ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


GENERAL-MAYOR ƏLİYAR BƏY MEHDİ OĞLU HAŞIMBƏYOV



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

GENERAL-MAYOR ƏLİYAR BƏY MEHDİ OĞLU HAŞIMBƏYOV - 
1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər nazirinin müavini. Birinci 
Dünya Müharibəsində üçüncü Qafqaz araba karvan briqadasının komandiri 
olmuşdur. On yeddinci ildə istefaya çıxan general Əliyar bəy 1918-ci ildə 
Azərbaycan Cümhuriyyətində könüllü xidmətə başlamışdır. 
General-mayor Əliyar bəy Haşımbəyov 1856-cı il martın səkkizində Bakı 
şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar 
bəy 1871-ci ildə Tiflisdəki piyadalar məktəbinə daxil olmuşdur. 1918-ci ildən 
artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. 
Hərbi xidmətinin otuzuncu ilində - 1908-ci il dekabrın altısında general-
mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Ordudakı qüsursuz xidmətinə görə 
1889-cu ildə üçüncü dərəcəli “Müqəddəs Stanislav”, 1894-cü ildə üçüncü dərəcəli 
“Müqəddəs Anna”, 1895-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1898-ci ildə 
ikinci dərəcəli “Müqəddəs Anna” və 1904-cü ildə “Müqəddəs Vladimir” ordenləri 
ilə təltif olunmuşdur. 
1919-cu ildə Hərbi İntendant idarəsinin rəisi işləyən general Əliyar bəy 
Haşımbəyovu 1920-ci ildə bolşeviklər güllələmişlər. 
GENERAL-MAYOR TEYMUR BƏY NOVRUZ OĞLU NOVRUZOV - 
Milli Orduda süvari diviziyasının qərargah rəisi. Birinci Dünya müharibəsində 
dörd dəfə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur. Azərbaycan 
Demokratik Cümhuriyyətinin 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla 

xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. 20-ci ildə bolşeviklərin 
təzyiqindən Almaniyaya  mühacirətə getmişdir. 
GENERAL-QUBERNATOR CAVAD BƏY RZA BƏY OĞLU 
MƏLİKYEQANOV -1920-ci il sentyabrın on doqquzunda komissar Nersesov 
tərəfindən həbs edilib. Az müddət Bakıda, Bayıl həbsxanasında saxlanıldıqdan 
sonra Kareliyanın Keme şəhərinə sürgün edilmişdir. Həyat yoldaşı məşhur 
maarifpərvər Məryəm xanım Bayraməlibəyovaya 1935-ci ildə sürgündən 
göndərdiyi məktubunda yazırdı: “...Sən yaxşı bilirsən ki, mən Vətənimi, 
Azərbaycanımı, xalqımı sevirəm. Hər şeydən əziz tuturam və canımı onlara qurban 
verirəm...” 
Şimal həbs düşərgələrində olmazın əzablar çəkən, 1918-ci ildən Azərbaycan 
parlamentinin üzvü Cavad bəy 1942-ci il mayın 18-də ürək partlamasından 
həbsxanada vəfat etmişdir. 1917-ci ildə könüllü surətdə Musavat partiyasına daxil 
olan Məlikyeqanov Lənkəran şəhərinin general-qubernatoru olmuşdur. 
Həyat yoldaşı Məryəmxanım 1937-ci il noyabrın 14-də həbs edilib 
Arxangelsk şəhərinə sürgün edilmişdir. On doqquz il sonra gözləri şikəst halda 
Bakıya qayıdan Məryəm xanım Bayraməlibəyova 1967-ci ildə vəfat etmişdir. 
GENERAL-QUBERNATOR ƏMİR XAN CAHANGİR XAN OĞLU 
XOYSKİ - Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on 
üçündə Qazax qəzasının qubernatoru təyin edilib. 
Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri Fətəli xan Xoyskinin 
qardaşı oğludur. 1920-ci il iyunun on doqquzunda əmisi Tiflisdə teatrdan çıxarkən 
muzdlu erməni qatili tərəfindən öldürüldükdən sonra Əmir xan ailəsi ilə Türkiyəyə 
qaçmışdır. Ali təhsilli idi: Peterburq Univeritetinin hüquq fakültəsini bitirmişdi. 
1966-cı ildə İstanbul şəhərində vəfat etmişdir. 
GENERAL-QUBERNATOR XOSROV BƏY PAŞA BƏY OĞLU 
SULTANOV -1919-cu il yanvarın on beşindən Qarabağın general-qubernatoru. 
Həmin il martın 21 -dən 30-dək olan Əsgəran döyüşlərində daşnak generalı 
Dronun quldur dəstələrini darmadağın etmişdir. İyun ayının əvvəllərində gizli yolla 
Şuşaya silah gətirən erməni Milli şurasının üzvlərini həbs edib, onların Qarabağ 
hüdudlarından çıxarılmasına nail olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan 
Parlamentinin üzvü idi. 1918-1920-ci illərdə daşnakların Qarabağdan 
təmizlənməsində qardaşı Sultan bəylə birlikdə misilsiz xidmət göstərmişdir. 
Xosrov bəy 1879-cu il martın 10-da Laçın rayonunun Kürdhacı kəndində 
anadan olub. Orta təhsilini Gəncə klassik gimnaziyasında, ali təhsilini isə Odessa 
Universitetində almışdır. 1920-ci il aprel çevrilişindən sonra Türkiyənin Trabzon 
şəhərinə mühacirətə getmişdir. Az sonra daşnak təqibindən İstanbula köçmüş və 
1941-ci ildə orada vəfat etmişdir. 
GENERAL-MAYOR ŞAHZADƏ FEYZULLA MİRZƏ QACAR - 
Azərbaycan Demokratik Respublikasının hərbi naziri, tam artilleriya generalı 
Səməd bəy Mehmandarovun doqquz yanvar min doqquz yüz on doqquzuncu ildə 
iyirmi nömrəli əmri ilə Gəncədəki süvari diviziyasının qarnizon rəisi təyin olunub. 
  
GENERAL-MAYOR ŞAHZADƏ MƏHƏMMƏD MİRZƏ QACAR - 
Milli orduda Baş Artilleriya idarəsinin rəisi. 1919-cu il iyulun doqquzunda əla 
xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. General Şahzadə Məhəmməd 

Qacar haqqında hərb naziri Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi 
Həbib bəy Səlimovun həmin il noyabrın 30-da imzaladıqları bir nömrəli əmr onun 
sərkərdəlik fəaliyyəti barədə nadir sənədlərdən biridir: 
“Hərb naziri köməkçisinin məlumatından aydın olur ki, general-mayor 
Şahzadə Məhəmməd Mirzə Qacar birinci piyada diviziyasına müvəqqəti 
komandanlıq etdiyi müddətdə Gəncə qarnizonunun rəisi vəzifəsini icra edərkən, 
batalyon yaradılması və xüsusi təyinatla yola salınması, eləcə də qoşun hissələrinin 
isti və əsgəri geyimlə təmin edilməsində çoxlu səy və fəaliyyət göstərmişdir. Buna 
görə də mən ona səmimi minnətdarlığımı bildirirəm”. 
GENERAL-MAYOR MİRKAZIM XAN MİRƏLİ XAN OĞLU 
TALIŞXANOV -1855-ci il iyulun on yeddisində Bakıda anadan olmuşdur. Talış 
xanlarının nəslindəndir. 1917-ci ilə qədər Rusiyanın müxtəlif şəhərlərində rota, 
alay və batalyon komandiri olmuşdur. Birinci Dünya müharibəsindəki xidmətlərinə 
görə general-mayor rütbəsi alıb. 1918-20-ci illərdə Lənkəran Dairə müfəttişi 
vəzifəsində işləmişdir. 
General-mayor Mirkazımxan Talışxanov 1938-ci ildə səksən dörd yaşında 
Bakıda vəfat etmişdir. 
GENERAL-MAYOR ŞAHZADƏ ƏMƏNULLA XAN MİRZƏ QACAR 
- 1918-ci il dekabrın birində könüllü olaraq Milli Orduda qulluğa başlamışdır. 
Müxtəlif vəzifələrdə işləmişdir. 1920-ci il yanvarın 27-də Xankəndində yerləşən 
birinci süvari diviziyasının rəis müavini olmuşdur. 1862-ci ildə Şuşada anadan olan 
Əmənulla xan iyirmi səkkiz il Kuban-Kazak nizami hissəsində xidmət etmişdir. 
1917-ci ildə general-mayor rütbəsi verilib. Bolşevik təzyiqindən (1920-ci ildə) 
İrana mühacirətə getmiş və 1937-ci ildə Tehranda vəfat etmişdir. 
GENERAL-MAYOR SƏMƏD BƏY MƏŞƏDİ BƏY OĞLU 
RƏFİBƏYOV - Tiflis kadet korpusunu 1916-cı ildə bitirib. İlk hərbi xidmətə 
yeddinci Qafqaz sərhəd alayında başlayıb. 1918-ci ilin yanvarından yeni yaranan 
Müsəlman korpusunda birinci Bakı atıcı polkunda rota komandiri kimi bolşevik-
daşnak dəstələrinə qarşı vuruşmuşdur. 
Poruçik Səməd bəy 1918-ci il iyulun 2-də əla xidmətinə görə ştabs-kapitan 
rütbəsi alır. Nuru paşanın təqdimatı ilə Azərbaycan dəmir yolunun müvəqqəti 
komissarı təyin olunur. 
Respublika Müdafiə nazirinin əmrilə 1919-cu ilin fevralında birinci Cavanşir 
polkunu və Lənkəran ehtiyat alayını təşkil edir. 
Hərb naziri general Səməd bəy Mehmandarovun və müavini Əliağa 
Şıxlinskinin əmr və raportlarında Səməd bəy Rəfibəyov bilikli, enerjili və qoçaq 
komandir kimi xarakterizə edilir. Podpolkovnik Səməd bəy Rəfibəyovun birinci 
Cavanşir piyada polku 1920-ci ilin mart-aprel aylarında Xankəndində və Şuşada 
erməni daşnaklarına qarşı mərdliklə vuruşub. 
  
Bolşevik istilasından sonra Türkiyəyə mühacirətə gedən Səməd bəy 
Rəfibəyov hərbi fəaliyyətini dayandırmamışdır. Qoşun komandanlığı vəzifəsinə 
qədər yüksələn istedadlı eloğumuz böyük Mustafa Kamal paşa Atatürkün yaxın 
silahdaşı və dostu olmuşdur. Ona 1948-ci ildə general-mayor rütbəsi verilmişdir. 

Birinci dərəcəli “İstiqlal ordeni” ilə təltif olunan Səməd bəy Rəfibəyov 
1892-ci ildə qədim Gəncənin Balabağban qəsəbəsində anadan olmuş, 1980-ci il 
oktyabrın 20-də İstanbulda vəfat etmişdir. 
GENERAL-MAYOR MƏMMƏDSADIQ BƏY İSMAYIL OĞLU 
AĞABƏYZADƏ - Şərqşünas-alim kimi daha çox məşhurdur. 1919-cu ildə 
Azərbaycan Demokratik Cümhuriyyətində daxili işlər nazirinin müavini olmuşdur. 
1920-ci ildə İstanbula - əmisi oğlu, professor Əlibəy Hüseynzadənin yanına gedir. 
Bir il orada yaşadıqdan sonra Fransaya mühacirətə gedir. Ali məktəblərdə fars və 
türk dillərindən dərs deyən Məmmədsadıq bəy fransızcanı da gözəl bilirdi. 
Bəxtinə cəlayi-vətənlik düşən görkəmli Azərbaycan oğlu Məmmədsadıq bəy 
Ağabəyzadə 1927-ci ildən Lvov universitetinin professoru Ziqmund 
Smoqcevskinin dəvətilə Lvov universitetində işləyir. O, ərəb, fars, türk dillərindən 
dərs deyir, islam paleoqrafiyasını, epiqrafiyasını və kaliqrafiyasını tədris edirdi. 
Məşhur polyak şərqşünasları Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin və 
başqaları həmyerlimiz, general-professor Məmmədsadıq bəyin yetirmələri 
olmuşlar. Hərbi fəaliyyəti ilə yanaşı şərqşünas kimi də böyük şöhrət qazanan 
M.Ağabəyzadə 1904-cü ildə rus dilində “Türkmən ləhcəsi”, 1931-ci ildə polyak 
dilində “Türkdili”, 1932-ci ildə “Fars dili”, 1934-cü ildə “Ərəb dilinin 
qrammatikası” kimi sanballı əsərlərini nəşr etdirmişdir. 
1944-cü ildə Lvov şəhəri faşistlər tərəfindən alınanda bir alman zabiti tənha 
yaşayan professor Məmmədsadıq bəyin mənzilini öz qərargahına çevirir. 
Yarıqaranlıq, nəmli zirzəmiyə köçən Məmmədsadıq bəyin zəif vücudu daha da 
pisləşir. Elm fədaisi və musavat generalı Məmmədsadıq bəy Ağabəyzadəni 1944-
cü il noyabrın 8-də sevimli tələbəsi Tadeuş Levitski Lvov şəhər qəbristanlığında 
dəfn edir. “Əgər qardaşlarım
44
 gəlib çıxmasalar, onda nəyim varsa, T.Levitskiyə 
qoyub gedirəm. Mənə uzunmüddətli sədaqətli xidmətinə görə pani Sverino 
Vilkoşinskayaya üç yüz zlot, Teodozi Krulyovaya yüz zlot, Olqa Voşçaka, mənim 
şagirdimə bir kitab və istədiyi üç qramafon val verərsiniz”. 
Bu, bolşevik təzyiqindən qürbətdə tənha yaşayan görkəmli həmyerlimizin 
ölümqabağı yazdığı vəsiyyətdən bir parçadır. 
General-şərqşünas Məmmədsadıq bəy 1865-ci ildə Göyçayda anadan 
olmuşdur. İlk təhsilini Bakı realnı məktəbində alan M.Ağabəyzadə Konstantinovsk 
piyada məktəbini əla qiymətlərlə bitirmişdir. Ona görə də 1876-cı ildə Sankt-
Peterburqdakı Mixaylovski artilleriya məktəbinin üçüncü kursuna qəbul edilmişdir. 
Az müddət Qafqazda qulluq edib. Əla hərbi xidmətinə görə general-mayor rütbəsi 
alıb. General Məmmədsadıq bəy Ağabəyzadə Birinci Dünya müharibəsində iştirak 
etmişdir. 
GENERAL-MAYOR CAHANGİR BƏRKƏR YUSİF BƏY OĞLU 
NOVRUZOV- 1894-cü ildə Bakıda hərbçi ailəsində anadan olmuşdur. Bu nəsil 
Azərbaycan hərb tarixinə aprel inqilabına qədər general-leytenant Mirzə Hacı bəy 
Novruzovu, qvardiya polkovniki Kərim bəy Novruzovu, 1918-20-ci illərdə isə 
                                                 
44
 Gеnеrаl-рrоfеssоr Мəmmədсаdıq bəyin iki qаrdаşı və bir bаcısı оlmuşdur - Həzrət bəy, Рəhim  bəy вə Bаdаm 
хаnım - müəl. 
 

general-mayor Teymur bəy Novruzovu və mayor Rüstəm bəy Novruzovu bəxş 
etmişdir. 
1920-ci ilin aprelində süvari alayının komandiri, kapitan Cahangir bəy 
Novruzov istilaçı rus ordusuna qarşı inamlı döyüşlər aparmış, vəziyyətin 
ağırlığından Vətəni tərk edərək İrana keçmişdir. Az müddət orada qaldıqdan sonra 
süvari alayı ilə Ərzuruma gələrək Kazım Qarabəkir paşanın ordusu ilə birləşmişdir. 
1921-ci ildə Bənliəhməd yaxınlığında daşnak tör-töküntülərinin qaldırdığı 
Berna meydan müharibəsində böyük qəhrəmanlıqlar göstərərək, düşmən 
təyyarələrini dəqiq top atəşilə susdurmuşdur. Məhz bu döyüşlərdəki qəhrəmanlığa 
görə türk komandanlığının və türk paşalarının hörmət, ehtiramını qazanmışdır. 
Sonralar Şeyx Sait və Ağrı hərbi yürüşlərində uğurlu döyüşlər aparan mayor 
Cahangir bəy Novruzov 1928-ci ildə təhsilini artırmaq üçün hərbi məktəbə daxil 
olur. 
1929-cu ildə Topçular məktəbini müvəffəqiyyətlə bitirən Cahangir bəy 
polkovnik rütbəsilə təltif olunur. Kutahiyadakı topçu alayının komandiri olarkən 
hərb sahəsində qazandığı nailiyyətlərə görə 1948-ci il avqustun 30-da general-
mayor kimi fəxri rütbəyə layiq görülür. 
1953-cü ilə qədər İzmir istehkamlaşdırılmış rayonunun və arxa cəbhə 
komandiri vəzifəsində çalışan Cahangir bəy Novruzov həmin ili yaş həddinə görə 
istefaya çıxmışdır. O, ömrünün axırınadək Boronovada tikdirdiyi təmtəraqsız, sadə 
bir evdə yaşamışdır. General-mayor Cahangir bəy Novruzov səmimi və saf bir ailə 
başçısı idi. Onun arvadı Vəzifə xanımdan üç qızı olmuşdur. 
Uzun illər generalın komandanlığı altında çalışmış istefada olan süvari 
polkovniki Baba Behbud Türkiyədə nəşr olunmuş “Azərbaycan” curnalının 1958-
ci il 4-5-ci sayında yazır ki, çox hörmətli general Cahan”gir bəy Bərkər 
Novruzovun bütün həyatı hərb sənətinə sadiqliklə keçmişdir. 
General-mayor Cahangir bəy Novruzov 1958-ci il iyunun 17 - də, saat on 
yeddidə öz mənzilində ürək xəstəliyindən vəfat etmişdir. 
 
