R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
26 noyabr 2009-cu il
Bakı, Azərbaycan
-
MÜŞFİQ HÜSEYNOVUN HƏYAT YOLDAŞI HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ VƏ JURNALİST TƏŞKİLATLARINA MÜRACİƏT EDİB
-
NAZİRİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB
-
“QANUN” NƏŞRİYYATI VƏ MÜSTƏQİL JURNALİST QABİL ZİMİSTANOĞLU MƏHKƏMƏYƏ VERİLİB
-
“HÜRRİYYƏT QƏZETİNİN REDAKTORUNUN OĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB
-
VALİDEYNLƏRİ ADNAN HACIZADƏ VƏ EMİN MİLLİ İLƏ GÖRÜŞÜBLƏR
-
SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİ HESABAT AÇIQLAYIB
MÜŞFİQ HÜSEYNOVUN HƏYAT YOLDAŞI HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ VƏ JURNALİST TƏŞKİLATLARINA MÜRACİƏT EDİB
Həbsdə olan jurnalist – “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həyat yoldaşı Arzu Hüseynova hüquq müdafiəçilərinə və jurnalist təşkilatlarına müraciət edib. Müraciətdə M.Hüseynovun ağır vərəm xəstəliyindən əziyyət çəkməsi, müalicəsi və qidalanmasının xəstəliyinə uyğun gəlməməsi və bu səbəbdən də, həyatının təhlükədə olması xüsusi qeyd olunur. A. Hüseynova öz müraciətində öhdəsində azyaşlı xəstə iki uşaq olduğunu vurğulayıb. O, hüquq-müdafiə və jurnalist təşkilatlarının rəhbərlərindən xahiş edib ki, imkan daxilində tez bir zamanda M.Hüseynovla görüşərək, onun sağlıq durumu ilə maraqlansınlar.
Qeyd edək ki, hal-hazırda M.Hüseynov 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılır.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
NAZİRİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB
Bu gün (26 noyabr) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi. Prosesdə iddiaçının vəkili Əlirza Həbilov, nazirlikdən nümayəndə qismində Dabuleyka Quliyev və cavabdeh Əyyub Kərimov iştirak edirdi.
Prosesdə R.Usubovun vəkili Əlirza Əbilovun çıxışı dinlənilib. O deyib ki, Əyyub Kərimov polisin şərəf və ləyaqətini alçaldan fikirlər yazıb və Daxili İşlər naziri Ramil Usubovu Cinayət Məcəlləsinin 180 (soyğunçuluq), 181 (quldurluq), 217 (banditizm), və 218-ci (cinayətkar birlik yaratma) maddələri ilə ittiham etməklə ona böhtan atıb.
Ə. Kərimov çıxışa hazırlıq üçün məhkəmədən vaxt istədi.
Hakim X. Tağıyev prosesi 7 dekabr saat 16:00-a təyin etdi.
Xatırladaq ki, Daxili İşlər Naziri Ramil Usubov “Femida 007” qəzetində “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq” qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək Əyyub Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırıb.
“QANUN” NƏŞRİYYATI VƏ MÜSTƏQİL JURNALİST QABİL ZİMİSTANOĞLU MƏHKƏMƏYƏ VERİLİB
Bu gün (25 noyabr) Səbail Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə Aşıq Ələsgərin nəvəsi və tədqiqatçısı İslam Ələsgərin müstəqil jurnalist Qabil Zimistanoğluna (Abdullayev) və “Qanun” nəşriyyatına qarşı iddiasına əsasən hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Qabil Zimistanoğlu məlumat verib.
O, bildirdi ki, iddiaçı onları əsassız olaraq müəlliflik hüququnu pozmaqda günahlandırır və buna görə də, iddiaya etiraz ərizəsini hakimə təqdim edib.
“Çap etdirdiyim kitabdakı şeirlərin hamısı başqa yaradıcı şəxsin deyil, məhz Aşıq Ələsgərin şeirləri kimi çap olunub. Ona görə də burada müəllif hüququ kimi İslam Ələsgərdən deyil, Aşıq Ələsgərdən söhbət gedə bilər. Mən də 1972-ci ildə çap olunmuş “Aşıq Ələsgər” kitabının I–II cildlərindəki şeirlərdən istifadə etmişəm” deyən Q.Zimistanoğlu bildirdi ki, proses 7 dekabr saat 15.00-a təyin edilib.
Xatırladaq ki, iddiaçı Qabil Zimistanoğlunun tərtib etdiyi və “Qanun” nəşriyyatında çap edilmiş “Aşıq Ələsgər. Bütün əsərləri” adlı kitabın nəşri nəticəsində müəlliflik hüquqlarının pozulduğunu iddia edərək, cavabdehlərin hər birindən 10.000 (on min) manat təzminat ödəməsini iddia edir.
“HÜRRİYYƏT QƏZETİNİN REDAKTORUNUN OĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB
20 noyabr tarixində Şirvan Apellyasiya məhkəməsində İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən iclasda “Hüriyyət ” qəzetinin redaktoru Süleyman Məmmədlinin oğlu Altay Məmmədlinin Ağdam hərbi məhkəməsinin çıxardığı qərardan verdiyi şikayəti təmin edilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna S.Məmmədli məlumat verib. O, bildirdi ki, məhkəmə qapalı keçirilib. “İclasda mənim nə ata olaraq, nə də ki jurnalist kimi iştirak etməyimə icazə vermədilər və oğlum da iclasda iştirak etmirdi. Məhkəmə prosesində oğlum A. Məmmədlinin vəkilinin verdiyi vəsatətlər təmin edilmədi” – deyən S. Məmmədli onu da qeyd etdi ki, Şirvan Apellyasiya məhkəməsi şikayəti təmin etməyib.
Süleyman Məmmədli RATİ-yə onu da bildirdi ki, bütün bunlar onun jurnalist fəaliyyəti ilə bağlıdır.
Xatırladaq ki, “Hüriyyət” qəzetini redaktoru S.Məmmədlinin 6 oktyabr 2009-cu il tarixdə Milli Ordu sıralarından təxris olunan oğlu Altay Məmmədli 10 noyabr tarixdə hansısa əsgərin döyülməsi ilə bağlı üzləşmə üçün hərbi hissəyə çağırılıb və Ağdam Hərbi məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
A.Məmmədov Cinayət Məcəlləsinin 331.3- cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddəsilə təqsirli bilinib. O hərbi xidmətdə olduğu dövrdə əsgər yoldaşlarına qarşı nalayiq hərəkətlərə yol verməkdə təqsirləndirilir.
VALİDEYNLƏRİ ADNAN HACIZADƏ VƏ EMİN MİLLİ İLƏ GÖRÜŞÜBLƏR
Bu gün (26 noyabr) Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılan gənc bloqçu Emin Millinin (Abdullayev) valideynləri Paşa Abdullayev və Natella Abdullayeva onunla görüşüblər. “Azadlıq” radiosunun məlumatına görə, valideynlər gənc fəalın səhhətindən və saxlanma şəraitindən narazılıq etmədiyini deyiblər.
Dünən (25 noyabr) Hikmət Hacızadə Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Adnan Hacızadə ilə görüşüb. H.Hacızadə gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİ HESABAT AÇIQLAYIB
Bu gün (26 noyabr) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb. 8 oktyabr - 24 noyabr tarixlərin əhatə edən hesabatda seçki məsələləri ilə yanaşı, bu dövr ərzində insan haqlarının və vətəndaş cəmiyyətinin vəziyyəti də əksini tapıb. Hesabatda bələdiyyə seçkiləri ərəfəsində siyasi məhbus hesab edilən şəxslər və həbsdə olan jurnalistlərin azad olunması barədə heç bir tədbir görülməməsi, gənc bloqçulara günahsız olduqları halda ağır cəza verilməsi, etiraz aksiyalarında jurnalistlərin və fəalların polis tərəfindən saxlanılması əksini tapıb.
Həmçinin SMDT-nin dəfələrlə müraciət etməsinə baxmayaraq Ədliyyə Nazirliyində qeydə alınmaması və məhkəmələrin bu barədə iddiaları təmin etməməsi də xüsusi qeyd olunub.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,378/lang,az/
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |