Psixoloji ədəbiyyatda yönəlişlik və mərkəzləşmənin xarakterindən asılı olaraq diqqətin 3
növünü qeyd edirlər: qeyri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri-ixtiyari
diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə, məqsədlə bağlı olmayan
diqqətdir.
Qarşıya məqsəd qoymadan psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi
qeyri-ixtyari diqqət üçün xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr
diqqətin seçiciliyini təmin edir.
Qeyri-ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə
malik olmalıdırlar. Bura qıcıqlandırıcıların intensivliyini, gözlənilmədən təsirini, onlar
arasındakı kontrastı, təsir etmə müddətini, həmçinin qıcıqlandırıcıların yeniliyi və qeyri-
adiliyini, şəraitin kəskin dəyişməsini və s. aid etmək olar.
Qeyri-ixtiyari diqqətə səbəb olan digər amillərə isə biz insanın maraq və
tələbatlarına, onun daxili vəziyyətinə üyğun gələn qıcıqlandırıcıları aid edə bilərik.
Qeyri-ixtiyari diqqətin fizioloji mexanizmi İ.P.Pavlovun qeyd etdiyi bələdləşmə
refleksidir. O hər bir yeni stimula qarşı insanın reaksiyası kimi təzahür edərək, hiss
üzvlərini yeni obyektin qavranılmasına hazırlayır.
Qeyri-ixtiyari diqqətdən fərqli olaraq ixtiyari diqqət insanın şüurlu məqsədi ilə
bağlıdır. Onu bəzən iradi, aktiv diqqət də adlandırırlar. L.S.Vıqotski qeyd edirdi ki,
ixtiyari diqqət vasitəli prosesdir, yəni o müxtəlif vasitələrin: işarə, nitqin və qarşıya
qoyulmuş məqsədin vasitəsilə həyata keçirilir.
Ontoqenezdə də ixtiyari diqqətin inkişafını izləsək, görərik ki, bu proses tədricən
baş vermişdir. Yaşlılar uşağın diqqətini sözlü təlimat vasitəsilə lazım olan obyektə
yönəldirlər, onun qarşısında məqsəd qoyaraq uşağın fəaliyyətini təşkil edirlər. Sonra isə
uşaq özü müstəqil şəkildə qarşısına məqsəd qoymaq bacarığına yiyələnir. Fizioloji
səviyyədə ixtiyari diqqətin tənzim olunmasında beynin alın payı iştirak edir.
Diqqətin digər növü isə N.F.Dobrinin tərəfindən ixtiiyaridən sonrakı diqqət
adlandırılmışdır. Diqqətin bu növü ixtiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter
daşıyır və iradi cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu insan üçün o qədər
böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olunmur.
Məhz buna görə də həmin diqqəti ixtiyari diqqət adlandırmaq olmur. Çünki bu
zaman psixi fəaliyyət iradi cəhdlə başlasa da sonradan bu cür iradi cəhd göstərilmədən
davam etdirilir. Onu qeyri-ixtiyari diqqət adlandırmaq da mümkün deyildir. Çünki bu
işə iradi cəhdlə başlanılmışdır. Məhz buna görə də diqqətin həmin növünü N.F.Dobrinin
ixtiyaridən sonrakı diqqət adlandırmışdır. Adətən, ixtiyaridən sonrakı diqqətə keçid
insanın artıq iradi güc sərf etməsinin qarşısını alır.
3.Diqqətin xüsusiyyətləri
Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd edirlər. Bunlar diqqətin
həcmi, paylanması, mərkəzləşməsi, davamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün
adamlarda eyni səviyyədə inkişaf etmir. Məsələn, bəzi adamlarda diqqət daha çox
mərkəzləşməyə, digərində isə paylanmaya meyl edir.
Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin miqdarı ilə müəyyən edilir.
Diqqətin həçmi fərdi şəkildə dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi
olmayan 5 2 obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmini ölçmək üçün
taxistoskop adlanan cihazdan istifadə olunur. Bu cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər,
fiqurlar, rəqəmlər və s.) elə nümayiş etdirilir ki, yoxlanılan şəxs nəzərini bir obyektdən
diqərinə keçirə bilməsin.
Diqqətin həçmi qavranılan cisim və hadisələrin bir-biri ilə nə qədər sıx əlaqədar
olmasından aslıdır. Cisim və hadisələr bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin
həçmi də bir o qədər böyük olar. Bunu aydın görmək üçün aşağıdakı iki şəkilə nəzər
salaq.
A
B
Əgər birinçi şəkli (A) yoxlanana ani olaraq göstərib götürsək və orada neçə xətt
çəkildiyini soruşsaq dəqiq rəqəmi çətin eşidəçəyik. İkinçi şəkli (B) göstərdikdə isə dər hal
12 çavabını alacağıq. Burada yoxlanan 3 xəttdən ibarət olan 4 qrupu birləşdirərək cavab
verir.
Başqa bir misal. Əgər yoxlanana «ü ə n g n a a x b» hərfləri yazılmış lövhəni
göstərib orada neçə hərf olduğunu soruşsaq düzgün cavab çətin alınaçaqdır. Lakin
həmin hərfləri bir söz kimi birləşdirib «günəbaxan» şəklində təqdim etsək burada 9 hərf
olduğunu asanlıqla deyə biləcəkdir.
Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun müddət saxlanılmasında
ifadə olunur. Tədqiqatlar göstərir ki, insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər,
yeni əlaqələri aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə qavranılan
obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin davamlı olmasına gətirib çıxarır.
Bundan başqa diqqətin davamlılığı bir sıra şərtlərdən, məsələn, materialın çətinlik
dərəcəsindən, onun anlaşıqlılığından, subyektin ona münasibətindən, insanın yaşından
və şəxsiyyətin bir çox fərdi keyfiyyətlərindən asılıdır. Diqqətin bu xüsusiyyətini nəzərə
alaraq dərs zamanı hər 10-15 dəqiqədən sonra fəaliyyət növlərinin dəyişilməsi
məqsədəuyğun hesab olunur.
Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox fəaliyyət növünü (və ya
müxtəlif işləri) həyata keçirmək qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının
zəruri şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən biri
avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan həyata keçirilməlidir.
Diqqətin paylanması insanın psixoloji və fizioloji vəziyyətindən çox asılıdır.
Yorğunluq halında, diqqətin daha çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin
həyata kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni zamanda icra edilən fəaliyyət
növlərinin xarakterindən, onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri
sahəsində insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də asılı olur.
Diqqətin keçirilməsi şüurlu surətdə diqqəti bir obyektdən digər obyektə, bir
fəaliyyət növundən digərinə keçirməkdə təzahür edir. Məsələn, müəllim dərs zamanı
diqqətini müxtəlif şagirdlərə, öz fəaliyyətinə, gözlənilmədən baş verən hadisələrə kecirir
və eyni zamanda da o dərsin əsas məzmunundan, planından yayınmır. Keçirilmə hər
hansı bir dəyişən, mürəkkəb situasiyaya daha tez bələdləşmə qabiliyyəti ilə bağlıdır.
Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan baş vermir və çox şərtlərdən asılıdır.
Bunlara əvvəlki və sonrakı fəaliyyətin qarşılıqlı əlaqəsini və subyektin onlara
münasivətini aid etmək olar. İnsan asan işdən çətin isə keçdikdə keçirilmənin
göstəriçiləri aşağı düşür.
Diqqətin keçirilməsi bir fəaliyyətdən digər fəaliyyətə keçmə tezliyində ifadə olunur
və o həm də sinir sisteminin bəzi xassələrindən - dinamiklik və rigidlikdən asılıdır.
Diqqətin mərkəzləşməsi zamanışüurumiz yalnız bir obyekt və ya fəaliyyətə yönəlir.
Fizioloji baxımdan mərkəzləşmə beyində olan dominant oyanma ocağının fəaliyyətilə
bağlıdır. Mərkəzləşmənin masksimal intensivliyi yalnız bir obyektin qavranılması
zamanı baş verir. Diqqətin həcmi artıqça, o mərkəzləşmənin səviyyəsinin aşağı
düşməsinə səbəb olur. Mərkəzləşmə dərk etdiyimiz cism və hadisələrin daha dərindən
öyrənilməsinin, mürəkkəb əşyavi fəalliyyətin yerinə yetirilməsinin psixoloji şərti kimi
çıxış edir.
Diqqətin qeyd olunan xassələri ilə yanaşı bir sıra pozulma hallarına da rast gəlmək
mümkündür. Bunlara diqqətin tərəddüdünü, yayınmasını, dalğınlığı aid etmək olar.
Diqqətin tərəddüdü–müəyyən fəaliyyət zamanı diqqətmizin gah bu, gah da başqa
obyektə yönəlməsi, az və çox müddət onun üzərində mərkəzləşməsidir.
Hətta çox davamlı və mərkəzləşmiş diqqət zamanı biz onun intensivlik dərəcəsinin
qısa müddətli qeyri-ixtiyarı dəyişmələri ilə rastlaşırıq. Bu diqqətin tərəddüdüdür.
