MÜHAZİRƏ № I Ölkəmizin ağır sənaye sahəsində neft və qazçıxarma sənayesi xüsusi yer tutur. Bu əsas etibarıilə neft və qazın ölkəmizin yanacaqenergetika kompleksinin inkişafında və neft-kimya istehsalının xammala təlabatının ödənilməsindəki rolu ilə müəyyən edilir. Yanacaq-energetika balansında neftin və qazın yanacaq kimi istifadə olunan hissəsi 60,4%-dən (1970-ci ildə) 70,7%-ə (1980-cı ildə) çatmışdır.
Neft, qaz və qaz-kondensat yataqlarının səmərəli istismar rejimlərinin təyin edilməsində, layda baş verən proseslərin neft və qazın laydan tam çıxarılmasını təmin edən istiqamətdə idarə olunması məsələsinin həllində ―”Neft layının fizikası” fəninin rolu böyükdür.
QAZLI BƏ NEFTLİ SÜXURLARIN FİZİKİ XASSƏLƏRİ Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. Beləliklə məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir. Neft və qaz kollektorlarının hissəcikləri bir-birilə əlaqəsi olmayan və ya müəyyən maddə ilə əlaqələndirilmiş müxtəlif təbiətli, xassəli, möhkəmlikli, ölçülü və formalı minerallardan (kvars dənələri, çöl şpatı və s.) ibarətdir. Yatağın işlənməsi və istismarı müddətində neft və qaz kollektoru mürəkkəb deformasiyaya məruz qalır və istismar prosesinə yüksək dərəcədə təsir göstərir.
Neft və qaz layının fiziki xassələrini öyrənmək üçün aşagıdakıları bilmək lazımdır:
1) süxurların qranulmetrik tərkibini;
2) məsaməliliyini;
3) keçiriciliyini;
4) kapillyarlıq xassələrini;
5) məsaməli süxurun xüsusi səthini;
6) süxurların mexaniki xassələrini (elastiklik, plastiklik, sıxılma, dağılma və başqa növ deformasiyalara göstərilən müqaviməti);
7) müxtəlif şəraitlərdə süxurun neft, qaz və su ilə doymasını.