Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
189
19. Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib
suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: "Müjdə! Bu bir
oğlandır! - dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı)
kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar
açdığını) biləndir!
20. (Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: "Bu bizim qaçmış
köləmizdir! - deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul
qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini
güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.
21. (Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə
dedi: "Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa
götürək!" Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı
öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların
əksəriyyəti (bunu) bilməz!
22. (Yusif gəncliyinin) ən yetkin dövründə (17,18,21,30 yaxud 33 yaşına) çatdıqda ona
hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!
23. Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq
etmək) istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" - dedi. (Yusif isə: ) "Mən (sənin bu
hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır
(və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur).
Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina
etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!" - deyə cavab verdi.
24. Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını)
görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan
sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!
25. (Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər
ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının
ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: "Sənin ailənə pislik
(övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba
düçar edilməkdir!"
26. (Yusif) dedi: "O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!"
Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: "Əgər (Yusifin)
köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
|