İyul, 1991-ci il.
GENERAL-QUBERNATOR MƏMMƏD
KOXANIN ACI TALEYİ
Ömrün yollarında çox əsrarəngiz mənzərələrin
şahidi olmuşam: keçilməz meşələr, yamyaşıl talalar,
başı buludlara dəyən dağlar görmüşəm. Gördükcə, seyr
etdikcə gözümdə Avey yaşayıb, Avey ucalıb. Avey dağı
varlığıma hopub, səyyar xəyalım ildırım sürətilə ona
qanadlanıb, ona uçub, Bu anlarda Daş Salahlı igidlərilə
həmdərd, həmsöhbət olmuşam.
Müəllif
Gözlərindən qəm yağan qocanın fotoşəkli bir müddət yazı stolumun
üstündən “mənə baxdı”. Düşünürdüm onu otağımın harasından asım ki, bizə gələn
qonaqlar dərhal görsünlər. İstəyirdim və çox arzu edirdim ki, bu şəkildəki qocanı
hamı görüb tanısın. Mənim nəslimdə onun ancaq adı yaşayırdı, bir də mərdliyi
barədə danışılan əfsanəyə bənzər əhvalatlar. Amma indiyədək heç kəs, hətta yaxın
qohumlar belə onun fotoşəklini görməmişdi. Onu görüb xatırlayan qocaların
çoxusu həyatdan getmişdi. Nəvə-nəticələrin yaddaşında isə mərd babamız yavaş-
yavaş unudulurdu. Tapılan yeganə şəkil bizə onu elə bil yenidən qaytardı. Üstəlik
də yaralarımızı göynətdi.
Milli Təhlükəsizlik Nazirliyinin arxivindən aşkar olunan keçmiş Qazax
general-qubernatoru Məmməd Koxa Mahmud oğlunun (1859-1933) fotoşəkli
danışa bilsəydi, biz çox mətləblərdən hali olardıq. Bu nadir fotoşəklin bizim nəslə
və bütün Daş Salahlı camaatına nə qədər sevinc bəxş etdiyini təsəvvür etmək
mümkün deyil.
Altmış beş il əvvəl 1929-cu ildə çəkilən bu fotoşəklə baxanda adamın ürəyi
göynəyir. İnsanın üzündə, baxışında nə qədər qəm, kədər olarmış, İlahi... ovuc içi
boyda şəkli böyütdürdüm. Sənətkar dostum Seyfəddin Məmmədvəliyev onun
surətini elə ustalıqla çıxartdı ki, üstündən zərif ağ xətlər gedən köynəyinin rəngi
belə indi aydın seçilir. Biri üzbəüz, digəri yandan çəkilən şəkildə Məmməd
Koxanın bütün dərdi-qəmini kilidlənmiş dodaqlarından, adamın yeddi qatını dəlib
keçən baxışlarından görmək olurdu. Köynəyinə yapışdırılmış “801” rəqəmi onun
dustaq nömrəsidir. Bəli, Daş Salahlının dustaq koxasının, Qazax general-
qubernatorunun bəxtinə belə bir nömrə düşüb. 1929-cu il sentyabrın 14-də yetmiş
yaşlı qocanı Sovet hökumətinin düşməni kimi həbs ediblər. Vaxtilə Qarayazıda,
Ceyrançöldə, Mehrab düzündə kəhər at belində gəzən igidin əl-ayağı
qandallanaraq dustaq edilib. Niyə, nə üçün, hansı günahın sahibi idi Məmməd
Koxa?
Siyasi idarənin əməkdaşı Revaz Xaçikyan bu suallara “əsaslı” cavab tapıb:
1918-20-ci illərdə general-qubernator olub, mülkədar - ağa nəslindəndir və ən
başlıcası, Qazax mahalındakı “Həqiqət Ordusu” adlı gizli antisovet təşkilatının fəal
iştirakçısıdır. Ona görə də Daş Salahlı sakini, yetmiş yaşlı Məmməd Koxa
Mahmud oğlu, yenə həmin kəndin sakini, səksən yaşlı Miralayev Mustafa ağa,
Poylu kənd sakini Rəhim bəy Hacıqasımov, Aslanbəyli kəndinin ağası, doxsan
yaşlı Aşır Heyne oğlu, Dəmirçilər kənd sakini Mehdiyev Mustafa ağa Mehdi ağa
oğlu cinayət əməllərinə görə (26 nəfərlə birlikdə) Azərbaycan SSR Cinayət
Məcəlləsinin 64-cü maddəsilə həbs ediliblər.