* * * 
 
GENERAL-LEYTENANT GENNADİ NİKOLAYEVİÇ TARXANOV-
Nazirlikdə Hərbi Mühəndis İdarəsinin rəisi. 
GENERAL-MAYOR VASİLİ İVANOVİÇ DUBROVSKİ - Nazirlikdə 
hərbi gəmi hissəsinin rəisi. 
GENERAL-MAYOR KONSTANTİN DAVIDOVİÇ ÇXEİDZE - 1919-
cu il dekabrın 8-dən 1920-ci il mayın 21-dək Azərbaycan Hərbi məktəbinin rəisi 
olmuşdur. Polkovnik Konstantin Çxeidze 1920-ci il martın 21-də Azərbaycan 
hökuməti tərəfindən general-mayor rütbəsilə təltif olundu. 1920-ci il martın 29-da 
bolşeviklər general Çxeidzeni həbs etdilər. Sonrakı taleyi məlum deyil. 
GENERAL-MAYOR KNYAZ AVEL QAVRİLOVİÇ MAKAYEV-
1919-cu ilin noyabrında Bakıda yerləşən ikinci piyada diviziyasının müvəqqəti 
rəisi. 1920-ci ildə həmin diviziyanın rəis müavini. 
GENERAL-MAYOR ZAXAR VASİLYEVİÇ AMAŞUKELİ - General 
Zaxar Amaşukeli 1862-ci il iyulun 31-də Tiflisdə anadan olub. 1919-cu ildə Gəncə 

süvari diviziyasının qərargah rəisi. 1919-cu il avqustun 3-də hərbi nazir tam 
artilleriya generalı Səməd bəy Mehmandarov 347 saylı əmrində yazırdı: “Yeddi ay 
ordumuzda sidq-ürəklə xidmət edən general Amaşukeli Qərargah rəisi kimi işə 
götürülsə də, onun beş ayını diviziya rəisi olmuşdur. Təəssüf ki, indi o, öz ərizəsilə 
tərxis olunmaq istəyir. O, hərbi hissələrdə ordu xidmətinin tələblərinin həyata 
keçirilməsində yüksək işgüzarlığı və xüsusi inadkarlığı ilə seçilərək, bununla da 
ümumi işə böyük xeyir verirdi. 
General Amaşukelidən təəssüf hissilə ayrılıram. Ordu sıralarında əla və 
məhsuldar əməyinə görə ona öz səmimi təşəkkürümü bildirirəm”. 
GENERAL-MAYOR VASİLİ DMİTRİYEVİÇ KARQALETELİ - 
1920-ci il martın 20-də Azərbaycan hökumətinin 167 saylı əmrilə general-mayor 
rütbəsi alıb. Baş Qərargahda Baş İdarənin rəisi və kvartirmeyster generalı 
olmuşdur. 
Əliağa Şıxlinski əvəzsiz xatirələrində qeyd edir ki, hələ Birinci Dünya 
müharibəsində Vasili Karqaleteli döyüş xidmətlərinə görə iki dəfə “Müqəddəs 
Georgi” xaçı ilə təltif olunmuşdur. Onların birinci Sibir korpusundakı tanışlırı 
barədə general Əliağa Şıxlinski yazır: “Mən əsgərlərə qısa bir nitq söylədikdən 
sonra komandiri yanıma çağırıb əlini sıxdım və familiyasını soruşdum. Məlum 
oldu ki, o, Karqaleteli familiyalı bir: gürcüdur. Mən ondan soruşdum: 
- Siz Tiflis kadet korpusunu bitiribsiniz? 
- Yox. 
- Deməli, birinci Tiflis gimnaziyasında oxumusunuz? 
- Yox, mən Yelizavetpol (Gəncə) gimnaziyasında oxumuşam. Atam 
Qazaxda xəzinədar idi,  mən və qardaşım isə Yelizavetpol gimnaziyasında 
oxuyurduq. 
- Onda biz həmyerliyik ki, axı, mən də qazaxlıyam. 
- Bilirəm,   cənab   general.   Qardaşımla  mən   Pasxa   bayramında   Qazaxa 
gələrdik, Siz də orada olardınız. Qardaşımla mən topçu olmaq istəyirdik, buna görə 
də həmişə sizin dalınızca düşərdik, amma siz bizi görməzdiniz. 
Mən onu qucaqladım. O, çox məmnun idi, Əsgərlərə isə dedim: 
- Görürsünüzmü, yoldaşlar, sizin qoçaq komandiriniz mənim həmyerlim 
imiş. Mən buna çox şadam.    (Ə.Şıxlinski, “Xatirələrim”, “Azərnəşr” 1984-cü 
il, səh. 181-182). 
GENERAL-MAYOR ALEKSANDR MİXAYLOVİÇ PURSELİDZE - 
hərbi nazirlikdə tapşırıq generalı. 
“...Adını xatırlamadığım daha bir neçə qurbanlarımız və şəhidlərimiz vardı. 
Azərbaycan cəlladı Bağırovun bir məlumatında qeyd olunduğu kimi, əlli ikidən 
artıq qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da 
unutmayalım. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, 
Süleyman paşaları, Murad Gəraylını, İbrahim ağanı (general-mayor İbrahim ağa 
Usubov -Ş.N.), Həbibbəylər Səlimov və bir çox digərlərini də yada salalım” 
(M.Ə.Rəsulzadə, “Azərbaycan davası” məqaləsindən). 
1918-ci ildən 1922-ci ilə qədər, əvvəlcə Tiflisdə, sonra isə Türkiyədə hərbi 
attaşe işləmiş Əsgər Əsgərov Kəngərlinin “Azərbaycan faciəsi” məqaləsindəki 
kiçik bir epizodu oxuyanda polis əməkdaşı olan erməninin insanlıqda payı 

