7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri
Ekvator boyu yerləşir, illik yağıntıların miqdarı 2000-2500 mm olub aylar üzrə kifayət qədər bərabər
paylanır. İlboyu bir və ya bir neçə nisbətən «quru mövsüm» (ayda 125 mm) müşahidə olunur. Yağışlı meşələr
əsas üç vilayətdə yayılmışdır:
1) Amazonka hövzəsində və Cənubi Amerikada – Orinokada - başdan-başa böyük massiv şəklində; 2)
Afrikada Konqo. Nigera və Zambezi çayları hövzələrində və Madakaskar adasında; 3) Hindo-Malayskidə və
Borneo – Yeni Qvineya adalarında.
Bu vilayətlərdə tempetarun illik gedişi kifayət qədər bərabər paylanıb. Bitki və heyvanların çoxalması və digər
funksiyalarının mövsümi dəyişməsi əsasən yağıntıların miqdarının tərəddüdündən asılıdır və yaxud daxili ritmlərlə
tənzimlənir. Belə ki, Winteraceae fəsiləsinə aid olan bəzi ağacların böyüməsi fasiləsiz gedir, lakin həmin fəsiləyə aid
olan digər növlər üçün böyümədə dövrlük müşahidə olunur və oduncaqda həlqələr əmələ gəlir.
Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1) Seyrək yerləşən ən hündür ağaclar üst yarusu
yaradır; 2) Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25-35 m; 3) Alt yarus – yalnız ümumi çətirdə
işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və
epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir – bir neçə hektar sahədə rast gəlinən növlərin sayı
bütün Avropanın florasında olan növlərin sayı qədərdir (Y.Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı
170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.) sayı otlarla
birlikdə 200-300 və daha çoxdur (Şəkil 6.13).
Rütubətli tropik meşələr kifayət qədər qədim klimaks ekosistemləri sayılır, burada qida maddələrinin
dövranı mükəmməllik dərəcəsinə çatmışdır, onlar az itirilir və mutalistik orqanizmlərlə və ağacların dərinə
getməyən (çox hissəsi havada yerləşən) güclü mikorizalı kök sistemi vasitəsilə tez bioloji dövrana qoşulur.
Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır.
Tropikanın dağlıq rayonlarında dağ-yağışlı meşələri yerləşir, onlar düzənin yağışlı meşəsinin
növmüxtəlifliyi olub bəzi xarakterik əlamətlərinə görə fərqlənir. Dağ boyu yuxarı qalxdıqca meşə örtüyü alçaq-
boylu olur və epifitlər avtotrof biokütlənin böyük qismini təşkil edir.
Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və ya
sahil meşələri adlanır.
Mülayim qurşağın meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst
yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır. Ağacda yaşayan
məməlilərdən başqa yağışlı meşələrdə çoxlu buqələmun (xamelyon), iquana, hekkonlar, ağac ilanları,
qurbağalar və quşlara rast gəlinir.
Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr mühüm ekoloji rol oynayır.
|