S O S İ A L T Ə S İ S A T L A R
Plan:
1. Sosial təsisatların sosiologiyası.
2. Ailə və nigahın sosiologiyası.
3. İqtisadiyyatın və siyasətin sosiologiyası
4. Dinin sosiologiyası
5. Təhsilin və elmin sosiologiyası.
Ədəbiyyat:
Vahidov F.,Ağayev T.Sosiologiya, dərs vəsaiti, Bakı, 2005.
Əfəndiyev M,Şirinov A. Sosiologiyanın nəzəri problemləri, Bakı, 2001
А.И.Кравченко Основы социологии, Москва, 2006.
Н. Смелзер. Социология, Москва, 1994.
Фроллов С.С. Социология, Москва, 2002
З.Т.Голенков,М.М.Акулич,В.Н.Кузнетсов Üмуми sosiologiya, Bakı,2007
A.M.Piriyev, X.B.Əfəndiyeva Sosiologiya və politologiyadan mühazirə mətnləri, Baki, 2009
1.Sosial təsisatların sosiologiyası.
Cəmiyyətin sosial təşkili çərçivəsində sosial əlaqə və münasibətlərin müəyyən davamlılığını təmin edən spesifik birlik sahələri sosial təsisatlar adlanır. Onlar həm
xarici-formal strukturu nöqteyi-nəzərindən, həm də daxili fəaliyyətinə görə xarakterizə oluna bilər. Sosial təsisat xarici görnüşünə görə müəyyən maddi vasitələrlə təchiz edilmiş və konkret sosial funksiyaları yerinə yetirən təsisatların və onların iştirakçılarının məcmusudur. Mahiyyətinə görə o müəyyən qrup şəxslərin konkret şəraitlərdə müəyyənləşdirilmiş standartlara uyğun davranmasıdır. Məsələn, ədliyyə sosial təsisat kimi xarici baxımdan haqqın, ədalətin müdafiəsini həyata keçirən şəxslərin, müəssisələrin və maddi vasitələrin məcmuyu kimi xarakterizə oluna bilər. Məzmun və mahiyyətinə görə isə qeyd etdiyimiz sosial funksiyaların həyata keçirilməsini təmin edən səlahiyyətli şəxslərin standartlaşdırılmış davranış tərəflərinin məcmusudur. Göstərilən davranış standartları ədliyyə sistemi üçün xarakterik olan sosial rollarda (məhkəmə, prokuror, vəkil və s.) öz əksini tapır.
Sosial təsisatlar tərkiblərinə daxil olanların hərəkətləri həmin sosial təsisatın müəyyənləşdirdiyi standartlara uyğun gəldikdə onları rəğbətləndirir, gəlmədikdə isə rədd edilir. Bu yolla da daxili nəzarəti həyata keçirilir. Hər bir sosial təsisat onun nailiyyətlərini təmin edənləri, sosial rollarını və mövqelərini düzgün həyata keçirən üzvləri rəğbətləndirmək, başqa cür davranan üzvlərə isə nəzarəti gücləndirmək kimi sistemli sanksiyaları ilə xarakterizə olunur. Sosial təsisatlar sosial normalar və sosial münasibətlərəsasında formalaşır. Gəmiyyətin tarix boyu yaratdığı dəyərlər onları birləşdirir.
Ən mühüm sosial təsisatlar siyasi hakimiyyətin yaranması və müdafiə olunmasını təmin edən təsisatlar hesab olunur. Fəaliyyəti hüquqi və sosial normalar sistemi ilə müəyyən edilən ailə də cəmiyyətin əsas sosial təsisatlarındandır. Bundan əlavə cəmiyyət həyatında sosial-mədəni, elmi, dini, iqtisadi və s. təsisatlar da
fəaliyyət göstərir. Sosial təsisatlar ictimai mühitlə sıx qarşılıqlı əlaqədardır. Bu qarşılıqlı əlaqə və təsirlər əsasən normal münasibətlərə əsaslanır. Sosial təsisatla ictimai mühit arasında qarşılıqlı təsirdə əsas cəhət sosial təsisatın əsas funksiyasının həyata keçirilməsi, yəni konkret sosial təbəqələrin tələbatının ödənilməsidir.
Sosial təsisat ictimai həyatda aşağıdakı funksiyaları yerinə yetirir:
1) Üzvləri özlərinin müxtəlif növlü tələbatını ödəmək imkanı yaradır;
2) Sosial münasibətlər çərçivəsində üzvlərin hərəkətlərini nizamlayır, yəni arzuolunan funksiyaların yerinə yetirilməsini təmin edir və arzuolunmaz davranışa qarşı cəza tədbirlərini həyata keçirir;
3) İctimai funksiyaları saxlayır və təkrarən yaradır, ictimai həyatın sabitliyini müəyyənləşdirir, sosial prosesləri tənzim edir;
4) Fərdlərin istək, əməl və münasibətlərini qovuşdurur və toplunun daxili birliyini təmin edir, təsisatlararası inteqrasiya prosesini gücləndirir.
Müasir cəmiyyətdə hər bir insan saysız-hesabsız təsisatların əməyi və xidmətlərindən istifadə edir: o, ailədə doğulur,tərbiyə alır, müxtəlif tipli məktəblərdə təhsil alır, müxtəlif yerlərdə işləyir, radio və televiziyadan, qəzet və jurnallardan informasiya alır, ictimai müəssisələr onun tələbatını təmin edir və s. Sözün qısası hər bir insan özünün həyati tələbatını ödəməyə can atarkən müxtəlif sosial münasibətlərə daxil olur, yəni onun fəaliyyətini və davranışını nizamlayan müxtəlif təsisatlar şəbəkəsində iştirak edir.
Cəmiyyətdə gedən proseslər nəticəsində daima fərdələrin tələbatı dəyişdiyi üçün müvafiq olaraq bu fərdələrin yaratdıqları sosial birliklərin (qrup, təbəqə, sinif) də tələbatı dəyişir. Nəticədə sosial təsisatlarla cəmiyyət arasında münasibətləri xarakteri də dəyişir. Lakin elə bir şərait yarana bilər ki, dəyişilmiş sosial təlabat müvafiq sosial təsisatların struktur və funksiyalarında öz əksini tapa bilməz. Bu cür uyğunsuzluq nəticəsində bu və ya digər sosial təsisat fəaliyyətində funksiyaların pozulması müşahidə oluna bilər. Bu hal həm xarici formal (təşkilati) cəhətdə, Həm də xarakter mahiyyətində öz əksini göstərə bilər. Sosial təsisatın funksiyasının pozulması xarici baxımdan hazırlıqlı kadrların, maddi ehtiyatlarının çatışmaması, təşkilati məsələlərin aşağı səviyyəsi özünü göstərirsə, məzmun və mahiyyət nöqteyi nəzərindən bu məqsədin aydın olmaması, funksiyaların qeyri-müəyyənliyi, ictimai hörmət və nüfuzun aşağı düşməsində özünü göstərə bilər. Sosial təsisatın funksiyalarının pozulması onun əsas keyfiyyətinin – şəxsizləşmənin (dipersonalizatsii) itirilməsində daha aydın görünür. Şəxsizləşdirmə prinsipi o deməkdir ki, sosial təsisatın bütün funksiyalarının təmin olunması həmin funksiyaları yerinə yetirən adamların şəxsi xüsusiyyətlərindən, meyllərindən, istəklərindən və subyektiv keyfiyyətlərindən asılı deyildir. Bu hala sosial rolların dəqiq müəyyən edilməsi, obyektiv fəaliyyət mexanizmləri və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini vacib edən şərait vasitəsi ilə nail olunur. Şəxssizləşmənin itirilməsi o deməkdir ki təsisat daha müəyyən edilmiş məqsədlərə obyektiv təlabatlara uyğun fəaliyət göstərmir. Ayrı-ayrı şəxslərin fərdi meyl və xüsusiyyətlərindən asılı olaraq öz funksiyasını dəyişir. Nəticədə sosial təsisat öz varlığının əsas məqsədinə – konkret sosial təlabatların təmin olunmasına daha az əhəmiyyət verməyə başlayır. Məsələ burasındadır ki, ödənilməyən sosial təlabat (sosial təsisatların funksiyalarının pozulması nəticəsində) normativ şəkildə tənzim olunmayan fəaliyyət növlərinin fəaliyyətə başlamasına səbəb olur ki, bunun da
nəticəsində qanunla təsisatların funksiyalarının pozulması daha da artır, hətda bu mövcud normaların və qaydaların (o cümlədən hüquqi xarakterli) pozulması hesabına baş verir.
Sosial təsisatların funksiyalarının pozulması nəticəsində mütəşəkkil, təşkil olunmuş cinayətkarlıq artır. Bu cür cinayətkarlıqların xüsusiyyəti onların məqsədi ilə – rəsmi sosial təsisatlar tərəfindən ödənilməyən obyektiv təlabatların qeyri-qanuni yolla ödənilməsi ilə sıx bağlıdır. Ayrı – ayrı tələbatların ödənilməsi ( xüsusilə çatışmayan mallara) daha geniş sosial sistemlərin funksiyalarının pozulmasına səbəb olur. Bu cür hüquq pozuntularının qarşısının alınması o vaxt təmin oluna bilər ki: a/ sosial təlabatlar müvafiq olaraq mövcud və ya yeni yaradılan sosial təsisatların fəaliyyətində öz əksini tapsın; b/ həmin sosial təlabatların dəyişilməsi və ya transformasiyası baş versin; c/ ictimai şüurda həmin sosial təlabatlara verilən qiymət dəyişilmiş olsun.
Sosial təsisatların mövcudluğu cəmiyyətin mövcud olması deməkdir. Sosial təsisatlar abstrakt anlayış olmayıb daim inkişafdadır. Sosial təsisatları şərti olarq əsas və onların daxilində yaranan köməkçi təsisatlara ayırmaq olar. Sosial təsisatların fəaliyyətinin müvəffəqiyyətli olması aşağıdakı şərtlərdən asılıdır:
1.Məqsədin və yerinə yetirilən əməllər dairəsinin və funksiyaların həcminin dəqiq müəyyənləşdirilməsi.
2.Əməyin səmərəli bölgüsündən və onun səmərəli təşkili.
3.Fəaliyyətin fərdsizləşdirilməsi və funksiyaların obyektivləşdirilməsi dərəcəsi.
4.Bütün qrup və ya onun əksər hissəsinin yanında təsisatın nüfuzunun yüksək olunması.
5.Təsisatların qlobal sisteminə münaqişəsiz qoşulması.
Ən geniş yayılmış təsisatlar ailə, iqtisadi və siyasi, din və təhsildir.
2. Ailə və nigahın sosiologiyası.
Sinifli cəmiyyətin yaranması ilə monoqam ailə münasibətləri də yaranmışdır. Bu baxımdan da ailə cəmiyyətin mühüm təsisatlarından biridir. O, bir çox ictimai elmlərin tədqiqat obyektidir. Sosiologiya ailəni nigaha əsaslanan və müəyyən sosial funksiyalar yerinə yetirən sosial təsisat kimi təhlil edir, ailə üçün səciyyəvi olan sosial münasibətlərin növlərini, onun strukturunu müəyyənləşdirən amilləri, digər sosial birliklər və sosial həyatın sahələri ilə əlaqəsini, ictimai funksiyaları və xüsusiyyətlərini, nigah və boşanmanın səbəblərini, ailə-nigah münasibətlərinin tarixi növləri və formalarını, onların inkişaf meylləri və perspektivlərini öyrənir.
Ailə - nigah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır.Nigah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir.
İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası cəmiyyət tərəfindən bu və ya digər formada müəyyən edilmiş kişi ilə qadın arasında nigah ittifaqıdır. Nigah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq
olar. Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyətin sosial təsisat kimi ailəyə olan tələbləri təkamül nəticəsində dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənirlər. Müasir ailənin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:
1.Nəsil artırma; 2.Tərbiyəetmə; 3.Təsərrüfat – iqtisadi; 4.Rekreativ (qarşılıqlı kömək, sağlamlığın qorunması və s.); 5.Kommunikativ (əlaqə, ünsiyyət); 6.Tənzimləyici (ailədə ilkin sosial nəzarət); 7.Yaşlı nəslə qayğı.
Ailənin qurluşu dedikdə onun üzvləri arasında münasibətlərin – mənəvi, əxlaqi, nüfuz, hakimiyyət və s. cəmi nəzərdə tutulur. Ailələri avtoritar və demokratik qurluşlara bölürlər. Tabeçilik münasibəti olan ailələr avtoritar, hər kəsin şəxsi rollarına görə vəzifələrinin bölündüyü ailələr isə demokratik ailələrdir.
Ailələrin formaları dedikdə isə onların nigih tipləri başa düşülür. Müasir cəmiyyətdə əsasən monoqam (ər – arvad arasında) ailələrə təsadüf edilir. Bundan başqa poliqam ailələrə də rast gəlinir.
Hər bir ailənin daşıdığı rola görə münasibətləri dedikdə, həmin ailə üzvlərinin bir-birinə qarşı norma və münasibətlərinin məcmusu nəzərdə tutulur. Qadının uşaq tərbiyə etməklə, ev işləri ilə məşğul olduğu, kişinin rəhbər olub, mülkiyyətin təkbaşına sahibi, təminatçısı olduğu monoqam ailədə patriarxal ailə münasibətləri dəyişir, demokratik ailə münasibətləri müasir həyat tərzinin əsasını təşkil edir.
Sosiologiya ailəni nigaha əsaslanan, müəyyən sosial funksiyaları yerinə yetirən sosial təsisat kimi təhlil edir. Yəni ailə üçün xarakterik olan sosial
münasibətləri, ailə birliyinin qurluş və sayını müəyyənləşdirən amilləri, ailənin digər sahələri ilə əlaqəsini, sosial və psixoloji amilləri, ailədaxili konfliktlərin meydana gəlməsi və aradan qaldırılmasını, ailə-nigah münasibətlərinin tarixi tipləri və formalarını, onun inkişaf perspektivləri və bu sahəyə dair nəzəriyyələri öyrənir. Ailə sosial təsisat kimi cəmiyyətin yaranması ilə eyni vaxta meydana gəlmiş və onlar arasında münasibətlərə qəbilə – tayfa adətləri nəzarət etmişdir.
Ailə əsasən aşağıdakı mərhələlərdən keçir: 1) İlk nigahın bağlanması – ailənin yaranması. 2) İlk uşağın dünyaya gəlməsi. 3) Axırıncı uşağın dünyaya gəlməsi. 4) Boş yuva – uşaqların böyüyüb yeni ailə qurması. 5) Ailənin mövcudluğunun sonu – ailə başçılarından birinin vəfatı.
Ailə tərbiyəsi geniş imkanlara malikdir. O, ünsiyyət əmək və şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və cəzalandırma kimi təsir formalarından istifadə edir. Ailə ünsiyyəti uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rol oynayır. Sosioloji tədqiqat göstərir ki ailə tərbiyəsinin səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından), mənəvi-psixoloji iqlimindən, sosial istiqamətindən, valideynlərin şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji mədəniyyətindən, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır.
Ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait (yaşayış yeri, sosial-sinfi və milli mənsubiyyət, maddi vəziyyət, ailə üzvlərinin təhsil, mədəni səviyyəsi, ailənin mənəvi və iqtisadi əsası) təsir göstərir.
3. İqtisadiyyatın və siyasətin sosiologiyası.
Maddi nemət və xidmətlərin istehsalı və bölgüsü, pul dövriyyəsinin nizamlanması, əməyin təşkili və bölgüsü və s. ilə məşğul olan bütün təsisatları buraya aid etmək olar.
