Qərbi azərbaycanlı soydaşlarımız torpaq, yurd nisgilinə birdəfəlik son qoyulacağına əmindirlər


Naxçıvan da Qərbi Azərbaycandır və ya Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizindən başlayacaq



Yüklə 243,94 Kb.
səhifə4/5
tarix27.09.2023
ölçüsü243,94 Kb.
#149714
1   2   3   4   5
Qərbi azərbaycan Nax material

Səbuhi HƏSƏNOV


Naxçıvan da Qərbi Azərbaycandır və ya Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizindən başlayacaq



Qərbi Azərbaycan mövzusundan danışarkən, ilk növbədə istərdim “Qərbi Azərbaycan” toponiminə aydınlıq gətirim. Bu toponim hazırda 1918-ci ildə imperialist dövlətlərin təzyiqi və yardımı ilə 4 iyun Batum müqaviləsinə əsasən və 1918-1920-ci illərdə ermənilərin hərbi təcavüz nəticəsində, daha sonra isə, sovet hakimiyyəti illərində sovet rəhbərliyinin dəstəyi ilə rəsmi və ya qeyri-rəsmi şəkildə ələ keçirdikləri ərazidə qurduqları indiki Ermənistan Respublikasının ərazisini əhatə edir. Faktiki olaraq coğrafi baxımdan Naxçıvan ərazisi də Azərbaycanın qərb hissəsində yerləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə yenidən yaradılan 14 iqtisadi rayondan biri də Şərqi Zəngəzurdur. Bundan bir həftə sonra, iyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı qeyd etdi ki, “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var”. Dövlət başçımızın Qərbi Zəngəzur adlandırdığı ərazi indi Ermənistan Respublikasının tərkibində Naxçıvanı Vətənimizin əsas hissəsindən ayıran torpaqlardır.
Bundan başqa, 1828-ci il Türkmənçay müqaviləsi ilə İranın tərkibinə qatılan Cənubi Azərbaycanı XX əsrdə bir neçə dəfə inzibati baxımdan parçalayan fars rejiminin təşkil etdiyi Qərbi Azərbaycan ostanının Naxçıvanla bilavasitə həmsərhəd olan şimal hissəsi də Naxçıvan ərazisindən qərbdə yerləşir. Belə olan halda tarixi Zəngəzur vilayətinin ermənilər tərəfindən 1918-1920-ci illərdə işğal edilmiş hissəsi Qərbi Zəngəzur adlanırsa və Qərbi Azərbaycan adlandırdığımız coğrafiyanın tərkib hissəsidirsə, ondan daha qərbdə yerləşən, başqa sözlə Qərbi Zəngəzurla Qərbi Azərbaycan ostanı arasında yerləşən Naxçıvan ərazisi də, təbii olaraq, Qərbi Azərbaycan torpaqlarına daxil deyilmi?! Bu baxımdan, biz hesab edirik ki, “Qərbi Azərbaycan” anlayışı bir toponim (coğrafi ad) olaraq (Cənubi Azərbaycanın qərb torpaqlarını nəzərə almadan), həm indiki Ermənistanın və Naxçıvan Muxtar Respublikasının ərazilərini əhatə edir. Hazırda geniş şəkildə işlədilən və tarixi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal etdiyi əraziləri ifadə edən “Qərbi Azərbaycan” anlayışı isə, daha çox geopolitik (coğrafi-siyasi) məna kəsb edir, nəinki tam coğrafi.
Sadəcə 1918-1920-ci illərdə erməni işğalına qarşı mübarizədə Naxçıvan Azərbaycanın ərazisi kimi qorunub saxlandığından, Qərbi Azərbaycan hazırda toponimi min illər boyu Azərbaycan torpaqları olmuş indi Ermənistan adlandırılan əraziyə şamil edilir. XX əsrdə sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpaqlarının işğalı ilə bağlı əsl tarixi həqiqətlər xalqımızdan gizli saxlanıldığından, saxta beynəlmiləlçilik, xalqlar arasında dostluq zorakı şəkildə təbliğ edildiyindən, indiki Ermənistan ərazisinin, əsl həqiqətdə olduğu kimi, Qərbi Azərbaycan adlandırılması da dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə başladı. Əlbəttə, bizim Naxçıvanı da Qərbi Azərbaycan adlandırdığımız coğrafiyaya aid etməyimiz ümumi işin xeyrinə olan bir neçə məqsəddən irəli gəlir. İlk növbədə, bunu məntiq və real coğrafiya anlayışı tələb edir. Digər tərəfdən, ermənilərin Azərbaycan torpaqlarına qarşı hərbi təcavüzü, soyqırım və deportasiyasının bütün mərhələlərində onların mənfur qəsbkarlıq planlarında bütövülkdə Qərbi Azərbaycan coğrafiyası olmuşdur. Daha bir səbəb məhz düşmənin bu iki əsrlik işğalçılıq planlarının (1828-1840-cı illərdə çarizm tərəfindən qondarılmış “Erməni vilayəti”nin İrəvan və Naxçıvan xanlıqlarının ərazisini əhatə etdiyini xatırlamaq kifayətdir) əsl simasını və miqyasını Azərbaycan torpaqlarını, xüsusən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarını ayrı-ayrılıqda hissələrə ayırmaqla, tam şəkildə üzə çıxarmaq olmaz. Ən nəhayət, ermənilərin xalqımıza qarşı soyqırım və deportasiya siyasətinin hər mərhələsində bu coğrafiyanın demoqrafiyası daim iç-içə olmuş, İrəvan və Zəngəzur qəzaları əhalisinin erməni zülmündən qaçıb ən çox sığındığı ərazilərimizdən biri də məhz Naxçıvan bölgəsi olmuşdur. Bu baxımdan, ən azı və xüsusən torpaqlarımızın işğalı, soyqırım və deportasiya tarixini öyrənərkən, bu qədim Azərbaycan torpaqlarını bir-birindən ayrı götürülmüş şəkildə tədqiq etmək mümkün deyildir. Beləliklə, coğrafi mənada Qərbi Azərbaycan tarixi Azərbaycan ərazisinin işğal altında olan (indiki Ermənistan) və işğaldan qorunan (Naxçıvan) bütün torpaqlarını əhatə edir. Naxçıvanın ölkəmizin əsas hissəsindən Zəngəzurun qərb hissəsinin işğalı nəticəsində ayrı düşməsi və hazırkı eksklav vəziyyəti “Qərbi Azərbaycan” ideyasına legitimlik qazandıran əsas amillər sırasındadır.
XIX əsrdə ermənilər Rusiyanın 1828-ci ildə İranla imzaladığı Türkmənçay 1829-cu ildə Osmanlı Türkiyəsi ilə bağladığı Ədirnə müqavilələrindən sonra çarizm tərəfindən Cənubi Qafqaza köçürüləndə də əsasən Azərbaycanın qərb ərazilərində (keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarına məxsus torpaqlarda) məskunlaşdırılmışlar. 1828-ci il 21 mart tarixli çar fərmanı ilə yaradılan, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərini əhatə edən “Erməni vilayəti”ndə mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə ermənilər yaşayırdılar. Bu kəndlərdən yalnız 14-nün adı erməni mənşəli olmuş, başqa sözlə, ermənilər 14 yeni kənd salmışdılar ki, bu da digər 48 kəndin də azərbaycanlılara məxsus olduğu anlamına gəlir. Rus çar məmuru İ.Şopen “Rusiya imperiyasının tərkibinə daxil olduğu dövrdə Ermənistan bölgəsinin dövlətinin tarixi abidəsi” əsərində Naxçıvan və Ordubad mahallarında adını çəkdiyi 231 kənddən cəmi 12-də kütləvi köçürülmələrdən əvvəl ermənilərin yaşadığını qeyd edir. Burada söhbət ermənilərə məxsus kəndlərdən deyil, ermənilərin də yaşadığı kəndlərdən gedir. Üstəlik, bu kəndlərdə yaşayan ermənilər də əsasən I Rusiya-İran müharibəsində köçüb gələnlər idi.
Ermənilərin köçürülməsindən danışarkən, qeyd etmək lazımdır ki, bu çarizm tərəfindən onların Cənubi Qafqazda zorakı məskunlaşdırılması olsa da, bu proses yerli əhali tərəfindən heç də xoş qarşılanmır, ciddi müqavimətlə üzləşirdi. Məsələn, Naxçıvanda Nehrəm camaatı ermənilərin kəndə köçürülməsinə qəti etiraz edərək, onlara kənddə yer verməmişdi. Nəticədə nehrəmlilərin Araz çayı sahilindəki kövşənləri çar məmurları tərəfindən zorla alınaraq, ermənilərə verilmiş, gəlmələr burada Təzəkənd adlı kənd salıb məskunlaşmışdılar. Nehrəm kəndindən 5 kilometr uzaqlıqda yerləşən Güznüt kəndi də belə salınmışdı. Eyni narazılıq və müqavimət halları Kültəpə və Bənəniyar kəndlərində, habelə Naxçıvan şəhərində də olmuşdu.
Onu da qeyd edək ki, 1840-cı ildə həyata keçirilən inzibati islahatlar çərçivəsində həmin qondarma “Erməni vilayəti” ləğv edilsə də, o, Cənubi Qafqazda ermənilər üçün təşkil edilmiş ilk inzibati vahid – gələcəkdə bölgədə yaradılması planlaşdırılan erməni dövləti üçün nəzərdə tutulmuş əraziləri coğrafi sərhədlərini əhatə edirdi ki, bu da sonradan, 1918-1920-ci illərdə artıqlaması ilə reallaşdırıldı. XIX əsrin bəhs edilən dövründə baş vermiş Rusiya-İran (1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələri nəticəsində bölgədə 420 azərbaycanlı kəndi tamamilə dağıdılmış, əhalinin bir hissəsi öldürlümüş, sağ qalan əhali isə Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışdı. Təkcə 1831-ci il ərzində Qərbi Azərbaycanda azərbaycanlılar yaşayan kəndlərin sayı 208 vahid azalmışdı. O zaman ermənilərin boş qalmış bir sıra Azərbaycan kəndlərində məskunlaşdırıldığı şübhəsizdir. Əvəzində isə 1828-1873-cü illərdə bu ərazidə çar hökuməti tərəfindən qonşu ölkələrdən köçürülüb gətirilən ermənilər üçün 148 yeni kənd salınmış, daha 161 azərbaycanlı kəndi də ermənilər tərəfindən zəbt olunmuşdu. Bundan başqa, 1828-1830-cu illərdə ilkin olaraq İrandan gətirilən 40 min, Türkiyədən köçürülən 84 min erməni köçkünün tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması üçün çar hökuməti 200 min desyatindən (2180 kvadratkilometr) çox xəzinə torpağı ayırmış, 2 milyon manatlıqdan çox sahibkar torpağı alınmışdı.
Ermənilərin tarixi Azərbaycana köçürülməsi bütün XIX əsri əhatə etmiş və XX əsrin əvvəllərində də davam etdirilmişdir. Nəticədə ötən əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu çarizm tərəfindən qonşu ölkələrdən köçürülən ermənilər, qalanları isə erməniləşmiş xristian albanlar idi. 1820-1920-ci illər ərzində təkcə Türkiyədən Rusiyaya () daha çox Cənubi Qafqaza) 600 min erməni, əks istiqamətdə isə 2 milyon müsəlman köçürülmüşdü. Bu ermənilərin 400 min nəfəri I Dünya müharibəsi zamanı köçürülmüş, eyni sayda müsəlman isə çar Rusiyasından Şərqi Anadoluya köçürülmüşdü. Köçürülən ermənilərin bir hissəsi sonradan, yəni 1921-ci ildə soyqırım nəticəsində əhalisinin böyük bir hissəsini itirimiş Naxçıvan bölgəsində yerləşdirilmişdi. Qeyd edək ki, 1920-ci ildən sonra da, sovet hakimiyyəti illərində, xüsusən azərbaycanlıların Qərbi Azərbaycandakı ata-baba yurdlarından 1948-1953-cü illər deportasiyası dövründə də ermənilərin yaxın və uzaq ölkələrdən tarixi Azərbaycan torpaqlarına köçürülməsi davam etmişdir.
Məhz Cənubi Qafqazda zorakı məskunlaşdırılma yolu ilə ermənilər süni etnik amilə çevrildikdən sonra, terrorçu Daşnaksütyun partiyası 1904-cü ildə Vyanada keçirilən III qurultayında ilk dəfə Qərbi Azərbaycan torpaqlarını, yəni Naxçıvan, İrəvan, Zəngəzur və Şuşa qəzalarını, habelə İrəvan və Gəncə quberniyalarının bir sıra digər ərazilərini də tarixdə heç bir zaman mövcud olmamış bədnam “böyük Ermənistan” ərazisini “azad etmək”lə bağlı planlarına daxil etmişdi.
Qərbi Azərbaycanın ermənilər tərəfindən kütləvi məskunlaşdırırlması və erməni əhalisinin sayının artırılması prosesinin bir istiqaməti də orada azərbaycanlıların sayının zorakılıqla azaldılması hesabına baş verirdi. Bu baxımdan XIX-XX əsrlərdə ermənilərin bölgədə kütləvi məskunlaşdırılması, 1905-1907-ci, 1918-1920-ci illərdə xalqımıza qarşı törədilən soyqırım, 1948-1953-cü illərin deportasiyası, eləcə də 1988-ci ildə 250 mindən artıq soydaşımızın indiki Ermənistan ərazisindən qovulması nəticəsində Qərbi Azərbaycanın türksüzləşdirilməsi siyasətinin bütövlükdə iki əsr davam etmiş ayrı-ayrı mərhələləridir. Bu mərhələlər nəticəsində son iki əsrdə Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində Qərbi Azərbaycanda iki minə yaxın yaşayış məskəni boşaldılmışdır. Nəzərə alsaq ki, indi Ermənistanda 48 şəhər və 953 kənd olmaqla, cəmi 1000 civarında yaşayış məntəqəsi var, o zaman boşaldılan azərbaycanlı yaşayış məntəqələrinin ən azı 1000-nin yer üzündən silindiyini demək mümkündür.
Yuxarıda haqqında danışdığımız bütün mərhələlərdə Qərbi Azərbaycandan olan soydaşlarımızın Naxçıvan bölgəsinə köçü baş verib. XIX əsrdə ermənilərin bölgədə sayı süni şəkildə artırıldıqca, onlara ayrılan torpaqlar ya xəzinə (dövlət) torpaqları olur, ya da çar hökumətinin hesabına azərbaycanlılardan pulla alınmış torpaqlar olurdu ki, bu da son nəticədə azərbaycanlıların torpaqsızlaşdırılması demək idi.
Digər tərəfdən, 1905-1907-ci və 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilərin həyata keçirdiyi faciəli hadisələr, qanlı cinayətlər bölgədə soydaşlarımızın sayının xeyli azalması ilə nəticələnmişdi. Bu dövrdə indi Qərbi Azərbaycan adlandırdığımız torpaqlardan Naxçıvana nə qədər soydaşımızın köçürüldüyünü demək çox çətindir. Çünki həmin dövrdə ermənilər Naxçıvanda da əhalinin soyqırımını həyata keçirirdilər. Erməni zülmündən qaçmaq istəyən Azərbaycan türklərinin bir qismi Cənubi Azərbaycana sığınmaq məcburiyyətində qalırdılar. Məsələn, 1897-ci ilə nisbətən 1909-cu ildə Naxçıvanda azərbaycanlı əhalinin sayı 31279 nəfər, yəni 34,6 faiz azalmışdı. Həmin illərdə əhalinin təbii artımını da nəzərə alsaq, 1905-1907-ci illərin soyqırımı nəticəsində ermənilər tərəfindən öldürülən və didərgin düşən soydaşlarımızın hesabına təkcə Naxçıvanda azərbaycanlı əhalinin sayı təxminən iki dəfə azalmışdı. 1905-1906-cı illərdə İrəvan quberniyasının dağıdılmış 242 kəndində 65149 nəfəri Azərbaycan türkü, 5579 nəfəri kürd olmaqla, 70728 nəfər ermənilərin törətdiyi soyqırımın qurbanı olmuş, Qərbi Zəngəzurun, demək olar ki, bütün kəndləri tamamilə dağıdılmışdı.
Ermənilərin azərbaycana qarşı soyqırımının 1918-1920-ci illəri əhatə edən ikinci mərhələsinin nəticələri daha dəhşətli olmuşdur. Həmin dövrdə Zəngəzur və Qars vilayətlərində ermənilər tətərfindən 88 müsəlman kəndi yandırılmış, 131930 nəfər öldürülmüşdü. Sağ qalan azsaylı əhali isə yenə də Naxçıvana və Cənubi Azərbaycana pənah gətirmişdi. İrəvan quberniyasında hələ 1917-ci ilin sonlarından 1918-ci ilin martınadək 199 kənd dağıdılmış, 135 min nəfər azərbaycanlı soyqırıma məruz qamışdı. Ümumiyyətlə, ermənilərin qanlı cinayətləri nəticəsində 1918-ci ilədək Qərbi Azərbaycanda yaşayan 575 min nəfər müəslman əhalinin 1920-ci ilin əvvəllərində cəmi 10 min nəfərindən bir qədər çoxu burada yaşamaqda davam edirdi. Əhalinin böyük bir hissəsi soyqırım qurbanı olmuş, sağ qalan əhali isə Naxçıvana və Cənubi Azərbaycana pənah aparmışdı. 1920-ci ilin yay-payız aylarında Naxçıvan ərazisində 400 min, Cənubi Azərbaycanda isə 70 min qaçqın açıq havada yaşamağa məcbur olmuşdu.
Görkəmli dövlət xadimi, sovet Azərbaycanının Ədliyyə komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan İnqilab Komitəsinin 1921-ci il aprelin 19-da keçirilən iclasında “Naxçıvanın siyasi və iqtisadi vəziyyəti haqqında” məruzəsində bildirirdi ki, Naxçıvan, Ordubad və Şərur-Dərələyəz qəzalarında ermənilər tərəfindən azı 240 kənd xarabazarlığa çevrilmişdir. Bu yerlərdən qovulan 500 min nəfərdən çox əhali Azərbaycan, Naxçıvan və Cənubi Azərbaycanın şəhər və kəndlərində sərgərdan dolaşmaqdadırlar. Qaçqınlar məsələsi ətrafında uzun müddət Naxçıvan MSSR ilə Ermənistan SSR, RSFSR və bu sovet respublikaları ilə Təbrizin bələdiyyə rəisi, Maku sərdarı, Culfa gömrüyünün rəisi arasında uzun-uzadı yazışmalar getmişdi. Nəticədə İttifaq Soveti Qərbi Azərbaycandan olan 28 min qaçqının Naxçıvanda saxlanması barədə qərar qəbul etmişdi. Zəngəzurdan qaçqınların gəlməsi prosesi 1923-cü ildə də davam etmişdi. Həmin qaçqınlar sonradan geri qayıda bilməyərək, Culfa şəhəri və ətrafında, Əbrəqunus, Qazançı, Arınc və b. kəndlərdə məskunlaşdırıldılar.
XX əsrin sonrakı dövründə, yəni 1948-1953-cü illər deportasiyası zamanı Qərbi Azərbaycan ərazisindən köçürülmüş 150 mindən artıq, eləcə də 1988-1991-ci illərdə qovulmuş 250 mindən çox azərbaycanlının bir hissəsi Naxçıvanda məskunlaşmışdır.
Ermənilər Qərbi Azərbaycanda etnik təmizləmə prosesindən əlavə həm də Azərbaycan türkcəsində olan bütün coğrafi adların dəyişdirilməsi prosesini də həyata keçirmişlər. XIX əsrdə qondarma “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı və bu kəndlərdən cəmi 14-nün adı ermənicə idi. Yəni qalan 48 kənddə də ermənilər yaşamsına baxmayaraq, həmin kəndlərin adı Azərbaycan mənşəli olmuşdur. Qərbi Azərbaycan çar Rusiyasının tərkibində olduğu 1828-1917-ci illərdə burada cəmi 3 (İrəvan – Erivan, Gümrü – Aleksandropol, Kəvər – Novo-Bayazet), 918-1920-ci illərdə Qərbi Azərbaycanı işğal etmiş erməni-daşnak rejiminin hakimiyyəti dövründə daha 17 yaşayış məntəqəsinin adı dəyişdirilsə də, XX əsrin sonrakı mərhələsində və XXı əsrdə ermənilər türk dilində olan toponimlərin, demək olar ki, hamısını dəyişdirmişlər. Bunun üçün onlar iki üsula əl atmışlar. Bunlardan biri Azərbaycan dilində olan oykonimlərin (yaşayış yerlərinin) adlarının dəyişdirilməsidir ki, ümumilikdə sovet hakimiyyəti illərində 521, 1991-ci ildən üzü bəri isə 158, bütövlükdə isə 702 türkcə toponim erməni adları ilə əvəz edilmişdir. Digər üsulla isə, ermənilər adları azərbaycanca olan yaşayış məntəqələrini (əsasən kiçik kəndləri) birləşdirərək, ermənicə adlandırmış, beləliklə, həmin oykonimlərin birdəfəlik ləğvinə nail olmuşlar. Bu siyahıya XX əsrdə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar və deportasiya siyasəti nəticəsində birdəfəlik məhv edilmiş kəndləri də daxil etsək, düşmənin Azərbaycan türkcəsində olan yer adlarına qarşı da sözün əsl mənasında linqvistik soyqırım həyata keçirdiyinin şahidi olarıq. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın əhalisi ermənilər tərəfindən məhv edildikdən sonra yer üzündən silinmiş 254 kəndi, eləcə də 1948-1953-cü illərin deportasiyası nəticəsində ləğv edilən Qarabağlar rayonunun (1937-ci ildə yaradılmış, deportasiya dövründə azərbaycanlı əhali köçürüldükdən sonra, 1951-ci ildə ləğv edilmişdir) azərbaycanlıların kompakt şəkildə yaşadığı 28 kəndinin xarabazarlığa çevrilənləri, ümumiyyətlə, Qərbi Azərbaycanda xalqımıza məxsus 1000-dən çox yaşayış məntəqəsinin yer üzündən silinməsi erməni vəhşiliyinin bariz sübutudur.
Lakin dünyanın ən qədim xalqlarından birinə məxsus olmuş bütöv bir tarixi, hətta belə kütləvi saxtakarlıqla da olsa, silib birdəfəlik atmaq mümkün deyildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi aşağıdakı fikir bu tarixi Azərbaycan torpaqları ilə məsələnin kompleks şəkildə dövlətimizin gündəliyində dayandığını, hətta prioritet təşkil etdiyini söyləməyə əsas verir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icması ilə görüşdə səsləndirdiyi fikirlər Qərbi Azərbaycanın tarixi keçmişi və gələcəyi ilə bağlı konseptual proqram, “Qərbi Azərbaycan” probleminə Azərbaycan dövlətinin baxışı və yeni çağırışlardan ibarət idi. İlk növbədə diqqəti cəlb edən fakt budur ki, Azərbaycan cəmiyyəti ötən dövrdə Prezident İlham Əliyevin öz doğum günlərini hər il, adətən, şəhid, qaçqın və məcburi köçkün ailələri ilə qeyd etdiyinə alışmışdı. Bu addımla Prezidentimizin verdiyi açıq ictimai mesaj ondan ibarət idi ki, nə qədər ki, torpaqlarımız işğal altındadır, şəhidlərimizin ruhu narahatdır, siz rahat deyilsiniz, doğma yurdlarımızdan qaçqın, didərgin düşmüsünüz, yurd yeri həsrəti var, mən də öz doğum günümdə belə sizinləyəm, mənim üçün ərazi bütövlüyümüzün təmin edilməsi problemi hər şeydən öndə gəlir. Artıq iki ildir, cənab Prezident doğum gününü əslində əvvəlki ənənəsi ilə bilavasitə bağlı olan, amma bir qədər fərqli səpkidə qeyd edir. Torpaqlarımızı düşmən işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan 2021-ci ildə doğum gününü 28 illik məşum işğaldan sonra azad edilmiş ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada qeyd etdi. Bu da, öz növbəsində, bütün cəmiyyətə və dünyaya el ağsaqqalı Dədə Qorqud timsalında – “azad etdiyimiz torpaqları qurub yaradacağıq, çiçəkləndirib inkişaf etdirəcəyik” mesajının verilməsi idi. Həmin mesaj növbəti dəfə dövlət başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə səsləndirildi: “İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır”.
2022-ci ildə isə dövlət başçısının doğum günü Qərbi Azərbaycan icmasının üzvləri ilə keçirilən görüşlə əlamətdar oldu. Azərbaycan Prezidentinin görüşdə səsləndirdiyi mühüm fikirlərin, tezislərin mahiyyətinə varmadan belə, görüşün keçirildiyi tarix çox şeyi ifadə etdir. Görüşdə Qərbi Azərbaycandan 1988-1991-ci illərdə qovulmuş qaçqınların öz tarixi ata-baba yurdlarına qayıtması, bu bölgədə xalqımıza məxsus tarixi və mədəni irs, ümumiyyətlə, həmin coğrafiyanın tarixi keçmişi və gələcəyi ilə bağlı məsələləri qabartması, icmanın həmçinin elmi, təşkilati və informasiya siyasətində fəallığı və bununla bağlı dövlət dəstəyinin gücləndirilməsi və s. haqqında dövlət başçısının dediyi fikirlər bundan sonra Qərbi Azərbaycan məsələsinin dövlətimiz üçün prioritet olacağının konkret təsdiqi idi. Şərti olaraq “doğum günü” fenomeni adlandıra biləcəyimiz məhz 24 dekabrda bu fikirlərin səsləndirilməsi bundan sonrakı tarix üçün Azərbaycan Prezidentinin əsas fəaliyyət istiqamətinin nədən ibarət olacağını aydın göstərir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər Azərbaycan dövlətinin 30 illik müstəqillik tarixinin ən böyük probleminin – ərazi bütövlüyü məsələsinin həllindən sonra bütün dünyaya öz qüdrətini bəyan və qəbul etdirən dövlətimiz artıq dünyaya səpələnmiş azərbaycanlıların problemləri ilə daha mütəşəkkil və səmərəli məşğul olacaq gücdədir. 2022-ci il noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev hazırda 1828-ci il Türkmənçay müqaviləsi ilə Qacarlar dövlətinin tərkibinə verilən və 1925-ci ildən İran adlanan dövlətin sərhədləri daxilində qalan Cənubi Azərbaycanda yaşayan çoxmilyonlu soydaşlarımızın öz hüquqları uğrunda mübarizəsinə dəstək verərək, “Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”, – demişdi.
Bu mənada, Qərbi Azərbaycan İcması ilə görüşdə səsləndirilən fikirlər əslində Qərbi Azərbaycanla bağlı dövlətimizin yürütmək əzmində olduğu siyasətin istiqamətlərinin aydın ifadəsi olmaqla yanaşı, bütövlükdə dünya azərbaycanlıları ilə bağlı bütün məsələlərin Azərbaycan dövlətinin, onun yenilməz başçısı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bundan sonrakı fəaliyyət proqramının əsasını təşkil edəcəyinin bəyanıdır. Bu şübhəsizdir ki, hələ Vətən müharibəsi dövründə məşhurlaşan “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, – iradəsi ilə dövlət başçımız bütün bu milli məsələləri hansı ardıcıllıqla, necə və nə vaxt həyata keçirəcəyi barədə aydın təsəvvürlərə malikdir. Bu baxımdan görüşdə Prezidentimizin qətiyyətlə səsləndirdiyi “...Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”, – kimi fikirləri və dövlətin bu işə tam dəstəyini ifadə etməsi artıq qarşıdakı növbəti mərhələdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına qayıdacağına ölkə əhalisində dərin inam yaradır.
1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı altında yaradılan İctimai Birlik 2022-ci il avqustun 3-də özünü həmin cəmiyyətin hüquqi varisi elan edərək, “Qərbi Azərbaycan İcması”na çevrilib, onun yeni Nizamnaməsi təsdiq olunub. İcmanın Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, hətta xarici ölkələrdəki nümayəndəlikləri kimi strukturları yaradılması, qısa müddətdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın təsdiq edilməsi (26 yanvar 2023) bu istiqamətdə fəaliyyətin kifayət qədər ciddi nəticələrə hədəfləndiyini sübut edir. Burada hələ 20 il əvvəl ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən cənab İlham Əliyevin məşhur “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, - fikrini xatırlasaq, hədəflənən nəticəyə nail olmaq üçün ali siyasi iradənin dönməzliyi şübhə doğurmur. Biz belə hesab edirik ki, Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılmasındakı dönməz mövqeyi yalnız nəqliyyat kommunikasiyalarının açılmasını ehtiva edən milli, regional və beynəlxalq əhəmiyyətli layihələri əhatə etmir. Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdış konsepsiyası nəhəng bir milli layihənin iki vacib elementidir. Başqa sözlə desək, Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizindən başlayacaq!
Bütün Azərbaycan xalqının lideri, hər bir Azərbaycan vətəndaşının Prezidenti, bütün dünya azərbaycanlılarının lideri olduğunu öz əzmkar və məqsədyönlü fəaliyyəti ilə, gördüyü real işlərlə təsdiqləmiş Müzəffər Ali Baş Komandanımızın görüşdə dediyi aşağıdakı fikirlər gələcək Azərbaycanın yalnız mənəvi deyil, həm də coğrafi konturlarını, ölkəmizin tarixi imicini bərpa edir, gələcək qüdrətinin motivlərini bəyan edir: “Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz”.

Yüklə 243,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin