PARODONTUN QAN TƏCHİZATI
Parodontun qan təchizatı xarici yuxu arteriyalarının son yu-
xarı və aşağı çənə şaxələri ilə təmin olunur (şəkil 11). Yuxarı
çənədəki diş əti, xarici arterial qövsün əmələ gətirdiyi anastomoz
vasitəsilə qanla təchiz olunur. Anastomozlar diş əti kənarından
0,5 sm məsafədə, bilavasitə sümüyə yaxın nahiyədə yerləşir.
Aşağı çənənin diş əti daxili alveolyar qövsün arterial sahələri
vasitəsilə qanla təchiz olunur.
Parodontun damar şəbəkəsinin 3 zonası ayırd edilir: diş əti,
alveolyar və zirvə zonası. Diş ətində kapillyarlar, prekapillyar-
lar və ilgəkşəkilli arteriyalar üstünlük təşkil edir. Hər bir diş
əti məməciyində paralel yerləşən 4-5 arteriola vardır ki, onun
əsasında da damar kələfi əmələ gəlir. Kapillyarlar diş əti səthinə
yaxın yerləşir. Diş boynu nahiyəsində və diş əti məməciklərindəki
kapillyarlar aydın nəzərə çarpan və hidrostatik təzyiq zamanı
diş ətinin kip surətdə dişə yapışmasını təmin edən damar man-
jeti (dartısı) aşkar edilir (şəkil 28). Diş əti kapillyarları arasında
fəaliyyət göstərməyən, oyanıqlı olmayan və nadir hallarda pato-
loji proseslərə cəlb olunan damarlara da rast gəlmək mümkündür.
Parodontun bağ aparatı iki mənbə vasitəsilə qanla təmin olu-
nur: alveolyar arteriyalar və diş şaxələri. Alveolyar arakəsmələrin
zirvəsində damarlar sümüküstlüyündən keçərək diş ətinə daxil
olur. Diş şaxəsi kökün zirvə dəliyinə daxil olmazdan əvvəl paro-
donta şaxələr verir.
20
Şəkil 11. Üz-çənə nahiyəsinin qan təchizatı
A. Arteriyalar
1 – Ümumi yuxu arteriyası; 2 – Daxili yuxu arteriyası; 3 – Xarici
yuxu arteriyası; 4 – Çənə arteriyası; 5 – Səthi gicgah; 6 – Aşağı
çənə arteriyası; 7 – Arxayuxarı çənə arteriyası; 8 – Ön yuxarı çənə
arteriyası; 9 – Kəsici kanal; 10 – Böyük və kiçik almacıq dəlikləri;
11 – Aşağı çənə arteriyalarının son şaxələri; 12 – Üz arteriyası;
13 – Dil arteriyası
B. Venalar
1 – Yuxarı qalxanabənzər vena; 2 – Üz venası; 3 – Dil venası; 4 – Aşa
ğı çənə venası; 5 – Qanadabənzər venoz kələf; 6 – Önyuxarı çənə
venası; 7 – Gicgah venası
21
Qan damarları alveol sümüyünün kortikal səhifəsini deşərək,
parodontun bağ aparatına daxil olur. Onlar alveolda əsasən
kövşək lifli birləşdirici toxumanın lifləri arasında yerləşir. Da-
marların sonu ilgək formasındadır və onlar müəyyən qədər hid-
ravlik təzyiqin bərabər səviyyədə paylanmasını təmin edərək,
amortizə sistemi rolu oynayır (şəkil 12). Alveol sümüyünün özü
isə periostal damarlardan qidalanır ki, o da öz növbəsində sü-
mükdaxili anastomozla əlaqədədir.
Şəkil 12. Mikrosirkulyar axının şəbəkə tipi
1 – Gətiric i damar; 2 – Arteriola; 3 – Metarteriola; 4 – Preka pil l yar;
5 – Kapillyarlar; 6 – Arteriovenulyar anastomoz; 7 – Venula; 8 – Orta
divarın qalınlaşması və damar mənfəzinin daralması
22
PARODONTUN LİMFA SİSTEMİ
Qan və parodont toxumaları arasında normal tarazlıq limfa
sistemi vasitəsilə həyata keçirilir (şəkil 13-14). Bu sistem qanın
mikrosirkulyar aparatı ilə sıx əlaqə yaradaraq, iltihabın pato-
genezində həlledici rol oynayır.