Diqqətin tərəddüdü N.N.Lanqe tərəfindən öyrənilmişdir. Onun eksperimentlərində
yoxlanılanlar saatın tiqqiltisini eşidirdilər. Müəyyən zaman intervalı keçəndən sonra
saatın səsi fluktiasiyaya uğqayırdı. N.N.Lanqe qöstərdi ki, tərəddüd dövrü təqribən 2-3
saniyə təşkil edir. Diqqətin tərəddüdünün səbəblərinə yorğunluğu və hiss üzvlərinin
adaptasiyasını aid etmək olar. Diqqətin tərəddüdü onun davamlılığına əks olan bir
xüsusiyyətdir.
Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri-
ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən
ibarətdir. Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri işlədiyimiz yerdə kənar
qıcıqların mümkün qədər olmamasına çalışmaqdır. Lakin buna həmişə nail olmaq
mümkün olmur. Bəzən istər-istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir
göstərdiyi şəraitdə işləməli oluruq. Ona görə də diqqətimiz yayınır. Bu cəhəti nəzərə
alaraq insan özündə həm sakit şəraitdə, həm də kənar qıcıqlandırıcıların təsir göstərdiyi
şəraitdə işləmək bacarığı aşılamağa çalışmalıdır.
Diqqətin yayınması hallarından birini də dalğınlıq təşkil edir. Dalğınlıq insanın öz
diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur. Dalğınlıq halının iki şəklini ayırd
edirlər. Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan dalğınlıqdır. Bu zaman insan
öz diqqətini müəyyən bir obyekt üzərində mərkəzləşdirə bilmir, onun diqqəti davamsız
olur və tez-tez yayınır. Uşaqlarda və yaşlı adamlarda bu cür dalğınlığa tez-tez rast
gəlmək olur. Bunun səbəbi çox yorulmaq, insana təsir edən güclü emosional amillər,
xəstəlik, uşaqda ixtiyari diqqətin tərbiyəsinin düzgün təşkil edilməməsi ola bilər.
İkinci halda dalğınlıq diqqətin hər hansı bir obyekt üzərində çox güclü, gərgin
şəkildə mərkəzləşməsində ifadə olunur. Bunun sayəsində kənar qıcıqlandırıcılar onu
yayındıra bilmir, insan sanki ətraf aləmi «unudur». Bu nöqsan diqqəti paylamağı və bir
obyektdən digərinə vaxtında keçirməyi bacarmamaqda ifadə olunur.
4. Hafizə prosesləri
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz
olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini
əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb
edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni
vermək istərdik.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi
fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən
anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar
onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər
hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi
olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün psixi proseslərin ən
mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin
edir.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu
İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müd-
dəaları ilə sıx bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə hafizənin fizioloji əsasını beyin
qabığında müvəqqəti əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində
müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin
mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş
verən spesifik kimyəvi dəyişmələr durur.
Hafizə mərkəzi harada yerləşir? Son illərdə aparılan psixolo;i tədqiqatlar təsdiq edir
ki, yadasalma və xatırlama emosiya və motivasiya ilə sıx bağlıdır. Məlum olur ki,
informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və motivasiya fəallığını təmin
edən qabıqaltı sahə əhəmiyyətli rol oynayır. Bütövlükdə beynin psixi funksiyasının
lokalizasiyası hələ də tamamilə öyrənilməmişdir. Hələ də informasiyaların beyində necə
kodlaşdırılması, deyək ki, görmə reseptorlarının məlumatlarının necə və beynin hansı
sahəsində qorunduğunu tamamilə öyrənmək mümkün olmamışdır.
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin
travmaları almış xəstələri müşahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki,
beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın,
sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur.
Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb olan fakt ondan ibarət idi
ki, yalnız heyvanlarda deyil, həm də insanlarda da beynin böyük bir sahəsinin
zədələnməsinə baxmayaraq, hafizə pozulmur.
Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi ki, beynin daha çox
zədələnməsi ilə hafizənin pozulması arasında asılılıq mövcuddur. Bu kütlənin
təsiriqanunu adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə hafizənin pozulması
nisbəti düz mütənasibdir. Hətta, beynin cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə,
hafizə itmir. Elə bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının olmasına şübhə
yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər ki, hafizə orqanı bütövlükdə beyindir.
Son vaxtlar baş verən iki elmi yenilik psixikanın informasiya mərkəzinin dəqiq
öyrənilməsinə ümidləri artırmışdır. Birinci, müəyyənləşdirilmişdir ki, beynin bir sıra
sahələrinə təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb zəncirvari yadasalma baş
verir. Yəni insan çoxdan unutduqlarını xatırlayır. Cərrahiyyə əməliyyatından sonra
unutduqlarını asanlıqla yada sala bilir. İkinci, müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi
və ya hər halda məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə
ötürülməsini tənzim edən sahəsinin fəaliyyəti yeni informasiya daxil olanadək mümkün
olmur. Bu mərkəz «qippokamp» adlanır və beynin gicgah sahəsində yerləşir.
Qippokampın iki tərəfli götürülməsindən sonra xəstələr cərrahiyyə əməliyyatına qədər
baş verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər.
Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı hələ də öyrənilməmiş qalır.
Hafizə probleminin yekun həlli uzun illər boyu psixologiya və fiziologiyanın
mübahisə obyekti olmuşdur. Onun həlli beyində informasiya daşıyıcısı olan fiziki
təbiətinin (molekullar, zülallar və s.) öyrənilməsi nəticəsində mümkün olacaqdır.
Hafizənin prosesləri
Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama, yadasalma, tanıma və
unutma kimi prosesləri vardır.
Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm prosesin nəticəsində
yaranır. Onlardan birincisi yaddasaxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif
informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması aparılır. Hafizə prosesinin
ikinci mərhələsi informasiyanın hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və
ya qeyri-ixtiyari yadasalmadır. İnformasiyanın yada salınmasını haqlı olaraq hafizənin
əsas funksiyası, insanın öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.
Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir. Bu
zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi yolu ilə
möhkəmləndirilməsi baş verir.
Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və mexaniki növləri
mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan
öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə,
bəzən mənaya əhəmiyyət vermədən yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda
saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir.
Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən:
beynin
xüsusiyyətlərindən,
mərkəzi
sinir
sistemindən,
mühitdən,
fəaliyyətin
xarakterindən və şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda saxlamanın ən
ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək xeyli çətindir və daha çətini isə onun
səmərəli şəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Baxmayaraq ki, hafizənin
təkmilləşdirilməsi ilə bağlı çoxsaylı metodikalar işlənmiş, tövsiyələr hazırlanmışdır.
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emosional münasibətlərdən asılı
olaraq mexaniki yaddasaxlamanın 16 qanunauyğunluqlarını özündə birləşdirən vahid
sistem təklif etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha güclü və uzunmüddətli yadda
saxlayır.
2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət qədər mürəkkəb olan
informasiya hafizədə hifz olunmur.
3. Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa, yaddasaxlama da o qədər
sürətli baş verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha yaxşı yadda saxlanılır.
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.
6. Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və hadisələr daha asan yadda
saxlanılır. Çünki bu zaman assosiativ təəssürat daha asan və sistemli olur.Burada sanki
əşya və hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx bağlanır.
Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və
ixtiyari növlərini qeyd edirlər.Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan
duyub-qavradıqlarımızın yadda saxlanmasıdır.Çox vaxt bizə emosional təsir bağışlayan
material qeyri ixtiyari olaraq yadımızda qalır.İxtiyari yaddasaxlama isə qarşıya
qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari yaddasaxlamanı xüsusi mnemik iş
kimi xarakterizə edirlər. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı
mnemik məqsədin xüsusiyyətindən asılı olur.İxtiyari yaddasaxlamanın məhsuldarlığı
üçün mühüm şərt kimi yadda saxlanılacaq materialın planını tutmaq, qarşıya
yaddasaxlama, uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı təsnif etmək,
sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. zəruridir.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyri-ixtiyari yaddasaxlamanın
seçiciliyi baxımından fərqlənir.İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan
informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya qohumlarında keçirilən
qonaqlığın yada salınmasına diqqət yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə
geyindiyini, digərləri kimin nə və necə yediyini, üçüncülər isə (yeri gəlmişkən çox az
qismi) məclisin ümumi təsvirini və söhbətlərin məzmununu xatırlayacaqdır.
Yaddasaxlamanın davamlılığından asılı olaraq qısamüddətli və uzunmüddətli
növləri də vardır.Qısamüddətli yaddasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli
yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı
da qeyd edirlər.Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07
rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq kifayətdir. Yaxud yeni tanış
olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə
yadda saxlayırıq.
Yadasalma əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən
operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan
hafizə prosesidir.Yadasalma da ixtiyari və qeyri-ixtiyari olur.
Dostları ilə paylaş: |