Seymur. Heç olmazsa, əlində dəlil-sübutu var?
Lənkəranski. Heç bir dəlil-sübutu yoxdur. Ona yalnız mənim etirafım gərəkdir. Deyir ki,
təqsirləndirilən şəxsin ifadəsi bütün sübutların şahıdır. Onun sözündən belə çıxır ki, əgər mən
mütləqiyyətə və hakimiyyətdə olanlara qarşı çıxırdımsa, deməli, bununla da İngiltərə
qoşunlarının Bakıya girməsinə şərait yaradırdım. Çünki mənim şəxsi faytonum vardı və yüksək
məvacib alırdım. Bu, xalis xəstə təfəkkürü, psixopat məntiqidir.
Seymur. Yadıma gəlir, siz, doğrudan da, mövcud quruluşu daim kəskin tənqid edirdiniz.
Düzünü desəm, hətta mənə elə gəlirdi ki, siz sosialist-inqilabçısınız. Ancaq başa düşmürəm,
ingilislərin bura nə dəxli var?
Lənkəranski (hönkürtü ilə ağlayır). Mən nə eser olmuşam, nə bolşevik. Ancaq qəlbimin
dərinliklərində ətrafdakı insanların hamısına – həyatda uğur qazanan adamlara ucdantutma nifrət
etmişəm. O cümlədən sizə də, cənab Mehmandarov. Siz bunu başa düşə bilməzsiz...
Seymur. Əgər mənə olan nifrətin səbəbləri özünüzə aydındırsa, söyləyin, mən anlamağa
çalışaram.
Lənkəranski. Lap uşaqlıqdan mən ədalətsizliyin ağır yükünü öz üzərimdə hiss etmişəm. Mənə bir
diqqətlə baxın. Allah məni gözəl zahiri görkəmdən də, sağlamlıqdan da anadangəlmə məhrum
edib. Elə bil mənə istehza edərək, bu cılız bədənimə iti ağıl və kinli yaddaş bəxş edib. Heç bir
günahım olmadığı halda, uğursuzluqlar ömrüm boyu məni təqib edib. Uzun illər paytaxtda çıxan
«Vedomosti» qəzetinin müxbiri olmuşam. Ancaq cüzi nöqsanım üzündən məni rüsvayçılıqla
oradan qovublar. Heç vaxt dostum olmayıb, tək-tənha bir adamam. Mən özümü hamının nifrət
etdiyi gərəksiz adam sayırdım. Buna görə də gözlənilmədən tale üzümə güləndə, mən Bakıda ən
nüfuzlu qəzetin sahibi olanda, butulkadan azadlığa buraxılmış cin kimi and içdim ki, həyatı
səadət içində keçənlərin hamısından intiqam alacam. Amma... tezliklə başa düşdüm ki, cinin edə
biləcəkləri insanın əlindən gəlmir. Bunu anlayanda isə artıq gec idi. Mən, necə deyərlər, lap ağını
çıxarmışdım.
Mühafizəçilər gəlir.
Mühafizəçi (Lənkəranskiyə). Buna bir bax, gör necə sərələnib. A kişi, bura səninçün kurort-zad
deyil. Qalx ayağa!
Seymur. Məhbusu döyməyə sizin ixtiyarınız yoxdur. Bu, özbaşınalıqdır.
Mühafizəçi. Kəs səsini, burjuy oğlu burjuy! Sən get öz hüquqların barədə düşün, sabah sənin
dindirilmək növbəndir.
468
İkinci mühafizəçi (tələsdirir). Gedək. Avtarxanov göz-ləyir.
Lənkəranskini aparırlar. Dəhlizdən onun fəryadı eşidilir. «Vay büzdümüm! Büzdümümə
vurmayın, sındırmısız, ağ-rıyır.»
General-qubernatorun evi. İndi burada hərbi inqilabi qərargah yerləşir. Divardan hərbi geyimli
Trotskinin şəkli asıl-mışdır. Otaqda silahlı adamlar, hərbi geyimli kişilər və qadınlar var.
Masanın üzərinə cürbəcür şüşələr düzülmüşdür. Trotskinin portreti altında komissar Fioletov
əyləşib. O, inqilabçıların əksəriyyəti kimi, dəri gödəkçə, onun altından isə matros köynəyi
geyinib. Otaqda olanların hamısı ayaq üstə dayanıb «Beynəlmiləl» oxuyurlar. Hamı əyləşir.
Otağa sükut çökür. Qapıda bir baş görünür.
Baş. Yoldaş Komissar, burada sənin yanına gəlmək istə-yənlər var: biri qrafdır, o biri mühəndis.
Deyirlər ki, bizim başçımızı görmək istəyirlər.
Fioletov. Könüllü gəliblər, yoxsa necə?
Baş (qımışır). Aha, könüllü!
Fioletov. Burax gəlsinlər.
Otağa Çempanski ilə Omre daxil olurlar.
Çempanski. Cənab proletariat rəhbəri!
Fioletov. Məndən sənə cənab olmaz.
Çempanski. Bəs sizə necə müraciət edək?
Fioletov. O, söhbətimizin sonunda aydın olar. Adım-familim Vasili Fioletovdur. Bəs sən
kimsən?
Çempanski. Qraf Aloizi Çempanski.
Fioletov. «Qraf» sənin ləqəbindir?
Çempanski. Üzr istəyirəm, başa düşmədim... Nə dediz?
Fioletov. Taqil türməsində mənimlə bir ev oğrusu yatırdı, onun ləqəbi qraf idi.
Çempanski. Xeyr-xeyr. Mən mənşəcə qrafam. Çem-panski faimiliyası XVI əsrin əvvəllərindən
Polşa krallığının Qızıl kitabına daxil edilib.
469
Fioletov. Bəs, mənim yanıma nəyə gəlmisən? Qraf!..
Çempanski. Sizdən kömək istəməyə gəlmişəm. Məsələ ondadır ki, mən zoopark direktoru kimi
gözlərimin önündəcə zooparkımızın fəxri olan filin acından ölməsinə dözə bilmirəm...
Fioletov. Hə, fil yazıqdır. Yaxşı, bəs de görüm o nə ye-yir?
Çempanski. Ot, yerkökü, başqa tərəvəzlər.
Fioletov. Bəs ət, balıq yemir?
Çempanski. Xeyr, yalnız bitkilərlə qidalanır.
Fioletov. Görürsən, heyvan da olsa, şüuru var! Başa düşür ki, zəhmətkeş xalqın dolanışığı
çətindir, odur ki, ət-filan istəmir... Kömək edərik sizin filə.
Çempanski. Orada digər çox nadir ekzotik heyvanlar da var. Məsələn, begemotlar, zürafə,
kərgədan, hamısı da acdır.
Fioletov. Zoopark indi daha zəhmətkeş xalqa məxsusdur. Məsələn, götürək elə məni. Fəhlə
ailəsində doğulmuşam, ömrümdə bircə dəfə də zooparkda olmamışam. Heç vaxt da fil
görməmişəm... Kömək edərik!.. Bəs sən kimsən?
Peter. Mənim soyadım Omredir. Peter Omre. Mədən mühəndisiyəm.
Fioletov. Əcnəbisən?
Peter. Norveç mənşəli finəm. Rusiya təbəəsiyəm. Sankt-Peterburq universitetini bitirmişəm.
Dostum Seymur Mehmandarovla birlikdə düz altı il cənab Uritskinin rəhbərlik etdiyi marksist
dərnəyinin üzvü olmuşuq.
Fioletov. Sən yoldaş Uritski ilə tanışsan?