Limfa damarları qan damarlarını müşayiət edir, eyni zaman-
da selikli qişada, bağ aparatında, pulpada və alveol sümüyündə
ümumi kollektorlar əmələ gətirirlər.
Şəkil 13. Parodontun qan təchizatı
1 – Kapillyar şəbəkə; 2 – Damar manjeti; 3 – Kapillyarlar
Diş ətində limfa damarları səthi və dərin şəbəkə yaradır. Perio-
dontun limfa damarları kövşək lifli birləşdirici toxumanın qatla-
rı arasında yerləşir, diş kökünü sirkulyar formada əhatə edir və
eyni zamanda qanın mikrosirkulyar sistemi ilə birgə parodontun
amortizasiya funksiyasını icra edir. Kəsici, köpək və premolyar-
ların periodontlarındakı limfa damarları üz venasının ön, mol-
yarlarda isə arxa tərəfindən keçir.
23
Şəkil 14. Üz-çənə nahiyəsinin inervasiya (A) və limfa sistemi (B)
A 1. Üçlü sinir düyünü. 2. Üçlü sinirin birinci şaxəsi. 3. Üçlü sinirin
ikinci şaxəsi. 4. Aşağı çənə siniri. 5. Yuxarı çənə kələfi. 6. Diludlaq
siniri. 7. Dil siniri. 8. Ön damaq kələfi. 9. Arxa yuxarı çənə kələfi.
10. Aşağı çənə kələfi. 11. Yuxarı simpatik boyun kələfi. 12. Yuxu
düyünü. 13. Azad sinirin orta düyünü.
B 1. Ön yuxarı çənə kələfi. 2. Arxa yuxarı çənə kələfi. 3. Qanadabənzər
kələf. 4. Çənəaltı limfa düyünləri. 5. Dilaltı limfa düyünləri. 6. Buxa q
altı limfa düyünləri. 7. Dərin boyun limfa düyünləri.
24
PARODONTUN İNNERVASİYASI
Parodont üçlü sinirlə innervasiya olunur. Belə ki, yuxarı çənə
ikin ci, aşağı çənə isə üçlü sinirin üçüncü şaxəsi ilə innervasiya
olu nur (şəkil 15). Üçlü sinirin əsas toxuması afferent sinirlərdən
təş kil olunmuşdur ki, bu da hissi innervasiyanı təmin edir. Bu
sinir lər dişlərin zirvə nahiyəsində kələf əmələ gətirir və həmin kə -
ləfdən ayrılan şaxələr qidalanma dəliklərindən keçərək, alveol sü-
müyünə nüfuz edir. Zirvə dəliyi nahiyəsində sinirlər şaxə lənərək
qan damarları ilə birgə pulpa və periodonta daxil olur.
Şəkil 15. Dişlərin və parodontun innervasiyası
1 – Üçlü sinir düyünü; 2 – Üçlü sinirin ikinci şaxəsi; 3 – Üçlü sinirin
üçüncü şaxəsi; 4 – Yuxarı çənənin sinir kələfi; 5 – Yanaq siniri; 6 – Dil
siniri; 7 – Aşağı çənə siniri; 8 – Aşağı çənənin sinir kələfi
Periodontda sinir toxuması kövşək lifli birləşdirici toxumanın
qatları arasında kələf əmələ gətirir. Zirvə nahiyəsində parodont
toxuması hissi sinirlərlə daha zəngindir. Bundan əlavə, həmin
nahiyədə, trofik funksiyanı həyata keçirən simpatik sinir sistemi
üçün xarakterik olan mielinsiz liflərə də rast gəlmək mümkün-
dür. Alveol sümüyünün kənarı nahiyəsində üçlü sinirin şaxələri
25
periodontdan diş ətinə daxil olur. Həmin mielinsiz liflərin bir
qismi də diş əti məməciyi nahiyəsində kələf əmələ gətirir. Bu
sinirlərin son ucları kolba və kolşəkilli şaxələr yaradır. Onların
bəziləri səthi epiteli hüceyrələrində lokallaşmış olurlar.
Orqanizmin ümumi qocalması fonunda parodontda da adek-
vat dəyişikliklər əmələ gəlir. Parodontdakı yaş xüsusiyyətləri ilə
bağlı dəyişikliklər həkimə diaqnostika, müalicə və profilaktika
tədbirlərinin düzgün aparılması imkanını verir.
