Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə
Təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaqdır. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcəkdir. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcəkdir. Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcəkdir. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12%-dən 12,3%-ə çatdırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ədək azalacaqdır. Əhalinin içməli su ilə təminatı 70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatacaqdır. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20% (regionlarda 10%) təşkil edəcəkdir. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5% olacaqdır. Meşə fondunun 65%-i inventarlaşdırılacaq. Torpaqların 30%-də aqrokimyəvi analizlərin aparılması təmin olunacaqdır.
Energetikasektorundatənzimləməmühititəkmilləşdiriləcəkvəliberalbazarprinsipləritətbiqolunacaqdır. Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcəkdir. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcəkdir. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaqdır. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilədək 24%-ə çatdırılacaqdır (2030-cu ilədək 30% hədəfinə uyğun olaraq).
2022‒2026-cı illərdə əsas hədəf indikatorları
“2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın monitorinqi hər bir strateji məqsəd üzrə müəyyən olunmuş fəaliyyət indikatorları əsasında həyata keçiriləcəkdir.