Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 67
MÖVZU 32 Nüvə, kimyəvi, bakterioloji və kombinəolunmuş zədələnmə ocaqlarında ilk tibbi yardım Mülki müdafiənin tibb xidməti tərəfindən yaralılara və xəstələrə göstərilən tibbi yardım 3 növə
ayrılır: İlk tibbi yardım, ilk həkim yardımı, ixtisaslaşdırılmış tibbi yardım.
İlk tibbi yardım- yaralanmış və xəstələnmiş adamın halını yüngülləşdirə biləcək ən sadə
tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə zədələnmə yerində və ya onun
yaxınlığında ən tez müddətdə göstərilir. Belə yardımı SD, SP və MM şəxsi heyəti göstərir. Tibbi
yardımı əhalinin özü də özünəyardım və qarşılıqlı yardım qaydası ilə göstərməyi bacarmalıdır. Bu
məqsədlə İTY göstərmək qaydaları bütün əhaliyə xüsusi proqramlar əsasında hələ əmin amanlıq (sülh)
dövründə əvvəlcədən öyrədilir.
Nüvə zədələnmə ocağında ilk tibbi yardım. Ocaqlarda işə başlamazdan əvvəl tibb xidməti rəisi
SP və SD–lar qarşısında duran konkret vəzifələri müəyyənləşdirməlidir və aşağıda göstərilənləri
bilməlidir:
1. SD işləməli ərazini bilməli və SD xilasetmə dəstələrinin komandirinə tabe olmalı;
2. SD-nin iş müddəti;
3. Xəsarətalmışların sayı, yeri və ocaqdan çıxarılma yolları,nəqliyyat yükləmə yerləri;
4. Düşmənin təkrar hücum təhlükəsi yarandıqda əhalinin xəbərdarlığı və mühafizə üsulları;
5. Ərazinin dozimetrik nəzarət qaydası və maksimal həddə yol verilən şüalanma dozası.
Radioaktiv çirklənmədən mühafizə olunmaq üçün sığınacaqlardan və radiasiya əleyhinə
daldalanacaqlardan, həmçinin fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır.
Nüvə zədələnməsi zamanı ocaqlarda göstərilən İTY tədbirlərinə aşağıdakılar aiddir: 1. Xəsarətalmışların axtarılması və təhlükəli sahələrdən çıxarılması (əleyhqaz geyindirərək);
2. Yanan paltarların söndürülməsi;
3. Qanaxmaların müvəqqəti saxlanması;
4. Yanıqlarda ağrıkəsicinin vurulması;
5. Yanıqlarda steril sarğıların qoyulması;
6. Yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpası;
7. Fərdi aptekçədən istifadə etməklə qusma və qıcolma preparatlarının tətbiqi;
8. Süni tənəffüs üsullarının tətbiqi;
9. Ürəyin qapalı massajı;
10. Ətraf sümüklərin sınıqlarında immobilizasiya.