Muxtar MƏMMƏDOV Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
Qərbi Azərbaycanlılar: ermənilər torpaqlarımıza sonradan gəldilər, bizi sıxışdırdılar, didərgin saldılar
Vətənimizin ən müxtəlif bölgələrində, eləcə də muxtar respublikamızda Qərbi Azərbaycan torpaqlarından deportasiya olunan insanlar yaşayır. Məmmədovlar ailəsi də onlardan biridir. Bu ailə 1988-ci ildə doğma torpaqlarından deportasiya olunaraq gəlib Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşıblar.
1964-cü ildə Vedi rayonunun Şidli kəndində doğulan Bəhman Məmmədov yaşadığı yerlə bağlı xatirələrini bizimlə bölüşdü: – Şidli kəndi Ağrı dağının yaxınlığında, Vedi rayonu ərazisində yerləşir. Şidli türk adıdır, bir zamanlar bu bölgələrdə yaşayan, Şəddadilər dövlətini yaradan Şadlı tayfasının adı ilə bağlıdır. Ermənilər indi kəndimizin adını dəyişdirib Yexeqnavan qoyublar. Digər Qərbi Azərbaycan torpaqları kimi, ermənilər Şidli kəndinin də əzəli sakinlərinin – yəni azərbaycanlıların başına oyunlar gətiriblər. Hələ 1918-ci ildə bu kənddən azərbaycanlılar qırğınlarla qovulub, yalnız sovet hökuməti qurulandan sonra doğma yurdlarına dönə biliblər.
Müsahibim söhbətinə belə davam etdi: – Şidlidə o zaman 600 ev var idi, 3000 adam yaşayırdı. Mən 1972-1982-ci illərdə Şidli kənd orta məktəbində oxumuşam. 1982-1984-cü illərdə Uzaq Şərqdə hərbi xidmət keçmişəm. Rusiyanın Voronej şəhərində üç il əmək və rəsm ixtisası üzrə ali təhsil almışam, iki il oradakı 16 nömrəli məktəbdə müəllim işləmişəm. Anam Naxçıvanın Tumbul kəndindən idi, Şidliyə ərə gəlmişdi. Atam Fərhad Məmmədov Şidlidə mexanik işləyirdi, Böyük Vətən müharibəsinin iştirakçısı olub və bir çox medallar alıb. O, 1986-cı ildə Şidlidə rəhmətə gedib, orada da dəfn etmişik. Anam isə bizimlə bərabər 1988-ci ildə Naxçıvana gəlib, Çalxanqalada rəhmətə gedib. Mən Şidlidə 25 il yaşamışam. Orada mədəniyyət güclü inkişaf etmişdi, konsertlər verirdik, saz ustalarımız var idi. Mən də oradakı musiqi məktəbində qarmon ifaçılığı üzrə oxumuşam. Şidlidə insanlar kənd təsərrüfatının bostançılıq, üzümçülük, meyvəçilik sahələri ilə məşğul olurdular.
Bəhman müəllim ermənilər tərəfindən deportasiya olunduqlarını deyir: – Ermənilər tarixən bizimlə yola getməyib. Alman politoloqu Karl Marks deyib ki, erməni adında, ümumiyyətlə, millət olmayıb. Onlar bizim torpaqlarımıza sonradan gəldilər, bizi sıxışdırdılar, didərgin saldılar. 1988-ci ildə ermənilər qəfil hamımızı mühasirəyə aldı, əli silah tutanlar kəndi müdafiə edirdi, neçə kənd sakini atışmalar zamanı şəhid oldu. Qulağımıza çatırdı ki, ermənilər deyirdi, sizin burada yaşamaq hüququnuz yoxdur, buradan çıxmalısınız. 1988-ci il Sumqayıt hadisələrindən sonra azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmağa, yaşadıqları yerləri tərk etməyə başladılar. Həmin ilin oktyabr ayında bizim ailə də Şidlidən çıxmaq məcburiyyətində qaldı. Kənd sakinlərinin bir hissəsi Naxçıvana, bir hissəsi isə Bakıya köç etdi. Gəldik Şərur rayonunun Kərimbəyli kəndinə. Bacımgil orada yaşayırdı, bir müddət orada qaldıqdan sonra Çalxanqalaya gəldik. Burada dövlət bizə ev verdi. Biz ailədə 4 bacı, 4 qardaş idik. Ən balacası mən idim. Hazırda digər bacı-qardaşlarım hamısı Bakıda yaşayır. Çalxanqalaya gələn gündən buradakı orta məktəbdə musiqi müəllimi işlədim. Kəndimizdə musiqi məktəbi tikiləndən isə burada şagirdlərə qarmon dərsi tədris edirəm. Yoldaşım Sevda Hüseynova da Əzizbəyov rayonunun Zeytə kəndindəndir. Üç qızım var, onlar da alitəhsilli müəllimdir.
“Bir gün doğma Şidlini yenidən görəcəyimizə inanırıq”, – deyən Bəhman müəllim vurğulayır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük şanlı Vətən müharibəsində əldə edilən böyük Zəfər Qərbi azərbaycanlılarda böyük ruh yüksəkliyi, böyük ümidlər yaratdı. Ordumuzun gücü, şücaəti bizi qürurlandırdı. Bacımın nəvəsi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı İlkin Məmmədzadə də Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib, ölkə başçısının müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bəhman müəllimin həyat yoldaşı Sevda Hüseynova 1963-cü ildə indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunun Zeytə kəndində doğulub. Sevda xanım o günləri xatırlayaraq deyir: – Ermənilər indi kəndimizin adını dəyişdirib Zedsa qoyub. Halbuki Zeytə azərbaycanlıların yaşadığı kənd olub. 1988-ci ildə kəndimiz erməni təcavüzünə məruz qaldı, kəndin digər sakinləri kimi, bizim ailə də deportasiya olundu. Ermənilərin əlindən qaçıb qurtulan insanlar Naxçıvana sığındılar. Anamgil Qabaxlı kəndindən olublar. 1957-1958-ci illərdə ermənilər onları oradan qovub, gəliblər Zeytəyə. Yəni onlar iki dəfə qaçqın olub.
Mən 1982-1987-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib, Zeytə kəndində müəllim işləyirdim. Biz də həmin gün məktəbdəydik, direktorumuz bikef gəldi. Səbəbini soruşanda dedi, ermənilər “Qarabağ bizimdir” deyirlər. Təəccübləndik, axı hamımız gerçəyi bilirdik ki, Qarabağ heç vaxt onların olmayıb! Kəndin yarısı noyabr ayında məcbur qalaraq kəndi tərk etdi, bir hissəsi isə dekabrda çıxdı. Biz evə lazım olan əşyalarımızı gətirə bildik. 1988-ci il dekabrın 4-də əvvəlcə Babək rayonunun Buzqov kəndinə gəldik, bir müddət orada yaşadıq. Çalxanqalada ev aldıqdan sonra buraya köçdük. Bəhmanla da burada tanış olub, ailə qurmuşuq.
“Bizim kənd hamısı azərbaycanlılardan ibarət idi, ancaq ayrı kəndlərdən bizim kəndə erməni işçilər verirdilər”, – deyən Sevda xanım onu da bildirdi ki, Zeytədə alitəhsilli azərbaycanlılar çox olsa da, zotexnik, baytar, aqronom, müəllim, bir sıra yüksək vəzifələrdə ermənilər işləyirdi. Müsahibim tezliklə ədalətin bərpa olunacağına, yaşadıqları torpaqlara dönəcəklərinə əminliyini ifadə etdi.