Ədibin həyatı Ədib, qaynaqların məlumatına əsasən, Diyarbəkir (Amid), yaxud Bərdədə doğulmuş,
ömrünün bir hissəsini Təbrizdə Ağqoyunluların hakimiyyəti dövründə, qalan 30 ilini isə Misirdə
Qahirədə keçirmişdir. İbrahim Gülşəninin Diyarbəkirdə yoxsa Azərbaycanın Bərdə şəhərində
doğulması haqqında qaynaqlarda iki fikir mövcuddur. Bəziləri onu əl-Amidi, bəziləri isə əl-
Bərdəi nisbəsi ilə qeyd edirlər. Nəzərə alsaq ki, Orta əsrlərdə elm əhli getdikləri, yaxud
yaşadıqları bir çox şəhərin adını özlərinə nisbə götürmüşlər, bundan çıxış edərək İbrahim
Gülşəninin Diyarbəkirdə doğulsa belə Qarabağda Dədə Ömər Rövşəni ilə görüşməsi nəticəsində
əl-Azərbaycani, yaxud əl-Bərdəi nisbəsi ilə anılmış ola biləcəyi mümkündür. Bundan əlavə,
nisbəsindən asılı olmadan İbrahim Gülşənini azərbaycanlı hesab etməliyik, çünki dövlətçilik
tariximizdə Ağqoyunluları Azərbaycan dövləti olaraq qəbul edirik, Gülşəni də ömrünün çox
hissəsini Uzun Həsənin himayəsində Təbrizdə keçirmişdir. Muhyi və “Ləməzat” müəllifi Hulvi
Gülşəninin soyunu Məhəmməd peyğəmbərə deyil, Oğuz ataya bağlayırlar. Faruk Sümer bunu
Ağqoyunlular dövründə milli şüurun formalaşmasına (xüsusən Uzun Həsəndə) və bunun din
adamları üzərində də təsirli olduğuna bağlayır. [19, s.94] Məmlüklər dövründə Təbrizdən Misirə
hicrət edən şair oradakı üç azərbaycanlı şeyxdən biri (Şeyx Dəmirtaş, Şeyx Şahin) olur. Məmlük
sultanı Qansuh Quri onu Misirə dəvət edir, Qahirədə Qübbətül-Mustafa Müəyyədiyyə camesinə
yerləşir. Daha sonra Sultan Yavuz Qahirəyə gəldikdə şeyxi ziyarət edir və şair ondan
Müəyyədiyyə yaxınlığındakı boş ərazini mədrəsətikmək üçün istəyir. Hicri 926-31-ci illərdə
tikilərək tamamlanır və Gülşəni ömrünün sonuna kimi təxminən 10 il orada yaşayıb xalqı irşad
edir, tələbə yetişdirir. Hicri 940 (1534)-cı ildə Qahirədə öz xanəgahında taun xəstəliyindən vəfat
edərək orada dəfn olunmuşdur.[19, s.94; 21, s.82] Türbəsi Qahirədəki Osmanlı memarlıq
nümunələrinin restavrasiyası layihəsində yer almaqdadır və təmirə bağlanmışdır.