Hər səhər evdən çıxanda, biz öz-özlüyümüzdə fikirləşirik ki, nəyi, neçəyə, haradan və nə qədər almalıyıq. Yəni həyatımızın normal keçməsi üçün iqtisadi qayda yaradıb, ona əməl etməliyik. Sosioloqlar iqtisadi qaydaların hansının daha düzgün olduğunu ayırd etmək üçün iqtisadi təsisatları təxmini olaraq 3 qrupa bölürlər:
Kapitalizm, sosial – demokrat, sovet tipi
Kapitalizm iqtisadi təsisatların əlamətləri – xüsusi mülkiyyət, isehlakçı müəssisələr və onlardan əldə edilən kapital. Bu sistem aktiv rəqabət tərəfdarıdır. Azad sahibkar kapitalizm iqtisadi sisteminin inkişafında əsas hərəkətverici simadır. Onu da qeyd etmək istərdim ki, bu sistemin fəaliyyətinin məqsədi əhalinin maddi rifahını yüksək səviyyədə təmin etməkdir.
Sosial – demokrat tipli iqtisadi təsisatların xüsusiyyətləri dövlətin mərkəzləşmiş səyləri ilə insanların özlərinin iştirakını əlaqələndirərək onların tələbat və ehtiyaclarının ödənilməsini təşkil edir. Bu sistemin tərəfdarları cəmiyyətdə olan siniflərin fərqlərinin aradan götürülməsinin dinc yolla həllinə inanırlar.
Sovet tipi olan iqtisadi təsisatlarda isə yuxarıda söylədiklərimizdən fərqli olaraq, cəmiyyətin bütün sahələri kimi iqtisadi sistem də dövlətin əlindədir. Bu sistemdə iqtisadiyyat dövlətin ciddi nəzarəti altındadır, qarşıya qoyulan plan və qiymətlərin müqabilində iqtisadi öhdəliklər yerinə yetirilir.
Tarix boyu iqtisadi inkişaf prosesi dünya xalqlarının ən mühüm problemlərindən biri olmuş və hər bir cəmiyyət öz fəaliyyətini iqtisadi problemlərin həllinə yönəltməyə cəhd etmişdir. İnsanların ərzaq məhsulları ilə təmin edilməsi bu künün aktual problemi olmaqla bərabər, qlobal xarakterli olmuşdur. Elə buna görə də bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən birini məhz normal ərzaq bazarının formalaşması təşkil etməlidir. Son illərin pozitiv meyllərinə baxmayaraq Azərbaycan dövlətinin iqtisadi proqramı əhalinin yaşayışını orta ümumdünya səviyyəsinə qaldırmaqdan ibarətdir.
Siyasətin sosiologiyası sosial-siyasi sahənin qanunauyğunluqlarını öyrənir. O sosial və siyasi münasibətlərin elə sferasını əhatə edir ki, orada məqsədə siyasi vasitələrlə – cəmiyyət üzvlərinin fəal sosial tə siri vasitəsilə nail olmaq mümkündür.
Siyasət mürəkkəb və çoxcəhətli hadisədir. O həm elm, həm sənət, həm də fəaliyyət sahəsidir. İnsanlar siyasətdə iştirak etməklə həm siyasi münasibətlərə təsir göstərir, həm də özləri müəyyən təsirə məruz qalırlar. Elmi cəhətdən əsaslandırılmış siyasət sosial qrupların mənafeləri arasındakı ziddiyyətləri müəyyənləşdirməyə və mütərəqqi meylləri müdafiyə etməyə imkan verir.
Siyasi təsisatlara hakimiyyətin qurulması və müdafiəsi ilə bağlı olan (parlamant, hökumət, güc qüvvələri, siyasi partiyalar) təsisatlar daxildir. Siyasətin sosiologiyasına siyasi münasibətlər, siyasi hakimiyyətin təsisatları, siyasi təşkilatlararası əlaqələr, daxili və xarici siyasətdə sosial qrupların mənafeləri daxildir. Siyasətin sosiologiyasında siyasi sosiallaşma əsas yer tutur. Siyasi sosiallaşma əsasən sosial-siyasi münasibətləri və bu münasibətlər çərçivəsində şəxsiyyətin siyasi maraqlarını, siyasi tələbatını əhatə edir. Siyasi bilikləri, normaları
və siyasi təcrübəni mənimsəyən şəxsiyyət həm də siyasi proseslərin fəal iştirakçısı kimi formalaşır.
Siyasi sahənin əsasını siyasi münasibətlər təşkil edir və ona aşağıdakılar daxildir:
1. müxtəlif fərdlərin cəmiyyətin ayrı-ayrı təsisatlarının, onların qarşılıqlı münasibətlərinin status və rolunu müəyyən edən ümumi qəbul olunmuş və ya qanunla müəyyənləşdirilmiş norma və dəyərlər;
2. sosial-siyasi və hüquqi normalara nəzarət edən və bunun üçün zəruri olan hakimiyyət, nüfuz və maddi vasitələrə malik olan təşkilatların fəaliyyəti;
3. cəmiyyətin təsisatlarına, dövlət və onun təşkilat və idarələrinə birbaşa aid olan birliklər və fərdlər arasında ictimai siyasi əlaqələr.
Siyasi münasibətlər cəmiyyətin inkişafı prosesinin ifadə olunmasında iştirakla xarakterizə olunur. İstənilən cəmiyyətin inkişaf və fəaliyyət prosesini öyrənərkən əsas yeri hakimiyyətə münasibətlə əlaqədar olan bütün ictimai fəaliyyət sahəsinin aid olduğu siyasi həyat tutur.
Siyasət ictimai münasibətlər sahəsi olub, dövlət hakimiyyəti, onun nailiyyətləri, saxlanması və istifadə olunmasına aid yaranmış münasibətlərin xarakter və məzmunu ilə müəyyən olunur.
4. Dinin sosiologiyası.
Dinin sosiologiyası dini sosial təsisat kimi öyrənir, onun köklərini, cəmiyyətdə yeri və rolunu, meydana gəlməsi fəaliyyəti, inkişafının sosial təsisatlarla qarşılıqlı əlaqəsini araşdırır. Dinin sosial mahiyyəti və təbiəti haqqında təlim onun sosioloji nəzəriyyəsinin əsasını təşkil edir. Bu nəzəriyyədə dinin sosial, qneseoloji
və psixoloji köklərindən bəhs olunur. Dinin sosial köklərinin tədqiqi onun yaranma səbəblərini dərk etməyə kömək edir. Qneseoloji köklər dərketmə prosesində insan şüurunda dini təsəvvürlərin formalaşması ilə bağlədər. Dinin psixoloji kökləri dini şüurun qərarlaşmasının insan psixikası ilə əlaqəsindən irəli gəlir. Dinin strukturuna aşağıdakılar daxildir: fövqəltəbii qüvvələrə inam, etiqad, dini mərasimlər, dini təsəvvürlər. Din tarixi baxımdan 3 mərhələ keçib: bütpərəstlik, politeizm, monoteizm. Bütpərəstlik təbiətdə əşyalara, miflərə, ruhlara inam, politeizm çoxallahlıq, monoteizm təkallahlıqdır. Hazırda dünyada geniş yayılmış dinlər xristianlıq, islam və buddizm dinləridir. Dini qrupları müxtəlif olan ölkələrdə tolerantlığa üstün yer verilməlidir ki, ölkədə sabitlik yaransın. Dini əxlaq, inam,sərbəst davranış sosial münasibətlərin nizmalanmasında mühüm rol oynayır.
Tədqiqatlar göstərir ki, ibtidai cəmiyyətin inkişafının ilk mərhələlərində din olmamışdır. İbtidai insanların təsəvvürləri onların təbiətə və ibtidai icmanın üzvlərinə olan münasibətlərinin bilavasitə inikası hüdudlarından hələ kənara çıxmırdı. Həyat şəraitinin son dərəcə sərtliyi, təbiətlə mübarizədə acizlik, qorxu, avamlıq, hadisələrin həqiqi səbəblərini bilməmək, insanlarda dini etiqad və sitayiş doğurmuşdur.
Din - gündəlik həyatda insanlar üzərində hökmranlıq edən qüvvələrin onların beynində fantastik inikasıdır. Din – ağlı olan insanları öz arzuları ilə dünyada və axirətdə yaxşılığa və xoşbəxtliyə çatdıran ilahi bir qanundur. Din forma və mahiyyətcə olduqca mürəkkəb təbiətə malikdir. Din emosional hiss və həyəcanları, spesifik ayin fəaliyyətlərini və dini təşkilatları və s. birləşdirən etiqadlar sistemidir. Məcmusuna görə dinin mərkəzində dini etiqadlar, emosional hiss və həyəcanların durduğu çoxsahəli komponentlərin mürəkkəb
kompleksidir. Bütün bunlar da, öz növbəsində dinin sosial təsisat olduğunu əks etdirir. O sosial təsisat kimi dinin mənşəyini, cəmiyyətdə yerini və rolunu, inkişaf qanunauyğunluqlarını, digər sosial təsisatlarla qarşılıqlı əlaqəsini öyrənir.
Dinin sosial köklərinin tədqiqi, onun meydana gəlməsi səbəblərinin aşkar etməyə imkan verir. Din ümumbəşəri sərvətlərin zənginləşməsində mühüm amildir. O, özünün ayin və mərasimləri ilə insanlar arasında məhəbbət, xeyirxahlıq, səbr, əzablara sinə gəlmək, paklıq, nəciblik, vicdan, borc, ədalət və s. kimi müsbət keyfiyyətlərin aşılanmasına, mənəviyyatın zənginləşməsinə kömək edir. Dinin qorunub saxlanmasında və nəsildən-nəsilə keçirilməsində ailənin böyük rolu var. Sosioloji tədqiqatlar göstərir ki, dindarların əksəriyyəti ailədə hakim olan ruha və ənənəyə uyğun olaraq dindar olmuşlar.
Dinin sosial köklərindən onun tarixi köklərini fərqləndirmək lazımdır. Belə ki, dinin tarixi kökləri dedikdə müasir dinlərin tarixi inkişaf yolları başa düşülür. Dinin sosial kökləri isə idrak fəaliyyəti zamanı insanın şüurunda dini təsəvvürlərin yaranması olmuşdur. Dini təsəvvürlərin yaratdığı dünya dindarlar tərəfindən subyektiv şəkildə reallıq kimi qəbul edilir.
Dinin qurluşu aşağıdakı komponentlərdən ibarətdir: dini şüur, dini fəaliyyət, dini təşkilat.
Dini şüur ideologiyanı və psixologiyanı özündə birləşdirir, o bir sıra fəaliyyət və inkişaf qanunauyğunluqları ilə digər ictimai şüur formalarından fərqlənir. Dini şüurun yaranması insan psixikası ilə bağlıdır və kifayət qədər müstəqilliyi ilə fərqlənir. Dini fəaliyyət kulta (fövqəltəbii varlıqlara təsir etmək üçün edilən xüsusi hərəkatlar sistemi) və digər formalarda özünü göstərir. Dini kult dini inamı reallaşdırmağa edilən cəhətdir. Kultların 2 növü var: magiya və mərhəmət. Magiyada uydurulmuş xüsusiyyətləri və əlamətləri olan real mövcud predmetlərə təsir əsas götürülür, mərhəmətdə isə maddi aləmdən ayrılmış, şüur və gücü ilə fərqlənən ali varlıq və ya allah əsas götürülür. Kultun bu növü bütün inkişaf etmiş dinlərə xas olub müxtəlif formalara malikdir: dini ayinlər, qurbanvermə, ibadət, dini bayramlar və s.
Dinin mənəvi təsiri böyükdür. Din zülm, nifaq, ədavət, yalan və böhtana qarşı çıxmaqla insanlara xeyirxahlıq, humanistlik, səbr və dözüm təlqin etmiş, onları yaxşılaşdırmaq, əməkdaşlığa sövq etmək məqsədi güdmüş, insanlar arasında ünsiyyət körpüsü, əmin-amanlıq yaratmışdır.
Dini təsisatlara gəldikdə isə, dövrlərə uyğun onlarda dəyişikliklər baş verir və bununla da dinin ictimailəşməsi baş verir. Qerxard Lenskinin sözlərinə görə din insan taleyini idarəedən sistemdir.
