Azərbaycan‒2030: Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişaf modeli
Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf modelinin başlıca nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, ölkənin iqtisadi potensialının gücləndirilməsi və əhalinin sosial rifah vəziyyətinin əhəmiyyətli yüksəldilməsi olmuşdur. Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da
gücləndirməklə dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaratmışdır. İqtisadiyyatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə effektiv istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılmışdır. Bütün bu nəticələrin əldə olunmasında dövlətin səmərəli idarəetməsi həlledici rol oynamışdır.
Növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcəkdir. Bu əsasda qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəkdir. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcəkdir.
Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur.
Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaqdır. 2027‒2030-cu illəri əhatə edəcək ikincimərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaqdır.