Qusar rayonu ərazisində torpaq ehtiyatlarının təsərrüfatın ərazi təşkilinə təsiri



Yüklə 168,03 Kb.
tarix10.05.2022
ölçüsü168,03 Kb.
#57321
Əsmət Mirpənah qızı Eminova


Əsmət Mirpənah qızı Eminova / Azərbaycan, Bakı şəhəri

m.e.eminova@gmail.com

(050)-397-19-85

Azərbaycan Milli Elmlər Akademiyası, Coğrafiya İnstitutu, Ərazi planlaşdırma və rayon planaalınması ixtisası üzrə magistrant, II kurs tələbəsi

Açar sözlər: Qusar, torpaq, qranulometrik tərkib, kənd təsərrüfatı torpaqları, meşə

Qusar rayonu ərazisində torpaq ehtiyatlarının təsərrüfatın ərazi təşkilinə təsiri

Qusar inzibati rayonu Böyük Qafqaz dağlarının şimal-şərq hissəsində yerləşir. Bu ərazidə yerləşməsi ərazinin mürəkkəb relyef quruluşuna malik olmasına şərait yaratmışdır. Ərazinin torpaq örtüyünün formalaşmasına təsir göstərən amillərdən biri rayonun relyefidir. Bundan başqa təsir göstərən amillərə bölgənin iqlimi, bitki və heyvan aləmi və torpaqəmələgətirən süxurların xassəsi və s aiddir. Bu amillərin təsiri nəticəsində Qusar rayonunda torpaq örtüyün dəyişməsini Xəritə 1-də daha aydın görə bilərik.


Xəritə 1. / Məmmədov Q.Ş. “Azərbaycanın torpaq ehtiyatlarından səmərli istifadənin sosial-iqtisadi və ekoloji əsasları/2007:443/

Torpaq tiplərinin paylanmasında yüksəklik qurşağının təsir göstərdiyi aydın görünür. Ərazidə tünd və adi şabalıdı, tünd və adi dağ-boz qəhvəyi, tipik və karbonatlı çəmən-meşə, yuyulmuş qəhvəyi dağ-meşə, çimli dağ-çəmən, çimli karbonatlı dağ-meşə, tipik qonur dağ-meşə, çəmənləşmiş dağ-meşə, ibtidai və torflu dağ-çəmən, çılpaq qayalıqlar və səthə çıxmış süxur torpaq tipləri yayılmışdır. Tünd və adi şabalıdı torpaqlar rayonun ümumi sahəsinin 78,85 km2, yəni 5,11 %-ni təşkil edir. Yüksəklik qurşağı üzrə 60-100 m hündürlüklər arasında yerləşmişdir. Tünd və adi dağ boz-qəhvəyi torpaq tipi 100-200 m hündürlüklər arasında yerləşir, ümumi rayonun 60.57 km2, yəni 3,92 %-ni əhatə edir. Tünd və adi şabalıdı, tünd və adi dağ boz-qəhvəyi torpaq tipləri zolaq əmələ gətirmir və bu ərazilərdə bitkiçilik suvarma əsasında həyata keçirilir. Yüksəklik qurşağı üzrə yuxarıya qalxdıqca tipik və karbonatlı çəmən-qəhvəyi torpaqlar gəlir. Bu torpaq tipi rayon ərazisində zolaq əmələ gətirir. 60-300 m hündürlüklər arasında yerləşərək rayonun 253,62 km2 , yəni 16,44 %-ni əhatə edir. Bölgədə yayılan torpaq tipləri arasında ikinci ən çox yayılan torpaq tipidir. Yuyulmuş qəhvəyi dağ-meşə torpaqları rayon ərazisində ən geniş yayılmış torpaq tipidir. Belə ki, rayonun 351,52 km2, yəni 22,79 %-ni əhatə edir. 300-700 m hündürlüklər arasında yerləşməklə rayon ərazisində qurşaq əmələ gətirir. Yuyulmuş qəhvəyi dağ-meşə torpaqları zəif eroziyalaşmış ərazilərdir. Çimli dağ-çəmən torpaqları rayon ərazisində zolaq əmələ gətirmir. Fərqli hündürlüklərdə rast gəlinməklə bölgənin 128,52 km2, yəni 8,33 %-ni əhatə edir. Bu torpaq tipi qranulometrik tərkibinə görə orta gillicəli torpaqlara aiddir. 1000-1500 m hündürlüklər arasında çimli-karbonatlı dağ-meşə torpaqları yayılmışdır və tam zolaq əmələ gətirmir. Ərazinin 46,41 km2 və ya 3 %-ni əhatə etməklə qranulometrik tərkibinə görə orta gillicəli torpaq tipinə aid edilir. Qusar rayonunda yayılan torpaqlar içərisində çimli karbonatlı dağ-meşə torpaqları ən az sahəyə malikdir.Tipik qonur dağ-meşə torpaqları rayon ərazisində 1000-1700 m hündürlüklər arasında yerləşməklə tam zolaq əmələ gətirir. Ümumi rayon ərazisinin 191,24 km2 və yaxud 12,4 %-ni əhatə edir. Çəmənləşmiş dağ-meşə torpaqları 1300-2800 m arası hündürlükləri əhatə edir. Bu torpaq tipinə 2 fərqli sahədə rast gəlinir. Ümumi rayonun 168,30 km2, yəni 10,91 % hissəsini tutur. Qranulometrik tərkibinə görə çəmənləşmiş dağ-meşə torpaqları ağır gillicəli torpaq qrupuna aiddir. İbtidai və torflu dağ-çəmən torpaqları 2500-3500 m yüksəkliklərdə yayılmışdır. 115 km2 və yaxud 7,47 % ərazini əhatə etməklə rayon ərazisində yayılan torpaq tipləri içərisində 4-cü yerdə durur. Çılpaq qayalıqlar və səthə çıxmış müxtəlif süxurlar isə 3500 m və ondan hündür ərazilərdə rast gəlinir. Rayon ərazisində ümumi torpaq ehtiyatının 147, 57 km2 və ya 9,57 %-ni əhatə edir.

Ərazinin torpaq örtüyünün sahəsi 149,9 min ha təşkil edir. Ümumi torpaq sahəsi kənd təsərrüfatında istifadə olunan və kənd təsərrüfatı üçün istifadə olunmayan torpaqlara bölünür. Kənd təsərrüfatında istifadə olunan torpaqlara çoxillik əkinçilik üçün istifadə olunan, biçənəklər, örüş və otlaqlar, həyətyanı sahələr, əkinçilik və dincə qoyulmuş ərazilər aiddir. Rayonun torpaq örtüyünün tərkib hissəsini təşkil edən kənd təsərrüfatına yaralı torpaqlar ümumi torpaq fondunun 56,4 %-ni (84,6 min ha) təşkil edir. Bunun 23 %-ni (34,4 min ha) əkin və dincə qoyulmuş torpaqlardır. Əkin və dincə qoyulmuş torpaqlar kənd təsərrüfatına yararlı torpaqlar içərisində ən geniş sahəni əhatə edir. Çoxillik əkinçilik üçün istifadə olunan torpaqlar 8,9 % və ya 7,5 min ha-dır. Kənd təsərrüfatı üçün istifadə olunan torpaq fondunun 11,9 %-ni (10,1 min ha) biçənəklər, 22,9 %-ni (29,4 min ha) örüş və otlaqlar, 3,7 %-ni (3,1 min ha) həyətyanı sahələr tutur.

Meşə fondu rayonun ümumi torpaq ehtiyatlarının 14,7 % və ya 21,9 min ha ərazini əhatə edir. Kənd təsərrüfatında istifadə olunmayan sair torpaqlar isə ümumi torpaq fondunun 28,9 %-ni (43,3 min ha) tutur. Kənd təsərrüfatında istifadə olunan torpaq ehtiyatının 29,3 min ha (35,3 %) ərazisi suvarılan torpaq sahəsidir. Bunun da 63,2 %-i (18,5 min ha) əkin və dincə qoyulmuş torpaqların payına düşür. Çoxillik əkmələr altında becərilən torpaqlar 22,7 % (6,6 min ha) təşkil edir. Biçənək və örüş otlaq sahələrinin uyğun olaraq 2 % və 7,2 %-i suvarılır. Həyətyanı torpaq sahələrinin isə yalnız 4,9 %-i (1,4 min ha) suvarılır.



Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Coğrafiyası III cild Regional Coğrafiya, Bakı 2015, səh. 399

  2. Məmmədov Q.Ş. “Azərbaycanın torpaq ehtiyatlarından səmərli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, Bakı 2007, səh. 854

  3. Azərbaycanın İnzibati rayonlarının coğrafi səciyyəsi, Bakı 2015, səh. 375

Yüklə 168,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin