Dilçilik fəaliyyəti. Ə.Dəmirçizadənin “Müasir Azərbaycan
dilinin fonetikası” kitabı bu nailiyyətlərin önündə gedən,
dilçiliyimizin qızıl fonduna daxil olan əsərlərdəndir. İlk
variantını 1947-ci ildə yazdığı bu əsəri müəllif eksperiment
əsasında genişləndirərək ayrıca kitab halında çap etdirmiş və
sonralar daha da təkmilləşdirərək dərsliyə çevirmişdir. Bu
əsərdə məntiqi mühakimə çox güclüdür. Mövzular məntiqi
olaraq bir-birindən doğur. Ona görə də əsərin bölmələri böyük
bir zəncirin həlqəciklərini xatırladır, bu zəncirin həlqəcikləri
kimi bir-biri ilə möhkəm bağlıdır. Bəzən professorun ifadə
tərzinin çətinliyindən danışılır. Bunlar ifadə tərzində çətinlik
deyil, mühakimə və təfəkkür zənginliyidir. Bu xüsusiyyət onun
əsərlərinin çoxunda özünü göstərir. Onun 1969-cu ildə çap
etdirdiyi “Azərbaycan dili orfoepiyasının əsasları” kitabından
orfoepik normalar haqqında kifayət qədər məlumat almaq
mümkündür. Ümumiyyətlə, tələffüz və xüsusən orfoepik
tələffüz, ədəbi tələffüzün mənbələri və pozulma səbəbləri,
tələffüz üslubları, lüğəvi, qrammatik və qrafik şəraitdə tələffüz
və s. haqqında professorun qeydləri yeni və orijinaldır. Vahid
tələffüz qaydalarına əməl etməyin zəruriliyi hələ hamıya eyni
dərəcədə aydın olmadığından bu əsər yalnız dar ixtisas sahibləri
üçün deyil, hər bir mədəni şəxs üçün faydalıdır. Ədəbi və
mədəni tələffüz vərdişlərinin yayılma və inkişafında, düzgün
tələffüz normalarının təlim və tədrisində bu əsərin mühüm rolu
vardır. Ə.Dəmirçizadə yaradıcılığı boyu Azərbaycan dili lüğət
tərkibinin sağlam bir yolla inkişafı, zənginləşməsi yolunda
imkan və bacarığını əsirgəməmişdir. Onun bu sahədə qayğısı
təkcə elmi-nəzəri məqalə və kitabları ilə məhdudlaşmır. O, geniş
auditoriyalarda da, yığcam fərdi söhbətlər zamanı da yersiz
işlədilən əcnəbi sözə etirazını bildirmədən keçməzdi. Biz
“həştad” dedikcə o bizi “səksən” ə öyrətmişdir. O, milli dilə
münasibətdə bizim cəmiyyətin, bizim quruluşun verdiyi
8
imkanlardan səmərəli istifadəni təbliğ edərdi. Ə.Dəmirçizadə
həm tarixi leksikologiya, həm də müasir dilimizin lüğət
tərkibinin tədqiqi məsələləri ilə məşğul olmuşdur. “Dilin lüğət
tərkibi haqqında...” (1952), “Müasir Azərbaycan dilinin əsas
lüğət tərkibi və qrammatik quruluşu” (1965), “Azərbaycan
dilinin üslubiyyatı” (1962) adlı kitablarının müəyyən
bölmələrini Azərbaycan dili lüğət tərkibinin tədqiqinə həsr
etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və
qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə
hissələri, onların hər birinin ümumi zəruri və xüsusi xarakter
əlamətləri barədə fikirlərini diqqətlə ümumiləşdirməyə
çalışmışdır. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını
öyrənmək üçün bu əsərlərdən kifayət qədər məlumat almaq
mümkündür. O, dilin qrammatik quruluşu-morfologiya və
xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində
böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da
fikir və mülahizələri orijinaldır. Dilimizin sintaktik quruluşunun
tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın
görünür. O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca
məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem
– morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı
şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında
qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək
onu
dilin
əsəb
sistemi
kimi
qiymətləndirmişdir.