Peter. Tanışam və elə indi də məktublaşırıq. Sizdən xahiş edirəm, ədalətin bərqərar olmasına
kömək edəsiniz. Bayaq adını çəkdiyim dostum Mehmandarov jandarm rotmistrini güllə ilə vurub
öldürdüyünə görə həbsdədir. Cinayət işində göstərilir ki, guya o, rotmistri qumar oyununda
fırıldaq işlətdiyinə görə öldürüb. Lakin mənə dəqiq bəllidir ki, onların arasında siyasi səciyyəli
fikir ixtilafı olmuşdur.
Fioletov. Bərəkallah, oğlan! Neçə güllə vurub ona? Adını necə dedin? Al yaz bura. Özün başa
düşürsən də, bizim işimizdə gərək hər şeyi yoxlayasan. Yoldaş Trotski həmişə de-yirdi ki,
inanmağına inan, ancaq özün də yoxla. Məsələ sənin dediyin kimi olsa, günü bu gün dostunu
azadlığa buraxacağıq. İndi isə gəlin içək görüşümüzün şərəfinə. (Stəkanlara şampan şərabı süzür,
oradakıların hamısı içib yüngül qəlyanaltı edirlər). Görürsən, qraf, qabaqlar şampanı sən içərdin,
indi isə biz içirik – fəhlə və kəndlilər.
Çempanski. Nuş olsun, lakin pardon, mən heç vaxt şampanın üstündən siyənək balığı
yeməmişəm.
470
Fioletov. Bu bizim öz ağlımıza gəlb. Yaxşı, burada bizim dövlət işlərimiz çoxdur... Siz gedə
bilərsiz. (Qapıdan çıxan Çempanski ilə Peterin ardınca). Ey, qraf, gələn dəfə mənə «yoldaş» deyə
bilərsən.
Həbsxana kamerası. Mühafizəçinin müşayiəti ilə Peter və Qulam gəlirlər.
Peter. Sənə iki xəbər gətirmişəm. Biri bəd xəbərdir, o biri şad xəbər. Hansından başlayım, özün
seç.
Seymur. Bəd xəbərdən başla.
Peter. Zarafat edirəm. Heç bir bəd xəbər-zad gətir-məmişəm. Ancaq şad xəbərdir. Təbrik edirəm!
Həbsxana rəisinə səni azad etmək barədə əmr verilib. Günü bu gündən sən azadsan.
İki mühafizəçi sürüyə-sürüyə Lənkəranskini gətirir. Onu döşəyin üstünə atıb gedirlər.
Peter (heyrət içində). Kimdir bu? Nə olub ona?
Seymur. Lənkəranskidir. Dindirməkdən gətirirlər. Buradan çıxan kimi gərək onun başına burda
nə oyun açdıqlarını lazımi yerlərə xəbər verəm.
Lənkəranski (zarıyır). Gecdir. Mən hər şey boynuma aldım. Buradakı görüş yerlərimizi, gizli
təşkilat üzvlərinin adlarını. Londondakı rəhbərlərimin adını dedim... Hamısını yazdım və
imzaladım.
Seymur. Londondakı rəhbərləriniz kimdi ki?
Lənkəranski. Admirallığın birinci lordu. Lordun adını unutmuşam, ancaq mənim ifadələrimdə bu
ad göstərilib. Avtarxanov özü hər şeyi bilir, mən də ona inanıram. Elə oradaca bizim məxfi görüş
yerlərimizin ünvanları, gizli təşkilat üzvlərinin adları, yaşayış yerləri göstərilib. Mən hamısının
altından qol çəkdim. Bakı komissarlarını da ingilislərə satdığımı boynuma aldım.
Seymur. Konkret kimləri satmısız?
Lənkəranski. Hamısını. Onların güllələnməsində də istirak etmişəm.
Seymur. İmtina edin o ifadədən. Mən şahidəm ki, sizi buna zorla məcbur ediblər.
Lənkəranski. Ona görə belə arxayın danışırsız ki, sizə kötək dəyməyib. Qətiyyən imtina etmək
fikrim yoxdur!
Seymur. Bu, ciddi ittihamdır. Hansı andlılar məhkəməsi olur - olsun, sizi katorqa cəzasına
məhkum edəcək.
471
Lənkəranski (acı-acı gülür). Nə gözəl sözlərdir, andlılar məhkəməsi, katorqa... Sən nə danışırsan,
məni məhkəməsiz-filansız elə burda, zirzəmidə güllələyəcəklər. (Zarıyır, huşunu itirir).
Seymur. Siz çox da fikir eləməyin, bizdə ölüm cəzası yoxdur.
Peter. İndi var.
Seymur. Mən hazıram. (Qulama). Get faytonu gətir!
Qulamla Peter baxışırlar.
Qulam. Ağa, indi proletariat rəhbərlərindən başqa hamı piyada gəzir. Faytonları yığışdırıblar.
Peter (izahat verir). İstibdadın zülmündən qurtulmuş xalq, acından qırılmasın deyə, bütün atları,
qarğaları, göyərçinləri, bir sözlə, dişədəyən canlıların hamısını parçalayıb yeyib. (Seymur bu
sözlərdən donub qalaraq Peterin üzünə baxır).
Seymur. Başqa canlılar deyəndə nəyi nəzərdə tutursan?
Peter. Zooparkda birhörgüclü dəvəni – dromaderi kəsib yeyiblər. Filnən begemota da göz
dikmişdilər, ancaq xalq hakimiyyəti indi oraya keşikçi qoyub. Bütün qırqovulları və tovuz
quşlarını isə, tam rəsmi qaydada həzmi-rabedən keçiriblər.
Seymur. Heç inana bilmirəm ki, nəhayət, neçə ildən bəri mən bu divarlar arxasında nələr baş
verdiyini görəcəyəm!
Peter. Görəcəksən. Yadındadır, bir vaxtlar səninlə mən yeni dünya qurmaq istəyirdik?! Həmin o
istədiyimiz dünyanı qurublar, ancaq o, bizim öz təsəvvürümüzdə yaratdığımız dünyaya qətiyyən
bənzəmir.
Lənkəranski (başını yastıqdan azacıq qaldırır). Biz hamımız eynən hələ kor küçüklərə
bənzəyirmişik. Sizə uğur olsun!
Seymur. Yaxşı, nə etməli? Piyada deyirlər, piyada gedərik. Gedək!..
Bakının gecə mənzərəsi. Fantasmaqoriya. Ay qara buludlar arasından məşum parıltı saçır. İtlər
ulaşır. Zülmət qaranlıqda şəhərin hər tərəfindən atəş səsləri və ümidsiz fəryadlar eşidilir. Ətrafda
qaçıb gedən adamlar görünməsə də, ayaq tappıltıları eşidilir. Kim isə vəhşi bağırtı ilə başqa
birini qovur. Uzaqda alovlara qərq olmuş neft mədənlərinin şöləsi görünür.
Seymur (təəccüb içindədir). Bu nədir? Gör bunlar şəhəri nə günə salıblar?! Niyə, niyə axı belə
eləyiblər?
472
Peter. Bütün bunları yadda saxlamaq lazımdır. Bəşər tarixində ilk Neft Bumu bizim gözlərimiz
qabağında əzablar içində can verməkdədir! Əminəm ki, bu xalq rəhbərlərinin hakimiyyəti uzun
sürməyəcək. Və o zaman mütləq, Bakıda ikinci neft bumu baş verəcək – özü də daha əzəmətli,
daha möhtəşəm neft bumu!
Seymur. O gün gələcəkmi?
Peter. Şübhə etməyə bilərsən!
Seymur. Əgər ikinci dəfə bizim qismətimizə belə böyük bir şans düşsə, onu əldən buraxmaq
olmaz. Bu gün öz axmaqlığımız və biganəliyimiz ucbatından necə gözəl bir dünyanı itirdiyimizi
unutmağa haqqımız yoxdur! Bu gün bizim ağlımız başımıza gəlməlidir.
Peter. Allah ağzından eşitsin! İnsanı yaşadan – xoşbəxt gələcəyə inamdır!
Pərdə
* * *
«F İ N A L» RESTORANI
İŞTİRAK EDİRLƏR:
Dəmir bəy Muxtarov – yaşlı, amma qocalmamış bir adam
Alxas Qədimov – yaşlı, amma qocalmamış bir adam
Sevda – gənc qadın
Ziba – ev qulluqçusu, gənc qız
Barmen
1-ci polis
473
2-ci polis
Sevdanın əri Sabir
Jurnalist
Konstitusiya Məhkəməsinin üzvü
Musiqiçilər
Alxasın cangüdənləri
BİRİNCİ ŞƏKİL
Sevdanın mənzili.
Mənzilin sahibəsi, onun əri, ev qulluqçusu və polis işçisi qonaq otağındakı divanda və üstündə
telefon olan kiçik masanın yanındakı kreslolarda əyləşiblər.
POLİS: Onlar zəng eləməlidirlər. Səbrlə gözləmək lazımdır. Maqnitofon qoşulub, danışığınız
yazılacaq. Danışığın yazısı həm vacib dəlildir, həm də hüquqi sənəd.
SEVDA: İki gündür boş-boşuna gözləyirik. Dünənki polis də deyirdi zəng eləməlidirlər. Axı sizə
kim deyib ki, zəng eləyəcəklər. Özləri deyiblər? Yoxsa sizə elə gəlir?
POLİS: İş ondadır ki, adam oğruları mütləq onun qohumlarına zəng vurub öz tələblərini
bildirirlər (müstəntiq təmkinlə izah edir). Adamları müəyyən məqsədlə oğurlayırlar. Çox vaxt
pul tələb edirlər. Amma bəlkə sizin uşağınızı oğurlamaqla nəyə görəsə qisas almaq istəyiblər?!
Düşməniniz yoxdur ki?
SEVDA: Mən dünən də dedim ki, bizim düşmənimiz yoxdur, heç olmayıb da. Ancaq dostlarımız
var. (Ərinə müraciətlə) Elə deyil?
474
Əri, razılıq əlaməti olaraq, dinməzcə başını yelləyir.
POLİS: Uşağı axırıncı dəfə kim görüb?
SEVDA: (qulluqçunu göstərir) O. Bu qızı artıq beş dəfə dindiriblər. Məktəb həyətində uşağı
gözləyirmiş ki, evə gətirsin. Eminçik çıxanda ona sarı gedib. Elə həmin anda iki kişi uşağa
yaxınlaşıb, hərəsi bir tərəfdən qolundan tutub maşına oturdublar. Qız da dallarınca qaçanda
özündən gedib.
POLİS: Əgər mümkünsə, qoyun özü danışsın.
SEVDA: Buyuracaqsız. Amma mən elə danışıram ki, siz başa düşəsiniz…
POLİS: (üzr istəyən tərzdə) Axı siz orada olmamısınız. (Qulluqçudan soruşur) Siz onların
üzlərini gördünüzmü?
ZİBA: Birini yaxşı gördüm.
POLİS: Onu təsvir edə bilərsinizmi?
ZİBA: Lap mənim İsrafil dayıma oxşayırdı. Elə bil bir almadır yarı bölüblər.
POLİS: Çox gözəl. Mən sizin dayınızı görə bilərəmmi?
ZİBA: O, Şamaxıda yaşayır, Quşçu kəndində. Amma dayımın bura dəxli yoxdur. O özünün iki
balasını atıb, özgə uşağını neyləyir?
POLİS: Siz oğruların maşınının nömrəsini demisiniz: 77-99 nömrəli, qara rəngli xarici maşın.
Biz isə aydınlaşdırmışıq ki, bu, sarı rəngli süd maşınıdır.
ZİBA: Yadımda nə qalıbsa, onu demişəm.
SEVDA: Mən artıq izah eləmişəm. 77-99 mənim mobil telefonumun nömrəsidir. Dünənki
ürəkkeçməsin-dən sonra bu onun xatırladığı yeganə rəqəmdir.
POLİS: Bəs sizin sürücünüz? O nə görüb?
SEVDA: O yatıbmış. Maşın dayanan kimi onu yuxu basır (ərinə müraciətlə). Elə deyil?
Əri, razılıq əlaməti olaraq, dinməzcə başını yelləyir.
POLİS: Sizin ən yaxın qohumlarınız kimlərdir? Onlarla da bir söhbət etmək lazımdır.
SEVDA: Anamla danışmaq faydasızdır. O öz evindədir, durmadan ağlayır. Atamınsa düz iki
saatdır telefonu bağlıdır. Heç özü də zəng vurmur. Bilirəm ki, o, prokurorun yanında olub. Bir
saat əvvəl qəbul otağına zəng vurdum, dedilər elə indicə getdi, prokurorun da ismarıcını mənə
475
çatdırdılar ki, deyin həyəcanlanmasın. İki gündür elə hamı, bu gün də prokuror məsləhət görür
ki, həyəcanlanmayım, narahat olmayım. Axı mən necə narahat olmaya bilərəm?
POLİS: Bizim rayonun prokuroru yalnız faydalı məsləhətlər verir. Tezliklə özünüz buna əmin
olacaqsınız.
SEVDA: Günün günorta çağı, şəhərin mərkəzində uşağı oğurlayıblar, ancaq iki sutkadır boş-boş
danışırlar. Bu polis hara baxır axı?
POLİS: Bizim polis həmişə lazımi istiqamətə baxır. Əgər Bakıda, şəhərin mərkəzində uşağı
oğurlayıblarsa, o uşaq tapılacaq! Başqa cür ola bilməz. (Mənəvi dəstək üçün Sevdanın ərinə
müraciət edir) Düzmü deyirəm?
O, razılıq əlaməti olaraq, dinməzcə başını yelləyir.
POLİS: (qulluqçuya, ümidlə) Bəlkə bu arada nəyisə xatırladınız, məsələn, hansısa xüsusi bir
əlamətini? Yaxud hansısa sözünü.
ZİBA: Yadıma düşdü! Dayıma oxşamayanın - o birinin mənə dediyi söz yadıma düşdü. Amma
deyə bilmərəm, utanıram.
SEVDA: (gözünün yaşını silərək) Utanmaq lazım deyil, burda körpə uşaq yoxdur ki. De, mən
icazə verirəm. Hə!
ZİBA: Onun gözləri parıldadı, bığları biz-biz durdu, vahiməli səslə dedi ki, sürüş burdan, qancıq!
Bir söz desən, səni küncə çəkib… dinq-dinq elərəm. Əvvəl-əvvəl ağrıtsa da, sonra alışacaqsan.
Elə bunu eşidən kimi huşumu itirdim. Amma maşının nömrəsi indiyə qədər gözümün
qabağındadır: 77-99.
SEVDA: (polisdən soruşur). Dinq-dinq nə deməkdir?
POLİS: (azca tutulur, sonra) Şübhəsiz ki, hansı hərəkətləsə təhdiddir. Belə hərəkətlərə görə də
cəza nəzərdə tutulur. Protokola əlavə eləmək lazımdır. Siz necə dediz? Dinq-dinq? (yazır)
SEVDA: Sizi lənətə gələsiz, pozğunlar. Gör nələr düşünüb tapırlar! (dəstəyi götürür). Anama
zəng edim. (danışır) Atam gəldi? Heç zəng də eləməyib? Görəsən niyə? Düzü, mən də narahat
olmağa başlayıram. Bəla gələndə tək gəlmir. Deyirəm, bəlkə onu da oğurlayıblar. Yaxşı, yaxşı,
anacan, sakitləşdirdin məni. Atam qayıdan kimi zəng vur, yaxşımı? (dəstəyi qoyur) Anam deyir
ki, ərini oğurlamaq fikrinə düşənlərin vay halına. Anamın gözündə atam hələ də dünyada ən
ağıllı, ən yaraşıqlı, ən güclü adamdır. Eminçik isə balaca, zəif uşaqdır. (bərkdən hönkürür)
İKİNCİ ŞƏKİL
476
«FİNAL» restoranı. Axşam saatlarıdır. Kiçik zalda adam azdır. Mikrofon, gücləndirici və
dinamiklərdən istifadə etməyən orkestr dinləyicilərin ruhunu oxşayan həzin bir melodiya çalır.