olmadığına şübhə yeri qalmır. O yazır ki, əleyhimə kifayət qədər material 
olmamasına görə məni Bakı “ÇK” - sına, məşhur cəllad Pankratovun birbaşa 
pəncəsi altına göndərdilər. Bədbəxtlikdən gəlişim Azərbaycanın bütün ərazisini 
üsyanların bürüdüyü bir dövrə təsadüf edirdi (1920-ci ilin may-iyun aylarında 
Azərbaycanın ayrı-ayrı qəzalarında-Gəncə, Şuşa, Qazax, Şəki və Zaqatalada 
bolşevik işğalına qarşı guclü üsyanlar başlanmışdı Ş.N.).  Buna görə hərbi 
məktəb yoldaşlarımın hamısı, ən kiçik zabit rütbəsindən tutmuş hərbi nazirə qədər 
general Səməd bəy Mehmandarov öz qərargahı ilə burada, “ÇK”-da idi. Bizə tətbiq 
edilən bütün işgəncə və təhqirləri burada sadalamayacağam. Təkcə onu qeyd edim 
ki, hamımızın hörmət etdiyimiz ağsaqqal hərbi nazirə ayaq yolunu təmizləmək 
tapşırılanda biz, gənc zabitlər onun əvəzinə bu işi görməg üçün irəli atıldıq. Lakin 
keçmiş polis əməkdaşı, erməni növbətçisi bizi kobudluqla kənar edərək: “Ayaq 
yolunu Mehmandarov təmizləməlidir, özü də saqqalı ilə” - deyə bağırdı... 
  
Görəsən bu sətirləri arvadı erməni olan, ya da “ermənilərlə dost olaq,” - 
deyən azərbaycanlı oxuya bilsə, hansı hissləri keçirərdi? 
 
1995-ci il. 
  
 
Polkovnik 
DANİYAL BƏY HƏLLƏCOV 
 
Ah, o qılıncları, o qalxanları, 
Sinəmin üstündən axan qanları, 
Nəsildən-nəsilə verdim yadigar, 
Üstü zər yazılı bir keçmişim var
 
Səməd VURĞUN 
  
İyirminci ildə şəhid olmuş bir milli ordu sərkərdəmizin sorağı ilə 1985-ci ilin 
noyabrında Tiflisə getdim. Sorağı mənə jurnalist dostum Seyfulla Cəfərli vermişdi. 
Polkovnik Daniyal bəy Abdulla oğlu Həlləcovun qızı Leyla xanımı evdə tapa 
bilmədim. O, Kutaisiyə hüzr yerinə getmişdi. İrena adlı mehriban bir qadın məni 
çox səmimi qəbul etdi. Elə ki, polkovnikin adını çəkdim, bütün müsahiblərimdə 
olduğu kimi onu da bərk təəccüb hissi bürüdü. Mən onu çox yaxşı başa düşürdüm. 
Yarım əsrdən çox keçən bir müddətdə birdən-birə bolşeviklərə qarşı vuruşmuş 
sərkərdənin ömür yolu ilə maraqlanmaq əlbəttə, hamını təəcübləndirə bilərdi. 
  
Özü də 1985-ci ildə, hər dəfə çar və musavat generallarının uzaq, ya da 
yaxın qohumlarını axtarıb tapanda belə  təəccübləri çox görmüşdüm. 
İrena xanımı şübhələrdən qurtarmaq üçün “Seyfullanın dostuyam”, - dedim, 
- “Qohumunuzun Sizə salamı var, ünvanınızı da ondan almışam...” Onda İrena 
xanım sevincindən bilmədi məni harda oturtsun. 
Bayaqkı təəccübünə və şübhəsinə görə zadəgan xanımlarına məxsus 
incəliklə  dönə-dönə üzrxahlıq etdi. Uzun illər keçməsinə baxmayaraq,    