Ə.Dəmirçizadənin sifət haqqında qeyd və mülahizələri öz
orijinallığı ilə diqqəti cəlb edir. Onun bu barədə fikri prinsip
etibarilə dilçiliyimizdə sifət haqqında yazılmış bütün əsərlərdən,
demək olar ki, fərqlənir. Leksik-qrammatik mənanı və morfoloji
əlaməti birinci, sintaktik vəzifəni ikinci plana çəkməklə, o,
sifətə, bir nitq hissəsi kimi, daha sabit mövqedən yanaşmışdır.
İndi onun mövqeyi çoxları tərəfindən təqdir edilməkdədir. Bu
hal sifət dərəcələrinin bölgüsünə münasibətdə də özünü göstərir.
9
Onun müasir Azərbaycan dili sintaktik quruluşunun müxtəlif
sahələrinə dair əsərlərini bir yerə yığsaq, böyük bir kitab alınar:
“Müasir Azərbaycan dilində sadə cümlələr” (1950), “Qovuşuq
cümlələr” (1947), “Azərbaycan dilində uzlaşma” (1950),
“Mübtədanın sualları haqqında” (1955), “Mürəkkəb cümlələr”
(1-ci məqalə 1947, 2-ci məqalə 1948) və s. məqalələrinin hər biri
kiçik bir monoqrafiyanı andırır. “Müasir Azərbaycan dili (cümlə
üzvləri)” (1947) kitabını da bura əlavə etsək, ümumi mənzərə
tamamlanmış olur. Bu əsərlərdə sintaksisin, demək olar ki,
bütün əsas məsələləri əhatə edilmişdir. O, cümlənin məqsəd və
intonasiyaya görə növlərini ilk dəfə geniş şəkildə işləyərək,
prinsip kimi məqsədlə avazlanmanı birgə götürməyi məsləhət
görmüşdür. “Qovuşuq cümlələr” adı altında həmcins üzvlü
cümlələri tədqiq etmişdir. Ə.Dəmirçizadə ilk dəfə tabesiz və
tabeli mürəkkəb cümlələrin oxşar və fərqli cəhətlərini nəzərdən
keçirərək, budaq cümlələri çevrilmiş və müstəqil cümlələr adı
altında iki növə ayırmışdır. Burada bəzi budaq cümlələr (nəticə
b. c. və s.) haqqında məlumat tamamilə yenidir, bəzi budaq
cümlələr isə ilk dəfə dərinləşdirilmiş və genişləndirilmişdir.
Professor bu vəfasız dünyaya göz yummazdan bir neçə gün
əvvəl 40 ildən artıq bir müddətdə üzərində yaradıcılıq işi
apardığı monumental “Azərbaycan ədəbi dili tarixi” (1979)
kitabını ortaya qoydu. Bu kitab ədəbi dilimizin həqiqi tarixini
üzə çıxarmaq sahəsində ən qiymətli bir kitab olub, bütün türk
xalqları, bütün türkologiya üçün bir nümunə sayıla bilər.
Professor bu kitabda dilimizin tarixini xalqımızın tarixi ilə
vəhdətdə öyrənmiş və öz dərin biliyi, zəngin təcrübəsi ilə hər iki
sahəni obyektiv şəkildə işıqlandıra bilmişdir. Onun dilimizin
tarixi ilə bağlı fikirləri daim yeni faktlarla özünü doğrultmaqda
və yalançı müddəaları təkzib etməkdədir.
Bu alimin yaradıcılıq irsi haqda çox danışmağa ehtiyac
yoxdur. Bu gün onun “əsl fədakar” təyinatı ilə ifadə olunan
10
tərcümeyi-halını, elmi-metodoloji, poetik-estetik mizan-düzənli
mühazirələrini xatırlayanlar da kifayət qədərdir. Və yəqin ki,
onların arasında, o dövrün belə bir deyimini də yad edənlər var:
“Lalın dilini anası, dilin dilini Dəmirçizadə bilər”...
Sovetlər dönəmində görkəmli dilçilərimizin köklü-köməcli
tədqiq-təhqiqatları sayəsində Azərbaycan dilçiliyinin elmin
digər sahələrinə nisbətən daha mükəmməl inkişaf səviyyəsinə
yetməsi faktı az-çox milli-vətəndaş duyğusu olan hər kəsə
bəllidir.
Dostları ilə paylaş: |