Dəmir bəy Muxtarov zala daxil olur. Kənardan elə görünür ki, dəbəuyğun boz kostyum geymiş
bu ucaboy, qamətli adamı iki cangüdən müşayiət edir. Dar alnına, bulanıq baxışlarına, ifadəsiz,
spesifik sifətinə və yekəpər gövdəsinə görə Bakıda bu növ adamları haqsız olaraq nədənsə,
hambal adlandırırlar.
Alxas Qədimovdan başqa, zaldakıların heç birinin ağlına gəlməz ki, Dəmir bəyin yanınca
gələnlər onun cangüdənləri deyil, bir növ, dustaq nəzarətçiləridir. Onlar Dəmir bəyi Alxasın
əyləşdiyi masanın yanına gətirirlər. Telefonu Dəmir bəyə uzadırlar.
HAMBAL: – Buyurun telefonunuzu. Bağışlayın ki, biz onu müvəqqəti söndürmüşdük.
DƏMİR BƏY: (masa arxasında əyləşən Alxasa müraciətlə) Bilirdim ki, sən cinayətkarsan, amma
belə azğın cinayətkar olduğunu təsəvvür eləmirdim. Sənin bu əclafların məni evimin qabağında
tutub maşına basdılar, telefonumu əlimdən aldılar, bura gətirdilər. Elə bilirsən, bu sənə baha başa
gəlməyəcək?
ALXAS: Adam bir salam verər. Otur (işarə ilə adamlarını buraxır) Gedin dincəlin. Dəmir
müəllim qalacaq, bura onun xoşuna gəldi. Başa düşürəm niyə qəzəblənirsən, amma təqsir
özündədir. Dünən axı sənə zəng vurdum, restorana dəvət elədim, nəzakətlə danışdım, dedim
söhbətləşsək pis olmaz. Bəs sən mənə nə cavab verdin? «Mən məşğulam, səninlə söhbətə nə
vaxtım var, nə də həvəsim var».
DƏMİR BƏY: Elə indi də deyirəm, mən səninlə danışmaq hayında deyiləm. (qapıya yönəlir)
ALXAS: (onun ardınca) Uşaq barədə də danışmaq istəmirsən?
Dəmir yerə mıxlanmış kimi donub qalır.
DƏMİR BƏY: (masanın yanına qayıdır) O sağdır?
ALXAS: (birnəfəsə deyir). Sağ-salamatdır və artıq yarım saatdır ki, evdədir. Dünən sən dəstəyi
atmasaydın, nəvən evdə gecələyərdi.
DƏMİR BƏY: (oturub nömrəni yığır) Nə oldu? Şükür allaha! (evlə danışığını bitirəndən sonra
Alxasa) Deməli, belə çıxır ki, nəvəmi sənin adamların oğurlayıbmış?!
ALXAS: (guya hirslənir) Dediyi sözə bax da! Mən uşaq oğurlayan adama oxşayıram?
DƏMİR BƏY: Lap iki damcı çirkab suyu kimi.
ALXAS: Düz sözə nə deyəsən, doğru deyirsən, səninlə bizim söhbətimiz tutmur. Amma iş işdir,
danışmaq lazım gələcək… Başa düş, sənin nəvəni çox ciddi adamlar oğurlayıblar. Bildin? «Sağ
ol» de ki, mən bunu bilmişəm. Onu mənə görə buraxıblar. Vicdanım haqqı! Ancaq məsələ
bununla bitmir, hər şey hələ indi başlayır.
|