1. 3. Mühəddis Nuri və onun kitabı
Şiənin Əxbari qolunun ifratçı nümayəndələrindən olmuş Hüseyn Nuri Təbrisi «Fəsl əl-xitab fi təhrif kitabi-Rəbb əl-ərbab» adlı kitab yazaraq Qurani-kərimin Peyğəmbərdən sonra təhrifə məruz qaldığını, onun bəzi hissələrinin çıxarıldığını iddia etmişdir. Biz müxtəlif məsələlər haqda danışarkən Nurinin fikirlərinə toxunacağıq. Lakin əl-Kafinin sözügedən hədisləri də daxil olmaqla, onun istinad etdiyi rəvayətlərin böyük əksəriyyətinin təhriflə əlaqəsi yoxdur, gətirdiyi bəzi əsassız dəlilləri görəndə isə Əllamə Şəraninin dediyi kimi, “adam bilmir ki, ona nə desin”.
Bəzi vəhhabilər bilmir, ya da bilərəkdən deyirlər ki, Nuri bədnam kitabını məhz Şiə hədislərinə istinadla yazmışdır. Ehsan İlahi Zəhir özünün “Şiə və Quran” kitabında Nurinin əsas dəlilləri olan Əhli-sünnə rəvayətlərini görməzdən gələrək yalnız Şiə rəvayətlərini qeyd etmişdir. Halbuki onun ayrı-ayrı fəsillərdə təqdim etdiyi 12 dəlilinin azı 6-7-i Əhli-sünnə rəvayətlərinə, yalnız 2-i Şiə rəvayətlərinə, qalanı isə müştərək rəvayətlərə əsaslanır. Bunu uyğun dəlillərə qısa nəzərdən də anlamaq olar:
Birinci dəlil: Keçmiş ümmətlərin Tövrat və İncil kitabları təhrif olunduğu üçün bu ümmətin Quran kitabının da təhrif olunmasının labüdlüyü;
İkinci dəlil: Quranın kitab halına salındığı zaman baş verənlərin normalda təhriflə nəticələnməsi;
Üçüncü dəlil: Oxunuşun (tilavətin) nəsxinin rəddi və bunun təhrif olması;
Dördüncü dəlil: İmam Əlidə mövcud Quranla fərqlənən Quran kitabının olması;
Beşinci dəlil: Abdullah ibn Məsudun mötəbər müshəfində mövcud Qurana nisbətən əlavələrin olması;
Altıncı dəlil: Übəy ibn Kəbin mötəbər müshəfində mövcud Qurana nisbətən əlavələrin olması;
Yeddinci dəlil: Osman ibn Əffan ikinci dəfə Quranı toplayanda bəzi söz və ayələri düşürməsi;
Səkkizinci dəlil: Qeyri-şiələrin rəvayətlərindən əlavə, Quranın azalmasına dəlalət edən Şiə rəvayətlərinin də çoxluğu;
Doqquzuncu dəlil: Keçmiş müqəddəs kitablarda vəsi və canişinlərin adlarının qeyd olunduğuna görə, onların Quranda da qeyd olunmasının vacibliyi;
Onuncu dəlil: Quranın hərf və sözlərinə dair qiraətçilərin fikir ayrılığı;
On birinci dəlil: Quranda ümumi şəkildə azalmaya dəlalət hədislərin çoxluğu;
On ikinci dəlil: Quranda konkret yerlərdə azalmaya dəlalət hədislərin çoxluğu və bəzi şübhələrə cavablar.
Bu baxımdan, iddia edə bilərik ki, Nuri şiə olsa da, onun Quranın təhrifinə dair əsaslandığı əksər dəlillər qeyri-şiə mənbələrində yer almış rəvayət və ya tarixi materiallardır. Onun bu əməlini Əllamə Əsgəri daha dəqiq xarakterizə etmişdir: “Şeyx Nuri ən etibarlı Əhli-sünnə kitablarına əsaslanmış və bu yarışmada Əhli-beyt məktəbinin Xəlifələr məktəbindən geri qalmamasını istəmişdir. Lakin Əhli-beyt məktəbində oxşar dəlillər tapa bilmədiyinə görə sapqın ğalilərin rəvayətlərini, sənədsiz dualardan cümlələr, Xəlifələr məktəbindən keçmiş hədislər və müəllifləri tanınmayan kitablardan rəvayətlər toplayaraq Əhli-beyt məktəbinə aid etmişdir”. (Əsgəri M. “Əl-Quran əl-kərim və rivayat əl-mədrəsəteyn”, c. 3, fəsil: 1)
Dostları ilə paylaş: |