5. Təhsilin və elmin sosiologiyası.
Təhsilin sosiologiyası təhsilin inkişaf qanunauyğunluğu sistemini və funksiyalarını, onun cəmiyyətlə qarşılıqlı təsir prosesini öyrənir. Təhsilin sosiologiyasında təhsilin funksiyaları arasında qarşılıqlı əlaqələrin öyrənilməsi əsas yer tutur. Təhsil sistemi sosial və peşə strukturunun idarə olunmasının, cəmiyyətin mənəvi həyatını təkmilləşdirməyin vasitəsidir. Bu təsisat öz sosial funksiyalarına görə nisbi müstəqil olub, təhsilin tarixi inkişafında varisliyi saxlamaqla, cəmiyyətin inkişafına və fəaliyyətinə fəal təsir göstərməklə fərqlənir. Onun funksiyaları cəmiyyətlərdəki
iqtisadi münasibətlərdən, onların doğurduğu sosial əlaqə və münasibətlərin məzmunundan, sosial-sinfi strukturdan, siyasi və ideoloji münasibətlərin xüsusiyyətlərindən asılıdır.
Təhsil sisteminin effektivliyi aşağıdakı ziddiyyətlərin həll edilməsindən asılıdır:
1. Cəmiyyətin sosial-homogen (hamının bərabər səviyyədə təhsil alması) inkişafda olan sosial tələbatla, orta və peşə təhsilinin keyfiyyət və səviyyəsi ilə müəyyən dərəcədə şərtlənən təbəqələşməninin qalması arasında.
2. İstehsalın artan tələbatı ilə gənclərin sosial peşəyönümü arasında
3. Şəxsiyyət üçün zəruri olan səviyyə ilə təhsil müəssisələrinin real inkişaf səviyyəsi arasında. Təhsilin dövlətin əlində olması sosial-peşə strukturunun inkişafının idarə olunmasında və cəmiyyətin mənəvi həyatının təkmilləşdirilməsində qüvvətli vasitələr.
Təhsilin sosiologiyasında əsas diqqət mərkəzində gənclərin təhsil və tərbiyəsində müstəsna rol oynayan pedoqoji kadrlar dururlar. Onlar üçün cəmiyyət tərəfindən lazımi şərait yaradılmalıdır ki, onlar öz bacarıq və biliklərini gənc nəslə yüksək səviyyədə verə bilsinlər.
Təhsil sistemi cəmiyyətin sosial təsisatı kimi, milliyyətindən, cinsindən, irqindən, dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlara istədiyi təhsil almağa,sosial inkişafa, sosial statusun möhkəmlənməsinə imkan yaratmalıdır.
Ölkənin gələcəyi təhsil sistemindən asılıdır. O, gənc nəslin intellektual, mənəvi və fiziki inkişafı prosesinə nəzarət funksiyasını yerinə yetirməlidir. Son illərə nəzər salsaq görərik ki, məktəblərdə tədrisin səviyyəsi aşağı düşmüşdür. Bu
gün məktəbdə təhsil və təlim dövrün tələbinə uyğunlaşdırılmalı, maarifin inkişafına mane olan mexanizm yeniləşməlidir. Təhsil islahatının nəticələri təhsilin inkişafı üzrə dövlətin strateji proqramı, fasiləsiz təhsil konsepsiyası və demokratik təhsil qanunundan asılıdr. Bu sənədlərin hüquqi və siyasi əsasını konstitusiya, iqtisadi əsasını milli gəlirdən təhsil və təlim-tərbiyə nəzəriyyələri, sosial əsasını isə xalqın tələbatı təşkil etməlidir.
Bu gün Azərbaycanın elmə və onun daşıyıcılarına münasibəti əsaslı surətdə yeniləşir. Çünki xalqın müstəqillik yolunda qazandığı uğurlar onun milli elitasının, ziyalı təbəqəsinin formalaşmasından asılıdır. Təhsil sistemində həyata keçirilən islahatlarda demokratikləşmə, humanistləşmə, müasir inkişafın tələblərinə cavab verən mütəxəssislərin hazırlanması əsas yer tutur.
Dostları ilə paylaş: |