danışığında, davranışında bəy və zadəgan nəslinə məxsus yaxşı nə varsa, bu 
səmimi xanım  özündə saxlaya  bilib. Belə saf keyfiyyətləri  hələ də yaşadan  ana 
və bacılarımızı görəndə, istər-istəməz adam hədsiz qurur hissi keçirir. Sevinirsən 
ki, bu saf bulağın gözü hələ tutulmayıb. Gələcək qızlarımıza onlar ülvi əxlaqı, 
gözəl və zərif davranışı ilə hələ çox şey verə bilərlər. 
Evdə polkovnikə məxsus nə qalmışdısa, İrena xanım səxavətlə mənə 
göstərdi. Üstəlik də eşidib-bildiklərini nəql etdi. Divardan asılan rəngli rəsm işinin 
də polkovnikə məxsus olduğunu fəxrlə bildirdi. 
Daniyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində 
anadan olub. Ailəsində altı övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil 
vermişdi. İki oğlu Qaraəli bəy və Murtuzəli bəy Peterburq Universitetinin hüqüq 
fakültəsini, Bəşir bəy isə həmin universitetinin Şərq dilləri və hüquq fakültələrini 
bitirmişdir. Ən kiçik Məhəmməd bəy Moskva Kənd Təsərrüfatı Akademiyasının 
aqronomluq fakültəsini qurtarmışdır (sonralar Sosialist Əməyi Qəhramanı 
olmuşdur). Ailənin yeganə qızı Məryəm isə Tiflisdəki Müqəddəs Nina Qızlar 
İnstitutunun məzunu idi. 
Yalnız ailənin üçüncü oğlu özünün arzusu ilə hərb sənətini seçmişdi. 
Daniyal bəy Stavropoldakı ədadiyə (realnı) məktəbini bitirdikdən sonra bu qərara 
gəlmişdi. Sonra Peterburqdakı uçillik Mixaylov topçuluq məktəbində oxumuşdu. 
Artileriya məktəbini əla bitirən podporuçik Daniyal bəy Qars viləyətinin Cəlaus 
şəhərciyində yerləşən otuz doqquzuncu artileriya briqadasına xidmətə göndərildi. 
Bu briqadada on ildən çox xidmət edən Daniyal bəy ştabs-kapitan rütbəsinə qədər 
yüksələ bildi. Xidmətinin on ikinci ilində onu Tiflis quberniyasının Muxrovani 
şəhərindəki birinci artilleriya polkuna dəyişdilər. Bir az sonra həmin polk 
Qamboriyə köçürüldü. Cahan müharibəsindən yaralı qayıdan Daniyal bəy 1915-ci 
ildə uzunmüddətli müalicə məzuniyyətinə buraxılır. Dədə-baba vətəni Balakəndə 
yaşayır. Bununla da imperiya ordusunda xidmətini polkovnik rütbəsində başa 
vurur. 
1918-ci ildə Azərbaycan Milli Ordusu yaradılanda Müdafiə naziri general 
Səməd bəy Mehmandarovun şəxsi dəvəti ilə Gəncədə yaradılan korpusa komandir 
müavini təyin olunur. 
Axşam mehmanxanada İrena xanımdan aldığım qeydlərə bir daha göz 
gəzdirdim. Əlbəttə, onların azlığı məni məyus etdi. Nə vaxt qayıdacağı məlum 
olmayan Leyla xanımı gözləməyi qət etdim. Vaxt bolluğundan istifadə edib, Qori 
Seminariyasının arxivində araşdırmalar apardım. Həmsənət dostlarımla görüşüb 
Tiflisdə anadan olmuş general Firidun bəy Vəzirovun (1850/1925) heç olmasa bir 
qohumunu tapmaq, görüşmək istədim. General Vəzirov da 1919-20-ci illərdə milli 
ordumuzda xidmət edib. Hamı təəssüflə bildirdi ki, belə bir generalın adını ilk dəfə 
eşidir. 
Ötən əsrin əvvələrindən başlayaraq, bizim mütərəqqi fikirli ziyalılarımız 
Tiflisdə daha çox məskən salıblar. Ona görə də inqilaba qədərki ziyalılarımızın 
hansının ömür yoluna nəzər salırsansa, istər-istəməz Tiflislə bağlılığına rast 
gəlirsən. Təəssüf ki, belə görkəmli şəxsiyətlərimizin adları əbədiləşdirilmir. Olub-
qalan nişanələr isə bir yandan silinib itirilir. 

  
General-topoqraf İbrahim ağa Vəkilovun ötən əsrin sonlarında tikdirdiyi 
şəxsi mülkü Uş.Çxeidze küçəsində əsl memarlıq abidəsi idi. İki göz istəyirdi 
tamaşa eləsin. Bu evi mən 1983-cü ildə generalın oğlu Faris bəyin çəkdiyi sxem 
vasitəsilə axtarıb tapmışdım. Bakıya qayıdanda Faris bəyə dedim ki, eviniz sağ 
salamatdı, getdim, ziyarət elədim. Onda Faris bəyin necə sevindiyinin bir Allah, bir 
də mən şahidi oldum. Doxsan dörd yaşlı tənha qoca durub qara şkafın enli 
siyirməsində saxladığı həmin evin fotoşəklini tapdı, denə-dönə öpüb uşaq kimi 
kövrəldi. 
İkimərtəbəli mülkdə iki gürcü, bir erməni ailəsi yaşayırdı. Soruşdum ki, 
bilirsiniz bu mülk kimin olub? Cavab verdilər ki, bir tatar (Azərbaycan - Ş.N.) 
generalının. 
Bu gəlişimdə də dözməyib evə yenə baş çəkmək istədim. Hansı 
gözəgörünməz qüvvəsə məni ora çəkirdi. Elə bilirdim orada, o mülkdə, 
qarşısındakı o cənnətəbənzər bağda Azərbaycanın bir parçası öz oğlunun 
həsrətindədir. Üstəlik də Faris bəy danışmışdı ki, qapımızdakı ağacların hamısını 
atam Qarayazıdan, Salahlıdan gətirmişdi. Atam o ağaclarla həmişə həmsöhbət 
olardı. Onları sığallaya-sığallaya, hər bir ağacın boyunu sevə-sevə böyüdərdi. Uzaq 
şəhərlərə topoqrafiya çəkilişlərinə gedəndə onlara da salam yazardı. Anama, bizə 
dönə-dönə tapşırardı ki, ağaclar amanatdı, onlara vaxtında su verin, korluq 
çəkməyə qoymayın. 
Veriyski körpüsünü keçib balaca dikdirə çıxanda gözlərimə inanmadım. 
Generalın mülkü yox idi, yer üzündən silinmişdi, sanki burda heç belə şey 
olmayıbmış. Yalnız sahibsiz bağın ağacları qalmışdı. Məni qınamayın, mənə elə 
gəldi, o ağaclar yetim uşaq kimi ağlaşırdılar. Yaxınlaşıb oxşadım onları. Əlimi 
gövdələrinə çəkdim. Generalın ruhuna rəhmət oxudum, yaxşı tanıdığım mərhum 
Faris bəyi yada saldım. Kövrəldim. “Eh, dünya, niyə belə vəfasızsan” - pıçıldadım. 
Başım üstündə göyə yüksələn ağacların yarpaqları xışıldadı. Küləkmi tərpətdi 
onları, yoxsa mənim gəlişimə sevinclə pıçıldaşırdılar? Deyə bilmərəm, bircə şeyi 
bilirəm ki, canıma od saldı o ağacların qürbətdə yetim qalmağı... 
Xeyli aralıdakı qonşulardan soruşdum ki, bu mülkü niyə uçurublar? Cavab 
verdilər ki, guya yanından keçən yolu genişləndirmək istəyiblər, yol-zad da 
çəkməyiblər. Evi uçurduqlarına da peşman olublar... 
Beləcə bizim tarixi abidəmiz, tariximiz keçmiş Tiflisdən silinir. Acınacaqlı 
haldır ki, bu da bizim səlahiyyətli vəzifə adamlarımızı narahat etmir. O vaxt, 1983-
cü ildə ev salamat olanda Bakıda rəsmi idarədə, bir rəsmi vəzifə sahibinə dedim ki, 
Tiflisdə generalın evi qalır. 
- Nə demək istəyirsən? - deyib boz-boz üzümə baxdı. 
- Yaxşı olar,  - dedim, Gürcüstan hökuməti ilə danışıb mülkə bir lövhə 
vurdurasınız. Axı, o evdə xalqımızın yeganə topoqraf-generalı İbrahim ağa 
Vəkilov yaşayıb. General İbrahim ağa Vəkilov tarixi şəxsiyyətdir... 
Məni axıra qədər dinləməyən rəhbər şəxs etinasızlıqla: 
- Fikirləşərik, - dedi, - indi vaxt yoxdur. 
  
Təəssüf ki, bizim  “ağıllı rəhbərimiz” fikirləşməyə vaxt tapana kimi “dəli 
vurub çayı keçdi”... 
 

*  *  * 
 
Həmin il Tiflisdə şahidi olduğum bir hadisəyə azərbaycanlı kimi hədsiz 
sevindim. İndi də unuda bilmirəm. Bir küçədən keçəndə kitab mağazası görüb içəri 
keçdim. Satıcı yaraşıqlı cavan bir oğlan idi. Eşitmişdim ki, gürcülərin rusca 
danışan adamdan acığı gəlir. Mən də rusca soruşdum ki, sizdə tarixi mövzuda 
yaxşı kitab varmı? Saxlancın varsa, ver, neçəyə desən alaram. Oğlan üzümə baxıb, 
təmiz azərbaycan dilində: 
- Var, - dedi, -  buyurun, alın, cavan yaşında Gəncədə vəfat etmiş şair 
Nikolaz Barataşvilinin həyatından sənədli povestdir. Alsanız peşman olmazsınız. 
- Azərbaycanlısanmı? - deyə sevinclə soruşdum. 
- Yox, - dedi, - gurcüyəm, - fəxrlə -Meydanda yaşayıram. Bizim Meydanda 
yaşayan bütün millətlər Azərbaycan dilində mənim kimi təmiz danışırlar, hələ sizin 
mahnıları da oxuya bilirəm, hər bazar gunu saat ikidə “Muğamat saatı”nı 
səbirsizliklə gözləyirəm. 
Dünən general İbrahim ağa Vəkilov mülkünun uçurulması qanımı 
qaraltmışdısa, bu gün dilimizə, musiqimizə olan hörmət məni göyün yeddinci 
qatına qaldırdı. Kitab mağazasından sinədolu sevinclə çıxdım. 
 
* *  * 
Üç gün sonra Leyla xanım Daniyal bəy qızı Kutaisidən qayıtdı. Mən onun 
görüşünə getdim. Söhbət zamanı   şahid oldum ki, İrena xanımdakı yüksək 
səviyyəli zadəgan zərifliyi ona xalası Leyladan keçmədir. 
- Leyla xanım, - dedim, - Sizi çoxusu ona göra gözlədim ki, Azərbaycan 
Milli Ordusunun    yaradılmasının şahidi olmusunuz. Buna yaşınız da imkan verir. 
Üstəlik də hərbçi qızı olmağınız... O vaxt Sizin on beş yaşınız olub, demək, nəyisə 
xatırlaya bilərsiniz? 
Hələlik sualımı bir yana qoyan musahibimlə aramızda ərkyana belə bir 
söhbət oldu: 
- Siz mənim yaşımı  hardan bilirsiniz? 
- Mənim dostum, Sizin qohumunuz Seyfulladan, - dedim. 
- Kişinin  qadının təvəlludu ilə maraqlanmağı keçmişdə qəbahət sayılardı. 
Mən də keçmişin adamıyam. Amma Sizə bağışlayıram. Ona görə ki, əvvəla, 
qonağımsınız,   ikinci də Siz cavansınız, mən isə qocayam - deyib ürək dolusu  
güldü. - Nə  isə, keçək əsas mətləbə. Bakıda biz az yaşadıq. Tezliklə atamın   
xidmət yeri Gəncəyə dəyişdirildi. Atam Gəncədə iki dəfə işlədi: bir on səkkizdə, 
bir də iyirminci ildə. 
On doqquzuncu ildə isə atamın Müdafiə naziri Mehmandarovla, müavinləri 
Əliağa Şıxlinski və şahzadə Əmir Kazım Mirzə Qacarla Azərbaycan ordusunun 
nümayişini qəbul etdikləri yadımdadır. 
Elə ki, XI ordu Bakıya gəldi, xalq möhkəm təşvişə düşdü. Çoxları İrana, 
Turkiyəyə qaçırdı. Onda atam, xalalarım Leyla, Tamara və mən Gəncədə 
yaşayırdıq. Qaçmağı atama da təklif elədilər. O, imtina edib dedi ki, anamı, ailəmi 
Balakəndə qoyub hara gedirəm. Getmədi. Atamın dayısı Livan Həlləcov 

Azərbaycan Xarici İşlər nazirinin müavini idi. O getdi İrana. İndiyə kimi də heç bir 
xəbər-ətər yoxdu. 
Mən XI ordunun Gəncədə törətdiyi dəhşətlərin şahidiyəm. Bolşevik ordusu 
vağzal tərəfdən, ermənilər isə Bağmanlardan şəhəri güclü top atəşinə tütdular. 
Bolşeviklər gələn axşamı atam evə bərk hirsli gəldi. Şəhərin komendantı 
general-mayor Əmir Kazım Mirzə Qacarın, Gəncədə yerləşən birinci süvari 
diviziyasının komandiri general Cavad bəy Şıxlinskinin vəzifələrindən azad 
edilmələri onu bərk əsəbiləşdirmişdi. Atamın yavəri dedi ki, XI Ordunun 
qərargahından gələn zabitlər bizim komanda heyəti ilə çox kobud rəftar edirlər. 
Azərbaycanlı zabitləri işdən çıxardıb özlərininkini qoymaq istəyirlər. Gözətçi 
məntəqələrinə öz adamlarını təyin edirlər. On birinci ordudan gələn zabitlərin 
əksəriyyəti ermənidir. Nə Gəncə atıcı alayının, nə də Şəki süvari alayının əsgər və 
zabitləri buna razılıq vermirlər. Hamı bir səslə etirazını bildirir. 
Oğul, Gəncə qırğınının ilkin səbəbi ermənilərin aravurması oldu. Daha çox 
onlar özlərini “qalib” kimi aparırdılar. 
Mayın iyirmi beşindən iyirmi altısına keçən gecə şəhərin ermənilər yaşayan 
hissəsindən toplar və pulemyotlardan atəş başladı. Yerli ermənilərin satqınlığı, 
xəyanəti tam üzəçıxdı. Bizim inadla vuruşan əsgərlərimiz ruslardan çoxlu əsir 
almışdılar. Yerli əhali üsyan edən döyüşçülərimizə canla-başla kömək edirdi. 
Mayın iyirmi yeddisi idi, yoxsa bilmirəm, iyirmi səkkizi idi. Bakıdan gələn zirehli 
qatar stansiyanı ələ keçirtdi. Bundan sonrakı iki gündə də hər iki tərəfdən atəş 
dayanmadı. Bolşeviklərin qabağına düşüb yol göstərən ermənilər şəhərin 
müsəlman hissəsində qanı su yerinə axıtdılar. Mayın otuz birində XI Ordu şəhərə 
girdi. Azərbaycanlılara qarşı vəhşilik, talan, qırğın daha da gücləndi. Şəhərin bütun 
küçələri insan meyidi ilə dolu idi. Su quyularının hamısı meyidlə doldurulmuşdu. 
Bolşeviklərlə ermənilər bunu qəsdən eləmişdilər ki, şəhərin müsəlman əhalisi 
içməyə su tapmasın. Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq 
verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar. 
Həyatımda bundan dəhşətli səhnə, bundan böyük vəhşilik görməmişəm. Belə 
vəhşiliyi ancaq sizin kommunistlər eləyə bilər, - deyib çox sərt sifətlə mənə baxdı. 
- Mən kommunist deyiləm. Leyla xanım. 
- Hə, nə yaxşı - deyib, təəccübləndi, - görürəm bolşeviklərə qarşı vuruşan 
milli ordu sərkərdələri ilə də ona görə canfəşanlıqla material toplayırsan. Bu daha 
pis, səni elə kommunist olmadığına görə də dolaşdıra bilərlər. 
- Leyla xanım, mənim yaşıdlarımın çoxusu ona görə kommunist olurlar ki, 
əllərinə vəzifə keçirsinlər. Mənim isə bu barədə iştaham koruşdur.  Vəzifə sahibi 
olsaydım, üç gün Tbilisidə sizi gözləyə bilməzdim. Yoxsa, qayıdan kimi məni 
vəzifədən qovardılar. 
Yaman sərtləşmişdik, az qala dalaşacaqdıq. Mənim kommunist olmamağım 
çulumu sudan çıxartdı, bizi barışdırdı. 
1920-ci ilin avqustunda şəhərə vəba xəstəliyi yayıldı, - deyib köksünü ötürən 
Leyla xanım söhbətinə davam etdi. Atamdan isə heç bir xəbər yox idi. Deyirdilər 
ki, general Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, Sarı 
Ələkbər, Qaçaq Qəmbər, atam böyük bir dəstə ilə meşələrdə vuruşurlar, 
bolşeviklərə tabe olmaq istəmirlər. Bir azdan atamın həlak olması xəbərini 

eşitdik.
45
 Biz bir müddət zirzəmidə yaşadıq. Gəncədə vəziyyət çox pis idi. Əhalini 
milçək kimi qırırdılar: günahlını da, gunahsızı da, həbsxanalar adamla dolu idi. 
Yəqin dostunuz Seyfulla Sizə demiş olar, atam həm də yaxşı rəssam olub. O 
dəhşətli ildə əsərləri it-bata düşdü. Bir neçəsini saxlaya bilmişəm: “Qars 
mənzərələri”, “Balakən dağları”... Qırx altı yaşında həlak olan polkovnik atamın 
bircə fotoşəkli qalıb, o da at üstündə Qars şəhərində çəkilib. 
- Leyla  xanım,   o   qarışıq  vaxtda Balakənə necə gəlib çıxdınız? 
- Çox çətinliklə, atamın bir dostu bizi xilas elədi. Anamın    yanına Balakənə 
gəldik. Anamla atam 1904-cü ildə Qarsda evləniblər. 
Anam briqada komandirinin qızı olub, milliyyətcə polyakdır. Felisin 
Stanislavovna Krinseviç - Qicdeu. Anam Varşavadakı məşhur zadəgan nəslindən 
idi. Ailədə iki bacı idik; kiçik bacım Tamara uşaqkən vəfat edib. 
- Yenə kinayəli zarafat edir - mənim isə üzüm bərkdi. Hələ də yaşayıram. Bu 
il səksənin arxasını yerə vuracam. 
Bütün bunları daxili təlatümlə, göz yaşlarını içində boğaraq danışan Leyla 
xanım söhbətimizin sonunda yenə zarafatından qalmadı. 
- Özünü gözlə, oğul. 
- Nədən, Leyla xanım? - dedim. DTK-dan, milisdən,  adam güdənlərdən... 
- Niyə ki, neyləmişəm? 
- Sən heç nə eləməmisən, hələlik... Mənim  isə ağzım qızışdı,  çox şeyi 
danışdım. Dediyimin hamısını yazıb özünü xata-balaya salma. 
- Çalışaram,    Sizin    istəyinizcə olsun, - deyib inamla söz verdim. 
Leyla xanımla söhbətimiz 1985-ci il noyabrın 14-də olmuşdu. Bu tarixi mən 
cib dəftərçəmdə də qeyd eləmişəm. Bu yazını isə 22 iyun 1992-ci ildə qələmə 
almışam. Leyla xanımın mənə tövsiyə elədiyi ehtiyata ehtiyac qalmadı. 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin