Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və damaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan şəkilçidəki saitlərin hamısı dodaqlanan olmalıdır; məsələn: odur, uzunçuluq, özümüz və s. Damaq ahənginə görə sözdə və sözə bitişdirilən şəkilçidəki saitlərin hamısı dodaqlanmayan sait olmalıdır; məsələn: gəmiçi, genişlik, gənclər və s.
Azərbaycan dilindəki söz və şəkilçilər saitlərin ahənginə görə üç növə ayrılır:
ancaq dil ahənginə tabe olanlar: adam, qələm, adamlar, qələmlər və s.
dil və dodaq ahənginə tabe olanlar: dinlədi, oxudu, düşündü, incəlik və s.
saitlərin ahənginə tabe olmayanlar: dayımgil, tarixi, vətəndaş və s.
Saitlərlə samitlərin ahəngi.Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəngləşməsi qanunu vardır. Ə.Dəmirçizadə müasir Azərbaycan ədəbi dilində saitlərlə samitlərin ahənginin iki növünü göstərir:
dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi;
səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi.
Dilin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngi, əslində, arxa sıra və ön sıra sait səslərin uyuşmasından ibarətdir. Həqiqətən, arxa sıra a,ı,o,u saitləri ilə q,ğ,x dilarxası samitləri, dilönü ə,i,e,o,ü saitlərinin k,g,y dilortası samitlərlə müvaziliyi vardır. Ön və arxa sıra saitləri və dilarxası və dilortası samitlərinin biri-birinə uyuşması nəticəsində saitlərlə samitlərin ahəng qanunu formalaşır.
Ə.Dəmirçizadə müasir Azərbaycan ədəbi dilində saitlərlə samitlərin ahənginin ikinci növünü-səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin ahəngini belə əsaslandırmağa çalışaraq yazır ki, səs tellərinin vəziyyətinə görə həmcins saitlərlə samitlərin cingiltiləşməsi prosesi ilə əlaqədar bir fonetik hadisədir. Bu isə, ümumiyyətlə, səslərin ünlü və ünsüz növləri ilə bağlıdır. Məlum olduğu üzrə, səs tellərinin gərginləşib kipləşməsi və hava axınının təzyiqi ilə aralanıb titrəməsi nəticəsində ünlü səslər, səs tellərinin sakit vəziyyətində aradakı cığırdan keçərkən rəqslənən hava axınından isə ünsüz səslər əmələ gəlir. Saitlər və cingiltili samitlər ünlülük baxımından həmcins səslərdir. Kar samitlər isə ünsüz olmaqla həm saitlərdən, həm də cingiltili samitlərdən fərqlənən səslərdir. Buna görə də söz sonundakı şəraitdən asılı olaraq karlaşmış samitlər müvafiq şəraitə düşərək öz əslini bərpa edir, yəni cingiltiləşir. Məhz bu səbəbdən dilçilik ədəbiyyatında bu hadisə cingiltiləşmə də adlanır. Əslində bu hadisəni qanuniləşmiş uyuşma hadisəsini, yəni ahəng qanununun bir növü kimi tanınan saitlərlə samitlərin ahəngi qanununun xüsusi bir tipi hesab etmək daha doğru olar.
Heca. Danışıq zamanı tələffüz olunan bu və ya başqa bir söz asanlıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür parçalanan hissələrinə heca deyilir; məsələn:ba-lıq-çı-lıq,çi-çək-li və s.Bir sıra başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də heca sait səslərlə düzəlir. Buna görə də hər bir sözdə saitin miqdarı qədər heca olur. Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. Bunlardan bəzilərinin sonu sait, bəzilərininki isə samitlə bitir. Bundan əlavə, bəzi hecalar saitlə və bəziləri isə samitlə başlanır. Bu xüsusiyyətlərinə görə hecalar dörd yerə bölünür:
açıq heca;