin fotoşəklini tapdı, denə-dönə öpüb uşaq kimi
kövrəldi.
İkimərtəbəli mülkdə iki gürcü, bir erməni ailəsi yaşayırdı. Soruşdum ki,
bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir tatar (Azərbaycan - Ş.N.)
generalının.
Bu gəlişimdə də dözməyib evə yenə baş çəkmək istədim. Hansı
gözəgörünməz qüvvəsə məni ora çəkirdi. Elə bilirdim orada, o mülkdə,
qarşısındakı o cənnətəbənzər bağda Azərbaycanın bir parçası öz oğlunun
həsrətindədir. Üstəlik də Faris bəy danışmışdı ki, qapımızdakı ağacların hamısını
atam Qarayazıdan, Salahlıdan gətirmişdi. Atam o ağaclarla həmişə həmsöhbət
olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın boyunu sevə-sevə böyüdərdi. Uzaq
şəhərlərə topoqrafiya çəkilişlərinə gedəndə onlara da salam yazardı. Anama, bizə
dönə-dönə tapşırardı ki, ağaclar amanatdı, onlara vaxtında su verin, korluq
çəkməyə qoymayın.
Veriyski körpüsünü keçib balaca dikdirə çıxanda gözlərimə inanmadım.
Generalın mülkü yox idi, yer üzündən silinmişdi, sanki burda heç belə şey
olmayıbmış. Yalnız sahibsiz bağın ağacları qalmışdı. Məni qınamayın, mənə elə
gəldi, o ağaclar yetim uşaq kimi ağlaşırdılar. Yaxınlaşıb oxşadım onları. Əlimi
gövdələrinə çəkdim. Generalın ruhuna rəhmət oxudum, yaxşı tanıdığım mərhum
Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya, niyə belə vəfasızsan” - pıçıldadım.
Başım üstündə göyə yüksələn ağacların yarpaqları xışıldadı. Küləkmi tərpətdi
onları, yoxsa mənim gəlişimə sevinclə pıçıldaşırdılar? Deyə bilmərəm, bircə şeyi
bilirəm ki, canıma od saldı o ağacların qürbətdə yetim qalmağı...
Xeyli aralıdakı qonşulardan soruşdum ki, bu mülkü niyə uçurublar? Cavab
verdilər ki, guya yanından keçən yolu genişləndirmək istəyiblər, yol-zad da
çəkməyiblər. Evi uçurduqlarına da peşman olublar...
Beləcə bizim tarixi abidəmiz, tariximiz keçmiş Tiflisdən silinir. Acınacaqlı
haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımızı narahat etmir. O vaxt, 1983-
cü ildə ev salamat olanda Bakıda rəsmi idarədə, bir rəsmi vəzifə sahibinə dedim ki,
Tiflisdə generalın evi qalır.
- Nə demək istəyirsən? - deyib boz-boz üzümə baxdı.
- Yaxşı olar, - dedim, Gürcüstan hökuməti ilə danışıb mülkə bir lövhə
vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-generalı İbrahim ağa
Vəkilov yaşayıb. General İbrahim ağa Vəkilov tarixi şəxsiyyətdir...
Məni axıra qədər dinləməyən rəhbər şəxs etinasızlıqla:
- Fikirləşərik, - dedi, - indi vaxt yoxdur.
Təəssüf ki, bizim “ağıllı rəhbərimiz” fikirləşməyə vaxt tapana kimi “dəli
vurub çayı keçdi”...
* * *
Həmin il Tiflisdə şahidi olduğum bir hadisəyə azərbaycanlı kimi hədsiz
sevindim. İndi də unuda bilmirəm. Bir küçədən keçəndə kitab mağazası görüb içəri
keçdim. Satıcı yaraşıqlı cavan bir oğlan idi. Eşitmişdim ki, gürcülərin rusca
danışan adamdan acığı gəlir. Mən də rusca soruşdum ki, sizdə tarixi mövzuda
yaxşı kitab varmı? Saxlancın varsa, ver, neçəyə desən alaram. Oğlan üzümə baxıb,
təmiz azərbaycan dilində:
- Var, - dedi, - buyurun, alın, cavan yaşında Gəncədə vəfat etmiş şair
Nikolaz Barataşvilinin həyatından sənədli povestdir. Alsanız peşman olmazsınız.
- Azərbaycanlısanmı? - deyə sevinclə soruşdum.
- Yox, - dedi, - gurcüyəm, - fəxrlə -Meydanda yaşayıram. Bizim Meydanda
yaşayan bütün millətlər Azərbaycan dilində mənim kimi təmiz danışırlar, hələ sizin
mahnıları da oxuya bilirəm, hər bazar gunu saat ikidə “Muğamat saatı”nı
səbirsizliklə gözləyirəm.
Dünən general İbrahim ağa Vəkilov mülkünun uçurulması qanımı
qaraltmışdısa, bu gün dilimizə, musiqimizə olan hörmət məni göyün yeddinci
qatına qaldırdı. Kitab mağazasından sinədolu sevinclə çıxdım.
* * *
Üç gün sonra Leyla xanım Daniyal bəy qızı Kutaisidən qayıtdı. Mən onun
görüşünə getdim. Söhbət zamanı şahid oldum ki, İrena xanımdakı yüksək
səviyyəli zadəgan zərifliyi ona xalası Leyladan keçmədir.
- Leyla xanım, - dedim, - Sizi çoxusu ona göra gözlədim ki, Azərbaycan
Milli Ordusunun yaradılmasının şahidi olmusunuz. Buna yaşınız da imkan verir.
Üstəlik də hərbçi qızı olmağınız... O vaxt Sizin on beş yaşınız olub, demək, nəyisə
xatırlaya bilərsiniz?
Hələlik sualımı bir yana qoyan musahibimlə aramızda ərkyana belə bir
söhbət oldu:
- Siz mənim yaşımı hardan bilirsiniz?
- Mənim dostum, Sizin qohumunuz Seyfulladan, - dedim.
- Kişinin qadının təvəlludu ilə maraqlanmağı keçmişdə qəbahət sayılardı.
Mən də keçmişin adamıyam. Amma Sizə bağışlayıram. Ona görə ki, əvvəla,
qonağımsınız, ikinci də Siz cavansınız, mən isə qocayam - deyib ürək dolusu
güldü. - Nə isə, keçək əsas mətləbə. Bakıda biz az yaşadıq. Tezliklə atamın
xidmət yeri Gəncəyə dəyişdirildi. Atam Gəncədə iki dəfə işlədi: bir on səkkizdə,
bir də iyirminci ildə.
On doqquzuncu ildə isə atamın Müdafiə naziri Mehmandarovla, müavinləri
Əliağa Şıxlinski və şahzadə Əmir Kazım Mirzə Qacarla Azərbaycan ordusunun
nümayişini qəbul etdikləri yadımdadır.
Elə ki, XI ordu Bakıya gəldi, xalq möhkəm təşvişə düşdü. Çoxları İrana,
Turkiyəyə qaçırdı. Onda atam, xalalarım Leyla, Tamara və mən Gəncədə
yaşayırdıq. Qaçmağı atama da təklif elədilər. O, imtina edib dedi ki, anamı, ailəmi
Balakəndə qoyub hara gedirəm. Getmədi. Atamın dayısı Livan Həlləcov
Azərbaycan Xarici İşlər nazirinin müavini idi. O getdi İrana. İndiyə kimi də heç bir
xəbər-ətər yoxdu.
Mən XI ordunun Gəncədə törətdiyi dəhşətlərin şahidiyəm. Bolşevik ordusu
vağzal tərəfdən, ermənilər isə Bağmanlardan şəhəri güclü top atəşinə tütdular.
Bolşeviklər gələn axşamı atam evə bərk hirsli gəldi. Şəhərin komendantı
general-mayor Əmir Kazım Mirzə Qacarın, Gəncədə yerləşən birinci süvari
diviziyasının komandiri general Cavad bəy Şıxlinskinin vəzifələrindən azad
edilmələri onu bərk əsəbiləşdirmişdi. Atamın yavəri dedi ki, XI Ordunun
qərargahından gələn zabitlər bizim komanda heyəti ilə çox kobud rəftar edirlər.
Azərbaycanlı zabitləri işdən çıxardıb özlərininkini qoymaq istəyirlər. Gözətçi
məntəqələrinə öz adamlarını təyin edirlər. On birinci ordudan gələn zabitlərin
əksəriyyəti ermənidir. Nə Gəncə atıcı alayının, nə də Şəki süvari alayının əsgər və
zabitləri buna razılıq vermirlər. Hamı bir səslə etirazını bildirir.
Oğul, Gəncə qırğınının ilkin səbəbi ermənilərin aravurması oldu. Daha çox
onlar özlərini “qalib” kimi aparırdılar.
Mayın iyirmi beşindən iyirmi altısına keçən gecə şəhərin ermənilər yaşayan
hissəsindən toplar və pulemyotlardan atəş başladı. Yerli ermənilərin satqınlığı,
xəyanəti tam üzəçıxdı. Bizim inadla vuruşan əsgərlərimiz ruslardan çoxlu əsir
almışdılar. Yerli əhali üsyan edən döyüşçülərimizə canla-başla kömək edirdi.
Mayın iyirmi yeddisi idi, yoxsa bilmirəm, iyirmi səkkizi idi. Bakıdan gələn zirehli
qatar stansiyanı ələ keçirtdi. Bundan sonrakı iki gündə də hər iki tərəfdən atəş
dayanmadı. Bolşeviklərin qabağına düşüb yol göstərən ermənilər şəhərin
müsəlman hissəsində qanı su yerinə axıtdılar. Mayın otuz birində XI Ordu şəhərə
girdi. Azərbaycanlılara qarşı vəhşilik, talan, qırğın daha da gücləndi. Şəhərin bütun
küçələri insan meyidi ilə dolu idi. Su quyularının hamısı meyidlə doldurulmuşdu.
Bolşeviklərlə ermənilər bunu qəsdən eləmişdilər ki, şəhərin müsəlman əhalisi
içməyə su tapmasın. Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq
verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar.
Həyatımda bundan dəhşətli səhnə, bundan böyük vəhşilik görməmişəm. Belə
vəhşiliyi ancaq sizin kommunistlər eləyə bilər, - deyib çox sərt sifətlə mənə baxdı.
- Mən kommunist deyiləm. Leyla xanım.
- Hə, nə yaxşı - deyib, təəccübləndi, - görürəm bolşeviklərə qarşı vuruşan
milli ordu sərkərdələri ilə də ona görə canfəşanlıqla material toplayırsan. Bu daha
pis, səni elə kommunist olmadığına görə də dolaşdıra bilərlər.
- Leyla xanım, mənim yaşıdlarımın çoxusu ona görə kommunist olurlar ki,
əllərinə vəzifə keçirsinlər. Mənim isə bu barədə iştaham koruşdur. Vəzifə sahibi
olsaydım, üç gün Tbilisidə sizi gözləyə bilməzdim. Yoxsa, qayıdan kimi məni
vəzifədən qovardılar.
Yaman sərtləşmişdik, az qala dalaşacaqdıq. Mənim kommunist olmamağım
çulumu sudan çıxartdı, bizi barışdırdı.
1920-ci ilin avqustunda şəhərə vəba xəstəliyi yayıldı, - deyib köksünü ötürən
Leyla xanım söhbətinə davam etdi. Atamdan isə heç bir xəbər yox idi. Deyirdilər
ki, general Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, Sarı
Ələkbər, Qaçaq Qəmbər, atam böyük bir dəstə ilə meşələrdə vuruşurlar,
bolşeviklərə tabe olmaq istəmirlər. Bir azdan atamın həlak olması xəbərini
eşitdik.
45
Biz bir müddət zirzəmidə yaşadıq. Gəncədə vəziyyət çox pis idi. Əhalini
milçək kimi qırırdılar: günahlını da, gunahsızı da, həbsxanalar adamla dolu idi.
Yəqin dostunuz Seyfulla Sizə demiş olar, atam həm də yaxşı rəssam olub. O
dəhşətli ildə əsərləri it-bata düşdü. Bir neçəsini saxlaya bilmişəm: “Qars
mənzərələri”, “Balakən dağları”... Qırx altı yaşında həlak olan polkovnik atamın
bircə fotoşəkli qalıb, o da at üstündə Qars şəhərində çəkilib.
- Leyla xanım, o qarışıq vaxtda Balakənə necə gəlib çıxdınız?
- Çox çətinliklə, atamın bir dostu bizi xilas elədi. Anamın yanına Balakənə
gəldik. Anamla atam 1904-cü ildə Qarsda evləniblər.
Anam briqada komandirinin qızı olub, milliyyətcə polyakdır. Felisin
Stanislavovna Krinseviç - Qicdeu. Anam Varşavadakı məşhur zadəgan nəslindən
idi. Ailədə iki bacı idik; kiçik bacım Tamara uşaqkən vəfat edib.
- Yenə kinayəli zarafat edir - mənim isə üzüm bərkdi. Hələ də yaşayıram. Bu
il səksənin arxasını yerə vuracam.
Bütün bunları daxili təlatümlə, göz yaşlarını içində boğaraq danışan Leyla
xanım söhbətimizin sonunda yenə zarafatından qalmadı.
- Özünü gözlə, oğul.
- Nədən, Leyla xanım? - dedim. DTK-dan, milisdən, adam güdənlərdən...
- Niyə ki, neyləmişəm?
- Sən heç nə eləməmisən, hələlik... Mənim isə ağzım qızışdı, çox şeyi
danışdım. Dediyimin hamısını yazıb özünü xata-balaya salma.
- Çalışaram, Sizin istəyinizcə olsun, - deyib inamla söz verdim.
Leyla xanımla söhbətimiz 1985-ci il noyabrın 14-də olmuşdu. Bu tarixi mən
cib dəftərçəmdə də qeyd eləmişəm. Bu yazını isə 22 iyun 1992-ci ildə qələmə
almışam. Leyla xanımın mənə tövsiyə elədiyi ehtiyata ehtiyac qalmadı.
Dostları ilə paylaş: |