MÖVZU 12. PSİXİ PROSESLƏR VƏ ONUN TƏLİM FƏALİYYƏTİ İLƏ ƏLAQƏSİ
PLAN:
1. Psixi proseslər və onun təlim fəaliyyəti ilə əlaqəsi
2. Təlim prosesində psixi proseslərin qanunauyğunluq-
ların nəzərə alınması
1. Təlim fəaliyyətinin psixi proseslərlə sıx qarşılıqlı əlaqəsi vardır. Bir tərəfdən təlim fəaliyyəti bütövlükdə şagirdlərdə psixikanın inkişafına təsir etdiyi kimi, psixi proseslərin inkişafında aparıcı rol oynayır. Digər tərəfdən təlim fəaliyyətinin təşkilində psixi proseslərin qanunauyğunluqlarının nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Bu cür qarşılıqlı təsirin xüsusiyyətlərini bilmək təlim fəaliyyətinin idarə olunmasının mühüm şərtlərindən biridir.
Təlim fəaliyyəti şagirdlərin psixi proseslərinin bütün növlərinin qarşısına yüksək tələblər qoyur. Şagirdlərin təlim fəaliyyətində mühüm rol oynayan psixi proses və halətlərin özləri də təlim prosesinin özündə təşəkkül tapır və inkişaf edir. Təlim prosesində şagirdlərin fəallığının birinci növbədə onların diqqətlilik səviyyəsi ilə ölçürlər. Bununla yanaşı, diqqətin inkişafında təlim fəaliyyətinin geniş imkanları vardır. Tədris prosesində şagirdlərin diqqətinin inkişafına materialın məzmununun və çatdırılma yollarının düzgün seçilməsi əsaslı təsir göstərir.Uzun sürən, yaradıcı olmayan tədris işləri diqqəti nəinki inkişaf etdirmir, əksinə onun mərkəzləşməsini zəiflədir, şagirdləri diqqətsizliyə alışdırır. Təlim fəaliyyətin elə təşkil edilməlidir ki, şagirdlərdə iradi cəhdin təzahürünə imkan yaratsın. Belə olduqda təlim fəaliyyəti diqqətin, iradi diqqətin inkişafına təkan verə bilir. Təlim müterialının mənimsənilməsi onun qavranılmasından başlanır.
Qavrayışın inkişafı da təlim fəaliyyəti ilə bağlı olur. Xüsusilə qavrayışın ixtiyari növü olan müşahidənin formalaşmasına təlim fəaliyyəti əsaslı təsir göstərir. Müşahidə - obyektlərin dərk olunması üçün onların məqsədəyönəlmiş, planlı qavranılmasından ibarətdir. Təlim fəaliyyətində şagirdlər daima tədris materialını bu cür qavramağa yönəldilirlər.
Təlim fəaliyyətində hafizənin də rolu böyükdür. Hər bir aktual fəaliyyət hafizə proseslərindən kənarda mümkün deyildir. Ona görə də, şagirdlərdə hafizənin inkişaf etdirilməsi təlim fəaliyyəti üçün zəruri olmaqla yanaşı, eyni zamanda həmin fəaliyyətin başlıca vəzifələrindən biri hesab olunur. Məsələn, müəllim təlim prosesində yadda saxlanılacaq materialın əhəmiyyətini şagirdə başa salmaqla, onda yaddasaxlama ustanovkası yaratmaqla, eyni zamanda şagirddə hafizənin, onun proseslərinin inkişafına kömək etmiş olur.
Təlim fəaliyyəti şagirdlərdə təfəkkürün inkişafında mühüm rol oynayır. Təlim fəaliyyəti düzgün qurulduqda yaradıcı təfəkkürün müstəqillik, tənqidilik kimi keyfiyyətlərinin inkişafını təmin edir. Təlim prosesində şagirdlərdə məfhum- ların formalaşması, anlama, fikri iş priyomları və s. formalaşması və inkişafı baş verir. Bunların necə formalaşması və inkişafı baş verir.İnsan fəaliyyətinin bütün növlərində mühüm rol oynayan psixi proseslərdən biri də təxəyyüldür. Hər bir dərs şagirdlərdə təxəyyülün inkişafı üçün imkan yaratmalıdır. Müəllim dərs zamanı şagirdlərin yaradıcı işinin təşkilinə diqqət yetirdikdə, onlar müstəqil olaraq yeni obrazlar yaratmaq tələbi ilə qarşılaşırlar. Bu isə təxəyyülün inkişafına öz müsbət təsirini göstərir. Təlim prosesində şagirdlərdə istər bərpaedici, istərsə də yaradıcı təxəyyülün inkişafı üçün geniş imkanlar mövcuddur. Müxtəlif formalı inşa yazılar, şəkil üzrə təsvir, sxem və çertyojlar üzrə aparılan iş, bədii əsərlərin təhlili və s. baxımdan böyük əhəmiyyətə malikdir.
Təlim fəaliyyəti şagirdlərdə hisslərin və iradənin inkişafında da mühüm əhəmiyyətə malikdir. Təlim prosesində şagirdlərdə əxlaqi, estetik, zehni hisslər inkişaf edir. Bununla yanaşı olaraq təlim fəaliyyətinin icrası, təlim materiallarının məzmununun təsiri altında şagirdlərdə dözümlülük, təkidlilik, mərdlik, cəsarətlilik və s. kimi iradi keyfiyyətlər formalaşır və inkişaf edir.
2. Tədris prosesinin səmərəli şəkildə təşkili şagirdlərin birinci növbədə şagirdlərin məntiqi və praktik məsələləri həll etməsi üçün optimal şəraitin yaradılmasını tələb edir. Müəllimin dərsdə bu cür şəraiti yaratması üçün hər bir psixi prosesin qanunauyğunluqlarını bilməsi, anlaması və öz fəaliyyətində ondan lazımi səviyyədə istifadə etməsi lazım gəlir. Diqqətin, qavrayışın, hafizənin, təfəkkürün, nitqin, təxəyyülün qanunauyğunluqlarını dərindən bilən müəllim təlim fəaliyyətində onları nəzərə alır və şagirdlərin mənimsəmələrinin səmərəliliyi artır.
Tədris prosesində mühüm əhəmiyyətə malik olan psixi proseslərdən biri də diqqətdir. Tədris prosesində diqqətin keçirilməsi qanunauyğunluqlarının nəzərə alınması az əhəmiyyətə malik deyildir. Dərs günü müddətində müxtəlif tədris fənlərinin bir-birini əvəz etməsi, dərsdə materialın öyrənilməsi mərhələlərinin ardıcıllığı, şagirdlərin fəaliyyət növləri və formalarının bir-birini əvəz etməsini nəzərdə tutur. Bütün bunlar tədris prosesində diqqətin keçirilməsinin nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir.Təlim fəaliyyətinin müvəffəqiyyətlə yerinə yetirilməsində qavrayış prosesi həlledici rol oynayır. Qavrayışın qanunauyğunluqlarının tədris prosesində nəzərə alınması müəllimin qarşısında duran mühüm vəzifələrdəndir. Qavrayışın tədris prosesində nəzərə alınması zəruri olan cəhətlərdən biri onun tamlığıdır. Qavrayışın tamlığının təsiri altında bəzən idrak obyektindəki çatışmazlıq nəzərdən qaçır. Məsələn, şagird sözündə "i" hərfinin buraxılmasına baxmayaraq məktəbli onu şagird kimi qavrayır. Məktəblilərin öz yazılarında yol verdikləri səhvləri bəzən görə bilməmələri məhz qavrayışın bu xüsusiyyəti ilə bağlıdır.Tədris prosesinin təşkili zamanı qanunauyğunluqların nəzərə alınması zəruri olan psixi proseslərdən biri də hafizədir. Hafizənin bu və ya digər növlərinin xüsusiyyəti, qanunauyğunluqları ilə tanışlıq və həmin xüsusiyyətlərin nəzərə alınması təlim fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərir. Hafizənin nəzərə alınması zəruri olan xüsusiyyətlərdən biri də öyrənmənin, yaddasaxlamanın səmərəli yollarından ibarətdir.
Yaddasaxlamanın səmərəliliyi qarşıya yadda saxlama məqsədi qoymaqdan ibarətdir. Təlim materialının yaxşı yadda saxlamaq üçün nə vaxt öyrənməyə də xüsusi diqqət yetirilməlidir. Həddindən artıq yorğun olduqda, istirahət etmədikdə öyrənmə lazımi səviyyədə getmir. Təcrübə göstərir ki, materialı axşam bir neçə dəfə oxumaq, səhər isə bir daha təkrar edərək öyrənmək yaxşı nəticə verir.
Yaddasaxlamanın səmərəliliyini artırmaq üçün insanın təxəyyül prosesinin rolu az deyildir. Materialı öyrənərkən orada təsvir olunanların təxəyyüldə canlan- dıra bilmək sanki insanı bir növ həmin hadisələrin iştirakçısına çevirir, təsvirə müvafiq surətlərin yaranmasına səbəb olur. Ona görə də müəllim öz şagirdlərinə başa salmalıdır ki, hər hansı materialı öyrənərkən orada təsvir olunan cisim və hadisələrin surətlərini təxəyyüldə canlandırmaq lazımdır.Tədris prosesinin təşkili zamanı təfəkkürün qanunauyğunluqlarının nəzərə alınması xüsusilə böyük əhəmiyyət kəsb edir. Tədris prosesində şagirdlər hər hansı bir fikri məsələni həll etmək üçün daim müvafiq fikri əməliyyatlardan istifadə edirlər. Təfəkkür yeninin axtarılması və kəşfidir. Ona görə də, dərsdə problemli situasiyanın yaradılması zəruridir. Təcrübə göstərir ki, hətta yuxarı sinif şagirdləri bəzən yazı taxtasında, sinfin qarşısında yeni məsələlərin həlli zamanı sıxılır, özlərini itirirlər. Bu cür mənfi emosiya onların təfəkürünü ləngidir, fikir səmərəsiz cərəyan edir. Halbuki həmin şagirdlər bu cür məsələləri parta arxasında tez və müvəffəqiyyətlə həll edirlər.Problemli situasiya yardıldıqda şagird axtarıcı olur, onun əqli inkişafı üçün şərait yaranır. Şagirdlərin təfəkkürü həmişə yaradıcı xarakter daşıyır. İmtahan zamanı şagirdlərdə təfəkkürün sürəti artır. Bir sözlə, imtahan şəraiti onların fikrinin sürətli cərəyanı üçün şərait yaradır. Ona görə şagirdlərin zehni qabiliyyətlərini və biliklərini düzgün qiymətləndirmək üçün onların bu fərdi keyfiyyətləri xüsusi olaraq nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |