Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Qeyri-şiə alimlərinin rəyi



Yüklə 177,5 Kb.
səhifə53/65
tarix02.01.2022
ölçüsü177,5 Kb.
#2353
1   ...   49   50   51   52   53   54   55   56   ...   65
5. 1. Qeyri-şiə alimlərinin rəyi

Quranın təhrif edildiyini, onun bəzi hissələrinin mövcud Quran kitabından çıxarıldığını düşünən bəzi əxbarilər çox pis və yanlış düşüncədə olmalarına baxmayaraq, nəinki şiə, hətta bir çox sünni və sələfi alimlərə görə də kafir sayılmırlar, onları təkfir etmək hətta sələfilərin dini əsaslarına görə də yolverilməzdir. Çünki onların bu fikrə düşməsinə bəzi hədislər səbəb olmuşdur. Və bu alimlər bəziləri kimi kimlərəsə külli miqdarda pul verib yalan hədis qoşdursaydılar, onları xəyanətdə günahlandırmaq olardı. Onlar isə qabaqcadan uydurulmuş belə hədisləri düzgün araşdırma metodlarını bilməmişlər, dominant düşüncəyə çevrilmiş Əxbarilik onları bəlli fikirlərə sövq etmişdir. Onların günahı elmi əsaslarının yanlışlığı və bunun da nəticəsində yanlış elmi nəticələrə gəlmələridir. Buna isə Sələfizmin banisi İbn Teymiyyənin sözləri ilə cavab vermək istəyirik. O yazır: “Quranın Allah kəlamı olmadığını deyən şəxs iftiraçı və bidətçidir... Təkfirə gəldikdə isə, doğrusu budur ki, Məhəmməd ümmətindən ictihad edən və haqq niyyətilə səhvə yol verən təkfir olunmur. Əslində, onun səhvi bağışlanacaqdır. Amma kimin üçün Peyğəmbərin gətirdikləri aydın olsa və o, hidayəti açıq-aşkar dərk etdikdən sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan ayrısına üz tutsa, kafirdir... Hər xətakar və bidətçi, hər cahil və sapqın nəinki kafir, heç fasiq və günahkar da hesab olunmur”. (İbn Teymiyyə. "Məcmu əl-fətava", 12/179-180) Bir qədər sonra isə yazır: “Sələflərdən çoxları çoxlu belə məsələlərdə səhvə yol vermiş, amma bununla təkfirin yolverilməz olduğuna dair həmfikir olmuşlar. Məsələn... bəzi sələflər Quranın bəzi hərflərini inkar etmiş, “yəyəs” sözünü “yətəbəyyən”, “qada” sözünü “vassa” kimi oxumuş, bəzisi Fələq və Nas surələrini Qurandan çıxarmış, bir başqası ona Qünut surəsi əlavə etmişdir. Bunlar icma və mütəvatir nəqlə əsasən, səhvdir, lakin onların nəzərində mütəvatir olmadığına görə təkfir olunmurlar. Mütəvatir nəqllə höccət tamamlanan (qəti dəlilləri qəbul etməyə bilməyən) şəxs isə kafir olur”. (Yenə orada, 12/492-493) İbn Teymiyyə həmçinin deyir: "Səhvə yol vermiş heç bir müsəlman alimi ictihadına görə təkfir etmək olmaz. Alimləri kafir adlandırmaqla cahilləri onların canına salmaq çox xoşagəlməz haldır... (Hədisdə deyildiyi kimi) alim ictihad edərkən doğru nəticə aldıqda iki savab, yanlış nəticə aldıqda isə bir savab etmiş olur". (Yenə orada, 35/100, 103)

Bəlli təkfirə qarşı etirazlardan və İbn Teymiyyənin uyğun fikrinin yayılmasından sonra Osman əl-Xəmis onun ümumi şəkildə dediyi bir sözünü saytına yerləşdirərək əsassız fikrinə bəraət qazandırmağa çalışmışdır. (Əl-Xəmis O. “Hökm Şeyxülislam limən yətəqid təhrif əl-Quran”. www.almanhaj.net) Halbuki yuxarıda göründüyü kimi, İbn Teymiyyə məsələyə dair mövqeyini məhz burada detallarıyla açıqlamış və hansısa şübhə səbəbindən yanlış elmi nəticə almış alimləri təkfir etməmişdir.

Vəhhabi sələfizminin banisi Məhəmməd ibn Əbdülvəhhabın bəzi fikirləri də bu baxımdan diqqətəlayiqdir: "Kitabın (Quranın) və mütəvatir sünnənin dəlillərini rədd etmək küfrdür, ancaq bunları rədd edənin kafirliyinə hökm çıxarmaq olmaz. Burada cəhalət, aşkar mətnə qarşı çıxdığını bilməmək, yaxud onun mənasını anlamamaq kimi amillər ola bilər". (Nəcd alimləri. "Əd-Dürər əs-səniyyə", 10/432-433)

Eyni fikri qədim Əhli-sünnə alimlərindən də söyləyənlər az olmayıb. Nümunə üçün, Beyhəqinin bu cümləsini qeyd etmək olar: “Son iki surənin Qurandan olduğunu inkar edən dindən çıxmır, çünki buna (ciddi elmi) şübhə səbəb olmuşdur”. (Beyhəqi Ə. “Əs-Sünən əl-kubra”, 10/349, h: 20899) Əhli-sünnə arasında ən çox tərəfdara malik olan firqə imamı Əbülhəsən Əşəri isə deyirdi: “Mən qiblə əhlindən heç kimi təkfir etmirəm. Çünki hamı eyni tanrıya üz tutur. Fərq və ixtilaflar isə yalnız sözlərdədir”. (Yenə orada) Yaxud Misirin görkəmli Hənəfi alimlərindən olmuş İbn Nüceym yazır: “Ortada güclü şübhə olduğu təqdirdə qəti inkar küfrə bais olmur; necə ki, Bismillah ayəsində belədir”. (İbn Nüceym Z. “Əl-Bəhr ər-raiq”, 1/330-331)

Heç şübhəsiz, bəzi Əxbari alimlərinin Quranın təhrif olunduğunu düşünmələrinə də Şiə və Əhli-sünnə kitablarının uyğun hədisləri bais olmuşdur. Əxbarilərin yanlış elmi metodlarını da nəzərə alsaq, bu, ciddi şübhədir və ciddi şübhəyə əsasən, ictihad edib yanlış nəticə alan alim kafir sayıla bilməz. Doğrudur, nass – Quranın təhrifdən qorunacağını bildirən ayələr qarşısında ictihad yolverilməzdir. Lakin unutmayaq ki, hər bir mətni müxtəlif cür izah etmək olar və Quranın çoxlu ayələrini müxtəlif firqələr tam fərqli şəkillərdə açıqlayırlar. Heç şübhəsiz, sözügedən alimlər də uyğun ayələri, yanlış olaraq, Quranın azalma təhrifindən də qorunacağına dəlil kimi başa düşməmişlər.

Bütün bunlardan sonra israrla əxbarilərin təkfir edilməsini tələb edən vəhhabi alimlərini, onların bu israrlarının mənşəyini anlamaq çox da çətin deyil və bunu vəhhabizmin hətta İbn Teymiyyə daxil bütün müsəlmanlardan fərqlənən təkfirçi mahiyyətində axtarmaq lazımdır. Maraqlıdır ki, bu tələbdə olanlar özlərini “təkfirçi”, “xəvaric” deyil, mötədil sələfi adlandıranlardır. Belələrindən soruşmaq lazımdır ki, siz Allahın rəsulumusuz, yoxsa səlahiyyətli səfiri?! İnsanların inanc və əməllərini təftiş etmək səlahiyyətini sizə kim verib?! Ümumiyyətlə, İslamın harasında təkfir sünnəsi var və təkfir etməyənlər üçün hansı cəzalar nəzərdə tutulub ki, bu qədər əl-ayağa düşüb müsəlmanları kafir elan etməyə can atırsınız?!

Sonda qeyd edək ki, Şiə alimləri arasında da kimisə düşüncəsinə görə təkfir edən olub, xüsusən firqələrarası iğtişaşlar dövründə bəzi alimlər çox nahaq yerə bəzi firqə və ya məzhəbləri kafir sayıblar, lakin bu hal Şiəlikdə hakim ənənə deyil, həmişə müəyyən şəxslərin subyektiv fikri olub. Ümumiyyətlə, İslamın ilk əsrlərində firqə və məzhəblər arasında dözümsüzlük güclü olub, onlar bir-birini təkfir ediblər. Sələfilik isə bu gün də həmin dövrü yaşayır və əsrlərin elmi-praktik inkişafı nəticəsində belə hallara son qoymuş müsəlman ümmətini həmin dövrə qayıtmağa çağırır.



Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin