10. SIĞORTA MƏBLƏĞİ
10.1. Sığorta məbləği sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı, Sığortaçının öhdəliklərinin son (maksimal) həddi olan və əsasında sığorta haqqı hesablanmalı olan məbləğdir. Sığorta dəyərinin müəyyənləşdirilməsi zamanı tərəflər qüvvədə olan qanunvericiliyə və aşağıdkı müddəalara əsaslanmalıdırlar.
10.2. Sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman sığorta olunacaq əmlakın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri (sığorta dəyəri) məbləğində müəyyən edilir.
10.3. Sığorta məbləği sığortalanmış əmlakın sığorta dəyərindən artıq ola bilməz və Sığortaçı sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsi üzrə heç bir məsuliyyət daşımır və ödəniş həyata keçirmir.
10.4. Əmlakın bazar qiyməti əmlakın rəqabət şəraitində, satıcı və alıcının əmlak barədə tam məlumatı olması şərti ilə və razılaşmanın qiymətinə hər hansı fövqəladə hadisələrin təsiri olmadıqda, həmin əmlakın satılması üçün mümkün olan qiymətdir.
10.5. Sığorta məbləğinin sığorta dəyərinə uyğunluğu tərəflərin qarşılıqlı razılığı, müvafiq sənədlər və ya ekspert rəyi əsasında müqavilədə göstərilən hər sığortalanmış obyekt və ya obyektlər qrupu üzrə müəyyən edilir.
10.6. Sığortalı (Faydalanan şəxs) sığorta müddəti ərzində əmlakın tərkibində dəyişikliklərin baş verməsi nəticəsində sığortalanmış əmlakın dəyərinin artması haqqında Sığortaçıya dərhal xəbər verməlidir. Bu halda, sığorta haqqı və sığorta məbləği üzrə sığorta müqaviləsində dəyişiliklər edilir və Sığortaçıya müvafiq bildirişin daxil olması tarixindən sığorta haqqı yenidən hesablanır. Əmlakın dəyərinin artması haqda bildirişin verilməməsi halında bu Qaydalar ilə müəyyən edilmiş natamam sığorta haqqında müddəalar tətbiq edilir.
10.7. Sığortalıya (Faydalanan şəxsə) sığorta ödənişinin verilməsi halında, müvafiq sığorta məbləği sığorta ödənişinin həcmində azalmış hesab edilir. Sığorta məbləği sığorta hadisəsinin baş verməsi günündən azalmış hesab edilir. Zədələnmiş obyektın bərpasından sonra Sığortalı əlavə sığorta haqqı ödəyərək sığorta məbləğini bərpa edə bilər.
11. ŞƏRTSİZ AZADOLMA
11.1. Sığorta müqaviləsində şərtsiz azadolma, yəni sığorta hadisəsi baş verdiyi halda Sığortaçı tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi, müəyyən edilə bilər.
11.2. Azadolma Sığortalının və Sığortaçının razılığı əsasında təyin edilir, Sığorta Səhadətnaməsində və/və ya hazırkı Qaydalarda və/və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir, hər bir sığorta hadisəsi üzrə «Natamam sığorta haqqında şərti»nin tətbiq olunmasından sonra tətbiq edilir.
11.3. Bir neçə sığorta hadisəsinin baş verməsi halında, sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, azadolma məbləği hər sığorta ödənişindən tutulur.
12. SIĞORTA HAQQI
12.1. Sığorta haqqı Sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortaçı tərəfindən hesablanır və Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
12.2. Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.
12.3. Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.
12.4. Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına verilməsi yoli ilə ödənilir.
12.5. Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur:
-
nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü;
-
nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına verilməsi günü.
12.6. Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı sığorta müqaviləsindən imtina etmək və ya Sığortalı üçün əlavə ödəmə müddətinin təyin edilməsi hüququna malikdir. Əgər sığorta hadisəsinin baş verməsi günündə sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir.
12.7. Sığorta haqqı hissə-hissə ödənildiyi halda növbəti ödənişin ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır.
Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin, ödənildiyi gün saat 24:00-dan bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir.
12.8. Sığortalının sığorta haqqını ödəməməsi səbəbindən Sığortaçı tərəfindən sığorta müqaviləsinin ləğv edilməsi, Sığortalını Sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirdiyi müddəti üzrə, sığorta haqqının ödənilməli olan hissəsinin ödəməsindən azad etmir.
13. SIĞORTA MÜQAVİLƏSİ
13. Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi razılaşdırılmış sığorta haqqı müqabilində sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən çox olmaması şərti ilə, dəymiş real zərərin əvəzinin Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
14. SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI
14.1. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan sayda, Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir.
14.2. Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsi pulsuzdur və Sığortaçı tərəfindən rüsum ödənilməsi tələb olunmur. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) etibarsız hesab olunur.
15. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ (SIĞORTA MÜDDƏTİ)
15.1. Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır.
15.2. Sığorta muqaviləsi (sığorta təminatı) aşağıdakı hallardan hansının gec baş verməsindən asılı olaraq, Sığorta Şəhadətnaməsində göstərilmiş sığortanın qüvvəyə minmə tarixində və ya sığorta olunan əmlaka mülkiyyət hüququnun Sığortalıya (Faydalanan şəxsə) keçdiyi gün Bakı vaxtı ilə saat 24:00-da qüvvəyə minir və Sığorta Şəhadətnaməsində göstərilmiş sığorta təminatının qüvvədən düşmə tarixində Bakı vaxtı ilə saat 24.00-da qüvvədən düşmüş hesab edilir.
15.3. Sığortaçı sığorta müddətindən əvvəl baş vermiş hadisələr nəticəsində yaranan zərərləri ödəmir.
16. SIĞORTA TƏMİNATININ ƏHATƏ ƏRAZİSİ
16.1. Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.
16.2. Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi yalnız Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka və müqavilədə göstərilən daşınar əmlaka dair bağlanıla bilər.
16.3. Sığorta müqaviləsinin qüvvədə oluğu müddət ərzində hər hansı inzibati-ərazi vahidinin və ya rayonun ərazisində hərbi əməliyyatlar aparılarsa (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq) sığorta təminatı həmin ərazilərdə heç bir şərtlə qüvvədə olmuş hesab edilə bilməz.
16.4. Sığortalanmış əmlak – bina və tikililər, binaların daxilində mənzillər, otaqlar və torpaq sahələri sığorta təminatının qüvvədə olduğu ərazi sayıla bilər. Sığorta təminatının qüvvədə olduğu ərazinin ünvanı sığorta müqaviləsində göstərilir.
16.5. Sığortalı yeni sahələri əldə etdiyi və ya yeni binaları tikdiyi təqdirdə bu məlumatı Sığortaçıya bildirməlidir. Əks halda, bu yerlər sığorta təminatının qüvvədə olduğu ərazi sayıla bilməz.
16.6. Sığortalanmış əmlak sığorta təminatının qüvvədə olduğu ərazini tərk etdikdə sığorta müqaviləsi üzrə verilən təminat həmin əmlaka dair qüvvədən düşmüş hesab olunur.
17. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏRİN QƏBUL EDİLMƏSİ
Sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsi tərəflərin razılığı əsasında müqaviləyə Əlavənin qəbul edilməsi yolu həyata keçirilir. Əlavələr yazılı şəkildə tərtib olunur və sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur. Sığorta müqaviləsinin şərtləri dəyişdirildiyi halda, tərəflər arasında əldə olunmuş razılaşmadan və ya müqaviləyə edilən dəyişikliklərin mahiyyətindən digəri irəli gəlmirsə, öhdəliklər Əlavənin imzalanması anından dəyişilmiş hesab olunurlar.
18. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
18.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
18.1.1. sığorta obyekti artıq mövcud olmadıqda
18.1.2. Sığortalı vəfat etdikdə (o halda ki vərəsəsi olmasın);
18.1.3. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
18.1.4. Sığortalı sığorta haqqını müqavilədə və qanunvericiliklə müəyyən edilən qaydada ödəmədikdə;
18.1.5. Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
18.1.6. Sığorta marağı artıq mövcud olmadıqda
18.1.7. Sığortalanmış əmlak özgəninkiləşdirilərkən Sığortaçı Sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülküyyətçisinə,sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə;əmlak özgəninkiləşdirilərkən Sığortaçı Sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülküyyətçisinə,sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə Sığortalı dəyişdirilə bilər;
18.1.8. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
18.1.9. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
18.1.10. Sığorta müqaviləsi qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa;
18.1.11. Sığorta müqaviləsinin və hazırki Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
18.1.12. Tərəflərin razılaşmasına əsasən;
18.1.13. Qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
18.2. Sığorta hadisənin baş vermə ehtimalı itdikdə və sığorta riskinin mövcudluğu sığorta hadisəsindən fərqli digər səbəblər ucbatından bitdiyi zamanı sığorta müqaviləsi dərhal qüvvədən düşür. Sığorta müqaviləsinin bu bənddə göstərilmiş səbəblər ücbatından vaxtından əvvəl qüvvədən düşməsi zamanı Sığortaçı, sığortanın qüvvədə olması müddəti üzrə, proporsional sürətdə hesablanmış sığorta haqqının hissəsini özündə saxlaya və ya tələb edə bilər.
18.3. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
18.4. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməlidilər.
19. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ QAYTARILMALI OLAN SIĞORTA HAQQININ HESABLANMASI
19.1. Sığorta müqaviləsinə Sığortalının tələbi ilə xitam verildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılmasına çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış möddəti üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa Sığortaçı sığorta haqlarını bütünlüklə Sığortalıya qaytarır.
19.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə xitam verildikdə, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə ona qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılmasına çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış möddəti üçün sığorta haqqını ona qaytarır
19.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
19.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 19.1-ci və 19.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Dostları ilə paylaş: |