Məmməd Koxa əhvalatının mübahisə doğuracağını bəri başdan bildiyim
üçün bu yazıda Qazax ağsaqqallarının xatirələrinə arxalanmışam. Çalışmışam ki,
olub-keçənləri olduğu kimi yazım. Ona görə də uzun illər boyu tələsmədən,
arxivlərdə araşdırmalar aparmışam. O hadisələrin şahidi olan qocalarla görüşüb
söhbət etmişəm. Nə yaxşı ki, aşkarlıq da gəlib çıxdı. Yoxsa tarix bu əhvalatların
üstündən sükutla keçər, el arasında danışılan bu hadisələr də həmişəlik bağlı
qalardı.
İşdir, müəyyən fakt və hadisələrlə bağlı ziddiyyət doğuran fikirlər ortaya
çıxsa, təhriflər müəyyən edilsə, bu barədə mənə məlumat verəcək yoldaşlara
irəlicədən təşəkkürümü bildirirəm. Mərd babamız Məmməd Koxa Mahmud oğlu
barədə susmağa haqqım olmadığı üçün bu əhvalatları qələmə almağı özümə borc
bildim.
MƏMMƏD KOXA ƏHVALATI
Daş Salahlı kəndində uzun illər
koxalıq etmiş çox müdrik, nüfuzlu bir
şəxs vardı. Onun adına Məmməd Koxa
deyərdilər.
Mirvarid DİLBAZİ
Xalq şairi
Qiymət qoyar aca, toxa,
Alardı hədəfə, oxa,
Daş Salahlı Məmməd Koxa,
Səni açıq bazar gördüm.
Həsənəli bəy ƏSGƏRXANOV
Qazax pristavı
Daş Salahlıda nər biləkli, düz qamətli, əyrilərə yağı kəsilən bir kişi olub. El
qeyrəti, oba təəssübü çəkən Məmməd Koxa Mahmud oğlu Mahmudovu müdrik
yaşlı qocalarımız xeyir-şər məclislərində “qeyrətli kişi, çörəkli kişi” kimi tez-tez
yad edirlər. 1914-20-ci illərdə daşnak dəstələrinin burnunu ovduğuna, haqq
sözündə dönməz olduğuna görə ona el arasında Boz Məmməd də deyiblər.
Otuzuncu illərdə cah-cəlalı dağılan, sürgün olunan Məmməd Koxanın günahı
hürriyyət vaxtı Qazaxda qubernator olmağı idi.
Qırx ilə yaxın Daş Salahlıda kənd koxası olan Məmməd baba doğma
kəndinin xoş güzəranı üçün az iş görməyib. O, ötən əsrin sonlarında Tiflisə, Qoriyə
gedib Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadə ilə, Qori
Seminariyasının Azərbaycan şöbəsinin müdiri Aleksey Osipoviç Çernyayevski və
görkəmli maarif xadimi Firudin bəy Köçərli ilə görüşüb, öz xərcinə kənddə səkkiz
otaqlı ibtidai məktəb açmağa nail olub. Vaxtilə həmin məktəbin məzunlarından sağ
qalanlar var.
Məmməd Koxanın xeyirxah əməllərinin nişanələri indi də qalır. O, Daş
Salahlıda dəftərxana binası tikdirib, 1914-cü ildə Avey dağından kəndə bulaq
çəkdirib - daş salahlılar indi də bu bulağın suyundan içirlər. Bulağın açılışına
məşhur el aşığı Əsəd Rzayevi dəvət edib. Üç gün, üç gecə keçən bu el şənliyində
aşıq Əsəd Qazax bəylərinin, Daş Salahlı igidlərinin vəsfini saza-sözə çəkib.
Daş Salahlı Məmməd Koxa,
Gəl səni mərdanə deyim.
Eşidib hər qubernat
Əvvəl İrəvana deyim.
Gizlətməyim bu vəsfini,
Şəril
53
-Naxçıvana deyim.
Kəmərini qurşamağı
Ol şahi-mərdanə deyim.
... 1917-ci ildə, fevral-burjua inqilabından sonra imperiyanın hər yerində
olduğu kimi, Azərbaycanın qərbindəki Qazax mahalında da hərc-mərclik yaranır,
oğurluq, soyğunçuluq həddini aşır. Hamı tüfəngli gəzir, kimin kimdən xoşu
gəlmirsə, yerindəcə güllələyir. Basqınlar, ev yarmaq, naxır-sürü oğurlamaq dəb
düşür. Obada talançılıqdan fəlakətlər törəyir. Ziyalılar, başbilənlər kimi qubernator
seçirlərsə də, vəziyyət düzəlmir ki, düzəlmir... Mahalda ikitirəlikdən günahsız
qanlar, haqsız ölümlər çoxalır.
Obanın tarixinin mahir bilicisi, Daş Salahlı ağsaqqalı Əhmədağa Paşayev:
Belə bir vaxtda Tiflisdəki menşevik hökuməti iddia irəli sürür ki, Şəmkir
çayından bəri olan sahələr Gürcüstana qatılmalıdır, çünki Nadir şahın 1736-cı il
fərmanına
54
əsasən həmin ərazilər Gürcüstan valisinin ixtiyarına verilib.
Xalq belə qarmaqarışıqlıqlardan, ərazi iddiasından hiddətlənmişdi, Qazağın
məşhur bəyləri, vurub-yıxan qoçuları daha dözə bilməyib xalq arasında tanınmış
şəxs olan Yuxarı Salahlı kənd sakini Məmmədağa Vəkilovun yanına məsləhət-
məşvərətə yığışdılar. Məclisdə təklif olundu ki, bir nəfər rəhbər seçilsin və belə bir
ağır zamanda qəzanı idarə etsin. Yerbəyerdən qəza pristavı vəzifəsində işləmiş
Cahangir bəy Şıxlinskinin namizədliyi irəli sürüldü. Cahangir bəy isə öz
namizədliyini geri götürdü və məsləhət gördü ki, bu vəzifəyə bəylərdən yox,
rəiyyətdən seçilsin, çünki indiki vəziyyət belə tələb edir.
Qazax mahalı quberniya olmasa da, nəhayət, çox söz-söhbətdən sonra daş
salahlı Məmməd Koxaya qubernator adı verərək Qazax mahalına inzibati rəhbər
seçdilər. Məmməd Koxa gecəni gündüzə qataraq çalışırdı ki, əmin-amanlığı
qorusun. O, cəzaları özü təyin edirdi. Prokuror da, məhkəmə də özü idi. Quldurluq
edənlərin gözünü qorxutmaq üçün bir nəfəri soyğunçuluq üstündə qulağından
teleqraf dirəyinə mıxlatmışdı.
Tiflis menşevikləri qazaxlıların onların əmrlərinə tabe olmamaqlarından,
özbaşınalıqlarından qəzəblənir, torpaq iddiasını daha israrla irəli sürürdülər.
Məmməd Koxa savadsız olsa da, çox böyük milli qürura malik idi. Ona görə də
gürcüləri saya salmırdı. Hətta bir dəfə torpaq iddiası ilə yanına gələn gürcü
elçilərini qovmuş, vaxtilə Qazağı Gürcüstana ilhaq edən Nadir şahı da söymüşdü.
Gürcüstan menşevik hökuməti hərbi müdaxiləyə hazırlaşmağa başladı.
Gürcü zabitləri Tiflisdən və ətraf kəndlərdən gürcülərin əlaltısı olan
müsəlmanlardan əsgəri hissə düzəldib, qısa təlimdən sonra Ağstafa tərəfdən
Qazağa hücum etdilər. Şiddətli mübarizə başlandı. Məmməd Koxadan narazı olan
oğrular, əyrilər də ayağa qalxdı. 1918-ci ilin may ayında olan döyüşlərdə gürcülər
şəhərin bir sıra mühüm obyektlərini ələ keçirdilər. Axşam qaranlıq çökəndə
53
Şərur
54
Nаdir şаh bеlə bir fərmаnı оnа görə vеrib ki, 1736-cı ildə Мuğаnın Cаvаd şəhərində kеçirdiyi özünü şаhsеçmə
qurultаyınа qаzахlılаr gəlməmişdi müəl.
Qazağın din xadimi Mirseyid ağa əlində ağ bayraq Məmməd Koxanın qərargahına
gəldi. Dedi ki, ay Məmməd Koxa, çıx şəhərdən, arada camaat qırılır, görürsən ki,
bu həna o hənadan deyil. Bədbəxt müsəlman özünü içəridən “yeyir”, qardaş-
qardaşı qırır. Arada gavur barmağı var... İgid Məmməd Koxa bir qədər
məsləhətdən sonra cavab verdi ki, heç vaxt təslim olmayacağam, amma gecə yarı
müvəqqəti şəhərdən çıxaram. Ona görə ki, düşmən gülləsini atan
özümüzünküdür...
Beləliklə, qubernator Məmməd Koxa mərdi-mərdanə çıxıb getdi. Qazax
şəhəri isə topun, pulemyotun və satqın adamların köməyi ilə gürcülər tərəfindən
müvəqqəti alındı.
MƏMMƏD KOXANIN səxavəti:
1911-ci ildə Sibir sürgünündən qayıdan bir qaraçöplü Qazağa kimi zor-güclə
gəlib çıxır. O qədər yoxsul imiş ki, evinə gedib çatmaq üçün çibində bir qəpiyi də
yoxmuş. Bir xeyirxah ona məsləhət görür ki, bu gün bazardı, get ora. Daş salahlı
Məmməd Koxanı soruş, tap. Pul-para üçün ağız açsan, əl tutan adamdı, kömək
eləyər. Daş salahlı Məmməd deyə-deyə axtaran qaraçöplüyə Cəbioğlu Məmmədi
nişan verirlər.
Cəbioğlu Məmməd şübhəli-şübhəli yuxarıdan-aşağı sürgündən qayıdana
baxır. Elə zənn edir ki, bazarın lotuları sataşmaq üçün bu yoxsulu onun üstünə
göndəriblər. Fəqirlə bir neçə kəlmə kəsəndən sonra:
Oğul, - deyir, - gəlməyinə düz gəlibsən, sənə düz nişan veriblər. Pulum,
varım boldu. Qapımda yüzə yaxın qızıl yelinli inəyim sağılır, kəhər erkək atlarım
kişnəşir, subay malımın, qoyun sürümün sayını-hesabını bilmirəm... Amma mənim
əlim pul verməyə öyrəşməyib, almağa, yığmağa öyrəşib. Mən Cəbioğlu
Məmmədəm. Pul verən, əl tutan bizim əmizadə koxa Mahmudoğlu Məmməddi,
pulunun dəlisi odu. Bəri dur, onu göstərim. Odey, xəz kürklü, qarayanız, qara bığlı
Məmməd Koxadı, iki nəfərlə söhbət edir. Get, pulu ondan istə.
Qaraçöplü gözləyir ki, Məmməd Koxanın yanındakılar aralanıb getsin, sonra
yaxınlaşıb sözünü desin. Məmməd Koxa bir az aralıda gəzinən fəqirin ona nəsə
demək istədiyini hiss edib:
- Oğul, - deyir, - nəsə sözlü adama oxşayırsan, yaxın gəl görüm kimsən, nə
istəyin var?
- Ay ağa, dustaqlıqdan qayıdıram, yol pulum qurtarıb, mənə bir az xərclik
ver, gedim evə çıxım.
Məmməd Koxa kürkünün ətəyini geri atıb əlini cibinə salır, bir dəstə pul
çıxardıb saymadan hamısını ona verir.
Dustaq özünə bir dəst paltar alıb yola düşür. Bir ay sonra geyimli-gecimli,
boynu qotazlı erkəklərlə dörd fayton adam Daş Salahlıya gəlib Məmməd Koxanın
qonağı olurlar. Onlar dustaq qaraçöplünün qohumları idi. Sən demə, sürgündən
qayıdan qaraçöplü də əsilli-nəsilli ailədən imiş. Bu əsl-nəcabətli ailənin dostluğu
1920-ci ilə qədər davam edib.
1912-ci ildə Məmməd baba yeganə oğlu Həmid bəyi Tiflisdəki birinci
klassik gimnaziyaya oxumağa göndərir. Həmid bəy həmyerlisi Vəli ağa Dilbazi ilə
birgə təhsil almışdı. Onların 1913-cü ildə birgə çəkilmiş fotoşəkli də yadigar qalıb.
1918-ci ildə Tiflis gimnaziyasını bitirən Həmid bəy atasının məsləhəti ilə
azərbaycanlı gənclər üçün Gəncədə yenicə açılmış “hərbiyyə məktəbi”nə qəbul
olunur.
1919-cu il mayın beşində həmin məktəbin ilk buraxılışı oldu. Hərb naziri
Səməd bəy Mehmandarovun 236 nömrəli əmri ilə bir qrup yunker praporşik
rütbəsilə təltif edildi. Məktəbi birinci dərəcə ilə bitirən Həmid bəy Mahmudova da
praporşik rütbəsi verildi. Hərbi xidmətini davam etdirmək üçün o, üçüncü Şəki
süvari alayına göndərildi.
İyirminci ilin aprelində zabit Həmid bəy Gəncə üsyanında iştirak edir.
Vətənini yadlardan xilas etmək istəyən Həmid bəyin faciəsi də o gündən başlayır.
O, Vətənində qaçaq düşür. Başına topladığı zabit dostları ilə Qarayazı, Tatlı
meşələrində, Avey və Odun dağlarında düşmənə qarşı vuruşur. Şura hökumətinin
təşkil etdiyi erməni milis dəstəsi onun dəstəsini qarabaqara təqib edir. Həmid bəyə
görə atası Məmməd Koxa Sibirə sürgün olunur. Nəslin başıpapaqlıları günün-
günortaçağı məhkəməsiz güllələnir. Bir sözlə, 1926-cı ildən başlayaraq, Məmməd
Koxanın nəslinə kor gözlü bəla gəlir
İDEYA SİLAHDAN GÜCLÜ İDİ
Hər dəfə xeyir-şər məclislərində Həmid bəyin faciəsindən, Məmməd
Koxanın mərdliyindən danışılanda ürək ağrısı ilə qulaq asır və düşünürdüm ki, nə
üçün bunlar “xalq düşməni”dirlər. Axı, Vətəni yadlardan qoruyan oğul da düşmən
olarmı? Suallarıma cavab tapa bilmirdim. Ona görə ki, beş-üç il əvvəl bəzi adamlar
məclislərdə Məmməd Koxanın qeyrətindən, Həmid bəyin dönməzliyindən danışır,
söhbətinin yekununda isə “hökumətin düşmənidirlər” deməkdən çəkinmirdilər.
Onların danışığından belə məlum olurdu ki, bəy, ağa, xan, koxa, qubernator,
pristav titullu adamların hamısı dövlətin, xalqın düşməni olublar. “ Həmid bəy
musavat zabiti olub” sözlərini partiyaçının, komsomolçunun, hətta kolxoz sədrinin
iştirfk etdiyi məclisdə demək belə mümkun deyildi.
Amma tez-tez görüşdüyüm aqsaqqal ziyalılar və hadisələrin şahidi,
iştirakçısı olan Daş Salahlı sakinləri Əmrahoğlu Mədəd, Əhməd ağa Paşayev,
Əbdüləzim Həsənov, Zuraboğlu Məcid, Əvəz Avdıoğlu, Rəsul dayı, Seyidoğlu
Həsən və başqaları Məmməd Koxanın, Həmid bəyin “düşmən” olduqlarını
tamamilə inkar edirdilər. Fəxrlə deyirdilər ki, kişi kimi yaşayıb, igid kimi də
öldülər. Xüsusilə, doxsan dörd yaşlı Zuraboğlu Məcidi dinləyəndən sonra
düşünürdüm ki, Azərbaycan Demokratik hökumətinin zabitlərində ideya silahdan
da güclü olub.
- Gürcülərin Qazağı almasının səbəbkarı özümüzünkülər oldu. Qubernator
Məmməd Koxa az vaxtda Qazaxda tam əmin-amanlıq yaratdı. Qoçuların,
başıpozuqların əl-ayağını yığışdırdı. Onun sərtliyi, məğrur səsi yaramazların
hamısını elə bil zərərsizləşdirdi. Ev yaranlar, oğrular yoxa çıxdı. Ona Kosalardan
Süleyman uşağı, Salahlı bəyləri, Söyünbəyli Söyünağa, Kəsəmənli Hacan,
Alsöyün, Molla Zal uşağı çox kömək elədilər. Koxa Sınıq körpüyə gözətçi dəstəsi
qoydu. Bütün Qazax sərhədləri möhkəmləndi. İcevan, Dilican tərəfdən bəd xəyala
düşən bir erməni başını qaldırıb bəri baxa bilmirdi. Özünə güvənən cavanları
səfərbər edib sərhəd kəndlərinə göndərdi.
Məmməd Koxanın şərti belə idi: kim Qazağı dağıtmaq xəyalına düşsə,
əlində oğurluq tutulsa, güllələdəcəm. Özgə cür mümkün də deyildi.
Başıpozuqların, yetim malı yeyənlərin, ev yaranların və bir neçə bəyin gözü
bunları götürmədi. Çünki onların atişləməz yollarını Məmməd Koxa bağlamışdı.
Belə olanda onlar gürcü menşeviklərinə yaltaqlanaraq, torpaq iddiasını irəli atdılar.
İki polk, top və silahlı əsgər gətirdilər. Bir bəy və bir uçitel Qazağa yiyələnmək
istədi.
Bizim kənddən bu döyüşdə gürcülərə qarşı Mahmud Qaragözoğlu,
Seyidoğlu Mikayıl, Avdı Mahmudoğlu, İlya Osman oğlu, Həmid bəy
Məmmədoğlu igid kimi vuruşurdular. Mən, İlya Osmanoğlunun dəstəsində
döyüşürdüm. Yazbaşı, taxılın sünbüllənən vaxtı idi. Gecə Ağstafa çayını keçib
kəndə gəldik. Həmid bəynən İlya çox fikirli idilər. Sabah kəndə hücum
gözlənilirdi. Axşam üstü Ürkməzli bozunda, Məhəd bəyin təpəsi deyilən yerdən
gürcü qoşunu top atəşinə başladı. Əsas hədəf Məmməd Koxanın imarəti idi.
Tüfənglə qabağını alammadıq, bizim topumuz yox idi. Evdən arvad-uşağı çıxardıq.
Koxa salahlılı Annax bəyə və Xanoğlu İsmayıl ağaya pənah apardı. Bir para
nanəciblər evinə basqın eləyib, var-dövlətini dağıtmaq istəyirdi. İsmayıl ağa
qoymadı. Dedi ki, Koxa yoxdu, onun hörməti-izzəti burdadı. Kim irəli yerisə
güllələyəcəyəm. Koxanın heç nəyinə toxunmadılar.
1914-cü ildə Məmməd Koxanın kəndə bulaq çəkdirməyi də çox yaxşı
yadımdadır. Qazıntı vaxtı bulağın gözündən iri bir qaya çıxdı. Usta dedi ki, bu sal
qaya çıxarılsa su bütün kəndə bəs eləyər. İki qardaş - Səməd və Əsəd Qurbanoğlu
daşı çıxartdılar. Məmməd koxa onların hərəsinə bir sağmal inək bağışladı...
Sonralar Şura hökuməti Məmməd Koxanı incitməkdə çox haqsız iş gördü.
O, yetimlər atası, elin oğlu, obanın ağsaqqalı idi. İndinin özündə də bizim Daş
Salahlını Məmməd Koxa kimi igid, xeyirxah kişiyə görə tanıyırlar.
Doxsan dörd yaşım var, bir ayağım gordadı. Yalan danışa bilməyəcəyəm.
Koxanın özünə layiq, özü kimi də igid, qorxmaz oğlu vardı. Bu günə qədər Həmid
kimi əla tüfəng atana, cəld igidə rast gəlməmişəm. O, savadlı bir zabit idi. Yazbaşı
taxıllıqnan kəndə gələndə Həmid bəylə yanaşı gedirdik. Mənə elə gəlirdi ki, Həmid
bəyin yerişindən, zəhmindən yer titrəyir...
NAMUSLU DÜŞMƏN
Yazımızın əvvəlində Məmməd Koxa haqqında xalq şairi Mirvarid xanım
Dilbazidən epiqraf verdiyimiz onun şifahi söhbətindən deyil. Mirvarid xanım da o
döyüşlərin şahididir. O, həmin hadisələrdən “Namuslu düşmən” adlı xatirə-hekayə
də yazıb (Bax. M.Dilbazi “Abşeron bağlarında” kitabı, Bakı, 1984-cü il, səh,61).
Xatirə hekayənin məzmunundan məlum olur ki, hürriyyət vaxtı Məmməd
Koxa ilə Mirvarid xanımın babası Mustafa ağanın yeniyetmə əmisi oğlanları
arasında qan davası duşür. Qan düşmənçiliyinin həmişə əleyhinə olan, kəndin
hörmətli ağsaqqallarından biri Mustafa ağa tündməzac, ehtiraslı cavanları yola
gətirə bilmir. Hər iki nəsildən ölən və yaralananlar olduğuna görə düşmənçiliyin
kökü daha da dərinləşir. Musavat dövründə isə Hacı Kərim Sanılı Gürcüstandan
gətirdiyi qoşunun köməyi ilə Məmməd Koxanın evini top atəşinə tutur.
Onda atam ölmüşdü, biz babamgildə idik. Top güllələri tez-tez Avey dağa da
gəlib çatır, dağı söküb dağıdırdı.
Belə vəziyyətdə arvad-uşağın ələ keçməməsi və top atəşilə məhv edilməməsi
üçün Məmməd Koxa qohumlarını başına yığıb deyir:
- Namussuz dostdan namuslu düşmən yaxşıdı. Mustafa ağa düşməndir, lakin
namusludur.
Məmməd Koxa arvad-uşağını və evdə qiymətli nə varsa arabalara yüklədir.
Bu hadisə mənim yadımdadır.
Axşam şər qarışmışdı. Bir də gördük qapımızda arabalar dayandı.
Arabalarda al-şal içində qızlar, ahıl arvadlar bər-bəzəkli oturmuşdular. O biri
arabalarda xalı-zili, ev avadanlığı yüklənmişdi.
Əhvalatı gələnlər babama, nənəmə danışıb dedilər:
- Məmməd Koxanın ailəsidi.
Arvad-uşağı hörmətlə qarşılayıb, onları qonaq otağına apardılar. Gətirdikləri
əşyaları da himayə etdilər. Arabaçıları da yedirtdilər. Dərhal qoyun kəsildi,
samovar buğlandı. Arvadlar ağlaşırdılar, nənəm onları sakit etdi.
Bir neçə gündən sonra ara sakitləşdi, gələnlər ehtiramla yola salındı, keçmiş
kişiləri mən belə xatırlayıram”.
Mirvarid xanımın kiçik xatirə hekayəsində hadisə real verilib. Buna söz
yoxdur. Lakin qoy, anamız Mirvarid xanım bizdən inciməsin, onun bircə
cümləsinə iradımız var: “Məmməd Koxanın bir sözündən inciyib, özünü təhqir
edilmiş hiss edən Hacı Kərim Sanılı günlərin birində yaxın məsafədən onun evini
top atəşinə tutdurdu”.
Məmməd Koxanın evi Sanılıya dediyi təhqiramiz sözə görə topa tutulmayıb.
Aravuran casuslar Sanılıya demişdilər ki, Qazaxdan çıxan Məmməd Koxa Daş
Salahlıdakı evinə yenidən qoşun yığır. Ona görə də Sanılı Koxanın evini atəşə
tutdurdu. O vaxtlar sol menşevik partiyasının üzvü Hacı Kərim Sanılı gürcülərin
köməyi ilə Qazaxda qubernator oldu. Amma bu vəzifənin ömrü onun üçün çox
gödək oldu. Ay yarımdan sonra türklər gəldi. Yerli əhalinin tələbi ilə türklər
Sanılını vəzifədən azad edib yenidən Məmməd Koxanı Qazağa qubernator təyin
etdilər.
Gürcülərin birinci hücumunu qubernator Məmməd Koxa 1918-ci ilin
yazında Sınıq körpünün yanında Şıxlı, Salahlı, İncə dərəsinin say-seçmə igidləri ilə
geri oturtdu. Bu döyüşdə İncəli Uzun Allahverənin, kosalardan Müseyib Məşədi
İbrahim oğlunun, Orta Salahlıdan Mədəd bəy Annax bəy oğlunun, Şıxlıdan Tomtu
oğlu Əmiraslanın, Qara Məşədinin, Qiyas bəy Şıxlinskinin, Körpülüdən Süleyman
ağa Naziroğlunun və başqa igidlərin süvari dəstələri xüsusilə fərqləndilər. İkinci
dəfə dəmir yolu ilə hücuma keçən menşevik zirehli qatarının qabağını Soyuqbulaq
stansiyasında ağac kötükləri ilə kəsib, əsgərləri tərksilah etdilər. Bir nəfərin belə
burnunu qanatmadan geriyə -Tiflisə qaytarırlar. Üç yüz nəfərlik menşevik alayı
Tiflisə tərksilah olunmuş, üzü qara, gülünc vəziyyətdə qayıdır. Bu, menşevik
hökumətini bərk qəzəbləndirir.
Üçüncü hücumda qoşunun sayı artırılır. Bir neçə xırda çaplı yüngül “Don”
markalı toplar əlavə olunur. Bu dəfə hərbi eşalonu arxadan köməkçi topçu zirehli
qatar da müşayiət edir. Qoşuna daha təcrübəli gürcü menşevik zabitlərinin
komandanlığı tapşırılır. Sanıoğlunu, Tat Əbdüləlini, Kəsəmənli Taharı da onlara
qoşub bərk-bərk tapşırırlar ki, gürcü zabitlərini qoruyun, gərək onlardan birinin
belə burnu qanamasın. Hərbi eşalon o taydakı Salahlı stansiyasına çatıb dayanır.
Top və pulemyotların lülələrini Kür sahilindəki binələrə tuşlayıb, həyəcanla fit
verirlər. Danışığa gələn nümayəndələr tələb edirlər və şərt qoyurlar ki, on gün
əvvəl eşalonu tərksilah edib aldığınız silahları qaytarın, yoxsa binələri yerlə-yeksan
edəcəyik. Onlar şərtə əməl olunmadığını görüb Ağstafa tərəfdən hücuma
başlayırlar...
İllər keçib, milli qürurlu Məmməd Koxanın ərazi iddiası üçün yanına gələn
gürcü nümayəndələrinə verdiyi sərt cavabı qazaxlılar hələ də zərb-məsəl kimi
danışırlar.
Məmməd Koxa onlara demişdir:
- Sizin Tiflis menşeviklərinin atının üzəngisini basmağa bizim təhərimiz
yoxdur. Buna qeyrətimiz yol vermir. Biz göstərişi özümüzün Musavat
hökumətimizdən alırıq. Bizə göstərişi Bakıdan və Gəncədən verirlər, Tiflisdən yox.
- Bəs Nadir şahın fərmanı? Ona əməl olunmalıdır...
- Elə bir fərman verməkdə Nadir şah çox böyük qələt eləyib, ata-babası ilə...
Dostları ilə paylaş: |