Ümumxalq Azərbaycan dili və ədəbi dilinin tarixi: Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili olub, dünyanın geniş yayılmış dillərindən biridir. Azərbaycan Respublikasının əhalisi ilə yanaşı, Cənubi Azərbaycanın da əsas əhalisi Azərbaycan türklərindən ibarətdir. Bu dildə 50 milyona qədər insan danışır. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də azərbaycanlılar toplu halında yaşayır və ana dilində ünsiyyət qururlar. Azərbaycan dili dünyanın qədim dillərindən biridir. Ümumxalq Azərbaycan dili V əsrdə formalaşmışdr. VI-VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkül və inkişaf dövrüdür.Bu dörün ən mükəmməl dil nümunələri “Kitabi Dədə Qorqud”un dilində toplanmışdır. Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Suli Fəqihin “Yusif və Züleyxa”, İsanın “Mehr və Vəfa”, Qul Əlinin “Qisseyi-Yusif” məsnəviləri, “Dastani-Əhməd Hərami” poeması, Həsənoğlunun qəzəlləri ədəbi dilimizin ilk nümunələri deyil, inkişaf yolunda olan bir ədəbi dilin nümunələridir.
Azərbaycan dili mənşə baxımından türk dilləri ailəsinə- türk dillərinin Oğuz qrupuna daxildir, lakin formalaşma tarixi Oğuz qrupuna daxil olan dillərdən çox qədimdir.Türklərin ən qədim vətəni Ön Asiyadır, şimallı-cənublu Azərbaycan əraziləridir. Türk adını daha qədimlərdən yaşadan və gətirən Turukki tayfası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və Assur dövlətini nəzarətdə saxlamışlar. Turukki sözü “güclü, qüvvətli, törəyən” mənalarında tur/tör sözündən olub, türük/türk sözünü əmələ gətirmişdir. Azərbaycan ərazisində müxtəlif dövlətlər olsa da, (Manna, Midiya, Albaniya, Atropatena) yunan işğalı (e.ə. IV əsr) Parfiya(e.ə.250-226) və Sasanilər (224-652) sülaləri dövründə şimalın və cənubu əhalisi daim birlikdə olmuş, feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan xalqının soykökü olan türkdilli tayfaların konsolidasiyası əsasında III-V əsrlərdə ümumxalq Azərbaycan dili formalaşmışdır. Azərbaycanda türk dilinin formalaşması aborigen türklərin dili hesabına olmuş, müəyən vaxtlarda Azərbaycana qayıdan türk tayfaları onları gücləndirmişdir. XI əsrdə Səlcuq oğuzları Azərbaycana gəlməyə başlayanda artıq Azərbaycan ədəbi dili var idi və bu dilin təşəkkülündə onların elə bir rolu olmamışdır. Azərbaycan dili uzun müddət ədəbi dil kimi digərləri ilə bərabər, səlcuqlara da xidmət etmişdir. Azərbaycan ədəbi dili XIII-XIV əsrlərdə Şərqi Anadoluda yetişən şairlərin şeir dili kimi işlənmiş və bu dildə yazılan şeirlər Osmanlı türk yazılı ədəbi dili üçün ilkin örnək olmuşdur. O dövrün Azərbycan ədəbi dili ilə Anadolu ədəbi dili arasında fərq yoxdur.
Azərbaycan ən qədim dövrlərdən türk yurdudur, eradan əvvəlki birinci minilliyin sonlarında Azərbaycanın cənub hissəsində əhali dövlətin adı ilə atropatenlər, şimalda albanlar adlanırdı, cənubda Atropatena dili, şimalda Alban (Arran) dili ifadələri işlənirdi. Mərkəzi Asiyada böyük türk xaqanlığı yaranandan sonra türk sözü Orta və Mərkəzi Asiyada sürətlə kütləviləşmişdir. Azərbaycanda isə türk sözü V əsrdən-Sasanilər dövründən kütləviləşməyə başlamışdır. Ərəblərin işğalından sonra isə Atropatena sözünü öz şivələrində Azərbaycankimi tələffüz etmiş, əhalini isə azəri adlandırmışlar. Beləliklə, türk sözü V əsrdən işləkliyini genişləndirmiş, azəri sözü isə VII əsrdən işlənməyə başlamışdır. Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə getmişdir. İskəndərin işğalı dövründə, Parfiya asılılığı, Sasanilər və ərəb istilası dövrlərində şimalla cənub birlikdə olmuş, bir çanişinlikdə birləşdirilmişdir. Bu dövrdə proses hər iki ərazidə yaşayan əhalinin birgə türk-azəri dilinin təşəkkülü və inkişafı istiqamətində gedirdi. Bu dil artıq V əsrdə bütövlükdə ümumxalq dili şəklində formalaşma işini başa çatdırmışdır. VI-VIII əsrlər şifahi ədəbi dilin təşəkkülü və inkişafı dövrü kimi daxil olur. Qeyd edildiyi kimi, araşdırmalarda Azərbaycan sözünün Atropatenanın ərəb dilində tələffüzü əsasında yaranması göstərilmişdir, bundan əlavə, ərəblər Azərbaycan ərazisinə işlədilən dili “əl-azəriyə”-azəri dili adlandırmışlar. Azəri sözü tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır. Beləliklə azəri sözü ərəb istilası zamanından intensiv şəkildə işlənmiş, bütün ölkəni isə Azərbaycan adlandırılmağa başlamışlar, dilimizə də bu kökdən olan “əl-azəriyə”-azəri dili demişlər. Ərəblərin işğal siyasəti zəiflədikcə xalq arasında “türk dili” ifadəsi sabitləşmişdir. Orta əsrlərdə Səfəvilər dövlətini türk dilini dövlət dili səviyyəsində işlətməsi, beynəlxalq aləmdə bu adla tanınması “azəri dili” termininin daha çox məhdudlaşmasına səbəb olmuşdur. Azərbaycan türklərinə daim “azəri türkləri “ deyilmiş və bu ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən, həm də şərq türklərindən fərqləndirmişdir. İran dövləti XIX əsrdə Cənubi Azərbaycandakı əhalinin dilini “azəri dili” adlandırmış və izahat vermişdir; “azəri dili”, yəni “zəban-i türkan” (türk dili). Qərbin şərqşünas alimi, ingilis tədqiqatşısı A.Strange “azəri” sözünü “Azərbaycanın qədim türk dili” adlandırmışdır.
Azərbaycan dilinin adı bəzən türk, tatar, bəzən azəri adları ilə adlandırılmışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə dövlət dili türk dili elan olunmuşdur. 1937-ci ildə qəbul edilmiş konstitusiyada dövlət dili haqqında maddə olmamışdır. 1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti 1937-ci il konstitusiyasına Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması haqqında maddə əlavə etmişdir. 1978-ci il konstitusiyasında Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması ilə bağlı maddə saxlanılmışdır. 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili məsələsi müzakirə olunmuş, Azərbaycanın dövlət dilinin türk dili adlandırılması ilə bağlı qərar qəbul edilmişdir. 1995-ci ilin konstitusiyasında qəbul olunmuşdur ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. 18 iyun 2001-ci il tarixdə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı imzalanmışdır. Fərmanın tələbindən irəli gələn ən vacib məsələlərdən biri də kargüzarlığın 2001-ci il avqust ayının 1-dən latın qrafikası ilə aparılmasını təmin etmək olmuşdur. 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin fərmanları bu qayğının parlaq təzahürü olmaqla, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqatın fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur. Hal-hazırda Azərbaycan dili dövlət dili kimi ölkəmizin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.