Yaşla əlaqədar olaraq diş ətində epitelinin səthi qatlarında
hiperkeratoza meyillilik, hüceyrələrin atrofiyası hesabına ba-
zal qatda nazikləşmə, kapillyarların sayının azalması, onların
mənfəzinin daralması və divarlarının qalınlaşması, hücey rə lər-
arası mad dədə kollagenin miqdarının azalması, tika na bənzər
qatdakı hüceyrələrdə qlikogenin yox olması, lizosimin aktivliyi-
nin və səviyyəsinin azalması müşahidə edilir.
Alveol sümüyündə sümük iliyi boşluğunun genişlənməsi, kor-
tikal səhifənin qalınlaşması, osteon kanallarının genişlənməsi,
hialinoz, proteolitik fermentlərin aktivləşməsi və s. aşkar edilir.
Diş ətinin atrofiyası hesabına diş kökünün sementi açılır,
zirvə nahiyəsində onun qalınlığı artır (hipersementoz) və bura-
da qidalanma kanallarının yaranmasına rast gəlinir. Alveol sü-
müyünün hündürlüyü azalır, diş kökünün uzunluğu ilə alveolun
dərinliyi arasındakı münasibət pozulur və dişin normal fəaliyyət
göstərməsi imkanı məhdudlaşır. Periodontal yarığın eni azalır,
periodontun birləşdirici toxuması sklerozlaşır, alveolun kortikal
səhifəsi qalınlaşır və s.
PARODONTUN BİOMEXANİKASI
Parodontun morfoloji strukturu çeynəmə funksiyasının təsiri
sayəsində formalaşır. Qida loxmasının bərkliyindən asılı olaraq,
parodont müəyyən qədər yüklənməyə məruz qalır və bu zaman
çeynəmə əzələləri intensiv fəaliyyət göstərir, transformasiya
26
olunur və beləliklə də, normal morfoloji strukturun saxlanması
müşahidə edilir.
Parodontun mexaniki yüklənməyə qarşı olan davamlılığı bir
çox faktorlarla müəyyən edilir.
Parodont toxumalarının bilavasitə iştirakı ilə alveolda fiksə
edilən dişə, birinci dərəcəli mexaniki sükan kimi baxmaq la-
zımdır (şəkil 16). Alveoldan kənar hissə – diş tacı (A çiyini)
və alveol daxili hissə – diş kökü (B çiyini) parodontun nor-
mal vəziyyətində, müxtəlif qrup dişlər üçün müəyyən qarşılıqlı
əlaqədə olur.
Şəkil 16. Sağlam parodonta malik olan aşağı çənədəki köpək
dişinin çeynəmə təzyiqi altında yerdəyişmə sxemi
Mexanikanın qanunlarına görə bu sistem A çiyininin B-yə
bərabər və ya ondan kiçik olduğu hallarda statik tarazlıq vəziy-
yətində olur. Bu baxımdan yuxarı çənədəki ikinci premol-
yar daha qənaətbəxş vəziyyətdədir. Bu dişlərdə A və B çiyini-
nin münasibəti 1,0-2,01; birinci molyarlarda (yuxarı və aşağı)
27
1,0:2,09 və 1,0:2,3, aşağı çənədəki ikinci molyarlarda isə 1,0:2,07
səviyyəsindədir.
Parodont xəstəliklərində, alveol sümüyünün rezorbsiyası za-
manı alveol xarici A çiyini böyüyür və alveol daxili B çiyini isə
kiçilmiş olur ki, bu halda dişlərin fəaliyyətinin statik-dinamik ta-
razlığı kəskin formada pozulmuş olur.
Hər bir dişin parodont sahəsinin öyrənilməsi vacib şərtdir. Bu
göstəriciyə görə üç əsas qrup ayırd edilir: kəsici – daha az kök
sahəsi olan, molyar – daha çox kök sahəsi olan və bunlar arasında
orta mövqe tutan köpək dişləri və premolyarlar.
İki faktoru müqayisə etdikdə (tac-kök və kök sahəsi) məlum
olur ki, eyni konsistensiyalı qida qəbulu zamanı hər mm
2
sahəyə
düşən təzyiqə görə kəsici dişlər birinci, köpək və premolyarlar
ikinci, molyarlar isə axırıncı yerdə dayanır. Təbii ki, parodontda-
kı atrofik proseslər zamanı onun sahəsinin azalmasına görə, bu
təzyiq artmış olacaq.
Müxtəlif mənşəli travmatik okklüziyalar zamanı birincili və
ikincili parodontitlər yarana bilər.
Rusun məlumatına görə, bərk qidanın çeynənilməsi zamanı
kəsici dişlərə 5-10 kq, köpək və premolyarlara 15-18 kq, molyar-
lara isə 20-30 kq-yə bərabər çeynəmə təzyiqi düşür. Başqa sözlə,
bu o deməkdir ki, bu cür aktiv çeynəmə hərəkətləri zamanı pa-
rodont öz potensial gücünün 50 %-ə qədərindən istifadə edir.
Parodont toxumalarında rezorbsiya olduğu hallarda (kökün ¼
səviyyəsində) rezerv gücün 50 %-ə qədəri azalmış olur. Rezorb-
siyanın kökün ½-i səviyyəsində olduğu halda isə, parodont funk-
sional imkanları hüdudundan fəaliyyət göstərir.
Parodonta şaquli istiqamətdə olduğu kimi, həm də üfüqi
istiqamətdə çeynəmə təzyiqi düşmüş olur. Bu zaman diş mərkəz
oxu ətrafında 3 istiqamətdə fırlanma-gərilmə hərəkətləri icra
etməyə məruz qalır. Köpək dişində üfüqi istiqamətdə yerdəyişmə
zirvə nahiyəsində 10 mkm-ə, tacda 19,3 mkm-ə, alveolun kənarı
nahiyəsində 7,6 mkm-ə, kökün ortasında 1,24 mkm-ə bərabər
olur. Molyarlarda bu parametrlər köpək dişləri və premolyarlara
28
nisbətən daha az yerdəyişməyə məruz qalır. Parodontun rezorb-
siyası zamanı yerdəyişmə amplitudası kəskin şəkildə artmış olur.
Parodonta düşən çeynəmə təzyiqinin həcmi çeynəmə aktı zama-
nı yaranmış üfüqi güc komponentinin yerdəyişmə sahəsindən, onun
relyefindən və antaqonist dişlərlə qarşılıqlı əlaqəsindən asılıdır.
Kəsici və köpək dişləri nahiyəsində okklüziya müstəvisinin
sahəsi minimal, xətti-nöqtəvi xarakterli və parodontun sahəsinə
mütənasibdir. Premolyarlarda okklüziya müstəvisi sahəsi 4-6
mm
2
, molyarlarda isə 8-10 mm
2
cuvarında tərəddüd edir. Bu
göstərici, həmçinin müvafiq qrup dişlərin parodont sahələrinə
mütənasibdir.
Mərkəzi okklüziya vəziyyətində, çeynəmə dişlərinin yan
səthləri arasında çoxsaylı kontakt nöqtələri əmələ gəlir. Onların
miqdarı və topoqrafiyası eyni deyildir. Bununla əlaqədar olaraq,
“xarakterik toxunma sahələri” terminindən istifadə edilir. 18-30
yaşlı, ortoqnatik dişləmə malik olan şəxslərdə bu göstərici 90-
95% hallarda təkrar olunur. Yerdə qalan hallarda rast gəlinən
kontaktlar isə fərdi xarakter daşıyır.
Parodont xəstəlikləri zamanı okklüziya səthində dişin sərt
to xu malarının fizioloji sürtülməsi müşahidə edilmir. Normal
şəraitdə dişlərin mikrohərəkətləri zamanı kontakt nöqtələri sahə-
lərə çevrilirlər ki, bu halda dişlərin arasındakı məsafə bir qədər
azalmış olur. Alveolun medial divarlarında bu zaman rezorbsiya,
distal divarlarında isə sümüyün appozisiyası müşahidə edilir.
Kontakt nöqtələrinin saxlanması çeynəmə təzyiqinin hissəvi
paylanmasını təmin edir, sümük toxumasının kövrəkləşməsini
azaldır və beləliklə də diş sırasının davamlılığını artırmış olur.
Kontakt nöqtəsinin pozulması nəinki dişlərarası məməciyin
qıcıqlanmasına, eyni zamanda ayrı-ayrı dişlərin alveolunda
sümük divarının distrofiyasına səbəb olur. Ona görə də kari-
yesin plomblama yolu ilə müalicəsi zamanı, habelə parodont
xəstəliklərinin kompleks müalicəsində (şinalanma konstruksiya-
larının tətbiqi zamanı) kontakt nöqtələrinin yenidən yaradılması
zərurəti meydana çıxır.
29
AĞIZ SUYU
Ağız suyu – böyük və kiçik ağız suyu vəzlərinin sekretidir.
Kiçik ağız suyu vəzləri daima sekret ifraz edir və buna görə
də ağız boşluğunun selikli qişası həmişə nəm vəziyyətdə olur.
İri ağız suyu vəzlərinin fəaliyyəti reflektor yolla tənzim olu-
nur və əsasən qidanın xarakterindən, fiziki, termiki və dad
keyfiyyətlərindən asılıdır. Təmiz və qarışıq ağız suyu anla-
yışları vardır. Qarışıq ağız suyunda (tüpürcək) qopmuş epiteli
hüceyrələri, mikroorqanizmlər və onların fəaliyyət məhsulları,
leykositlər, limfositlər, bəzi hallarda qan, qida qalıqları və s. rast
gəlmək olar. Qarışıq ağız suyu bulanıq, bir qədər sürüşkən, iy-
siz və axıcı bir mayedir. Yaşlı adamda bir sutka ərzində 1,5-2
l-ə qədər ağız suyu ifraz olunur. Ağız suyunun özlülüyü (1,2-2,4
vahid) və bufer tutumu vardır. Ağız suyunda bikarbonat, fos-
fat və zülal bufer sistemləri fəaliyyət göstərir. Bufer sistemləri
ağız boşluğunda PH-ın stabil qalmasını təmin edən mükəmməl
bir mexanizmdir. Qarışıq ağız suyunun PH-ı 6,5-7,4 həddində
tərəddüd edir. Təmiz ağız suyunun PH-ı isə zəif qələvidir (7,3).
Ağız suyu 99% sudan, 1% üzvi və qeyri-üzvi maddələrdən
təşkil olunmuşdur. Qeyri-üzvi maddələrdən Ca-fosfat, Na-
fosfat, Ca-hidrokorbonat, Na-xlorid, sulfatlar, sərbəst qaz-
lar, uçucu maddələr və mikroelementlər üstünlük təşkil edir.
Üzvi maddələrdən isə proteinlərə, aminturşularına, karbohid-
ratlara, vitaminlərə, fermentlərə və s. rast gəlmək mümkün-
dür. Bu maddələrin bir qismi qan vasitəsilə ağız suyuna keçir,
digər hissəsi isə ağız boşluğunda baş verən metobolik proseslər
nəticəsində biokimyəvi yolla əmələ gəlir. Tüpürcəkdə 50-yə
qədər ferment aşkar edilmişdir. Bu fermentlər – karboanhidraza-
lar, esterazalar, proteazalar, keçici fermentlər və qarışıq olmaqla,
beş əsas qrupda birləşmiş olurlar. Qarışıq fermentlər həm ağız
suyu vəzlərinin parenximasından, həm leykositlərdən, həm də
bakteriyaların fəaliyyəti nəticəsində əmələ gələ bilər.
Bu fermentlər içərisində ən çox α-amilazaya rast gəlmək olar.
Fermentin fəaliyyəti nəticəsində karbohidratlar qismən parça-
30
lanaraq dekstrana və ya maltozaya çevrilir. Fosfatazalar (qələvi
və turş) kalsium-fosfor mübadiləsində iştirak edir. Bu fermentlər
fosfatlardan Ca və P-u ayıraraq, dişin sərt toxumalarının mine-
rallaşmasını təmin edir.
Ağız suyundakı fermentlər və hemostaz faktorları (plazmin,
plazminogen aktivikatorları, fibrinaza, fibrinoliz ingibitorları
və s.) fibrin əmələ gəlməsində və epitelinin regenerasiyasında
həlledici rol oynayır.
Bəzi ümumi xəstəliklər zamanı ağız suyunun tərkibi dəyişmiş
olur və bir çox hallarda bunun diaqnostik əhəmiyyətindən
istifadə edilir. Ağız suyunun tərkibinin dəyişməsi, istər sistem
xəstəlikləri, istərsə də orqanizmin ümumi qocalması zamanı
diş daşlarının yaranması fonunda özünü büruzə verir ki, bunun
sayəsində də parodont xəstəliklər əmələ gəlir.
Ağız suyunda parodont toxumalarına protektiv təsir xüsu-
siyyəti olan və toxuma homeostazına stimullaşdırıcı təsir göstərən
azot oksidi (NO) aşkar edilmişdir. Azot oksidi leykositlərdə, en-
dotelial və tosqun hüceyrələrdə, habelə sinir uclarında sintez olu-
nur. NO – güclü sitoprotektiv, iltihabəleyhinə, antiseptik, tromb
əleyhinə təsir keyfiyyətlərinə malikdir.
Parodont xəstəlikləri zamanı NO-nun stimullaşdırıcı təsiri
qismən pozulmuş olur və buna görə də parodontda homeostaz bu
və ya digər dərəcədə öz funksiyasını itirmiş olur.
Ağız suyunun çoxsaylı funksiyaları içərisində xüsusi əhə-
miyyətə malik olan və parodontun fizioloji vəziyyətinə təsir
göstərən müdafiə funksiyasını qeyd etmək lazımdır. Müdafiə
funksiyası leykositlərin ağız boşluğuna emiqrasiyası formasında
icra olunur.
Formalaşmış daimi dişləmdə bu cür leykositlərin miqdarı
90-150 minə qədər olur. Bunların 75-85%-i həyat qabiliyyətlidir,
hərəkiliyini saxlayır və faqositoz funksiyası 2,5 saat müddətində
aktiv olur.
Yerli immuniteti təmin edən faktorlar içərisində sekretor
immunoqlobulinlər həlledici rola malikdir. A sekretor immu-
31
noqlobulini antimikrob müdafiə mexanizmini icra edən fak-
tor hesab edilir. Bundan başqa, ağız suyu virusların aktivliyi-
ni zəiflədən nukleazalar da ifraz edir. Ağız suyunun bakterisid
təsiri, onda rast gəlinən bir sıra fermentlərlə, o cümlədən lizosim,
lipaza, ribonukleaza, dezoksiribonukleaza və s. ilə əlaqədardır.
Lizosim orqanizmin müdafiə reaksiyalarında və selikli qişanın
zədələnmələri zamanı, epitelinin regenerasiyasında iştirak edir.
Ağız suyunda kalsiumun (1,2 mmol/ l) və fosfotazaların (3,2
mmol/ l) olması, diş minasının mineral tərkibinin stabil qalması-
nı təmin edir.
Ağız suyunun həzm sistemindəki funksiyası, onun tərkibində
olan α-amilaza, maltaza və digər fermentlərlə icra olunur. Bu
fermentlər mono və disaxaridlərə təsir göstərərək, onları karbo-
hidratların aralıq parçalanma məhsullarınadək (süd turşusu, ase-
tat turşusu, propian turşusu və s.) parçalayır. Ağız suyu çeynəmə
aktı zamanı qida loxmasının formalaşmasını və onun asanlıqla
udulmasını təmin edir.
Tüpürcəyin kimyəvi tərkibi və bir sıra digər xüsusiyyətləri
əhəmiyyətli dərəcədə ağız boşluğunun gigiyenik statusundan
asılıdır. Ağız boşluğundakı vəziyyətin qeyri-qənaətbəxş halda
olması nəticəsində yumşaq diş ərpi və diş yastıqcığı əmələ gəlir,
bunlar isə mikroorqanizmlərin çoxalması və inkişafına şərait ya-
radır və beləliklə də parodont xəstəlikləri meydana çıxır.
PARODONTUN FUNKSİYALARI
Parodontun funksiyaları onun anatomo-fizioloji quruluşunun
xüsusiyyətləri ilə əlaqədardır. Parodont toxumaları vahid bir
sis tem təşkil edir və bu sistem dişlərin fiksasiyasını təmin edir,
çeynəmə təzyiqini qəbul edir və nizamlayır, plastik və trofik
funksiyaları yerinə yetirir, mexaniki, fiziki, biomexaniki və digər
zədələyici faktorların təsirini neytrallaşdıraraq baryer rolu oy-
nayır.
32
Trofik funksiya parodontda yaxşı inkişaf etmiş qan, limfa da-
marları və müxtəlif növ sinir liflərinin olması ilə müəyyən edilir.
Dayaq-hərəki funksiyası periodontun bağ aparatının mürək-
kəb strukturu ilə, habelə diş əti və alveol çıxıntısının hesabına
yerinə yetirilir ki, bu səbəbə görə diş alveolda etibarlı surətdə fik-
sasiya olunur. Alveol sümüyü və kök sementi arasında yerləşən
çoxsaylı kollagen liflər sanki dişi asılmış vəziyyətdə saxlayır.
Amortizəedici funksiya çeynəmə təzyiqinin, yuxarı və aşağı
çənə dişləri arasında alveol qövsü üzrə bərabər səviyyədə pay-
lanmasını təmin edir. Bu funksiyanın icra olunması kövşək lifli
birləşdirici toxumadakı hidravlik yastıqcığın, eyni zamanda qan
və limfa damarları, habelə toxuma mayesindəki yumaqcıqların
hesabına baş verir.
Baryer funksiyası parodont toxumalarındakı morfoloji tam-
lığın qorunması, diş əti epitelisinin müdafiə xüsusiyyətləri, onun
buynuzlaşmağa meyilliliyi, plazmatik, limfoid və tosqun hücey-
rələrin, ferment və onların ingibitorlarının, həmçinin rodonit və
digər bioloji aktiv maddələrin, retikuloendotelial hüceyrələrin,
limfositlərin, neytrofillərin və s. olması ilə müəyyən edilir.
Plastik funksiya tosqun hüceyrələrin, fibroblastların, semento
və osteoblastların, adventisial hüceyrələrin hesabına parodont to-
xumalarının regenerasiyasını təmin edir.
Reflektor nizamlama funksiyası parodont və selikli qişadakı
geniş sinir-reseptor aparatı vasitəsilə icra olunur. Bu sistem qəbul
edilən qidanın xarakterindən, diş sırasının, selikli qişanın və pa-
rodontun vəziyyətindən asılı olaraq, çeynəmə təzyiqinin nizamlı
formada paylanmasını təmin edir.
33
II F Ə S İ L
XƏSTƏLƏRİN MÜAYİNƏSİ
ANAMNEZ
Parodont xəstəlikləri olan pasiyentlərin müayinəsi, orqaniz-
min ümumi vəziyyətini qiymətləndirmək, parodontun klinik
xüsusiyyətlərini müəyyən etmək, yerli və ümumi patogenetik
faktorları aşkar etmək və xəstəliyin mərhələlərini və klinik ge-
dişini təyin etmək məqsədilə aparılır. Bu baxımdan əldə olunan
informasiyaların çoxluğu xəstəliyə düzgün diaqnoz qoyulmasına
imkan verir, eyni zamanda müalicə və profilaktika tədbirlərinin
effektiv formada planlaşdırılmasına şərait yaradır.
Həyat anamnezi toplayarkən xəstənin pasport göstəriciləri,
sənəti, zərərli peşə vərdişlərinin olması, qidalanmanın xarakteri,
keçirmiş olduğu xəstəliklər, stress vəziyyətləri, ekoloji, sosial və
məişət şəraiti, ağız boşluğunun gigiyenik vəziyyəti və s. öyrənilir.
İrsi faktorların rolu da mütləq dəqiqləşdirilir: bu xəs təliklə yaxın qo-
humlar – valideynlər, bacı və qardaşlar nə vaxtsa xəstələnmişlərmi?
Keçmişdə və ya indi zərərli vərdişlərə meyilliliyin olub-olmaması
da müəyyənləşdirilir.
Ehtiyac olduğu hallarda xəstə digər mütəxəssislərin də müa yi-
nəsindən keçməlidir. Parodont xəstəlikləri olduğu zaman ən çox
terapevtin, endokrinoloqun, nevropatoloqun, allerqoloqun və s.
məsləhətlərinə ehtiyac yaranır.
Anamnez toplayarkən əldə olunan nəticələr, əksər hallarda
diaqnozun qoyulması üçün həlledici hesab olunur. Qeyd etmək
lazımdır ki, anamnez aktiv şəkildə toplanmalıdır; yəni həkimin
verdiyi suallar dəqiq və məqsədyönlü xarakterli olmalıdır.
Dostları ilə paylaş: |